Adem ŞAHİN – HALAL-HARAM TƏRƏZİSİ

      Share

      Bir gün Ağəli müəllim (Allah rəhmət eləsin) dərsə bir az gecikmişdi. Başına gələn hadisəni böyük bir üzüntü ilə anlatmağa başladı. Belə ki, Ağəli müəllimin bir inəyi ölübmüş.

       İnəyin öldüyünü necə, kimdən xəbər alıblarsa, onun yanına gəlib ölü heyvanı yarı qiymətə satmasını istəyirlər. Gələn adamlar zoopark üçün almaq istədiklərini deyirlər.

      Ağəli müəllim ölü inəyə müştəri düşənlərə baxır, görkəmləri onu qane etmir. “Yüzdə-yüz əminəm ki, bunlar ölü heyvanı aparıb kolbasa sexinə verəcəkdilər. Mən onlara dedim ki, inəyi satmayacağam”. Ağəli müəllim məktəb direktorluğundan pensiyaya çıxsa da, minlərlə insanı imtahandan keçirmiş olsa da, imtahanı bitmir; puldan imtahan verirdi – artıq heç bir qiyməti qalmamış olan ölü inəyə dəyərinin yarı qiymətini təklif edirdilər. “Mənə dedilər ki, zoopark üçün alırıq”, - deyərək cəmdəyi verə də bilərdi.

      Bir həftə sonra Ağəli müəllim yenə dərsə gəldi. Hal-əhval tutduqdan sonra söhbəti yenə keçən həftə ölmüş inəyinə gətirdi. Ölü inəyi gömsələr də, həmin gecə kimsə gəlib üstünü açmış, torpaqdan çıxardıb aparmışdı. İnəyin cəmdəyini aparanlar onu zooparka versə, nə yaxşı, heyvan heyvanı yemiş olar. Ağəli müəllimin dediyinə görə isə o cəmdək kolbasa-sosiska sexlərinə aparılmış olar. Müəllimin ölü inəyi kimlərin boğazından keçdi, Allah bilir.

      Zəhəri heç vaxt zəhər deyib vermirlər; qızıl qədəhdə, meyvə suyu ilə qarışdırıb verirlər. Ağəli müəllimin ölü heyvanı da, yəqin ki, insanlara “halal” adı altında təqdim edilmiş olar. Dünyada ən çox istifadə olunan cümlə “made in china” və “I love you”dur. Bu ikisinin də qarantiyası yoxdur; heç birinə etibar edə bilməzsən. Dolların üstündəki “in God we trust” (Biz tanrıya güvənirik) sözü də “xarici” firqəsinin ağzındakı tövhid kimidir. Məna olaraq doğrudur, amma batil (səhv) mənalara xidmət edir.

      Tanrıya güvənənlər belədirsə, güvənməyənlər necə olar, dünyanı nə hala gətirərlər?! “Made in China, I love you, In God we trust” sözlərinin etibarlılığı sual altında olduğu kimi, bənzər şəkildə, xüsusilə ət məhsullarına vurulan “halal” möhrü də eyni etimad sualı ilə qarşı-qarşıyadır.

      Bişkekdə dərs əsnasında sinifdə Ağəli müəllim və torpaqdan çıxardılan ölü inəyin hekayəsini danışdıqdan sonra “hər halal yazılan etiketə güvənməyin; kor kor, gör gör!” – dedim.

      Bir tələbəm söz istəyib belə bir hadisə danışdı: “Bişkekdə bəzi bazarlarda donuz əti satılır. Donuzun başı ön tərəfə qoyulur, arxasına da çəhrayı rəngə çalan əti düzülür. Bu əti adətən ruslar, almanlar və ukraynalılar satır. Bir gün bazardakılardan birinin diqqətini çəkir; donuz ətinin üstünə “halal” yazmışdılar. Niyə belə yazdıqlarını soruşurlar. Satıcı belə cavab verir: “Hər kəs ətin üstünə halal yazır, mən də yazdım. Nə problem var ki?!”

      Dini-imanı pul olan insanlardan uzaq durmaq lazımdır. Belə insanların tək məqsədi puldur. Görülən işin halal və ya haram olmasının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Qul haqqı yemək, dövlət malına zərər vermək kimi hərəkətlər donuz əti yemək və ya içki içməkdən daha böyük günahdır. Dövlət malına zərər vermək o ölkədə yaşayan bütün insanların, hətta hələ dünyaya gələcək olanların da haqqını qəsb etməkdir.

      Rəsulullah (s.ə.s): “Bizi aldadan bizdən deyildir” (Müslim, İman 164, Fitən 16) – deyə bir ölçü qoymuşdur. Ağəli müəllimin ölmüş inəyinin ətini insanlara utanmadan yedirənlər kimlərdir? Gerçək payını bilmirəm, belə bir lətifə var: Müsəlman iş adamları saxta mal istehsal etmək üçün müqavilə bağlamağa Çinə gedirlər. Görüş keçirildikdən sonra yemək üçün fasilə verirlər. Bizimkilər: “Ay aman, donuz əti, it-pişik əti olmasın, bizim dinimizdə haramdır” deyirlər. Bunu eşidən çinlilər təəccüblə soruşurlar: “Sizin dininizdə saxta mal istehsal etmək halaldır ki?”

      Bəqərə surəsinin 168-ci ayəsində: “Ey insanlar! Yer üzündəki qidaların halal və təmiz olanlarından yeyin, şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizinlə açıq-açığına düşməndir”, - deyə buyurulur. Yeyiləcək, içiləcək və geyiləcək olan nemətlər həm halal, həm də maddi və mənəvi kirlərdən arınmış olmalıdır. Yazılanlara və söylənənlərə inanası olsaq “satdığım bal orqanik deyil, məhsullarımız GDO-ludur” deyən birini nə gördüm, nə də eşitdim. Qazaxıstanda üstünə “halal” etiketi yapışdırıldığı halda tərkibində alkoqol olan məhsulların satıldığını gördüm. Əgər insan kolbasa-sosiska yemək istəyirsə, belələrinin “halal” peçatına dərhal inandıqlarının şahidi oldum.

      Ağızdan çıxan sözlər nə qədər doğru olmalıdırsa, boğazdan girən yeyəcək-içəcəklərin də o qədər halal və təmiz olması lazımdır. Cənnətdə edilən ilk xəta qadağan olunmuş meyvənin yeyilməsi ilə, yəni boğazdan qaynaqlanmışdır. Belə bir xəta ilə cənnət əldən verilib dünya zindanına düşülmüşsə, halal və təmiz olmayan yeyəcəklərin dəfələrlə yeyilib-içilməsi ilə insan haralara gedib çıxar? Aqibəti necə olar?

       

       

       

      • Hits: 7 clicks

      Tecox component by www.teglo.info