155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Leylani İncitməyin / Həzrət Mövlana

      Share

      Bir gün Məcnun, ayrılıq dərdindən qəflətən xəstələnib yatağa düşür. Müalicə üçün həkim çağırırlar.

      Həkim: “Damarından qan almaq lazımdır!” deyərək Məcnunun qolunu bağlayır. İynəni batıracağı an Məcnun dəlicəsinə qışqırır: “Burax, ey həkim! Hesabını al da get. Bu xəstəlikdən ölsəm zərər yox. Qan almaqdan vaz keç. Məni tərk et, çıx get…”

      Həkim çaşqın bir şəkildə Məcnundan sordu:

      –Sən çöllərdə kükrəmiş aslanlardan belə qorxmursan. İndi qoluna batırılacaq bir iynədənmi çəkinirsən?

      Məcnunun cavabı çox heyrətlidir:

      –Mən neştərdən qorxmuram.

      Hər kəs bilir ki, mənim səbir və iradəm qayalardan meydana gəlmiş olan bir dağdan da möhkəmdir! Mən heç bir şeydən qorxmayan və dünyaya aid bir samanlığı dəxi olmayan bir insanam; bu fani vücudum yaralanmazsa rahat olmaz! Yaralar eşqimin məlhəmidir; bunun üçün yaralanmağa qaça-qaça gedirəm.

      Lakin mənim vücudum Leyla ilə doludur; içimdə Leyladan başqa bir varlıq yoxdur. Bu sədəf kimi olan bədənim o incinin sifətləri ilə dolmuşdur. Dolayısı ilə ey təbib, məni həcamat edərkən neştəri bilmədən Leylaya vurar, onu yaralayarsan, Leylanı incitməkdən qorxuram.

      Zira Allahın xas qulları yaxşı bilir ki, Leyla ilə mənim aramda fərq yoxdur.

      Məsnəvi:

      “Eşq olmasaydı, bu kainat necə var olardı? Çörək necə olardı da özünü sənə yedirib sənin vücuduna qatılar və sən olardı? Bil ki, çörək o eşq sayəsində özünü sənə verdi və səndə fani olaraq sən oldu.”

      *

      Füzuli Məcnundan daha irəli səviyyədə bir aşiq olmaq həvəsini belə ifadə edir:

      Məndə Məcnundan füzun, aşiqlik istedadı var,

      Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var

      Bəsirət gözü ilə baxa bilənlər bütün əşyanı, varlıqları eşq və məhəbbətin təzahürü olaraq görürlər. Onlar, bütün varlıqları, eşq və məhəbbətdən zühura gəlmiş olaraq müşahidə edirlər. Əgər əzəli məhəbbət olmasaydı, kainat vücuda gəlməzdi. Ariflər bilirlər ki, varlıqların zühuru, o əzəli məhəbbətin bir nəticəsidir ki, bu kainat o üzdən Varlıq Nuru həzrət Məhəmməd Mustafa (s.ə.s)-ə ithaf edilmişdir.

      Haqq aşiqlərinin bədənləri həqiqi yar ilə doludur. Necə ki, Hallacı Mənsur şəhid edildiyi zaman qanı yerə tökülərkən “Allah, Allah” yazısı meydana gətirdi. Füzuli Leyla ilə Məcnun arasında fənaya çatmaları səbəbilə fərq olmadığını Məcnunun dilindən belə anladır.

      Məndə aşikar olan sənsən!

      Mən hod yokum, ol ki var sənsən!

      Gər bən bən isəm, nə sənsən ey yar?

      Və gər sən isən, nəyəm məni-zar?

      (Məndə görünən sənsən, mən özüm yoxam! Nə varsa sənsən, Əgər mən varsam, mən mən isəm ey sevgili o halda sən nəsən? Əgər sən sən isən, fəryad edib inləyən mən nəyəm, kiməm?)

      *

      Aləmin vəhdətinə səbəb olan Allah bütün məxluqatı cütlərdən ibarət yaratmışdır. Dünyəvi elmin ancaq yaxın zamanlarda təsbit edə bildiyi bu cüt yaradılış keyfiyyəti bizə 14 əsr əvvəl müxtəlif ayələrlə bildirilmiş, insanlığa bir elm ərməğanı olaraq çatdırılmışdır.

      Kainat zərrələrin, dənələrin, hüceyrələrin, bitkilərin, heyvanların, insanların və maddənin, hətta atom daxilindəki elektron və proton kimi əsrarlı ünsürlərə qədər bütün əşyanın xarakterinə görə xüsusi və əcaib bir izdivac qanununa tabe tutulmuşdur.

      سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

      “O Sübhan ki, torpaq məhsullarından, özlərindən və bilmədiklərindən eşlər (taylar) yaratmışdır.” (Yasin, 36)

      Əlbəttə, bu müəzzəm cütlük qanunu öz kamalını insanda tapmışdır.

      Varlıqlar kamalını insanda tapır. Məhəbbətin mövzusu nə qədər mükəmməl isə, ondakı kamal və əzab da o nisbətdədir.

      Cütlərin cismaniyyət və ruhaniyyəti ilə ilahi ləzzətləri tənəffüs etməsi, onları ilahi rabitə və məhəbbətlə Allah təalaya mütəvəccöh ilahi dərinliyə və həqiqət yolçuluğuna səsləyir. Xilqətin ibrət və hikmətlərini gözü önündə sərgiləyir.

      Leyla neçə ildən sonra Məcnunun yanına gəlir. Məcnun ona maraq göstərmir. Leyla:

      –Mənim üçün çöllərə düşən sən deyildinmi?! –deyə incikliyini büruzə verir.

      Məcnun:

      –İzafi və kölgədə olan Leyla aradan çıxdı və əridi, –deyə cavab verir.

      Məcnunun həyat idealı olan Leyla ilahi məhəbbətə qovuşmaqda bir nərdivan rolu oynayırdı. Məcnun həqiqətinin aradığı ilahi məhəbbət aləmində yerini tapınca həyatındakı Leylanın rolu bitmişdir.

      Məsnəvi hekayələrində boy göstərən Leyla sonunda ilahi məhəbbətə dönən və varlığını haqla eyniləşdirən ilahi eşqin simvoludur.

      Başqa bir ifadə ilə, Leyla könülləri Məcnun edən fiziki iradəni sıfır həddinə qədər endirən ilahi bir eşq üfüqüdür.

      Bu baxımdan, Leylalarla başlanan məhəbbət məcraları Mövlada sükunət tapır.

      Leyla, adi bir insandır. Aşiqini adı Qeys ikən Məcnun (dəli) edərək çöllərə salar, dillərdə dastana döndərər.

      Fəqət o məşuq Leyla deyil, kainatın varlıq səbəbi və Allahın “Həbibim” xitabına məzhər olan varlıq olarsa, kim bilir, eşq nə hala gələr.

      Həzrət Mövlanadan belə bir rəvayət edilir:

      Həzrət Mövlananın müridəsi Gürcü Xatunun paşa olan bəyi Qeysəriyyəyə təyin olunur. Gürcü Xatun Səlcuqlu sarayının məhşur rəssam və nəqqaşı Aynüd-Dövləni hz. Mövlananın yanına göndərir ki, ona hiss etdirmədən şairin şəklini çəkib gətirsin. Rəssam da nədənsə, özünü saxlaya bilməyib bu həqiqəti Mövlanaya bildirir. Şair təbəssüm edərək deyir:

      –Sənə əmr ediləni arzu etdiyin şəkildə yerinə yetir.

      Rəssam çəkməyə başlayır. Fəqət hər qələm çaldıqca kağızdakını ayrı, qarşıdakı insanı ayrı görür. Tam iyirmi kağız beləcə zay olur, eyni nəticə alınır. Rəssamın sənəti öz cizgiləri içində qeyb olur. Mövlananın əllərinə qapanır.  

      Bu hadisə rəssamı oyandırır. Heyrət, dəhşət və ürpəriş içində dərin düşüncələrə daldırır və ənfusi bir aləmin səyyahı edir. Bu hal içərisində Məcnunlaşan rəssamın dilindən bu sözlər tökülür:

      “Bir dinin Vəlisi belə olarsa, kim bilir, Nəbisi necə olar?”

      *

      Tarix boyunca Peyğəmbərlər və Vəlilər, imana aid təkamül axışlarını zirvələşdirən, fırtınadakı qüdsi məşəlləri böyüdən məşalələrdir.

      Fərdlər bu kəmalə, ruhi ülfət və haqq dostları ilə eytniləşmək nəticəsində çataraq, ölməzlik sirrinin ilahi-qələmlə təzahür edilmiş şəhadətnamələrinə qovuşurlar.

