155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Şahalı CƏLİLOV – CƏMİYYƏT MEMARI

      Share

      Rəsulullahın (s.ə.s) Peyğəmbərlik vəzifəsi fərdi və mənəvi olduğu qədər sosial və maddi həyatında da mükəmməllik ölçülərini cəmiyyətə çatdırmaqdadır.

      Hz. Muhamməd (s.ə.s) nizam-intizamdan xəbəri olmayan bir cəmiyyəti idarə edirdi. İnsanı idarə edərkən həm fərd, həm ailə, həm də millət baxmından mükəmməl bir cəmiyyət inşa etmişdir. Cəmiyyətə maddi və mənəvi hədəflər göstərib xalqa ruh yüksəkliyi bəxş etdi və bu hədəflərə necə çatacaqlarına dair həm yol göstərdi, həm də onlarla bu yolda yoldaş  oldu.

      Hz. Muhamməd (s.ə.s) insanların qəbilələr şəklində yaşayaraq öz qəbiləsini qoruyub, öz qəbiləsi üçün vuruşan insanları  dövlət və dövlət idarəsi ilə tanış etdi. Rəhbər olaraq cəmiyyətin ehtiyaclarını düşünən, onların haqlarını qoruyan, onlara təhsil verən bir dövlət qurdu. Bu dövləti idarə etmək, onlardan vergilər toplamaq üçün valilər təyin etdi. Bundan sonra müsəlman olan əhalidən zəkat, müsəlman olmayan əhalidən isə cizyə yığılmağa başlandı. Yığılan vergilər dövlət malı sayılırdı və bu vergilər hesabına yoxsul insanlara yardım edilir, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün səy göstərilirdi. Dul qadınlara və yetimlərə dövlət hesabından maaşlar verilirdi. Bir-biriləri ilə rəqabət aparıb döyüşən bir cəmiyyət artıq bir-birinə köməklik göstərən, insani münasibətlərdə sevgi ilə yaşayan bir cəmiyyət halına gəldi.

      Hz. Muhamməd (s.ə.s) insanlar arasındakı qabiliyyət fərqliliklərini çox yaxşı təqdir edən bir rəhbər idi. İstər İslama girdikdən sonra, istərsə də İslama girməzdən əvvəl cəmiyyət içərisində qabiliyyət və bacarıqlarına görə fərqlənən şəxslərə və qabiliyyəti olub özünü inkişaf etdirə bilməyən ağıllı və qabiliyyətli gənclərə əhəmiyyət verərək, təhsil verərək, bu bacarıq və istedadlarını inkişaf etdirərək onlardan ictimai vəzifələrdə faydalanmışdır.

      Hz. Muhamməd (s.ə.s) vəzifə verdiyi şəxsləri özü təyin edərdi. O, görəcəyi işin məsuliyyətini daşıyan və səhv etməkdən qorxan insanlara vəzifə verərdi, özünə güvənib mənlik duyğusu ilə yaşayan insanlara deyil. Peyğəmbərimiz dövlət malını mənimsəməyi və rüşvət almağı ən böyük oğurluq adlandırmışdır. Çünki bir insanın malını oğurlayan onunla halallaşa bilər, amma dövlətin malında bütün insaların haqqı vardır.

      Hz. Muhamməd (s.ə.s)  vəzifəyə gətirəcəyi kəslərdə dini məsuliyyət duyğusu qədər, güclü xarakter və dəqiq bir görüş qabiliyyəti də axtarardı. Bu səbəblə də təqvasıyla məşhur olan Əbu Zərə məmurluq verməmişdir. Əbu Zər (r.a) deyir, bir gün soruşdum: “Ey Allahın Rəsulu, məni niyə məmur təyin etmədin?” Bu sözümün üzərinə Rəsulullah əlini çiyinimə vurdu və: “Ey Əbu Zər, sən zəifsən. Məmurluq isə bir əmanətdir; haqqını verə bilmədiyin təqdirdə qiyamət günü rüsvayçılıqdır. Ancaq kim o vəzifəyə layiq görülərsə və o vəzifəni layiqincə yerinə yetirərsə, o xaric”,- buyurdu”. (Müslim, İmarət 17, 1826)

      Hz. Peyğəmbər vəzifəsini yerinə yetirərkən çox böyük çətinliklərlə üzləşmişdir. Belə çətin vəziyyətlərdə insanların ayağa qalxması, verilən əmrləri dinləməməsi, qarşı çıxması qaçınılmazdır. Peyğəmbər (s.ə.s) belə çətin vaxtlarda səbirli olmuş və insanlara  ümid işığı olmuşdur.

      Peyğəmbərimizin idarəçilik müvəffəqiyyətində əhəmiyyətli bir üstünlüyü də sözündə qərarlı olması idi. Bildiyimiz kimi, insanlar qaydalara və qanunlara müəyyən ölçüdə etiraz edərlər. İdarəçilər cəmiyyətin bu etirazlarından dərhal geri çəkilərlərsə verilən qərarlara, qoyulan qaydalara etirazlar daha da artar. Bu vəziyyətdə də cəmiyyətin idarə olunması mümkünsüz olar.

      Hz. Muhamməd (s.ə.s) cəmiyyəti idarə etmək üçün məcburən bəzi qayda-qanunlar qoyurdu. Lakin bu qaydaları sərtliklə deyil, insanlara sevdirərək və müjdələyərək çatdırardı. Heç bir işi kiçik görməzdi. Yaxşı niyyətlə edilən hər bir işin sədəqə olduğunu söyləyərdi: “Günəşin doğduğu hər yeni gün insan hər bir oynağı üçün bir sədəqə verməlidir. İki adam arasında ədalətli davranmağın bir sədəqədir. Heyvanını yükləyən bir adama kömək etməyin də bir sədəqədir. Gözəl söz sədəqədir, namaza getmək üzrə atdığın hər addım sədəqədir. Yolda olan maneəni aradan qaldırmağın bir sədəqədir” . ( Buxari, Cihad 72, 128, Sülh 33; )

      Peyğəmbərimiz cəmiyyətin idarəsində ədalətə hər zaman çox diqqət etmiş və bu mövzuda örnək bir şəxsiyyət olmuşdur. Çünki o (s.ə.s) dünyəvi həyatın təmiz və düzgün olaraq təşkil edilməsi üçün çalışılmasını da bir axirət əməli olaraq görürdü.

       

      • Hits: 50 clicks

      Tecox component by www.teglo.info