Məhəmməd Füzulinin Misralarında Peyğəmbərimiz / Elşad Mahmudov

      Share

      Dünya ədəbiyyatının ən böyük şairlərindən biri olan Məhəmməd Füzulinin şeirlərində sevgi, eşq, məhəbbət mövzuları xüsusi yer tutur. Füzuli poeziyası tədqiq edildiyi zaman çox aydın görünür ki, 

      onun şeirlərində eşq dünyəvi, platonik və nəhayət sufiyanə xarakter daşıyır. O, şeirlərində bəşəri, hətta cismani eşqi ideallaşdıran bir şairdir. Məcazi eşqin şair tərəfindən bu şəkildə təsvir edilməsi təsəvvüf ənənəsinə görə ilahi eşqə vüsaldan xəbər verir. İlahi eşqi və gözəlliyi daim ön planda tutan Füzuli ümumiyyətlə xarakter olaraq həssas və hissiyyatlı bir şəxsiyyətdir. Din mövzusunda yazdığı şeirlərindən onun səmimi bir mömin olduğunu başa düşmək o qədər də çətin deyil. Hər hansı bir təriqətə mənsubiyyəti bilinməyən şairi sufi deyil təsəvvüfə meylli şəxsiyyət kimi görmək daha doğrudur. Bu mənada dini motivlər, xüsusilə də Allah və Peyğəmbər sevgisi Füzuli poeziyasında mühüm yer tutur. Böyük İslam Peyğəmbəri Həzrət Muhəmməd (s.ə.s) haqqında Füzulinin dedikləri əsrlərdir dillər əzbəri edilərək nəsillərdən nəsillərə ötürülmüşdür. Füzulinin Peyğəmbərimiz haqqında yazdığı misraları dinindən və millətindən asılı olmayaraq oxuyan hər bir insan şairin timsalında müsəlmanların öz Peyğəmbərlərini nə qədər dərin məhəbbətlə sevdiyini və ona hörmət etdiyini müşahidə edir. Şairin Peyğəmbərimizi mədh edərkən istifadə etdiyi üslub və seçdiyi kəlmələr bu məhəbbətin bariz nümunəsi olaraq qarşımıza çıxır. Şair, Peyğəmbərlər Peyğəmbərinə ithaf etdiyi məşhur Su qəsidəsində hz. Məhəmmədin paklığına olan heyranlığını:

      Tiynəti-pakını rövşən qılmış əhli-aləmə,

      İqtida qılmış tariqi-Əhmədi-Muxtara su

      misraları ilə dilə gətirir və Peyğəmbərimizi suya bənzədir. Bu misralarla İslamın təmiz və pak bir din olduğunu ifadə edən şair bu təmizliyin ən böyük köməkçisinin su olduğunu vurğulayır. Çünki su, insanı hər bir vəziyyətdə bədəni və ruhi yöndən təmizləyir. Su təmiz olduğu üçün İslamı qəbul edən insanlara xidmət edir və su Həzrəti Peyğəmbərin yolunu təqib edir. Yəni, su İslama tabe olmuşdur. Çünki su təmizdir. İslamı seçən, ürəkdən inanan insan da təmizdir. Suyun Peyğəmbər yolundan getməsi onun təmizliyini və duruluğunu göstərir. Bundan başqa su təmizdir. Kirləri yuyur. Peyğəmbərimiz də günah işləməmişdir. Bu mənada o da təmizdir. Su, bu xüsusiyyətinə görə burada Peyğəmbərimizlə birlikdə qeyd edilir. Bir başqa misrada şair Rəsuli-Əkrəmə olan sevgisini ifadə etmək üçün onu bir ğülə bənzədərək:

      Suya versin bağban gülzarı zəhmət çəkməsin

      Bir gül açılmaz üzün tək versə min gülzara su

      misraları ilə onu mədh edir. Şair bağbana müraciət edərək onun boş yerə əziyyət çəkməməsini tövsiyə edir. Çünki Rəsuli-Əkrəm kimi bir gülün yenidən dünyaya gəlməsi mümkün deyildir. Şair sanki “sən təksən, sən gözəlsən, sənin tayın bərabərin yoxdur ya Rəsulallah!” demək istəyir. Yenə bir başqa misrasında hz. Peyğəmbərin üzünü gülə bənzədən şair onun dəstəmaz almaq üçün əl uzadıb gül yanaqlarına su vurunca sıçrayan hər bir su damlasından minlərcə rəhmət dənizi dalğalandığını:

      Eyləmiş hər qətrədən min bəhri-rəhmət mövc-hiz

      Əl sunub urqaç vuzu üçün güli-rüxsara su

      misraları ilə dilə gətirir və Rəsuli-Əkrəmin rəhmət və mərhəmət peyğəmbəri olduğunu bütün bəşəriyyətə bildirir.

