155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Azərbaycanin Böyük Din Alimi, Ərəbşünas Akademik Vasim Məmmədəliyev ilə Reportaj

      Share

      İrfan: Vasim müəllim, ilk növbədə Mövlana sizin gözünüzdə kimdir? Onun bir mütəfəkkir və təsəvvüf alimi olaraq yetişməsində hansı amillər rol oynayırdı?

      Akademik Vasim Məmmədəliyev:

      Mövlana Cəlaləddin Rumi Türk dinyasının ən böyük şəxsiyyətlərindən biridir. Türk dünyası irfan  və təsəvvüf aləminə çox böyük şəxsiyyətlər verib. Nümunə olaraq Xacə Yusif Həmədanini, Əbdülxaliq Gücdüvanini, Xacə Bəhaəddin Nəqşibəndi, Hacı Bayram Vəlini, İstanbulun mənəvi fatehi Ağşəmsəddini göstərmək kifayətdir. Bunların içərisində Cələləddin Ruminin özünəməxsus yeri vardır. Türk xalqının dünyaya bəxş ettiyi bu mürşidlər arasında xüsusilə Mövlananın ideya və fikirləri bu gün insanlar arasında geniş yayılmaqdadır. Cəlaləddin Rumi mütəsəvvüf ailəsində dünyaya gəlmişdir. Atası Bəhaəddin Vələd Sultanul-üləma (alimlər sultanı) idi. O, eyni zamanda sufi şeyxlərindən sayılırdı. Onun 3 cildlik Məarif adlı kitabı vardır ki, Mövlananın Şəmslə görüşənə qədər hər zaman bu kitabı oxuduğu söylənilir. Demək olar ki, Mövlananın formalaşmasında atasının, ailəsinin və doğulub böyüdüyü mühitin böyük rolu olmuşdur. Atasının vəfatından sonra Mövlananın yetişməsində Bürhanəddin Tirmizinin də əməyi olmuşdur. Qısaca olaraq deyə bilərik ki, onu Mövlana edən ən əsas üç amil; ailəsi, yaşadığı mühit və Şəms Təbrizidir.

      İrfan: Mövlana təfəkkürünün əsası nədən ibarətdir?

      Akademik  Vasim Məmmədəliyev:

               Mövlana Allaha vasil olmağın ən gözəl yolunu göstərən dahi mürşidlərdən biridir. Ümumiyyətlə təsəvvüfdə Allaha qovuşmağın 3 yolu vardır. Birincisi təriqul əxyardır ki, bu yolda Allaha qovuşmaq üçün Quran və sünnəyə tabe olmaq əsas götürülür. İkincisi, təriqul əbrardır ki, burada da riyazət və zühd yolu əsas götürülür. Üçüncü yol təriquş-şuttardır ki, bunun da əsasını Allaha eşqlə, məhəbbətlə vasil olmaq təşkil edir. Mövlana bu yolların hamısından keçmişdir. Lakin Şəmslə görüşdükdən sonra xüsusilə üçüncü yolu seçmiş, bu yola daha çox meyl etmişdir. Mövlana İslam elmlərindən dərs verən bir müdərris və İslamın bütün sahələrini mükəmməl bilən mütəxəssis idi. Qeyd etməliyik ki, Mövlana Qurana və sünnəyə çox bağlı bir insan idi. Hətta özü bu barədə: “Nə qədər ki, mən sağam, Quranın bəndəsiyəm. Mən Məhəmməd Mustafanın getdiyi yolun torpağıyam. Hər kim mənim haqqımda bundan başqa bir söz desə, həm o adamdan, həm də dediyi sözdən bezaram.” –deyirdi. Bu da onun Qurana və Peyğəmbər yoluna nə qədər bağlı olduğunu göstərir.

      Mövlana Allaha gedən yolda insanın öz mənliyindən keçməsinin vacibliyini vurğulayırdı. Çünki Allah da mən deyir, sən də mən deyirsən. Vəhdət aləmində iki mən ola bilməz. Vəhdətə nail olmaq üçün mənlərdən birinin aradan çıxması lazımdır. Ya O ölməlidir, ya da sən. Bütün kainatın yaradıcısı olan  Allahın ölməsi mümkün olmadığı üçün insanın öz mənliyindən keçməsi lazım gəlir. Buna görə də Mövlana vəhdətə çatmaq üçün insanın daxilindəki məni öldürməsinin labüdlüyünü söyləyirdi. İnsan fəna-fillaha qovuşduqdan sonra bəqa-billah kəsb edir. Yəni Allahda fani olduqdan sonra onunla əbədiyyət qazanır. Mövlananın təsəvvüf fəlsəfəsi bundan ibarətdir.

