155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mustafa Mayis ABBAS – SƏNƏTİN SƏNƏTKARI OLMAQ

      Share

      Sənət:  hiss, duyğu, gözəllik, dizayn və s. mənalarda istifadə olunan bütün üsullar və bu üsullar vasitəsilə ortaya qoyulan üstün yaradıcılıq əsəridir.

      Belə olduğu halda sənəti sadəcə əşyaya xas mədəniyyət və yaradıcılıq əsərləri kimi görməməliyik. Eyni zamanda həm maddi, həm də mənəvi baxımdan var olan hər varlıq üzərində bu üsullar vasitəsilə bir sənət əsəri meydana gətirməyin mümkünlüyünü söyləyə bilərik.

      Əslində insan Allah-Təalanın sənət əsəri olsa da, onun daxili aləmi - mənəvi yöndən dizaynı bizim hiss və duyğularımıza etibar edilmişdir. Təmiz insan yetişdirmə sənəti elə insanın özünə həvalə edilmişdir.

      Uşaqlar Allahın bizə bəxş etmiş olduğu ən böyük xəzinədir. Çünki bir uşaq anasından tərtəmiz dünyaya gələr. Biz isə əlimizdə olan bu gözəlliyin fərqində olaraq addım atmalıyıq. Uşağı yetişdirən, himayə edən ailə hansı zehniyyətə, hansı duyğulara xidmət edərək tərbiyə edərsə, uşaq da o şəkildə yetişər. Eynilə torpaq kimi: nə əkərsən, onu da biçərsən.

      Uşaq Allahın bəndələrinə lütfüdür. Onu bir əmanət kimi düşünməliyik. Ancaq bu əmanətin məsuliyyətini dərk edərək tərbiyə etməklə gözəl əxlaqlı, xeyirli övlada sahib ola bilərik.

      Allahın əmanəti!.. Bu necə olmalıdır, necə yetişdirilməlidir, nə hasil olmalıdır?

      Tərbiyə insan yetişdirmək sənətidir. Bu sənəti icra edən ən böyük sənətkarlar da peyğəmbərlərdir. Hər sənətkarın məharəti ortaya qoyduğu əsərdə öz ifadəsini tapır.

      Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “İnsan öldüyü vaxt bütün əməllər ondan kəsilir. Yalnız üç şeydən: sədəqeyi-cariyə, faydalanılan elm və ona dua edən əməlisaleh övladdan başqa”. (Müslim, Vəsiyyət 3)

      Əməlisaleh övlad!..

      Bunun üçün uyğun zamanı və ya müəyyən bir yaşı gözləmək şərt deyil.  Ona görə də böyüklərimiz bir uşağı dünyaya gətirmədən əvvəl onun tərbiyəsi ilə məşğul olmağı və özünü bu müqəddəs vəzifəyə hazırlamağı məsləhət bilirlər.

      Uşaq yetişdirmək xüsusi bir məharətdir.

      Hər şey addım-addım başlayar…

      Təbii ki, bu addımların başında ilk növbədə özümüz dayanırıq: ata və ana.

      Övladın tərbiyəsinə təsir edən ilk amil də yenə biz özümüzük. Uşaq yetişdirmək zəhmət tələb edir. Yetişmədən yetişdirmək mümkün deyildir. Daha doğrusu, sənətkar olmadan sənət olmaz. Ancaq milli, mənəvi və əxlaqi dəyərlərə bağlılıq, dini əmrlərə olan həssasiyyət, özünüdərk və yaradılış qayəsinin fərqində ola bilmək kimi keyfiyyətlərə sahib olan bir ailədə düzgün, doğru və uğurlu tərbiyəyə nail olmaq olar.

      Bunu bilməliyik ki, yeni dünyaya gələn uşaq ilk başda heç bir şey bilmir və tamamilə sizin öyrətdiklərinizlə dünyanı dərk etməyə başlayır. Yəni bir növ hər şeyi sizdən götürərək inkişaf edir. Ona şəxsiyyəti siz, biz – valideynlər olaraq özümüz qazandırırıq. O zaman iş bu qədər bəsit və aşkar ikən niyə uşaqlarımızın inkişaf mərhələsində, böyüyərkən onların yetişməsi ilə bağlı çətinlik çəkməliyik? Niyə problemlər içərisində qıvrılırıq, uşaqların pis söz və vərdişləri kimdənsə öyrəndiyinə, söz dinləməz, dəcəl və yaramaz olmalarına qarşı narahat oluruq? Əslində, bu qədər dərd çəkib fikir dəryasına qərq olmaqdansa bu sualları ata-ana olaraq özümüzə ünvanlamalıyıq: mən övladıma nə verdim ki!?

      Həqiqətdə uşaq tərbiyə etmək, övlad yetişdirmək böyük bir vəzifədir. İnsanın özündən olan bir parçasını yetişdirmək həssasiyyət tələb edir. Saleh övlad yetişdirmək isə xüsusi əmək və qayğı  istəyir.

      Necə deyərlər:  sənətin sənətkarı olmaq sənin özündən asılıdır!

       

       

       

      • Hits: 44 clicks

      Tecox component by www.teglo.info