Şükür ƏNDƏLİFOV – Ramazan sonrası

      Share

      “Sayılı günlər tez keçər”  misalının ən gözəl nümunəsi mübarək Ramazan ayıdır. Sanki bir neçə gün əvvəl həm qəlbimizi, evimizi, həm də mətbəximizi Ramazan ayını qarşılamağa hazırlamaqla məşğul idik.

       Aramızdan bəzilərimiz həyəcanla Ramazan ayını gözləyərkən, bəzilərimiz də necə tab gətirə biləcəyəm, necə dözəcəyəm düşüncəsində olduq. Əfsuslar olsun ki, bəzilərimiz isə heç cəsarət edib oruca bismillah belə deyə bilmədik, Ramazan bir anda ötüb keçdi. Ötüb getməsinə baxmayaraq, çox şükür ki, Ramazan hər il yenidən gələn, rəhmət iqlimi ilə könlümüzü bürüyən bir mədəniyyətdir. Zülmətdən işığa, rəhmətdən məğfirətə, məğfirətdən cənnətə aparan bir fürsət ayıdır…

      Ramazan ayı insana ömrünün necə də sürətli keçdiyini göstərən bir işarədir. Ramazan orucla, iftarla, sahurla, Quranla, təravehlə, dua ilə dopdolu olan bir şəfaət ayıdır. Ramazan ayının insanlara verdiyi gözəlliklər saymaqla bitməz...

      Ramazan ayı möminlərə xoş əhvali-ruhiyyə bəxş edir. Bu ay ailə birliyini, fiziki rahatlığı, sevinci, paylaşmağı, mərhəmət etməyi, sağlamlığı, acların halını hiss etməyi, bol-bol savab qazanmağı, səbir etməyi öyrədən, nemətlərə şükür etməyə təşviq edən bir aydır.  Ömür təqvimimizdə bizə verilən elə bir aydır ki, insana keçmiş günahlarını bağışlatmaq müjdəsi ilə gəldi; gedir…

      Ramazan ayının bu kimi gözəlliklərini düşünərək bu aydan faydalanaraq istifadə edən bir qul Ramazan sonrasında da bu ibadətlərə vərdiş almış olar. Ramazan ayı gedərkən bizə oruc ibadəti ilə yumşalan bir ürək, Quranla gözəlləşən bir dil, sədəqəylə təmizlənmiş bir sərvət, sahur və iftarlarda toplanaraq əldə etdiyimiz birlik-bərabərlik və fiziki sağlamlıq bəxş edərək gedir…

      Ramazan ildə bir dəfə bizlərə lütf edilən bir rəhmət ayıdır. Bu ay bizə necə sevinc, rahatlıq verirsə, bunu eyni şəkildə ömrümüz boyunca da qoruyub davam etdirməliyik. Bizə düşən əsas vəzifə Ramazanı yola saldıqdan sonra da onun gözəlliklərini günümüzə sirayət etdirməkdir. Əgər bunu edə bilməriksə Qurani-Kərimin rəhmət və şəfasından, orucun nurundan, namazın feyzindən məhrum olmuş olarıq ki, bu da müsəlman üçün xoş bir hal deyil. Ramazan ayı gedərkən bu gözəllikləri özü ilə aparmır, ondan istifadə edə bilənlərə mənəvi qazanc kimi buraxaraq gedir. Hər günümüzü Ramazanın tələblərinə uyğun olaraq dəyərləndirsək, bu gözəllikləri öz həyatımızda da görə bilərik. Ramazan ayı bizi xeyir əməllərə təşviq edən və vərdişə aparan bir aydır. Ağıllı və fərasətli qul bu vərdişləri həyatına yansıdandır.

      Necə ki hər səhər sahura qalxdığımızda etdiyimiz niyyət bizi axşama kimi günahlardan qoruyur, bu kimi niyyətlərimizi bütün həyatımıza tətbiq etməklə özümüzü qoruya bilərik. Müsəlman olan hər kəs daim yaşadığı ömrün hesabını aparmalıdır. Xüsusilə Ramazanı yola saldıqdan sonra özümüzü hesaba çəkərək bunları düşünməliyik: Bu oruc ayında tutduğumuz oruclar, oxuduğumuz Quran qiyamət günündə bizə şəfaət edəcəkmi?

      Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Bir kimsə Allah rizası üçün oruc tutarsa, Allah-Təala onunla cəhənnəm arasında yer və göy arası boyda bir xəndək açar”(Tirmizi, Savm 567) -   buyurur. O zaman gəlin düşünək görək; oruclarımızı cəhənnəmə əngəl olacaq şəkildə tuturuqmu? Əgər tuturuqsa, Ramazandan sonrakı günlərdə o xəndəyi genişlətməyə davam edirik, yoxsa yenidən əvvəlki vəziyyətimizə qayıdaraq daraldırıq?

      Ramazan ayı gedərkən  hər kəs özünü hesaba çəkməlidir: “Mən bu mübarək ayda nə kimi savab işlər gördüm?” və ya “İmkanım olduğu halda hansı savab işləri görməyə səy göstərdim?!” Xüsusi ilə bu şərəfli ayda qıldığımız namazları, oxuduğumuz Quranı Ramazanla bərabər yola salaraq: “Sizə yaxşı yol, ey məscid,  ey namaz, ey Quran; gələn Ramazanda görüşərik”,- deyən müsəlmanlar bu haqda daha çox düşünməlidirlər. Ömür təqviminin son yarpağının nə vaxt düşəcəyini bilməyən müsəlman bir sonrakı ilə çıxa biləcəyindən əmin ola bilərmi?

      Yalnız dünyanı qazanmaq bizi həqiqi mənada xoşbəxt etmək üçün kifayət deyil. Mömin axirət nigarançılığından bixəbər ömür sürə bilməz. Həqiqi xoşbəxtlik hər ikisi üçün də çalışmaqla olur. Müsəlman yalnız Ramazanda müsəlman olan kimsə deyil. Həqiqi müsəlman hər zaman və hər yerdə ilahi əmrləri yerinə yetirən insandır.  

      Allah Rəsulu (s.ə.s) belə buyurur:

      “Ağıllı kimsə nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı kimsə isə nəfsinə, həva və həvəsinə uyan kimsədir”. (Tirmizi, Qiyamə 25) 

       

      • Hits: 19 clicks

      Tecox component by www.teglo.info