Müşfiq XƏLİLOV – HƏCC VƏ QURBAN

      Share

      Həcc ibadətini yerinə yetirərkən İslamın meydana çıxıb yayıldığı, genişləndiyi bu torpaqları ziyarət etməklə Rəsulullahın (s.ə.s) və şanlı əshabının haqq dini uğrunda apardığı əzmkar mübarizələr gözlərimizin önündə canlanır və dini həyatımıza yeni bir ruh, yeni bir nəfəs gətirir.

      İnsan fitrət etibarilə ictimai varlıqdır. Məhz həcc zamanı insan inanc və düşüncəsində tək olmadığını öz gözləri ilə görür. Dünyanın hər tərəfindən gəlmiş, müxtəlif dillərdə danışan, fərqli irq, millət və təbəqələrdən olan, ancaq eyni inancı daşıyan bu qədər insanın ağappaq ehramlar içində eyni zikr, dua və ibadətləri birlikdə etməsinə şahid olur.

      İslam beş vaxt namazını birlikdə (camaatla) qılmağı təkidlə tövsiyə edir. Hətta həftədə bir dəfə  müsəlmanların bir yerə toplaşmasını təmin edən cümə namazını ayrıca fərz kimi əmr edir. İldə iki dəfə qılınan bayram namazları da müsəlmanları bir yerə toplayır. Həcdə isə bu birlik və bərabərlik son zirvəyə çatır.

      Bütün müsəlmanların qardaş olduğunu elan edən Qurani-Kərim bu qardaşlığı həcc vasitəsilə bariz şəkildə əyaniləşdirir. Qurani-Kərimdə belə buyurulur:

      “… Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə,) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, sizə mərhəmət edilsin”. (əl-Hucurat, 9-10)

      Həcc İslam qardaşlığını əyani surətdə nümayiş etdirir. Bəli, hər bir müsəlman həcc ibadətində dünyanın hər yerindən gələn bütün müsəlmanların qardaşı olduğunu öz gözləri ilə görmüş olur.

      Həcc müsəlman xalqlar arasında bərabərliyin praktik göstəricisidir. Çünki bütün müsəlmanlar: varlı-kasıb, təhsilli-təhsilsiz, müəllim-şagird, komandir-əsgər, idarə edənlər və edilənlər – hər kəs ağ ehramlara büründüyü kimi, bütün dünyəvi məqamlardan da tamamilə sıyrılıb digər müsəlman qardaşları ilə eyni səviyyədə dayanır və artıq onları bir-birindən seçmək mümkün olmur; eynilə insanın ağ kəfənə bürünməsi və məhşərdə məzardan qalxacağı kimi.

      Allah-Təala “Hucurat” surəsinin 13-cü ayəsində belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi millətlərə və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”. Yəni sizi tayfa-tayfa, millət-millət, qəbilə-qəbilə yaratdım, ta ki bir-birinizi tanıyasınız, bir-birinizin ictimai həyata münasibətinizi biləsiniz, bir-birinizə kömək edəsiniz; yoxsa ki, sizi biri-birinizə yad gözlə baxmaq, düşmən kəsilmək üçün qəbilələrə, xalqlara ayırmadım.

      Həcc ibadəti Hz. İbrahim (ə.s) və oğlu İsmailin (ə.s) ibrətli həyatını, Son Peyğəmbər Hz. Muhammədin (s.ə.s) şərəfli ömrünü, ilk müsəlman səhabələrin iman uğrunda çəkdiyi məşəqqətləri gözlərimiz önünə sərir. Həcc bizlərə bütün çətinliklərə baxmayaraq Allah rizası üçün qucağında körpə ilə yollara düşən ailəni, Allah yolunda ruhunu fəda etməyə gözünü qırpmadan razı olan peyğəmbər övladını, oğlunu Allahın əmri ilə qurban etməyə hazır olan atanı və müstəsna bir itaətlə həyat yoldaşına təslim olan ananı xatırladır. Həcc Hz. İbrahimin canı, malı, övladı və hər şeyi ilə Rəbbinə göstərdiyi təvəkkül, tam təslim olma və itaətin qiyamətə qədər davam edəcək ən gözəl simvoludur.

      Bu mənada Həccin Allaha təslimiyyətin və yaxınlığın bariz nümunəsi olan qurban ibadəti ilə sıx əlaqəsi vardır. 

      Allah-Təala: “Mən qullarıma onların boynunun şah damarından da yaxınam”- (Qaf, 16) buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə tutulur. Allah-Təala onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olması bəndənin Allaha yaxın olması demək deyil. Bu baxımdan qurban Allaha yaxınlaşmağa cəhd etməkdir.

      Qurban səmimiyyətdir. Həzrət Adəmin oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Uca Allah o qurbanı qəbul etdi; Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin xarabını, çürüyünü qurbana ayırdı, Allah-Təala onun qurbanını rədd elədi, sanki qaytarıb üzünə çırpdı.

      Qurban şeytanı ağlatmaqdır. Xəsislik və israf şeytanı güldürmək, bu ikisinin ortasındakı ədalət xəttini tutmaq isə Sirat körpüsünü özünə yol tutmaq kimidir. Bəndənin “Bismillah” deyib qurban kəsməsi, Allaha yaxınlaşmaq yolunda bir addım atması şeytanı dəli edər, od vurub yandırar.

      Qurban nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkün olur. Kim nəfsini nə qədər tərbiyə edə bilirsə, Allaha yaxınlaşmağı da elə o nisbətdədir.

      Quranda açıq-aşkar buyurulur ki, kəsdiyiniz qurbanın nə əti, nə də qanı Allaha yetişər (əl-Həcc, 37), yəni Allahın onların heç birinə ehtiyacı yoxdur.  Allah-Təala heç nəyə möhtac deyil, amma yaratdığı bütün varlıqlar Ona möhtacdır.

      Bu mənada həcc və qurban ibadəti səmimiyyət və təslimiyyət imtahanıdır.

      Uca Allah bu imtahandan üzüağ çıxmağı, həcc və qurban ibadətinin mahiyyətini anlayıb həyatımızda tətbiq edə bilməyi bütün müsəlmanlara nəsib etsin!

       

      • Hits: 6 clicks

      Tecox component by www.teglo.info