155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    DR. Rüfət ŞİRİNOV - MƏQSƏDLƏRİ NƏDİR?

      Share

      Məxluqatın yaranması ilə başlayan haqq-batil savaşı tarix boyunca davam etmiş, hal-hazırda da davam edir və qiyamət qopana qədər davam edəcəkdir. Bu mübarizə fiziki, elmi, sosial-iqtisadi sahələrdə olduğu kimi, dini sahədə də öz əksini tapmışdır. Şeytanın Allaha qarşı çıxması ilə toxumu atılan sözügedən mübarizə Hz. Adəmin övladlarından Qabilin Habili qətl etməsi ilə dünyada özünü büruzə vermişdir.

      Dini müstəvidə və dini sahədə gedən haqq-batil mübarizəsinin bir təzahürü də sünnə/hədis sahəsində meydana çıxmışdır. Günümüzdə yenidən xortlamağa başlayan sünnə əleyhdarlığına İslam tarixinin hər dövründə təsadüf etmək mümkündür. Hicrətin ikinci əsrində bəzi şəxslər bilgi qıtlığından hədislərin dindəki mövqeyi məsələsinə şübhə ilə yanaşmış və əsas mənbə olmadığını iddia etmişdilər. Sonrakı dövrlərdə bu fitnə dəlillər əsasında çürüdülərək tarix səhnəsindən silinmişdi. Ancaq oriyentalistlərin səhnəyə çıxması ilə müsəlmanlar arasında fitnə-fəsad törətmə məqsədi ilə yenidən gündəmə gətirilmiş və XVIII əsrdə Hindistanda cücərdilmişdir. İngilis oriyentalistlərin bilavasitə dəstəklədiyi qurumlar tərəfindən sistemləşdirilərək dünyaya servis edilmişdir. Son dövrlərdə ölkəmizdə də, əfsuslar olsun ki, bu fitnənin tələsinə düşənlərlə rastlaşmaq mümkündür.

       Məkrli fikirlərə sahib şəxslərin təsis etdiyi bu məfkurəyə əsasən: “Sünnə və hədislərə dində ehtiyac yoxdur və bunlar olmadan da dini yaşamaq olar. Əsas məsələ Qurandakı hökmlər əsasında dini yaşamaq və həyatı oradakı hökmlər əsasında qurmaqdır”. İlkin baxışda məntiqli kimi görünə biləcək bu məfkurənin əsas təhlükəsi ondadır ki, buna əsasən Hz. Peyğəmbər (s.ə.s) ikinci plana atılır və onun gətirdiyi dini yaşama şəkli ləğv edilir. Qərbli oriyentalistlərin özəlliklə dəstək verdiyi bu düşəncə tərzinin əsas məqsədi hədisləri aradan çıxardaraq dinə istədikləri kimi şəkil verməkdir. Fərqində olmayan müsəlmanlar da, çox əfsuslar olsun ki, onların ədəbi və sehrli ifadələrinə aldanaraq öz gəmilərini deşirlər.

      Əlbəttə ki, bu məsələnin “Qurançıların” və oriyentalistlərin iddia etdiyi kimi olmadığı bütün incəlikləri ilə isbat edilmiş və əsas mənbələrdən dəlillərlə çürüdülmüşdür. Bizim burada əsas diqqət çəkmək istədiyimiz məsələ bu məfkurənin nə qədər təhlükəli olduğudur.

      Sadəcə Quran hökmləri ilə kifayətlənmək peyğəmbərə ehtiyac olmadığını qəbul etməkdir. Necə ki, Allah insanlarla Quran vasitəsilə danışır, eyni şəkildə Quranı başa düşmək üçün də hədislərə ehtiyac vardır. Belə ki, Quranın peyğəmbər vasitəsilə nazil edilməsi Allah üçün nöqsan sayılmadığı kimi, Quranın anlaşılması üçün hədislərdən istifadə etmək də əskik və nöqsanlıq deyildir. Odur ki, Sünnə İslam dinini anlamaq, dərk etmək və yaşamaq üçün vazkeçilməz meyardır. Ona yönləndirilən metodik bəzi tənqidlər isə bu ehtiyaca kölgə düşürməz.

      Hədis düşmənləri bir neçə şübhəli hədis əsasında fikir bəyan edərək sadəcə bu rəvayətlərə qarşı çıxmırlar; onların əsas məqsədi buradan yola çıxaraq bütün rəvayətləri yox saymaqdır. Beləliklə, tarix boyu elmi əsərlər yazan, hədis məcmuələri tərtib edən alimlərimizin əməyinə də hörmətsizlik edilir. İslam alimlərinin tarix boyu verdiyi mücadilə və əməklərini Qərb məntiqi ilə müasirlik adı altında düşməncəsinə yenidən dəyərləndirmək və tənqid etmək insaflı yanaşma deyildir. Alimləri olmayan, peyğəmbəri kənarlaşdırılan bir dinin istənilən şəkildə yenidən dizayn edilməsi çox rahat məsələdir. Bax əsas məqsəd məhz budur.

      Məsnədindən qopardılmış bir dinin nəticəsində “dini şüarlarla” beyinləri yuyulmuş vətən, millət və din xainləri yetişər. Hədislərdən təcrid edilmiş dini biliklərlə heç kim ateist, deist və yaxud digər din mənsublarının fikirlərinə lazımi cavablar verə bilməz. Nəticədə bu, qeyri-ənənəvi fikir və cərəyanların artmasına səbəb olar. İslam dininə bir neçə uydurma və saxta hədisləri misal göstərərək dəyər vermək ən azından sadəlövhlükdür.

      Xülasə, hədis düşmənləri hədislə əlaqəli hər şeyi təhqir edirlər. Hətta Hz. Peyğəmbərin dini yəhudi və digər dinlərdən uyğunlaşdıraraq ortaya qoyduğunu söyləyəcək qədər bəsitləşir, bəzən də hədislərin III əsrdə uydurulmaqla Hz. Peyğəmbərə nisbət edildiyini ifadə edərək cahilliklərini aşkar edirlər.

      Qərb alimlərinin məqsədlərini anlamaqda çətinlik çəkmirik. Ancaq onların arxasınca gedən və metodlarından istifadə edən, hətta onlardan da aşırı gedən müsəlman adını daşıyan tərəfdaşlarını anlamaq çox çətindir.

      Unutmayaq ki, hədislərdən təcrid edilmiş dini yaymağı özlərinə şüar edənlərin əsas məqsədi Qurana şübhə düşürmək və aradan qaldırmaqdır.

      Hz. Ömərin bu sözü hamımızın şüarı olsun: “Biz rəbb olaraq Allahdan, din olaraq İslamdan və peyğəmbər olaraq da Hz. Muhamməddən razıyıq”.

      • Hits: 52 clicks

      Tecox component by www.teglo.info