Maraq Dünyası

      Share

      Yeni il ərəfəsində hər evin bir küncündə kiçik şam ağacı bəzəmək adətinin başlanğıcının Almaniya olduğu söylənilir. Almanların “cənnət ağacı” dedikləri və Adəm ilə Həvvanın məşhur hekayəsinə əsaslanaraq üzərini almalarla bəzədikləri ağac küknardı.

                  XV əsrdən sonra bu ağaclara təkcə meyvə deyil çörək, biskivit kimi yeyəcəklər də asılmağa başlanmış, protestanlığın yayılması ilə birlikdə bunlara şam da əlavə edilmişdir.

      Əslində, dini mərasimlərdə bir simvol olaraq ağacları bəzəmək adəti çox qədimlərə, Xristianlıqdan əvvəlki zamanlara, hətta Misir və Çin sivilizasiyasına dayanır. Ta qədim dövrlərdən təbiətin yaşıllığı və ağaclar əbədi həyatın simvolu sayılır. Eyni şəkildə Şimali Avropa ölkələrində də Xristianlıqdan çox-çox əvvəlki dövrlərdə ağaclar dini baxımdan müqəddəs sayılırdı. Uzun qaranlıq günlərin sona çatmasının, getdikcə daha işıqlı günlərin gələcəyinin müjdəsi olan dekabr ayının son günləri də mərasimlərlə qarşılanırdı.

                  Zaman keçdikcə Şimali Avropa ölkələrinin “qaranlığın bitməsi” mərasimi və tədbirləri Xristian aləmində Həzrət İsanın doğum günü kimi qəbul edilərək (əslində doğum tarixi dəqiq bəlli  deyil) Yeni il şənlikləri halına gəldi.

                  Bu şənliklərdə də ağaclar, xüsusən də şam ağacları atribut olaraq öz varlığını davam etdirdi. Hər nə qədər yeni il günlərində şam ağacı bəzəmək bütün dünyada adət halını alsa da bu günün dini bir əsası yoxdur. Dünyanın günəş ətrafındakı bir dövrəsinin tamamlandığı coğrafi hadisədir.

                  Mədəniyyət və texnologiyanın inkişafı ilə şam ağaclarının üstündəki şamların yerinə yanıb sönən lampalar, alma, çörək və biskivitlərin yerinə isə rəngbərəng bəzəklər asıldı. Müasir zamanımızın insaları ağaclara sitayiş etməsələr də onların qədrini və qiymətini bilirlər. Buna görə də bir neçə günlük əyləncə üçün şam ağaclarını kəsmirlər, ancaq əsrlərlə davam edən adəti də yaddan çıxartmamaq üçün təbii ağacları süni  ağaclarla əvəz edirlər.

       

               BİR HƏFTƏDƏ NƏ ÜÇÜN 7 GÜN VAR

      Bir gün Günəşin çıxdığı zamandan ertəsi gün gün çıxan zamana qədər keçən müddətdir. Çox qədim zamanlarda bu vaxt ölçüləri insanların öz həyatlarını nizamlamaq üçün kifayət idi.

                  Zaman keçdikcə bir gündən uzun, bir aydan isə qısa olan vaxt ölçüsünə ehtiyac hiss edildi. Babillilər 7 günlük həftəni vaxt ölçüsü olaraq istifadə etməyə başladılar. Sonra yunanlar, çinlilər və misirlilər 10 günlük, romalılar isə 8 günlük həftəni işlətməyə başladılar.

                  Bir həftə olaraq qəbul edilən yeddi günlük müddətin haradan gəldiyi dəqiq olaraq bilinmir. Ehtimal olunur ki, bu müddət Ayın hərəkətindən qaynaqlanır. Ayın dörd formada (hilal, ¼ ay, dolunay və ¾ ay) hərəkətinə ən yaxın olan gün sayı yeddidir.

