Fahri SARRAFOĞLU: - “İSTANBULUN ALTI DA, ÜSTÜ DƏ ZƏNGİN BİR XƏZİNƏDİR!”

      Share

      Fahri Sarrafoğlu kimdir?

      1966-cı ildə Aksarayda dünyaya göz açan Sarrafoğlu Ankara Universiteti İletişim Fakültəsi Jurnalistika və İctimaiyyətlə Əlaqələr Bölümünün məzunudur. 

      Bir il Londonda ingilis dili təhsili aldıqdan sonra Anadolu Universitetinin İlahiyyat Fakültəsini bitirmişdir. “Din Psixologiyası” sahəsində araşdırmalar aparmış və bir çox psixologiya təlimlərində iştirak etmişdir. 1990-cı ildən 2013-cü ilə qədər müxtəlif media qurumlarında məsul vəzifələrdə işləyən Fahri Sarrafoğlu eyni zamanda “İstanbulun Sirləri” adı altında İstanbulu tanıdan və sevdirən proqramlar həyata keçirir. Fərdi inkişaf mövzusunda ixtisaslaşan Sarrafoğlu D.K.D (Düşün-Konuş-Dinlə) adlı seminarlar və Mətbuat və Xalqla Münasibətlər Seminarı – Morİnək (Fərq etmək) adlı müxtəlif təlimlər verməkdədir.

       

      İrfan: İstanbul ekskursiyaları təşkil edir, gənclərə İstanbulu tanıdırsınız. Eyni zamanda “İstanbulun Sirləri” adlı internet səhifəniz və internet-bloqunuz var. Sizi izləyənlər davamlı olaraq yeniliklərlə qarşılaşırlar. Sizdəki İstanbul eşqi haradan gəlir?

      Fahri Sarrafoğlu: 1976-cı il idi, 10 yaşım vardı. İlk dəfə İstanbula gəlmişdim, Qapalı Çarşıya girməyimlə Osmanlının qoxusunu almağım bir oldu. Düşdüyüm mühit sanki maqnit kimi məni özünə çəkməyə başladı. İlk elektriki orada aldım. Günorta üstü atam işləri ilə məşğul olarkən mən də gəzə-gəzə Sultan Ahmet meydanına, oradan da Topqapı Sarayına keçdim. Topqapı Sarayında gördüyüm ehtişam, gözəllik mənim üçün ikinci elektrik oldu. Bizim Aksarayda insanlar təəccüblərini “abooov” ifadəsi ilə bildirirlər. On yaşlı bir uşaq olaraq o anda Osmanlının ehtişamı qarşısında sanki tilsimə düşdüm,  “abooov” dedim qeyri-ixtiyari. Aksaraya qayıdanda həm sevindim, həm də kədərləndim. Belə bir mədəniyyətin mənsubu olduğum üçün çox sevindim. Bu qədər gözəl bir şəhərdən ayrıldığım üçün kədərləndim. Möhtəşəm Osmanlının bu hala gəlişi məni məyus etdi. Bir vaxtlar dünyaya istiqamət verən bir dövlətin mənsubu olan bizlər o gün çörək, çay, zeytun yağı və s. almaq üçün günlərlə növbədə dururduq. Bu qarşılaşdırma məni çox pərişan etdi. Axı necə oldu ki, biz bu hala düşdük? Düşdüyümüz vəziyyətdən çıxış yolunun keçmişimizə sahib çıxmaqdan, Osmanlını tanımaqdan keçdiyini dərk elədim. Beləliklə də Osmanlıya sevgim, dolayısı ilə Dövləti-Aliyyənin paytaxtı olan İstanbula məhəbbətim getdikcə gücləndi.

      Hər il İstanbula gəlirdim, sonra birdəfəlik bura köçdük. 30 ildən çoxdur ki, burada yaşayıram, addım-addım, küçə-küçə gəzirəm hələ də. Məsələn, bu səhər yeni bir kəşf etdim. Bir zatın türbəsini ziyarət etdim, haqqında ətraflı məlumat öyrəndim. İstanbul altı da, üstü də zənginliklərlə dolu bir şəhərdir, araşdırmaqla bitməz. Yaşadığımız bu torpaqlar 5-6 min illik tarixə malikdir. Bizim bunu öyrənməmiz lazımdır. Çünki bunu öyrəndiyimiz zaman o gücdən istifadə etməyin yolunu da tapacağıq. İstanbul bütün türkdilli dövlətlərin ortaq şəhəridir. Bu şəhər hamımızındır və hamımızın onu sevməsi lazımdır.

