Dr. Rüfət ŞİRİNOV – MƏRHƏMƏTİN ƏHATƏ DAİRƏSİ

      Share

      Uca Allah Qurani-Kərimdə özünü mərhəmətlilərin ən mərhəmətlisi kimi vəsf edir. Yenə bildirir ki, Onun mərhəməti bütün dünyanı əhatə edib. Mərhəmət və şəfqət İslam dininin özəyini təşkil edən xüsusiyyətlərdir.

       Məhz buna əsasən də Hz. Peyğəmbər (s.ə.s) “rahmətən lil aləmin” (bütün aləmlərə rəhmət) olaraq göndərilmiş və vəzifələndirilmişdir. Hz. Peyğəmbər özü dəfələrlə rəhmət peyğəmbəri olduğunu ifadə etmiş və insanlara şəfqətli olmağı tövsiyə etmişdir. Onun tədrisindən nəsibini almış görkəmli mütəfəkkir Mövlananın “Yaradanı sevirik, yaradandan ötrü” ifadəsi elə mərhəmətin təzahürüdür. Mərhəmət bir növ imanın göstəricisidir.

      İslam dininin əsas meyarı “Xaliqin nəzəri ilə məxluqata şəfqətlə baxa bilmək”dir. “İman” və “mərhəmətsizlik” qətiyyən yan-yana gələ bilməz. Odur ki, mən müsəlmanam deyən bir şəxs mərhəmətsiz olmamalıdır. Bu gün bu anlayışa nə qədər də çox ehtiyacımız var. “Mərhəmətliyik” deyib günahsız insanların, uşaqların ölümünə səssiz qalırıqsa, onların ölümləri bizim lüks həyat anlayışımızda narahatçılıq yaratmırsa, içimiz daralmırsa, ən azından onlara dua etmə cəsarəti göstərə bilmiriksə iman güzgümüzə bir də nəzər yetirməliyik.

      İslam tarixinin şərəfli səhifələri mərhəmət, sevgi və şəfqət nümunələri ilə doludur. Bunları görmək üçün Hz. Peyğəmbərin mövzu barəsindəki tövsiyələrinə nəzər yetirmək kifayət edəcəkdir. Onu da qeyd edək ki, Onun mərhəmət anlayışı cahanşümuldur. Yəni həm canlıları, həm də canlı olmayanları əhatə edir. Günlərin birində Rəsulullah (s.ə.s) belə buyurdu:

      Nəfsimi qüdrəti əlində tutan Allaha and olsun ki, bir-birinizə mərhəmət etmədikcə cənnətə girə bilməzsiniz”. Bunu eşidən səhabələri:

      “Ya Rəsulallah! Biz hamımız mərhəmətliyik”, - dedilər. Rəsulullah onlara belə izahat verdi:

      Mənim demək istədiyim mərhəmət, sizin başa düşdüyünüz şəkildə yalnız bir-birinizə olan mərhəmət deyil. Əksinə, bütün məxluqata şamil edilən mərhəmətdir; bəli, bütün məxluqata şamil edilən mərhəmət!” (Hakim, əl-Müstədrək). Hz. Peyğəmbərin dəvə və yaxud inəklərini sağan qadınlara dırnaqlarını kəsməsini, sağarkən onlara əziyyət verilməməsini söyləməsi, qurban kəsiləcək heyvanın gözlərinin bağlanmasını və bıçağın heyvanın görməyəcəyi yerdə itilənməsini, minik heyvanlarının üzərində oturaraq söhbət edilməməsini, yük daşıyan heyvanlara həddindən artıq yükün vurulmasının insana yaraşan xüsusiyyət olmadığını ifadə etməsi, hamısı mərhəmət və şəfqətin ümumiliyini göstərir.

      Mərhəmət göstərmək cənnət müjdəsi və axirətdə əbədi səadət sərmayəsidir. “Mənə nəsihət ver”,- deyən Muaza Hz. Peyğəmbər (s.ə.s) tərəfindən verilən cavab necə də gözəl müjdədir: “Ey Muaz! Mərhəmətli ol ki, mən də sənin cənnətə girməyinə zəmanət verim”.  Bunun əksi də cəhənnəm səbəbidir. Necə ki, bir rəvayətdə xəbər verildiyinə görə, bir qadın bir pişik üzündən Cəhənnəmə girdi. Nə o pişiyə yemək və su verdi, nə də onu sərbəst buraxdı. Və pişik acından öldü. O qadın da buna görə Cəhənnəmə getdi. (Buxari, Müslim)

      Allah Rəsulunun rəhməti-mərhəməti kafirə də faydalı olmuşdur. Çünki Allah əvvəlki ümmət və qövmləri küfr və üsyanlarına görə kütləvi şəkildə həlak etsə də, Allah Rəsulunun zühurundan sonra kütləvi həlakı dayandırdı, başqa sözlə, insanlar bu cür əzaba düçar olmaqdan qurtuldular. Bu da kafirlərin dünya həyatı üçün böyük bir rəhmətdir. Hərb əsnasında əsir düşən heç bir kafirə əziyyət vermədi. Onlara digər insanlara göstərilən şəkildə qayğı göstərildi. Bədr savaşında əsir düşən Əbu Əziz belə nəql edir: “Bədr müharibəsində mən də əsir düşmüşdüm və ənsardan bir dəstəyə təslim edildim. Bədrdən qayıdarkən onlar səhər və axşam yeməklərində öz çörəklərini mənə verirdilər, özləri isə quru xurma ilə kifayətlənirdilər. Çünki Rəsulullah (s.ə.s) bizə qarşı gözəl və mərhəmətli rəftar etməyi tövsiyə etmişdi. Onlardan birinin əlinə bir tikə çörək keçən kimi dərhal mənə gətirirdi. Mən həya edib çörəyi geri qaytarmaq istəsəm də, almazdılar”.

      Bəli, duru İslam mərhəməti budur. Bu mərhəmətdən nəsibini alan şəxs nəinki günahsız insanların canına qıyar, heç bir məxluqata, bitkiyə, ağaca, həşərata belə xətər yetirməyə cəhd etməz.

      Yeri gəlmişkən, onu da qeyd etməyi özümüzə borc bilirik ki, haqsızlıqla mərhəməti bir-birindən yaxşı ayırmaq lazımdır. Hz. Peyğəmbər heç vaxt tolerantlıq adı altında pisliklərə xoşgörü ilə yanaşmamış, pislik və günaha əlverişli şərait hazırlamamışdır. Çünki o bir caniyə və bir vəhşiyə göstəriləcək şəfqətin, xoşgörünün minlərlə günahsız insanın haqqını tapdalamaq olduğunu çox yaxşı bilirdi.

      Bu dünyada mərhəmət göstərən kimsə axirətdə mütləq qarşılığını mərhəmətlə alacaqdır.

       

      • Hits: 39 clicks

      Tecox component by www.teglo.info