      Füzulidə Rəsulullah sevgisi o dərəcədə yüksəkdir ki, şair şeirlərinin, sözlərinin və kəlmələrinin onunla bərərkətləndiyini xüsusi olaraq qeyd edir:

      Yümnü natından göhər olmuş Füzuli sözləri

      Əbri-nisandan dönən tək lülüyi-şəhvara su

      Şair demək istəyir ki, ya Rəsulallah! Sənin şəninə təriflər deməyimin bərərkətindən  mənim adi sözlərim yaz buludundan düşüb iri inciyə çevrilən su damlası kimi bir inci olmuşdur. Şair burada mənasız adlandırdığı şeirinin və sözlərinin onu mədh etdiyi üçün dəyər qazandığını vurğulayır.

      Aşağıdakı misralar isə şairin nə qədər peyğəmbər məhəbbətilə yanıb tutuşduğunu, onu nə qədər sevdiyini və ona olan həsrətini göstərir:

      Ya Həbiballah, ya Xeyrəlbəşər müştaqunam

      Eylə kim ləb-təşnələr yanub dilər həmvara su

      Yəni, ey Allahın sevdiyi şəxs, ey insanların ən xeyirlisi! Susuzluqdan dodağı quruyanların davamlı su istəməsi kimi mən də sənə susamışam, sənin intizarındayam. Bu misralarda şair bir daha bizə Peyğəmbərimizi xatırladır. Bilindiyi kimi aləmlərə rəhmət olaraq göndərilən hz. Məhəmməd Allahın ən sevimli bəndəsidir. Yəni Həbibullahdır, Allahın elçisidir. Bəşəriyyətin ən xeyirli insanıdır. Bütün müsəlmanlar onun şəfaətini qazanmaq, onun razılığını almaq məcburiyyətindədirlər. Şair burada Peyğəmbərimizə olan həsrətini ifadə edərək məqsədinin ona yaxınlıq və şəfaətini qazanmaq olduğunu dilə gətirir. Daha sonrakı misralarda isə şairin Peyğəmbər həsrətinin necə sona çatmasını ümüd etdiyini görürük:

      Habi-qəflətdən olan bidar olanda ruzi-haşr

      Eşqi-həsrətdən tökəndə dideyi-bidara su

       

      Umduğum oldur ki ruzi-haşr mahrum olmayam

      Cəşmi-vaslun virə mən təşnəyi-didara su

      Şair, yanğısının yalnız qiyamət günü sönəcəyini vurğulayaraq deyir ki, qəflət yuxusundan oyanan göz məhşər günü həsrətdən ağladığı zaman o gözəl üzünə susamış olan mənə vüsal çeşməsindən su verəcəyini və məni bundan məhrum etməyəcəyini ümid edirəm. Çünki aləmlərə rəhmət olan hz. Məhəmmədi görəcəyəm. Sevgililərin vüsalı olan qiyamət günü mən də ona qovuşmağı arzu edirəm. Onun rəhmət suları susuzluğumu ortadan qaldıracaq, dərdlərimə dərman olacaqdır. Dahi şairimiz Məhəmməd Füzulinin bu həsrəti ilə bu yazıya son verib, Allaha belə dua edirik: Ey bizi yaradan Uca Allahımız! Biz günahkar bəndələrini sevgili Peyğəmbərimiz Məhəmməd Mustafanın yolundan ayırma və Peyğəmbərimizə qovuşacağımız, onu gorəcəyimiz qiyamət günündə biz gözü yaşlı aciz qullarını Peyğəmbərimizin şəfaətinə nail eylə! Amin.

       

      • Hits: 1033 clicks

      Tecox component by www.teglo.info