Möhtərəm Osman Nuri Topbaş Bəylə Azərbaycan-Türkiyə Qardaşliği Haqda

      Share

      İrfan: Əfəndim, zəhmət olmasa özünüz haqqında qısa məlumat verin!

      Osman Nuri TOPBAŞ: 1942-ci ildə İstanbul Ərənköydə dünyaya gəlmişəm. Atam Musa Topbaş, anam H. Fahri Kiğılının qızı Fatma Fəridə xanımdır. Atam Musa Əfəndinin mənsub olduğu Topbaşlar ailəsi əslən Anadolu şəhəri sayılan Konya – Kadınhanı mənşəlidir. Babam Əhməd Hamdi Əfəndi 1920-ci illərdə İstanbulda məskunlaşmışdır. Ailə şəcərəmizə baxdıqda Xalid Bağdadinin xəlifələrindən və Mövlana dərgahında məzarı olan böyük babamız Topbaşzadə Əhməd Qüdsi Əfəndinin 1810-cu ildə Konya – Kadınhanında dünyaya gəldiyi və o bölgələrdə yerləşdiyi tarixi mənbələrdə göstərilir. Ailəmiz Anadolu Səlcuqları zamanında Orta Asiyadan Anadoluya gələrək bu bölgədə məskunlaşan Türkmən Yörük ailəsidir.

      İlk təhsilimi Ərənköy Zihni Paşa məktəbində almışam. İbtidai sinifdə oxuyarkən xüsusi Quran təlimi görmüşəm. 1953-cü ildə İstanbul İmam-Xətib Məktəbinə daxil oldum, 1960-cı ildə oradan məzun oldum. O vaxtlar İmam-Xətibdə ulu Osmanlı çinarlarının son nəvələri sayılan M. Cəlaləddin Ökten, Mahir İz kimi ustadlar, Nurəddin Topçu kimi Avropada təhsil almış mütəfəkkirlər müəllimlik edirdi. İmam-Xətibdə oxuduğum illərdə M. Zekai Konrapa, Yaman Dədə (Abdulkadir Keçeoğlu), Mahmut Bayram, Ali Rza Sağman kimi mütəxəssislərdən dərs aldım.

      İmam-Xətibdən məzun olduqdan sorna bir müddət ticarət və tekstil işləri ilə məşğul oldum. 1962-ci ildə Siirt-Tilloda ehtiyatda olan zabit kimi əsgəri xidmətimi yerinə yetirdim.

      Əsgərlikdən sonra özümü yenidən sənaye və ticarət işlərinə verdim. Bununla birlikdə Allah təala bizə elm və xeyriyyəçilik işləri ilə məşğul olmağı da nəsib etdi.

      Gənclik illərimdə mərhum N.F. Kısakürək kimi vətənpərvər, mənəvi şüura sahib ziyalıların konfranslarında iştirak edərdim. Qeyd edim ki, bu konfranslardan çox istifadə etdim.

      Mərhum Mehmed Akifin Safahat adlı əsərini, Füzulinin şeirlərini, Mövlananın Məsnəvisini uşaq yaşlarımdan bəri sevə-sevə oxuyurdum. Mövlana və Məsnəvi sevgisini mərhum anamdan aldım.

       

      İrfan: Əfəndim, həm Türkiyə, həm də Türkiyə xaricində kitablarınız və məqalələriniz geniş oxucu kütləsi tərəfindən tanınmaqdadır. Bu günə qədər nəşr olunmuş kitablarınız haqqında qısa bir məlumat verə bilərdinizmi?