      - Əfəndim, İstanbulu niyə sevməliyik?

      - Hz. Peyğəmbər (s.ə.s) “Konstantiniyyə mütləq fəth olunacaq”, - buyurmuşdur. Allah Rəsulu İstanbula işarə edirdi. Niyə görəsən? Haşa, torpağında, suyunda gözümü vardı? Xeyr, burada bir enerji var. Min illik mədəniyyətlər var vurada, mədəni güc var, o güclə İslam gücünü birləşdirmək istəyirdi, böyük ehtimalla. Fateh Sultan Mehmed buranı yağmalamaq üçün almadı, talan etmədi. Əsgərləri yağmalamağa qoymadı. Fəthdən sonra “Ayasofya mənim mülkümdür”, - dedi və məscidə çevirdi. Amma adını dəyişmədi. Niyə əcəba? Çünki bu bir mədəniyyətdir. Fateh bu davranışı ilə Bizansın da varisi olduğunu söyləmiş oldu. Nə Ayasofyanı yıxdı, nə də hər hansı bir kilsəni. Əksinə, gedənlərin geri qayıtması üçün təlimat verdi. İstanbulun ümumi aorasının pozulmasını istəmədi. Çünki Rəsulullah buranı hədəf göstərmişdi. Dünyada nə qədər İslam dövləti varsa, hər birinin tanıdığı ortaq şəhər məhz İstanbuldur. Bu şəhər bütün İslam dünyasının göz bəbəyi sayılan şəhərlərdən biridir. Bizi birləşdirən Rəsulullah sevgisidir. İstanbulu da Rəsulullah işarə etdiyinə görə sevirik. Bu şəhər sadəcə müsəlmanlar tərəfindən 17 dəfə mühasirəyə alındı və sonuncu mühasirə ilə fəth edildi. Axı nə üçün? Dəfələrlə mühasirəyə alınsa da fəth olunmadı. Bəzi mühasirələr 3 il, 4 il çəkdi, amma fəth müyəssər olmadı. Fateh isə 53 gündə fəth etdi. Bunun sirri nədir? Sirr qəlblərin fəthidir. Osmanlılar təsəvvüf tərbiyəsi ilə öncə İstanbul xalqının qəlbini fəth etdilər. İstanbula əxlaqlı, ədəbli tacirlər, dəmirçilər, həkimlər göndərdilər. Müxtəlif peşə sahibi insanlarla tanış olan İstanbul xalqı onların dürüstlüyünə, təmiz insan oluşuna heyran oldular. Anladılar ki, bu insanlardan zərər gəlməz. Qəlblər fəth edildikdən sonra surları aşmaq çox asandır. Bu gün də insanların qəlbini fəth etmək lazımdır.  

      - Fatehin Ayasofya başda olmaqla heç bir kilsəni yıxmadığını söylədiniz. Demək ki, müsəlman fərqli mədəniyyətlərə də hörmət göstərməlidir. Yəni bir yeri fəth etdiyin zaman oranın memarisini pozmamalısan.

      - Tamamilə doğrudur. Əgər əksi olsaydı, Fateh barıt töküb Ayasofyanı yandırardı. Halbuki tarix kitablarında yazıldığına görə, Fateh Ayasofyada Bizans dövründən qalma bir daşa zərər vermək istəyən bir yeniçərinin əlinə qılıncı ilə vurub xəbərdarlıq etdi. Bizansdan qalma bir daşdı sadəcə, amma Fateh toxunulmasını istəmirdi. Fatehdən sonra gələnlər də şəhərin tarixi binalarına toxunmadılar. Mənim şəxsi fikrimə görə, İstanbulun altı da, üstü də vəqf kimidir. Vəqf torpağı nə qədər toxunulmazdırsa, İstanbul da bir o qədər toxunulmazdır. Buraya Əbu Əyyub əl-Ənsari gəldi, səhabələr gəldilər. Onlar niyə gəlmişdi? O ruhu bu gün necə yaşatmalıyıq? Təbii ki, İstanbula sahib çıxaraq, onu sevərək, candan əziz bilərək. Bəs bu gün biz İstanbulu qoruyuruqmu? Xeyr. Yüksək binalar tikmək adına meşələri məhv edirik, binaları necəgəldi tikərək İstanbulun siluetini pozuruq. Halbuki İslam dini estetik nizama böyük önəm verir. Allah Rəsulu: “Allah gözəldir, gözəli sevər”, - buyurur. İslam hər şeydə ahəng olmasını istəyir.

