Həzi ASLANOV – TƏTİL ANLAYIŞIMIZ

      Share

      Yay fəsli gələn kimi ağıla gələn ilk şeydir tətil. Bu söz hər kəs tərəfindən fərqli anlaşılmaqda, fərqli mənalar verilməkdə və fərqli dəyərləndirilməkdədir.

       Bəzisi tətili gəzmək, bəzisi işdən uzaq qalmaq, bəzisi rayonlara-kəndlərə getmək, bəzisi qohumları ziyarət etmək və s. kimi dəyərləndirir. Tətil, yaşadığımız cəmiyyətdə bizə verilən bir imtiyazdır. Təbii ki, bir müsəlman olaraq hər işimizdə dinimizin, dəyərlərimizin və inancımızın gərəklərini axtarır, o dəyərlər üzərindən işlərimizi görməyə çalışırıq. Tətil anlayışımız da bizə dəyərlərimiz üzərindən onu dəyərləndirməyə imkan verməlidir.

      Müsəlmanın hər işində müraciət edəcəyi ilk qaynaq Qurani-Kərim və Sünnə olmalıdır. Uca Rəbbimiz İnşirah surəsində “bir işi bitirdiyin vaxt başqa bir işə başla” deyə buyurmaqdadır. Bu ayə bizə müsəlmanın hər zaman xeyirli işlə məşğul olmasının gərəkdiyini, yorulduğu vaxt başqa bir xeyirli iş ilə istirahət etməsini bildirməkdədir.

      Müsəlman dünya həyatında daim çalışan halda olmalıdır. Onun istirahət yeri axirətdədir. Peyğəmbərimiz (s.ə.s) də müsəlmanı vəsf edərkən: “Dünyada xeyir işlər görməyə doymaz”,- deyə buyurur.

      Əlbəttə, insan oğlu yorulur və istirahətə, dincəlməyə və tətilə ehtiyacı olur. Ancaq hansı işdən yorulub nəyin tətilini etdiyimizə baxmaq lazımdır. Yay tətilinə çıxan bəzi kimsələr tətilə verdiyi yanlış mənaya görə gününü faydasız işlər, qəflət və günahlar içində keçirməkdədir. İnsanlar arasında tətil - ildə ən az bir dəfə də olsa, xüsusən də yay aylarında “dadılması gərəkən bir həzz” olaraq anlaşılmaqdadır.

      Düzdür, tətil kəlməsinin kökünə baxdığımızda kök olaraq “ətalət” kəlməsindən gəldiyini görürük və kəlmə olaraq “boşluq, hərəkətsizlik kimi mənaları ifadə edir. “Ətl” və “müəttal” kəlmələri də ondan törəmiş kəlmələrdir. Başqa bir ifadə ilə, tənbəl, işsiz, çalışmayan, hərəkətsiz duran, durğun və s. kimi mənalara gələn sözlərlə eyni kökdən gəlir. Boşluq demək olan tətilin içərisi çox vaxt əyləncə, gəzmə, dənizə getmə  və s. kimi şeylərlə doldurulur. Hətta bəziləri bunu limitsiz əyləncə, maksimum tətil və başqa sözlərlə də ifadə edirlər.

      Müasir dünyanın insanları çox yorduğu bilinən bir həqiqətdir. Yorulan insan da dincəlməli, tətil etməlidir, bu da bir həqiqətdir. Ancaq dincəlmək ilə boş qalmağı bir-birinə qarışdırmamaq lazımdır. İsraf dərəcəsində xərclərin olduğu, günahların açıq şəkildə işləndiyi, göstərişli bir anlayış olan müasir tətil anlayışı doğru deyildir. Bu, dinimiz və dəyərlərimizlə bağdaşmır.

      Bunu da unutmayaq ki, islami vəzifələrimiz heç vaxt tətilə çıxmaz. Dünyaya aid işlərimizin daha səmərəli, sağlam və daha uğurlu olması üçün dincəlmək və tətil etmək normal və uyğun ola bilər. Ancaq nə ibadətlər, nə də əxlaq tətilə çıxmaz. Bir müsəlman tətildə də müsəlmandır, evində də, iş yerində də.

      Bir məsələni də qeyd edək ki, əsrlərdən süzülüb gələn öz dəyərlərimiz var ikən hansısa yad mədəniyyətləri təqlid etmək, o mədəniyyətlərin tətil anlayışını mənimsəmək bizi özümüzdən uşaqlaşdıra, bizi bizdən qopara bilər. Qoparır da. Necə ki, əvvəllər olduğu kimi tətil deyərkən sileyi-rəhm deyilən qohum-əqrəba ziyarəti artıq düşünülmür.

      Tətil üçün çoxlarının etdiyi kimi insanlardan, doğmalarımızdan uzaqlaşmaq, qaçmaq yerinə tətilimizə qohum-əqrəbanı ziyarət etmək kimi bir məna yükləmək, bu gözəl ənənəni təkrar diriltmək daha yaxşı olmazmı?

      Buradan gənclərimizə də bir neçə tövsiyəmiz var. Tətil sadəcə məktəbə, universitetə, dərslərə aid xüsuslarda tətildir. Oxumaq, öyrənmək və özünü inkişaf etdirməyin tətili olmur. Bu yayda bir dil kursuna getməklə, idman növlərindən biri ilə məşğul olmaqla özünüzü inkişaf etdirə bilər, eyni zamanda Yay Quran Kurslarında iştirak edərək dəyərlərimizi öyrənə və bu vəsilə ilə də ən yaxşı və səmərəli bir tətil keçirə bilərsiniz. Axı tətil bir fürsətdir. Əsas məsələ ona nə məna verməyimizdir.

       

       

       

      • Hits: 22 clicks

      Tecox component by www.teglo.info