       

      Osman Nuri TOPBAŞ: Nəşrlərlə bağlı qeyd etməliyəm ki, ilk dəfə Altınoluk jurnalında müsahibəm dərc olundu. İlk kitabımsa hz. Peyğəmbərin həyatı ilə bağlı yazılmış “Rəhmət Peyğəmbərindən Rəhmət Əsintiləri”dir. Daha sonralar tarix sahəsində qələmə aldığım “Tarixdən Günümüzə İbrət İşıqları”, “Abidə Şəxsiyyətləri və Müəssisələri ilə Osmanlı” kitabı, Peyğəmbərlər tarixi ilə bağlı qələmə aldığım “Nəbilər Silsiləsi (1-4)” işıq üzü gördü. İslam mədəniyyəti sahəsində “Vəqf İnfaq Xidmət” və “Xidmət Ədəbi”, Mövlana ilə bağlı “Bir Kuzə Su”, “Abi-həyat Qətrələri”, İslam təfəkkürü və təsəvvüflə bağlı “İmandan Ehsana Təsəvvüf”, “Son Nəfəs”, “İslam İman İbadət”, “Məhəbbətdəki Sirr”, “Fəzilətlər Mədəniyyəti (1-2)”, “Səadət Damlaları”, “Hüzurlu Ailə Yuvası”, “İnsan Adlanan Müəmma” və “Məhəbbət və Mərifət” adlı əsərləri də yazmağı Allah təala lütf etdi.

       

      İrfan: Bildiyimiz kimi Sovetlər birliyinin dağılması ilə Azərbaycan və digər Türk respublikaları müstəqillik əldə etdilər. Azərbaycanda yaşayan azərilərlə sizi bir-birinizə yaxınlaşdıran ortaq nöqtələr nələrdir, ilk gəlişinizdən bu günə sizin üçün Azərbaycan nə ifadə edir? Keçən illər ərzində Azərbaycanda nə kimi dostluqlar qurdunuz?

      Osman Nuri TOPBAŞ: İlk olaraq 1992-ci ildə Azərbaycanın yeni müstəqillik əldə etdiyi günlərdə Azərbaycandan Türkiyəyə gələn çox qiymətli qardaşımız, hal-hazırda Şəki Bölgəsinin müftüsü Hacı Səlim Əfəndinin dəvəti ilə Azərbaycana getdik. Hacı Səlim Əfəndi “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir.” hədisi-şərifinə işarə edərək Azərbaycandakı mənəvi aclıqdan bəhs etdi və bizdən xüsusilə Qurani-Kərim, dini kitablar və bunları öyrədəcək müəllimlər istədi.

      İlk dəfə getdiyimizdə bizi ziyarət etmək üçün həm şəkililərin, həm də kilometrlərlə uzaqdan gələn qardaşlarımızın bizi qarşılamasını unutmaq mümkün deyil. Xüsusilə də Şəki Yanıq Məscidində cümə namazından sonra görüşdüyümüz ixtiyarlarla aramızda cərəyan edən bu səhnəni həyəcanla xatırlayıram. Yaşlı insanlar bir tərəfdən tərifolunmaz sevinclə bizə “xoş gəldiniz” deyir, digər tərəfdən də həsrətlə boynumuza sarılırdılar. Gördüyümüz bütün bu səhnələr böyük bir sevginin təzahürü idi. Yaşlı gözlərlə başlarını sinəmizə qoyaraq “türk balasının ətri gəlir” deyirdilər. 

      Sonrakı illərdə Azərbaycan xalqının öndə gedən övladları ilə sarsılmaz dostluqlarımız oldu. Bunların başında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, onun birinci müavini Hacı Salman və digər yardımçıları, Azərbaycanın məşhur alimlərindən Vasim Məmmədəliyev, dövlət və fikir adamlarından Hidayət Orucov, şairlərdən Məmməd Aslan və Bəxtiyar Vahabzadə, Şəki bölgə müftüsü Hacı Səlim Əfəndi və bir çoxlarını qeyd edə bilərik. Fədakarlıq və  səmimiyyətlərindən dolayı hamısına təşəkkür edirik. Deyə bilərəm ki, bu günə qədər Azərbaycanla davam edən əlaqələrimizdə bu dostluqlar sayəsində nail olduğumuz ən böyük qazanc məhəbbət sərmayəsidir.

      Bir az əvvəl ifadə etdiyimiz kimi biz Azərbaycanı maddi, mənəvi, tarixi və mədəni yaxınlıq səbəbi ilə heç vaxt özümüzdən fərqli düşünmədik.

      İrfan: Azərbaycan-Türkiyə arasında tarixi dostluğu necə dəyərləndirirsiniz? Yaxın əlaqələrin əsl qaynağı sizcə nədir?