      - Fahri bəy, bir müsəlman İstanbul səyahətini haradan başlamalı, harada bitirməlidir. Nələrə diqqət etməlidir?   

      - Çox gözəl bir sual verdiniz. Hər şeydən əvvəl “Bismillah” deməli, Fatihə oxumalıdır. Hər şeydən əvvəl Allahın “yer üzündə gəzin, ibrət alın” ayəsini düşünməlidir. Sadəcə islami əsərləri deyil, digər dinlərə və mədəniyyətlərə aid əsərləri də gəzməyi hədəfləməlidir. Məhz o zaman Akşəmsəddini, Əhməd Yəsəvini, Yunus Əmrəni anlamaq mümkün olar. Çünki ayrı-seçkilik etmədən gəzdiyin zaman nəyin nə olduğunu dərk edərsən.  

      İlk ziyarət ediləcək yer Əyyub Sultan həzrətləri olmalıdır. Niyə? Çünki o bizə mesaj verir. Yaşınız nə olursa olsun, durumunuz nə olursa olsun, xidmətə davam edin, mücadilədən əl çəkməyin deyir. 83 yaşında İstanbulun fəthinə gəlmiş və burada şəhid olmuş o səhabə hər birimizə örnək təşkil etməlidir. Fateh Sultan Mehmed həzrətlərinin də fəthdən sonrakı ilk işi onun məzarını tapmaq olmuşdu.

      Əyyub Sultandan sonra Fateh Sultan Mehmedi ziyarət etməliyik. Türbəsini, camesini, külliyəsini gəzəcəyik. Sonra sırası ilə İstanbulu İstanbul edən, daş üstünə daş qoyan ali insanları ziyarət edəcəyik. Padşahları, Validə sultanları, paşaları, evliyaları gəzəcəyik. Hər birinə təşəkkür ədası ilə ehtiram göstərəcəyik. Amma xürafəyə düşməmək şərti ilə. Mehmed Emin Tokadi həzrətlərini mütləq ziyarət etmək lazımdır. Oraya niyə getməliyik? Həm böyük Allah dostunu ziyarət etmiş olarıq, həm də İstanbul silueti oradan çox gözəl görünür. Oradan Süleymaniyyəni, Şehzadebaşı Camesini, Zeyrek Camesini görmək mümkündür. Qalata, Üsküdar möhtəşəm mənzərə kimi açılır insanın gözləri önündə.

      - “İstanbul bəyəfəndisi” deyimini çox eşitmişik. Siz eyni zamanda mənəvi şəxsiyyət təlimləri də verirsiniz. Nədir İstanbul bəyəfəndiliyi? İnsanı İstanbul bəyəfəndisi edən xüsuslar nələrdir?

      - Çox təşəkkür edirəm, belə bir sual üçün. “İstanbul bəyəfəndiliyi bərabərdir İslam”dır. İstanbul əfəndiliyi Rəsulullah (s.ə.s)-in əxlaqıdır. Uzun-uzadı anlatmağa gərək yoxdur. Rəsulullaha bir adam sual verdiyi zaman bütün bədəni ilə ona tərəf çevrilərdi, biri salam verdiyi zaman göz-gözə gələrdi, əl uzatdığı zaman əlini tam verərdi... İstanbul bəyəfəndisi və xanıməfəndisi küçədə heç nə yeməz. Keçmişdə İstanbul xanımı məcbur qalıb küçədə nə isə yeyəcəksə də bir kənara çəkilib, ağzını örtən tülbəndin arxasından heç kimə göstərmədən yeyərdi. Bu dəyərlərə riayət edən adam çox azaldı bu gün. Hər kəsin gözü qarşısında yemək yeyirik, yediyimizin şəklini çəkib sosial şəbəkələrdə paylaşırıq. Biz nə zaman bu hala gəldik?