      Insanın Rəsulullah (s.ə.s) və ona götürən bir Allah dostu ilə eyniləşməsi, Rəsulullah (s.ə.s) və onun dostunun yolundan və könül dünyasından bir nəsib ala bilməsi, özünü ona əks etdirməsi ilə mümkündür.

      Rəsulullah (s.ə.s)-i ən çox özündə hiss edən və həqiqəti-Məhəmmədiyyəyə nail olan Əbu Bəkr (r.a) oldu. Bu məhəbbət yanğınının içində sinəsindən gələn qovrulmuş ciyər qoxusu ilə yaşadı. Çünki O, Rəsulullahda eyniləşmə halını ən gözəl şəkildə yaşanmaqda idi. Imam Buxari ifadə edir ki:

      “Əbu Bəkr Siddiq həzrətləri Allah Rəsulunun təsəvvürünün ayaqyolunda belə gözünün önnündə qalmasından şikayət etdi.”

      Həzrət Əbu Bəkrin bu halı qarşısında, Həzrət Peyğəmbər (s.ə.s) də ölüm döşəyində ikən:

      “Bütün qapılar qapansın; yalnız Əbu Bəkrinki qalsın!”  buyurmuşdu.

      Bu hədisi-şərif, qarşılıqlı qəlbi axını nə gözəl ifadə etməkdədir.

      *

      Xacə Übeydullah Əhrar qəflətən şiddətli bir üşütmə keçirir. Vücudu tir-tir titrəyir. Ocaq qalayıb onu isitməyə çalışırlar. Bu anda onunla eyniləşən bir müridi soyuq su ilə dolu xəndəyə düşmüşcəsinə titrəyərək qapıdan içəri girir. Dərhal qurulayıb isidirlər. Həmin mürid isinib özünə gələn kimi Übeydullah Əhrar həzrətlərinin üşütməsi də sona çatır.

      Bülbül fəğan etdiyi zaman qarşı dağdan ayrı bir səs gəlməz. Nə qədər ülfətimiz varsa, yaxınlığımız da o nisbətdədir.

      Həzrət Əliyə bir kimsənin onu həddindən ziyadə sevdiyindən bəhs edirlər. Həzrət Əli deyir:

      –Doğru söyləyirsiniz; mənim onu sevdiyim qədər o da məni sevməkdədir.

      Bu misaldan görünür ki, ruhi eyniləşmə fizikadan bildiyimiz birləşmiş qablar misalından ayrı bir şey deyil. Bu da rabitə ilə mümkündür.

      Təsəvvüfdə rabitə, məhəbbətin təzə və canlı bir şəkildə yaşanmasıdır. Bu məhəbbət Allah Rəsulu və saleh qullarına bəslənməlidir. İmam Qəzali namazdakı “ ət-təhiyyat” duasını bu məhəbbət axışına bir misal olaraq verir. Namazda qəlb hüzurunun şərt olduğunu bəyan edərək buyurur:

      “İlk və son oturuşda “اَيُّهَاالنَّبِىُّ وَرَحْمَةُ اللَّهِ” deyərkən həzrət Peyğəmbər (s.ə.s)-i qəlb gözləri arasında təsəvvür etmək lazımdır”

      Gerçəkdən də namazdakı təhiyyat, məhəbbətdən istifadəni nə gözəl ifadələndirir.

      Namaz qılan bir mömin, “təhiyyatın” ruhaniyətindən nəsib almağa cəhd etməlidir. Təhiyyatın ilk cümləsi olan: اَلتَّحِيَّاتُ ِللَّهِ وَالصَّلَوَةُ وَالطَّيِّبَاتُ

      “Hər cür təzim, ehtiram, gözəlliklər, həmd-səna, salavat kimi mənəvi, feili və mali ibadətlər Allaha aiddir.” ifadəsi, Rəsulullah (s.ə.s)-in Merac gecəsində Allah təalaya olan həmd-səna, və təzimidir. Bu mübarək sözlər Allahın meracda: “Danış mənimlə, ey Rəsulum!” ifadəsindən sonra həzrət Peyğəmbər (s.ə.s)-in qəlbi-pakına ilham edilən ifadələrdir.

      İkinci cümlə olan:

      اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَاالنَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ

      “Ey Nəbi! Dünya və axirətdə salam və Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun” ifadəsi də, Allah təalanın Rəsulullah (s.ə.s)-ə olan iltifatı, yəni xüsusi salam və təkrimidir.

