Dərgahına gəlmişəm,
Ya Həzrəti – Mövlana!
Bir dərbədər dərvişəm,
Ya Həzrəti – Mövlana!
Sən ərmişlər ərisən!
Hər diridən dirisən!
Arıt göyü, yeri sən
Ya Həzrəti – Mövlana!
Polad dağlar eşildi,
Göy çökdü, yer deşildi...
Ruhun hələ yaşıldı,
Ya Həzrəti – Mövlana!
Yaşıl türbən – yaşıl şəm!
Yaşıl Pirsən möhtəşəm!
Sözdə şahi – qəşəmşəm
Ya Həzrəti – Mövlana!
Dərgahın sirlər kanı!
Səma etdir dünyanı:
Bəlkə dönər imanı,
Ya Həzrəti – Mövlana!
İyun 1991