      Ancaq babillilər bunu əsas alaraq deyil, yeddi rəqəminin ugurlu olmasını düşünərək həftəni yeddi gün qəbul etmişlər. İlk çağlarda bilinən beş planet Günəş və Ay ilə cəmi yeddi olduğu üçün bu rəqəmi düşərli və uğurlu sayırdılar.

                  Sonralar müxtəlif dinlərdə göyün yeddi qat olduğu inancı, musiqidəki notun və təbiətdəki rəng sayının yeddi olması bu rəqəm haqqındakı fikirləri bir az da qüvvətləndirmişdir. Təqvimdə yeddi günlük həftənin rəsmiləşməsi isə eramızın 327-ci ilində Roma imperatoru I Konstantinin əmri ilə olmuşdur.

                  Tövratın yaradılış anlayışına görə Tanrı kainatı 6 gündə yaratmış, yeddinci gündə də (şənbə günü) istirahət etmişdir. Xristianlar həftəni Tövratdakı şəkildə qəbul edərək, yalnız həzrət İsanın diriliş xatirəsinə yeddinci günü deyil birinci günü, yəni Bazar gününü “Tanrı günü” olaraq qəbul etdilər.   

                  İslam dininin gəlişindən sonra da bir həftə yeddi gündən ibarət olaraq qəbul edildi. Ancaq İslamda cümə gününün xüsusi əhəmiyyətinə görə (cümə namazı, xütbə və.s) altıncı gün olan Cümə  istirahət günü sayıldı.

                  1792- ci ildə Fransa təqvimin formasını dəyişdirərək 10 günü bir həftə qəbul etsədə bu təqvim çox davam edə bilmədi. Rusiya 1929- cu ildə 5 günlük həftə tətbiqinə başladı, sonra bu bir həftə 6 gün oldu və nəhayət 1940- cı ildə yenidən 7 günlük həftəyə geri döndülər.

      İNSANLAR NƏ ÜÇÜN FƏRQLİ DİLLƏRDƏ DANIŞIRLAR

      Dünyadakı 6 milyard insanın danışdığı 3000- dən çox dil vardır. Ancaq dünya əhalisinin yarısı bu dillərdən yalnız 15- ni danışırlar. Ən çox insanın danışdığı dil isə Çindəki mandarin dilidir. Yazı dilinin bütün Çində eyni olmasına rəğmən xalqın 70 faizi mandarin dilində danışır.

                  Genetika elmi bəşəriyyətin dünyanın müəyyən bir nöqtəsində, böyük ehtimalla Yaxın Şərqdə meydana gələrək yayıldığını və dünya üzərindəki iki coğrafi toplum olaraq bir-birindən uzaqlıqları nisbətində genetik formalarının da o qədər fərqli olduğu düşüncəsini təsdiq etməkdədir. Məsələn, Çin, Yapon kimi Şərq millətləri genetik olaraq bir-birlərinə, avropalılar isə şimali afrikalılara, orta şərqlilərə və hindlilərə daha yaxındırlar.

                  Dünyanın bu genetik xəritəsi ilə danışan dillərinin yayılışı paraleldir. E.ə 7500- cü ildə əkinçiliyin başlaması və heyvandarlığın inkişafı ilə birlikdə Yaxın Şərqdən Avropaya, Şimali Afrikaya və Hindistana böyük bir köç olmuşdur. Bu böyük köç üç ana dil qurupunun meydana gəlməsinə səbəb olmuşdur:

                  1. Hind-Avropa dilləri; 2. Ural-Altay dilləri; 3. Hami-Sami dilləri.          

                  Dünyadakı bütün dillərin yeganə ortaq xüsusiyyəti ən çox istifadə edilən kəlmələrin daha çox istifadə edilən kəlmələrə görə az hərflərlə yazılmaları, yəni qısa olmalarıdır. Məsələn demək olar ki, bütün dillərdə bədən üzvlərinin adları qısa kəlmələrlə ifadə edilir. Azərbaycan dilində baş, saç, qaş, göz, dil, əl, qol, diz və.s. kimi.