      İrfan: Mövlana sadəcə müsəlmanların deyil, eyni zamanda digər din mənsublarının da rəğbətini qazanmış şəxsiyyət idi. Bunun səbəbini nədə görürsünüz?

      Akademik Vasim Məmmədəliyev:

       

      Mövlana deyir ki, mən pərgar kimiyəm bir ayağımla şəriətin üzərində çox möhkəm dayanmışam, o biri ayağımla 72 millətin arasında gəzirəm. Bununla da Mövlana İslam ənənələrinə bağlı qaldığını söyləməklə yanaşı, təbliğ etdiyi təsəvvüfi görüşlərin bütün bəşəriyyətə aid olduğunu deyirdi. “Kim olursansa ol, yenə də gəl!” deyən Mövlana insanları dinindən və kimliyindən asılı olmayaraq birliyə, bərabərliyə, vəhdətə çağırır, bəşəriyyəti əxlaqi və insani dəyərlərdə birləşməyə dəvət edirdi. Mövlana insanları ilahi eşqə dəvət edirdi. Dinlər və məzhəblər arasında olan ixtilafları ortadan qaldırmağa çalışırdı. Məhz buna görə də Mövlananın dəfnində yalnız müsəlmanlar deyil, eyni zamanda Konyada yaşayan bütün millətlərin nümayəndələri, hətta papazlar, keşişlər də iştirak etmişdi. Bu da öz növbəsində bütün insanların Mövlanaya olan məhəbbətinin təzahürü idi. Mövlananın vəfatı sadəcə bir müsəlmanın ölümü deyil, bütün bəşəriyyətə ağuşunu açan böyük bir mürşidin, təsəvvüf ərinin vəfatı idi.

      İrfan: Bəs bu gün Mövlananın bu qədər geniş tədqiq olunmasının əsas səbəbi nədir görəsən?

      Akademik Vasim Məmmədəliyev:

      Mövlana bütün insanlığı sevirdi. Məhz buna görə də bu günün özündə də geniş kütlələr tərəfindən sevilir, oxunur və tədqiq edilir. Eyni zamanda Mövlana o qədər dahi insan olmuşdur ki, bu günün özündə bir çox fəlsəfi cərəyanlar öz fikirlərini onunla əsaslandırmağa çalışırlar. Hətta Darvinizmin tərəfdarları onu öz ideyalarının ilk carçısı olaraq adlandırırlar. Halbuki Darvinin təkamül nəzəriyyəsi ilə Mövlananın təkamül nəzəriyyəsi bir-birindən tamamən fərqlidir. Mövlana təkamül dedikdə insanın mənəvi təkamülünü və təsəvvüfdəki dövr anlayışını nəzərdə tuturdu. İnsanın təsəvvüf tərbiyəsində yetişərək ucalmasının, mələkdən də üstün mərhələyə çatmasının mümkünlüyünü dilə gətirirdi.

      Bu gün İslam aləmində ən çox öyrənilən əsərlərdən biri Məsnəvidir. Sevindirici hal ondan ibarətdir ki, Məsnəvi yalnız bizdə deyil, eyni zamanda bütün Avropada və Amerikada böyük alimlər tərəfindən öyrənilməkdədir. Bu gün xüsusilə Amerikada (şimali və cənubi) və Avropada İslamın yayılmasında Mövlananın və Məsnəvinin rolu böyükdür. Bir çox böyük Avropa mütəfəkkirləri Məsnəvini oxuduqdan sonra İslamı qəbul etdiklərini etiraf edirlər.

