155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müşfiq XƏLİLOV – MÜNAFİQLİK VƏ FƏSADLARI

      Share

      Münafiqlik hər zaman diqqət edilməli olan məqamlardandır. Çünki münafiqlər müsəlman cəmiyyəti üçün daim təhlükə mənbəyi olmuşlar. Qeyd edək ki, daxilən iman gətirməyib zahirdə özünü müsəlman kimi göstərən şəxsə münafiq deyilir. 

      Başqa cür ifadə etsək: işdə, sözdə və davranışda Uca Allahın razılığını qazanmaqdan ötrü deyil, yalnız şəxsi mənfəəti üçün, özünü göstərmək və bu kimi işlər naminə çalışan insan münafiq adlanır. Bu baxımdan, münafiqlik insanlar arasında şan-şöhrətli və izzətli olmaq, habelə maddi maraqların təmin edilməsi üçün dindən sui-istifadə edilməsinə doğru yönələn yanlış bir əməldir.

      Maddi və ya əxlaqi maraq əldə etmək üçün (insanların gözündə mənəviyyatı yüksək şəxs kimi görünmək üçün) dinin vasitə olması isə riya və ya münafiqliyin ən pis formasıdır. Onsuz da, münafiq şəxsin söz və davranışındakı “səmimiyyəti” qısa müddət ərzində başa düşülür. Onlara heç kəs güvənmir, etibar etmir. Buna görə də, münafiqliyin bütün növləri, o cümlədən digər bir mənası olan riyakarlıq da dinimiz baxımından əxlaqa zidd hesab olunur.

      Bildiyiniz kimi, Allah-Təala üçün edilən bütün işlər ibadətdir və Onun razılığından başqa digər məqsədlər üçün edilən işlər məqbul deyildir. Necə ki, Quran oxumaq, dua etmək, sədəqə vermək, həccə getmək və s. kimi dini işlər Uca Allah üçün edilməzsə, nəinki ibadət hesab olunmur, hətta riyakarlıqdır, münafiqlik sayılır. Bu səbəbdən də Allah-Təala Qurani-Kərimdə münafiqləri ciddi şəkildə tənqid etmiş, onların barəsində “Münafiqun” adlı xüsusi bir surə nazil etmişdir. Uca Allah həmin surənin 1-ci ayəsində münafiqlər haqqında belə buyurur:

       “(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk!” – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir”.

      Gördüyünüz kimi, münafiqlər ayədə həqiqətə şahidlik etdikləri halda Allah-Təala onları yalançı adlandırmışdır. Çünki onlar bunu yalandan edir və etdiklərini qəlbən təsdiqləmirdilər.

      Münafiqlər İslam cəmiyyətinin əmin-amanlığını və birliyini daxildən pozur, cilddən-cildə girərək sadəlövh, həm də dini baxımdan savadsız müsəlmanları səhv və batil yola sürükləyirlər.

      Allah Rəsulu (s.ə.s) isə vəhy sayəsində kimlərin münafiq olduğunu dəqiq bilirdi. Buna görə də cəmiyyətin rifahı və tərəqqisi naminə əhəmiyyətli işləri onlara tapşırmırdı. Lakin Həzrət Peyğəmbərdən (s.ə.s) sonra ilahi vəhy kəsildi və münafiqləri tanımaq çətinləşdi. Bəlkə də elə bu səbəbdən, eləcə də özlərini “müsəlmanam” deyə cəmiyyətə sırıyanların qəlbini araşdırmaq mümkün olmadığındandır ki, günümüzdə dünyada münafiqlərlə müsəlman kimi rəftar edilir, onların cəzası isə axirətə qalır.

      Münafiqlər müsəlmanların açıq düşmənləridir. Buna görə müsəlmanlar kafirlərə qarşı hər cür tədbir gördükləri kimi, münafiqlərə qarşı da ehtiyatlı davranmalıdır. Onlara hər hansı bir sirr verilməməli, onların ünsiyyətlərinə xüsusi diqqət yetirilməlidir.

      Onların münafiqliyi, daha dolğun ifadə etsək, ikiüzlülük edərək üzdə iman gətirmələri yalnız özlərinin mal-mülkünü qoruyar, özləri üçün fayda verə bilər. Axirətdə isə öz cəzalarına çatacaqlar. “Nisa” surəsinin 145-ci ayəsində bildirildiyi kimi:

       “(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”

       “Münafiq” sözünün dilimizdəki mənası “ikiüzlü” deməkdir. Bu söz ərəb lüğətlərində “tunel”, “çöl siçanı” mənasında da işlədilmişdir. Onlar çöl siçanı kimi özləri üçün ehtiyat yol və qaçmaq üçün vasitə qoyduqlarından münafiq adlanmışlar. Onlar öz əlamətləri ilə tanınarlar. Odur ki, həm Qurani-Kərimdə, həm də hədisi-şəriflərdə münafiqlərin əlamətlərindən xəbər verən bir çox ayə və hədis vardır. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:

       “Münafiqin əlaməti üçdür: danışdığı zaman yalan danışar, vəd verdiyi zaman xilaf çıxar, etibar edildiyi zaman isə xəyanət edər”.

      Burada incə bir məsələyə də xüsusi şəkildə diqqət yetirmək lazımdır, bu da ondan ibarətdir ki, insanları dedikləri hər yalan sözə, etdikləri hər mənfi davranışa görə münafiq kimi damğalamaq, birtərəfli və qərəzli mühakimə etmək də doğru deyildir. Buna görə də başqası haqqında qərar verərkən diqqətli olmaq, hərtərəfli məlumat sahibi olmaq lazımdır.

      Onlar cəmiyyəti daxildən korlamağa, dost-tanışlar, qohum-əqrəbalar, xalqlar, millətlər, hətta dövlətlər arasına fitnə-fəsad salmağa çalışan zümrələrdir. Cəmiyyətdə fərdlər və vətəndaşlar arasında qarşıdurma yaradılmasında, ictimai asayişin pozulmasında və bu kimi digər neqativ halların yaşanmasında marağı olan belə qüvvələr istənilən dövlət və xalq üçün başlıca təhlükə mənbəyidir.

          

       

       

      • Hits: 48 clicks

      Tecox component by www.teglo.info