                  Dilin zənginliyində millətlərin yaşadığı muhitin və mədəniyyətin təsiri çox böyükdür.  Eskimolar “at”a sadəcə at deyərkən Türk dilində atın cinsinə, yaşına, rənginə görə müxtəlif adları vardır.  Ancaq türklərdə “qar”a sadəcə qar deyildiyi halda Eskimo dilində qar və yağışı ifadə edən 32 kəlmə vardır.

                  Heyvanlara səslənmə belə dillərə görə dəyişir. Bir ingilis toyuğunu “cip-cip” deyə çağırsaq gəlməyəcəkdir. Çünki ingilislər toyuğu “çak-çak”(chuck), finlər “fibi-fibi” deyə çağırırlar. Ancaq demək olar ki, bütün dillərdə toyuğu qovmaq üçün işlənən ifadələr eynidir: kış-kış, kiş-kiş, kuş-kuş, kş-kş...    

      ULDUZ İŞARƏSİ NƏ ÜÇÜN BEŞGUŞƏLİ ÇƏKİLİR

      Simvol hər hansı bir düşüncənin və hadisənin şəkillərlə ifadə edilməsidir. Demək olar ki, tarixin hər mərhələsində simvollara rast gəlirik. Bir simvola verilən məna uzun illər dəyərini itirməz. Tarix boyunca müxtəlif simvollara yanlış olaraq başqa mənalar da yüklənmişdir ki, məhz buna görə də hər hansı bir simvolu tədqiq edərkən o simvolunn əsil kökünə enmək lazımdır.

      İnsanların ehtiraslarını, qürurlarını, hədəflərini və niyyətlərini ən yaxşı ifadə edən simvol ulduzdur. Bəşəriyyətin yaşadığı hər yerdə və hər dövrdə ulduz fiquruna rast gəlmək mümkündür. Ulduzlar günəş və ayla müqayisədə çox uzaq və əlçatmaz olduqları üçün çatılacaq ən yüksək hədəfin simvoluna çevrilmişlər.

      Tarix boyu ulduzlar 4, 5, 6, 7, 8, hətta daha çoxbucaqlı olaraq çəkilmişdir. Bu gün məşhur olan beşguşəli ulduz isə Orta Şərq sivilizasiyası ilə bağlıdır. Qədim Misir heroqlifləri arasında ucları bir az uzun olan ulduz fiqurlarına rast gəlmək mümkündür.

      Qədim cəmiyyətlərdə ulduzların sehrli gücə sahib olduğuna inanırdılar. Ən mühümü isə ulduzların insanı qoruma və insan qədərinə təsirinin olduğu düşüncəsi idi. Ulduz fiquru bu günün özündə də insanları qoruma simvolu olaraq varlığını davam etdirərək polislərin nişanına çevrilmişdir. Ulduzların insan qədərinə təsiri ilə bağlı inanc isə bugün ulduz falı adı altında yayğınlaşmışdır.

      Qədim misirlilər insan ruhunun dörd ünsürdən – torpaq, hava, su, od – meydana gəldiyinə, öldükdən sonra ulduz halına çevrildiyinə inanırdılar. Misir heroqliflərində ruhun simvolu olan işarə bir başı, iki qolu və iki ayağı olan fiqurdur. Bu şəkil daşa və ya başqa bir yerə çəkildikdə beşguşəli ulduz kimi görünür. Daha sonralar digər mədəniyyətlərin də göydəki ulduzları beşguşəli təsvir etmələri qədim misirlilərdən təsirlənmələri ilə bağlıdır.

      Hər simvolda olduğu kimi, ulduz simvoluna da tarix boyunca müxtəlif mənalar yüklənmişdir. Təkallahlı dinlərdə və müasir cəmiyyətlərdə müsbət mənaları ilə istifadə olunan beşguşəli ulduz simvolu eyni zamanda kommunist və satanistlər tərəfindən də mənimsənmişdir.

       

      • Hits: 708 clicks

      Tecox component by www.teglo.info