      Üçüncü cümlə olan:

      اَلسَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ للَّهِ الصَّالِحِينَ

      “Salam bizim üzərimizə və saleh qulların üzərinə olsun” ifadəsi isə həzrət Peyğəmbər (s.ə.s)-in Allahın salamına qarşılığıdır. Belə ki, burada Allah Rəsulu (s.ə.s) bu salama şəfqət və mərhəmətinin gərəyi olaraq ümmətinin salehlərini də daxil etmişdir.

      Bu gözəl mükaliməyə şahid olub heyran qalan Cəbrayıl (ə.s) da şəhadət gətirmişdir:

      اَشْهَدُ اَنْ لاَ اِلَهَ اِلاَّ اللَّهُ وَاَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

      “Şəhadət  edirəm ki, Allahdan başqa ilah yoxdur. Yenə şəhadət edirəm ki, həzrət Məhəmməd Mustafa Allahın qulu və Rəsuludur.”

      Bu şəhadət, töhvid və qulluğun ən böyük məqam olduğunu göstərir, eyni zamanda həzrət Peyğəmbər (s.ə.s)-in adının zikr olunduğu yerdə salatu-salam gətirməyin lüzumunu da ifadə edir.

      Nəticə; Allah (c.c) həzrət Peyğəmbər (s.ə.s) və Cəbrayıl (ə.s)-ın mübarək kəlamlarından ibarət olan, “təhiyyat” duası ümməti-Məhəmmməd üçün ilahi bir bərəkət və lütf, ayrıca iltifatdır. Dolayısı ilə bu duanı oxuyarkən onun ruhaniyyətindən qəlbi keyfiyyətimiz nisbətində istifadə edirik.

      Bu vəsilə ilə bunu da ifadə etmək lazım gəlir ki, namazın başından sonuna qədər, ixlas və səmimiyyətimizi mühafizə edə bilmək, övliyaların böyüklərinin belə güclüklə nail ola biləcəkləri məsələlərdəndir. Lakin namaz qılarkən ixlası yaxalamaq üçün əlimizdən gələni etməliyik. Əks halda Allahın xitabı çox dəhşətlidir:

      “Yazıqlar olsun o namaz, qılanlara ki, onlar namazlarını ciddiyə almazlar” (əl-Maun 4/5)

      Çünki gerçək namaz ixlasla qılınandır. Ayəti kərimədə buyurulur:

      “Həqiqətən, mö’minlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (əl-Muminun 1/2)

      Bu ixlas möminin bütün həyatını əhatə etməlidir. Buna görə həzrət Mövlana (qüddisə sirruh) “onlar namazlarında daimidirlər!” (əl-Məaric 23) ayəti kəriməsini işarə olaraq:

      “Namazdan sonrakı halın da namazdakı kimi olmasıdır.” şəklində təfsir edir.

      Bu səviyyəyə çata bilmək üçün, səmimi və dərin bir könül rabitəsi ilə, Allah Rəsulu (s.ə.s)-in ülvi əxlaqından nəsib alaraq onunla eyniləşmək zərurəti vardır.

      Bu bir həqiqətdir ki, insan Rəsulullah (s.ə.s)-in qarşısında ilahi ürpərişlərini və bədii duyğularını hiss etdiyi, ruhunu xarici dünyaya aid bütün cizgilərdən boşaltdığı vaxt, onunla eyniləşmə yolundadır.

      Onu tam mənası ilə heç kim tərif edə bilmədi. Yaradılışını tanıya bilmədi. Cəbrayıl (ə.s) dəxi, sidrəti-müntəhada:

      “–Mən son hüduddayam, Sən davam et.”dedi.

      Hər səhabə istedadı nisbətində Rəsulullah (s.ə.s)-i hiss edə bilirdi. Öz vəcdinin pəncərəsindən onu seyr edirdi.

      Həzrət Aişə (r. a):

      “Rəsulullahın siması o qədər parlar və nur saçardı ki, ayın 14-dən daha parlaq olurdu. Qaranlıqda iynəyə ipliyi onun aydınlığında keçirirdim” buyurur.

      Həzrət Mövlana:

      “İki dünya bir könül üçün yaradılmışdır. “Sən olmasaydın, sən olmasaydın bu kainatı yaratmazdım!” hədisinin mənasını düşün” buyurur.

      Ya Rəbb! Bizləri könülləri ilahi hikmətlərlə dolu gerçək eşq əhlindən qılıb iki dünyada da sadiq qullarınla bərabər eylə!

      Amin...

      • Hits: 905 clicks

      Tecox component by www.teglo.info