Osman Nuri TOPBAŞ – QARDAŞLIĞIN İZİNDƏ

      Share

      Qanlı Yanvar hadisələri yeni yaşanmışdı. Tankların önünə əliyalın çıxan igid Azərbaycan övladları yenicə şəhid olmuşdu. Müstəqilliyini yeni qazanan ölkədə ümumi hüzn hakim idi. 

      Maddi çətinliklər hər sahədə özünü göstərirdi. Bu gündən o günə baxanda arada müqayisə edilməyəcək dərəcədə böyük bir fərq görünür. Azərbaycan bizim üçün Anadolunun ikinci bir parçasıdır. O gün Azərbaycanda həyat şərtləri ağır idi. Sovetlər dövründən qalan binaların bir çoxu bərbad vəziyyətdə idi. Bəzi yerlərdə içməli su tapmaq çox çətin idi. İnsanlar əllərindəki su qabları ilə növbə gözləyirdilər...

      Bunlar Azərbaycana ilk gəlişimizdə müşahidə etdiklərimizdi. Bir də bu məmləkətdə tanış olduğumuz gözəl insanları vardı. Məmməd Aslanın “Ağla Qərənfil, ağla!” şeirini dəfələrlə şəxsən özündən eşitmişdik, Allah rəhmət eləsin, böyük şair idi. Sanki bir xalqın hüzn və iztirabı dil açmışdı o şeirdə. Mərhum Bəxtiyar Vahabzadə ilə tanışlığımız da o günlərə təvafüq edir. Qəlbiyanıq, dərd sahibi şair idi. Oturub xatirələrini dinləyib uzun-uzadı söhbət etmişdik. Hacı Səlim Əfəndi ilə tanışlığımız tamam başqadır. Zatən Azərbaycana gəlişimizə də o vəsilə olmuşdu. Qəlbimizdəki yeri başqadır. Buradakı qardaşlarımızla bizi o tanış etmiş, mənəvi məsuliyyətimizi xatırlatmışdı. “Rəsulullah (s.ə.s): “Qonşusu ackən tox yatan bizdən deyil”, buyurur. Biz acıq, amma bu aclığımız maddi deyil, mənəvi aclıqdır. Atamızın məzarı başında bir Fatihə oxuya bilmirik...” sözü hələ də qulağımdadır. Səlim Əfəndi bir çox acı xatirələri, Sovetlər zamanında yaşanan qadağaları danışdıqca ürəyimiz parçalanırdı.

      Burada tanıdığımız gözəl insanlardan biri də Azərbaycan xalqına böyük xidmətləri olmuş Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri oldu. 26 ildir onunla münasibətlərimiz qardaşlıq zəminində davam edir. Biz onu unutmuruq, o da bizi. Onun hər zaman ölkə müsəlmanlarına etdiyi xidmətləri təqdirlə qarşılayırıq. Bu xalqa ən böyük töhfəsi kimi müsəlmanlar arasındakı məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq üçün etdiyi cəhdləri göstərə bilərik. Bu gün İslam dünyasının bir çox bölgəsində məzhəb zəminində baş verən qarşıdurmaları acı göz yaşları ilə izləyirik. Hər gün müəyyən şər qüvvələri tərəfindən körüklənən və dini zəmində baş verən, yaxud bu şəkildə qələmə verilən acı xəbərlərlə təəssüf hissi keçiririk. Lakin şükürlər olsun ki, Azərbaycanda ən xırda sünni-şiə qarşıdurması yaşanmır. Təbii ki, bunda Şeyxülislam həzrətlərinin rolu böyükdür. Hətta deyərdim ki, Azərbaycandakı sünni və şiələrin qardaşlıq zəminində yaşamaları dütün dünyaya nümunə göstərilə bilər. Şeyx həzrətlərinin o ağır şərtlər altında Azərbaycanda açılan yeni dini təhsil ocaqlarına qayğısı nəticəsində ölkədəki müsəlmanlar kifayət qədər dini sahədə maariflənə bildilər. Başqa ölkələrdən gəlib burada müxtəlif dinlərin və radikal cərəyanların təbliğini aparan missionerlərin önünü yalnız islami maarifləndirmə yolu ilə almaq mümkün idi. Bu sahədə Şeyxülislam Allahşükür Paşazadə həzrətləri dövlət siyasətini layiqincə yerinə yetirərək ölkə gənclərini uçurumun kənarından qaytara bildi. Azərbaycanda yenidən hafizlər yetişdi, İslamı gözəl bilən, dininə, vətəninə, millətinə bağlı din xadimlərinin sayı gündən-günə artdı. Təbii ki, bu sahədə Qafqaz Müsəlmanları İdarəsinin başda Şeyx həzrətləri olmaqla əvəzsiz rolu oldu. Bunu unutmamaq lazımdır. 

      Biz bir-birimizə həm islami, həm də milli bağlarla bağlıyıq. Yenidən o günləri yada saldıqca gözümüzün önündə Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri canlanır. Hələ yüz il bundan əvvəl Nuru Paşa bu torpaqlara gələrək qardaşlarının imdadına çatmışdı. Qafqaz İslam Ordusu ermənilərin törətdiyi qətliamın önünü almaq üçün ta Anadoludan at belində bu torpaqlara gəlmişdi. Bu gün Azərbaycanın bir çox bölgəsində Qafqaz İslam Ordusunun əsgər və zabitləri əbədi uyumaqdadır. Onların qəlbimizdəki yeri daim əzizdir. Eyni zamanda 1914-1918-ci illərdə Azərbaycanda qurulan və əsas məqsədi Birinci Dünya Müharibəsi zamanı Türkiyədə yetim qalan azyaşlı uşaqları himayə etmək, o cümlədən hərbzədələrin yarasına məlhəm olmaqdan ibarət olan “Qardaş Köməyi” təşkilatını və Anadoludakı qardaşlarına göstərdikləri yardımı da unutmuruq. Bu gün Çanaqqala şəhidliyində uyuyan hər bir Azərbaycan türkü Anadolunun sinəsində parlayan şərəf ordenidir.  

       

       

       

       

      • Hits: 10 clicks

      Tecox component by www.teglo.info