      Osman Nuri TOPBAŞ: Bizim Azərbaycan ilə həm tarixi, həm də mədəni yaxınlığımız var. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsi həqiqətən bu yaxınlığı ən gözəl şəkildə dilə gətirir. Bunu da qeyd etmək istərdim ki, 1920-ci illərdə Azərbaycanda nəşr olunan “Kömək” jurnalı o zamanlar İstiqlal hərbində olan Osmanlı dövlətinə yardım üçün bir kampaniya keçirmişdi. Jurnalın qapağında da yaralı ceyran təsvir olunmuşdu. O zaman ağır günlər keçirən Anadolu xalqına azərbaycanlı qardaşlarımız böyük bir fədakarlıq göstərərək əllərindən gələni əsirgəmədilər. Əlbəttə ki, biz bu böyük fədakarlığı unudacaq deyildik. Elə ona görə də bu vəfa borcumuzu ödəmək üçün azərbaycanlı qardaşlarımızın yanındayıq. Qarşılıqlı fədakarlığın ən gözəl örnəyini Çanaqqala döyüşündə də görmək mümkündür. Orada döyüşən və şəhid olan qarabağlı, gəncəli, bakılı bir çox azəri qardaşımız olmuşdur. Eyni şəkildə erməni işğalının qarşısını almaq üçün Türkiyədən Azərbaycana gedən Nuru Paşanın sərəncamındakı Qafqaz İslam Ordusu erməni zülmünə son vermiş və azəri qardaşlarımızın yanında yer almışlar. Çox sayda şəhid vermişlər. Azərbaycanın müxtəlif yerlərində mövcud olan şəhid türk məzarları bu gerçəyi bir daha təsdiq edir.

      İrfan: Əfəndim, bilirik ki, Azərbaycan sizin üçün ayrı bir əhəmiyyət kəsb edir.  Azərbaycanın sizin qəlbinizdəki yeri nədir?

      Osman Nuri TOPBAŞ: Söhbətimizin əvvəlində də ifadə etdiyim kimi Azərbaycan bizim qardaşımızdır. Həm YÖK, həm də T.C. Diyanət İşləri Başqanlığı vasitəsilə Türkiyəyə gələn azəri tələbələrimizi burada hər cür şəraitlə təmin etməyə çalışırıq. Bununla da istəyirirk ki, özlərini doğma evlərindəki kimi hiss etsinlər, qəribliyin nə olduğunu bilməsinlər. biz azəri tələbələrimizi öz övladlarımızdan ayrı düşünmürük. Eyni zamanda Azərbaycanın müvafiq dövlət qurumları ilə görüşərək yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkünlərə müxtəlif yardımlar etməyə çalışırıq. Ramazan ayında və Qurban bayramında da əlimizdən gələni edərək bayram sevinci yaşamaları üçün səy göstəririk. Qeyd edək ki, vəzifə borcu bildiyimiz bu xidmətlər Azərbaycan rəsmiləri trəfindən hər zaman alqışla qarşılanmış və müxtəlif mükafatlara layiq görülmüşdür.

      İrfan: Qarşıdan rəhmət ayı olan Ramazan gəlir. Bu ayda İslamın barış və qardaşlıq yönünü necə ortaya qoymalıyıq. Xüsusilə bu gün məqsədli şəkildə İslamı “terror”la eyni göstərməyə çalışanlara sözünüz nədir?

      Osman Nuri TOPBAŞ: İslamın terrora baxışını xülasə etmək gərəkirsə Peyğəmbər (s.ə.s)-in 23 illik peyğəmbərlik həyatının çox mühüm hissəsi terrorla mücadilə olduğunu deyə bilərik. O, bütün aləmlərə rəhmət idi. O, hətta yaş budağı kəsməyi belə qadağan edər bütün canlıları qorumağa çalışardı. Məkkəni fəth etməyə gedərkən balasını əmizdirən bir köpəyi hürküdüb narahat etməmələri üçün ordunu bir az aralıdan keçirmişdi. Yandırılmış bir qarışqa yuvasını görüb dəhşətə gələrək: “Bu qarışqa yuvasını kim yandırdı? Yandırmaq Allaha aid bir xüsusdur!” deyərək məyusluğunu ortaya qoymuşdur.