               Bu gün bir çox Avropa ziyalıları məhz Mövlananı oxumaqla İslam dinini qəbul etməkdədirlər. Onlar Mövlana irsini diqqətlə öyrənir və ona yüksək qiymət verirlər. Mövlananın ən məşhur tədqiqatçısı ingilis mənşəli Nikolsondur ki, onun əsərlərini oxumayan bir adam Mövlana haqqında tam bir fikir söyləyə bilməz. Bu gün qərb dünyası Mövlana və Məsnəvidən ilahi sevgini və Allaha qovuşmağın yollarını öyrənir. Hətta bəzən qərbdəki Mövlanasevərlər İslam haqda, Mövlana haqda elə heyrətamiz fikirlər irəli sürürlər ki, biz şərq aləmi olaraq o mövzulara hələ toxunmamışıq.  

               Mövlana insanı hər şeydən yüksək tuturdu. İnsana olan hörməti əsas götürürdü. Mövlana məxluqatın əşrəfi olaraq yaradılan insanı bədii obrazlarla, şeir diliylə tərənnüm edərək ona olan sevgisini, hörmətini ifadə edirdi. Mən inanıram ki, Mövlana haqqında bundan sonra da çox şey yazılacaq. Mövlana hələ tam öyrənilməyib. Təkcə Məsnəvinin fatihəsi hesab edilən 18 beytdən cildlərlə kitab yazmaq olar. 18 beytindən cildlər yazıla bilən Məsnəvi özü isə bir dəryadır. Mən çox sevinirəm ki, bu il Yunesko tərəfindən “Mövlana ili” olaraq qeyd edilir. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində Mövlananın 800 illiyinə həsr olunmuş konfranslar keçirilir. Onunla bağlı keçirilən çoxsaylı konfranslar və tədbirlər onsuz da dünyada tanınmış olan Mövlananı bəşəriyyətə bir az da tanıtmağa xidmət edir.

       Mən bir şeyə də çox sevinirəm ki, mövlana türk oğlu türkdür. Mövlana İslam əqidəsi, fars şeir dili və türk təfəkkür tərzi ilə silahlanmış böyük bir təsəvvüf əridir, böyük bir mürşiddir. Allaha qovuşmaq istəyən insanlar üçün böyük bir rəhbərdir.

      İrfan: Bildiyimiz kimi Mövlananın zamanında onu qısqanan qruplar olmuşdur.  Ona qarşı düşmən mövqeyindən çıxış edənlər olmuşdur. Bu günün özündə də belələri vardır və çox təəssüflər olsun ki, bunlar bizim içimizdən çıxır. Bu cür insanlara qarşı bizim mövqeyimiz necə olmalıdır?

      Akademik Vasim Məmmədəliyev:

      Dediyiniz kimi Mövlananı qısqanan insanlar tarixən var olmuşdur. Bir az əvvəl dediyim rübaidə Mövlana boş yerə yazmıqdı ki, “Mən Quranın köləsiyəm, Məhəmməd Mustafanın ayağının tozuyam.” Bu sözlər əslində ona şər atan, düşmənçilik bəsləyən insanlara cavab idi. Avamlıqdan və həsəddən doğan qısqanclıq hər zaman insanlar arasında var olub, olmağa da davam edəcək. Bu gün onu qısqananlar daha çox cəhalətdən qısqanırlar. Cəhalət insanlığın ən böyük düşmənidir. Hətta bir gün Peyğəmbər (s.ə.s)-dən ən çətin məsələnin nə olduğunu soruşanlara “Cahillə həmsöhbət olmaqdır” –deyə vavab vermişdi. Bugünkü qısqanclıqların əsasən cəhalətdən doğduğunu qeyd etməklə yanaşı burada həsəd ünsürünün varlığını da dilə gətirmək istəyirəm. Çünki Allah təala bu cür böyük şəxsiyyəti türk millətinə bəxş edib. Danılmaz bir gerçəkdir ki, Mövlana farsca yazsa da, əslən türk idi. O özü də bu gerçəyi yazdığı bir beytində “Hindcə (Fars dili nəzərdə tutulur) danışsam da əslim türkdür” deyərək qeyd edirdi. Bir daha təkrar edirəm ki, Mövlana İslam əqidəsi, fars şeir dili və türk təfəkkürü ilə silahlanmış böyük İslam rəhbəridir.

      İrfan: Vasim müəllim, vaxtınızı bizə ayırdığınız və gözəl həmsöhbət olduğunuz üçün təşəkkür edirik!

       

      • Hits: 1098 clicks

      Tecox component by www.teglo.info