Şərqin Mənəvi-Ruhani Dəyərləri Və Qərb / Prof.Dr.Şahin XƏLİLLİ

      Share

      Öz köhlən atını dördnala çapan zaman müsəlman Şərqinin mənəvi-ruhani dəyərlərini tarixin yaddaşına əbədi həkk etmişdir. Lakin keçmişin solmayan bu dəyərləri bir sıra Qərb alimlərinin gözündə,

       sözündə sanki heçə dönmüş, unudulmuş mövzuya çevrilmişdir. Onlar müsəlman Şərqinin zənginlik və möhtəşəmliyini, onun Qərb sivilizasiyasına göstərdiyi nüfuz və təsirini sanki özlərinə ar bilirlər. Şərq, daha doğrusu müsəlman Yaxın Şərq sivilizasiyasının indiki zamanımızda az qala inkişafdan, dinamizmdən məhrum olduğunu, iflic vəziyyətə düşdüyünü bəyan edirlər. "Şərq və Qərb"  ilk baxışdan dünyanın ayrı-ayrı cografi-ərazi cəhətləri kimi diqqəti cəlb edir. Lakin onun bu cür dərk olunması tamamilə yanlışdır. Dünya xəritəsində Mərakeşdən tutmuş Türkiyə daxil olmaqla Afrika və Asiyanın ərazilərinin də Şərqə aid olduğunu görürük. Qərb isə İngiltərədən tutmuş Yunanıstan daxil olmaqla Avropa ərazilərini əhatə edir. Bu məsələ barədə professor Qorxmaz Quliyev xəritənin məntiqindən çıxış edərək fikrini çox sadə və elmi şəkildə şərh etmişdir. Şərq-Qərb anlayışının coğrafi nöqteyi-nəzərdən aldadıcı şəkildə qəbul edilməsi əslində böyük yanlışlıqdır. Mənəvi-ruhani, mədəni dünyamızda Şərq anlayışının İslam, Qərb anlayışının isə xristian sivilizasiyalarını ifadə etdiyini söyləmək daha düzgün və məqsədyönlü olardı. Bu da təkzibedilməz həqiqətdir ki, müsəlman Şərqinin sivilizasiyası müqəddəs kitabımız Quran, Orta əsrlər Qərb ölkələrinin mənəvi dəyərləri isə Bibliya üzərində qurulmuşdur.  

      Şərq anlayışı əvəzinə Müsəlman sivilizasiyası desək daha doğru olardı. Əsas etibarilə türklərin, ərəblərin və farsların mədəniyyətlərini özündə cəm edən  Yaxın Şərq müsəlman sivilizasiyası ilə italyanların,  ispanların, ingilislərin, fransızların, almanların və digər xalqların mədəniyyətlərinin təmsilçisi olan Qərb sivilizasiyasını biri-birindən ayıran ünsür, onların dini-ruhani baxışlarıdır. Qərbi Avropa ideoloqları ikincini birincidən daha üstün tuturlar. Lakin ikincinin birincidən çox-çox ideyaları, mövzuları əxz etdiyini təsdiq edən mütərəqqi fikirli Qərb alimləri də vardır. Onlar əsərlərində Şərqin, daha doğrusu Yaxın Şərqin ədəbi, mənəvi-ruhani sərvətlərinin zənginliyinə heyrət və heyranlıqlarını ifadə etmişlər. Belə alimlərdən biri şərqşünas E.C.V. Gibbdir. Onun Londonda nəşr etdirdiyi 6 cildlik „Osmanlı poeziyasının tarixi“ adlı araşdırması müəyyən məziyyətləri ilə diqqəti cəlb edir.

      "Və beləliklə biz Orta əsrlər Qərb poeziyasının  həmin Orta əsrlər Şərqinin eyni ideallarından ilhamlandığını aşkar edirik" yazan ingilis alimi E.C.V Gibb gerçəklikdən çıxış edərək "bu baxımdan Qərbin Şərqə borclu olduğu" həqiqətini dilə gətirmişdir. Onun araşdırmasının aşağıdakı açıqlaması da diqqət çəkir: "...bu məsələləri Orta əsrlər Avropası hər hansı mənbə, məxəzdən götürsə belə, o, Şərqlə  bir oxşarlıq ümumilik yaratmışdır. O, (Qərbi Avropa-Ş.X), bunları özünün romalı müəllimlərindən öyrənməmişdir".

      Kitabında Şərq və Qərb mədəniyyətlərində paralelləri öyrənməyi əsas məqsədə çevirən müəllif araşdırmasında Osmanlı poeziyasının təşəkkül və təkamülünü diqqətlə izləmişdir. O, Yaxın Şərqin ədəbi, mənəvi-ruhani dünyasında öz orijinal üslubu və yeri ilə seçilən Türk mədəniyyətinin Qərbi Avropa sivilizasiyasına təsir gücünü araşdırmış, maraqlı tezislər irəli sürmüşdür. Qərb dünyasının zahiri parıltısı altında mənəvi dəyərlərinin az qala yoxa çıxdığını görənlər isə günəşli səhralarda bir damcı suya möhtac adamlara bənzəyirlər. Onlar Yaxın Şərqin sivilizasiyasının saysız-hesabsız milli mənəvi dəyərlərini öyrənmək və tədqiq etmək üçün hələ Şərqin qapısını çox döyəcəklər.

      • Hits: 685 clicks

      Tecox component by www.teglo.info