Eldar KƏRIMOV – BEYNİMİZİN RUHU

      Share

      Bütün bədənimizin ümumi hərəkət mexanizminin mərkəzi sayılan beynimiz bizim üçün nə qədər önəmli bir orqandırsa, onun iş funksiyası haqqında ümumi məlumatlara sahib olmaq da ən azı özü qədər əhəmiyyətlidir.

       Beynimizin daxili quruluşu nə qədər qarışıq və mürəkkəb bir mexanizm kimi görünüb yüz milyonlarla sinir hüceyrəsinə ev sahibliyi etsə də, onun işləmə şəkli düzgün və sistemlidir. Beynimiz qarışıq məlumatları belə özünə uyğun bir sistemlə nizamlı bir şəkildə qəbul edir.

      Hər hüceyrə gövdədən çıxan alıcı liflər, yəni dandiritlər, somo dediyimiz gövdə və bir də akson dediyimiz uzun liflər olaraq üç hissədən ibarətdir. Xaricdən gələn xəbərdarlıqlar dandiritlər tərəfindən gövdəyə, oradan da aksona keçərək digər hüceyrələrə ötürülür. Bu da bizim ətrafımızda baş verən hadisələri  anlaya, düşünə bilməyimizi və qərar verməyimizi təmin edir.

      Effektivlik prinsipi, yəni ən az zaman və enerji sərf edərək ən çox bilgi və informasiyanı əldə edə bilmək məqsədi ilə beyinə yeni gələn xəbərdaredici siqnallar neyron patikalar (sinir cığırı), yəni qəliblər üzərindən keçir. Bir sinir cığırından nə qədər çox xəbərdaredici siqnallar keçərsə həmin patika (cığır) fiziki olaraq güclənir. Bu vəziyyət su damcılarının torpaq üzərinə düşdüyü zaman özləri üçün ən uyğun yolu meydana gətirməsinə, yeni gələn su damcılarının da o yolu istifadə etməsinə bənzəyir. Nə qədər çox su damcısı, yəni bilgi bu yoldan, bu cığırdan keçərsə o yol o qədər dərinləşir və qalınlaşır. Dərinləşib qalınlaşdıqca da ətrafdan gələn yeni su damcılarını, yəni bilgiləri özünə doğru çəkir. Eyni vəziyyət  neyron patikalar (sinir cığırı) üçün də keçərlidir. İstifadə edildikcə güclənir və digər neyronlara qarşı daha çox istifadəli olur. Yeni və az maraqlı xəbərdaredici siqnalları belə öz üzərlərinə doğru çəkir. Onu da qeyd etmək lazımdır ki, genetik faktorlar da patikanın inkişafında əlavə təsirə malikdir.  Bu baxımdan davamlı öyrənmək və öyrəndiklərimizin mütəmadi təkrarı beynimizin iş funksiyası üçün əvəzsiz rola sahibdir.  

      Bundan sonrakı mərhələdə qeyd etdiyimiz sinir cığırlarında eyni qəliblər istifadə edildikcə başqalarına qarşı ön mühakimələrimiz meydana gəlir, patikalardan ətrafa çıxa bilmirik və yaradıcı düşüncədən uzaq qalırıq. Az bilgi ilə dərhal mühakimələr edirik. Bu səbəblə övladlarımızı necə tərbiyə etdiyimiz, nəyi necə öyrətdiyimiz, onların beyin işləmə formalarının hansı şəkildə formalaşdığı çox önəmlidir. Mövcud genetik faktorlara əlavə olaraq ailə şəklimiz, bağça, orta məktəb sistemimiz və ilk ətraf mühit bir uşağın daha sonrakı yaşlarda həyata baxış tərzinə mütləq dərəcədə müsbət və ya mənfi təsir edir. Yəni ağac yaş ikən təhsil ilə, ətrafdan gördükləri və önrək aldıqları ilə əyilir. Bir çox problemin əsasını təşkil edən “günah məndə deyil, hər zaman başqalarındadır” baxış tərzi isə ailədən və ilk tanışlığa başlanan ətraf mühitdən öyrənilir.

       Qavrama əsnasında bəzi duyğuları daha çox yaşayırıqsa, beynimizdəki limbik sistemimiz o duyğu ilə əlaqəli fərqli kimyəvi maddələri, yəni səkkiz fərqli neyro-peptidi və onların birləşmələrini bədənə və neyron patika əlaqələrin arasına ifraz edir. Bu patika təkrar istifadə edildiyi zaman keçmişdə içərisinə yerləşmiş kimyəvi maddələri, yəni duyğuları hərəkətə gətirir. Kin, nifrət, eşq, sevgi kimi bütün bu duyğular mütəmadi olaraq  yaşanmışdırsa, onlarla əlaqəli kimyəvi maddələr xüsusilə kiçik yaşlarda  neyron patikaya bağlantılarımızın arasına yerləşir. Yeni tanış olduğumuz bir nəfərin davranışı keçmişdəki bir duyğumuzu bu səbəblə hərəkətə keçirir. Ona görə də kiçik yaşlarınızda valideyninizin sizin işlərinizə müdaxiləsindən narahat olmusunuzsa, sonrakı yaşlarda işinizə müdaxilə edən bir nəfərə qarşı həddindən artıq  reaksiya verə bilərsiniz.

      Nəticə etibarilə beyninizdəki fikirləri daha sistemli hala gətirib, xoşbəxt həyat yaşamaq istəyirsinizsə, beyninizin işləmə funksiyasını qəlibləşmiş mexanizmadan azad etməyiniz lazımdır. Beyinin əvvəldən doğru olaraq qəbul etdiyi informasiyalar daha sonra qəbul ediləcək yeni informasiyalara mane olmamalıdır. Əks təqdirdə heç bir yeniliyə və alternativ fikirlərə qucaq aça bilməyəcəksiniz.  Əvvəl də qeyd etdiyim kimi, neyron patikalar (sinir cığırı) nə qədər qidasız və istifadəsiz qalarsa, o qədər öz iş funksiyasını itirəcək. Sözün həqiqi mənasında “hərəkətsiz su pis qoxar”, “işlənməyən dəmir paslanar” məsəllərində də olduğu kimi, yeni məlumat qəbul etməyən patikalar da “burda mən, Bağdadda kor xəlifə” deməyə davam edəcəkdir.

       

      • Hits: 16 clicks

      Tecox component by www.teglo.info