      İstanbul əfəndisinin ağzında arqo söz olmaz. Fatehin İstanbulu fəth etməsindən sonra xalq arasına çıxması hadisəsi var. Bazarı gəzərkən tacirin birindən yağ alır, şəkər almaq istədikdə dükan sahibi satmır, onu qonşu dükana göndərir. “Mən siftə elədim, şəkəri də ondan al”, - deyir. Bu alicənablıqdır İstanbul əfəndiliyi. İstanbul bəyəfəndisi eqoist ola bilməz. Gecənin bir aləmi televizorun səsini yüksəltməz, çəkdiyi siqareti küçəyə atmaz. Maşınını insanların gəzdiyi səkiyə çıxarıb saxlamaz. İstanbul xanıməfəndisi xalçanı eyvandan aşağı çırpmaz, məhrəm paltarlarını açıqdan asmaz. İstanbul əfəndisi yüksək səslə danışmaz. Təmiz geyinər, israf etməz, insanlarla nəzakətli rəftar edər. Uzun sözün qısası, İstanbul bəyəfəndisi, xanıməfəndisi Rəsulullahın əxlaqını mənimsəmiş adamdır. Belə bir sual verə bilərsiniz: “Hocam, İstanbul bəyəfəndisi var, Bakı bəyəfəndisi yoxdurmu?” Var, təbii ki. Eyni qaydalar ona da aiddir. Bütün müsəlmanlar bunlara riayət etməlidir, əlbəttə.

      - Bu gün yaşadığımız mühit bizi qeyd etdiyiniz dəyərlərimizdən qoparır, ərdəmlərimizdən uzaqlaşdırır. Bunun qarşısını necə ala bilərik?

      - Bir hekayə danışım. Deməli, rəsm qalereyasını gəzən adam bir tablonun qarşısında dayanır. Seyr etdiyi gözəl bir bağça tablosudur. Birdən tabloda bağça qapısını görüb gülməyə başlayır. Rəsmin müəllifi arxasındaymış o əsnada. Nə üçün güldüyünü soruşur. O da əlindən tutub tablonun qarşısına gətirib deyir: “Bu tabloya baxın, nə gözəldir, bir də qapıya baxın. Belə bir gözəl əsəri çəkən rəssam qapının qolunu çəkməyi unudub. Ona gülürəm”. Rəssam cavab verir: “Bu tablo mənim əsərimdir. O qapı da adi bir qapı deyil, qəlb qapısıdır. Çöldən açılmaz, içəridən açılır”. Əlqərəz, müasir gənclərimizin qəlbinin qapısını döyməliyik. Qapı içəridən açılacaq çünki. Qəlblərinə gedən yol da sevməkdən keçir. Onları tanımalı, ehtiyaclarını bilməli, ona görə hərəkət etməliyik. Sevgi çox önəmlidir bu mənada. Biz Mehmed Emin Tokadi kimi, Əbul-Vəfa həzrətləri kimi, Əhməd Yəsəvi kimi gənclərimizlə tək-tək maraqlanmalı, təlim-tərbiyəni ehtiyaca görə verməliyik. Biz nə edirik? Fast-food təlim veririk; tələsik, ayaqüstü. Ruhları pozuruq beləcə. Tək çarə qəlblərə gedən yolu tapmaqdır.

      - Bizə vaxt ayıraraq dəyərli fikirlərinizi paylaşdığınız üçün Azərbaycan oxucusu adından sizə təşəkkür edirik.

      - Mən də sizə təşəkkür edirəm. Dəyərlərimizi təbliğ etmək hər birimizin ən ali borcudur. Bu dəyərlərimizə birlikdə sarılaraq əcdadımızdan bizə miras qalan mədəniyyətimizi gənc nəsillərə də ən gözəl şəkildə çatdırmalıyıq.              

       

      • Hits: 39 clicks

      Tecox component by www.teglo.info