      Peyğəmbərimizin dünyaya gəlişi aləmlərə, bəşəriyyətə, heyvanlara, bitkilərə - bütün varlıqlara rəhmət oldu. Yeni doğulan qız uşaqlarına rəhmət oldu. Heyvanlara edilən zülm sona çatdı. Cahiliyyət dövründə hər tərəfi vəhşət bürümüşdü. Onun gəlişi ilə terrora son verildi. Bütün dünya hüzura qovuşdu və Əsri-Səadət meydana gəldi. Peyğəmbər (s.ə.s) bu gün də rəhmətdir. Bu günün özündə də onun rəhmətinə möhtac olan insanlar var. Hələ dünyaya gəlməmiş körpələr də onun rəhmətini gözləyir. Yoxsulluq və s. kimi bəhanələrlə valideyn tərəfindən bətnlərdə öldürülən körpələr onun rəhmətini gözləyir. 1400 il əvvəl olduğu kimi.

      Bu gün bəzi qafillər İslamı tərif edərkən ondakı dərin rəhmət və mərhəmətdən xəbərsiz halda onu “terror” kimi məfhumlarla yan-yana gətirməkdədirlər. Sanki günəşi palçıqla gizlətməyə çalışırlar. Kütlələri təsir altında saxlamaq, onlara məchul və xəyali bir təhlükə ilə dəhşət, qorxu hissi aşılamaq üçün bir çox insanları bədxah əməllərinə qurban etməkdədirlər. İslam isə günahkarı və qüsurlunu belə əfv və mərhəmətlə qucaqlayıb islah etməyi əmr edir. İşin əsli bu ikən İslamı məsumlara qarşı terror kimi qələmə verimək nə qədər doğrudur?   

      Bu hadisə Peyğəmbər metodunun terrordan nə qədər uzaq olduğunu ifadə etmək baxımından çox mühümdür:

      Biri-Maunə faciəsində 70 İslam müəlliminin qətl edilməsi, bu kimi sui-qəsd və qətliamların baş verməsindən sonra hz. Peyğəmbər (s.ə.s) qəbilələrə göndərdiyi müəllim heyətlərinə bir neçə əsgərdən ibarət mühafizə heyəti verirdi. Bu əsgərlərə də qoruduqları müəllimlərin həyatını qorumaq zərurəti xaricində silahdan istifadə etməyi qadağan edirdi. Lakin bir dəfə bu mühafizlərdən biri olan Xalid b. Vəlid bu tapşırığın əksinə olaraq qılıncını qınından çıxardı. Bunu öyrənən Rəsulullah (s.ə.s) üzüntülü halda qibləyə yönələrək:

      “Ya Rəbb! Xalidin etdiyindən uzağam, əsla razı deyiləm” cümləsini üç dəfə təkrar etdi.

      Sonra hz. Əlini hadisənin baş verdiyi yerə göndərdi və yalnız insanların deyil, heyvanların, hətta köpəklərin belə diyətini ödədi. (Buxari, Əhkam, 35; İbn Kəsir, əl-Bidayə vən-Nihayə, IV, 304-305.) Peyğəmbərin mərhəməti və insana verdiyi dəyər bu idi. Belə bir Peyğəmbərin gətirdiyi dinin terrorla eyniləşdirilməsi mümkündürmü?

      Bu dinin qiymətli ariflərindən Bəyazid Bestami həzrətləri bir səfər əsnasında ağac altında yemək yemək yemiş sonra yoluna davam etmişdi. Bir müddət sonra torbasının üstündə gəzən bir qarışqa görmüş və məyusluqla:

      “Eyvah! Bu həşəratı vətənindən uzaq saldım, yuvasından uzaqlaşdırdım.” deyərək dərhal geri dönmüş və yemək yediyi yerə gələrək qarışqanı oraya buraxmışdır. O, “şəfqət lixalqilləh” (Yaradandan ötrü yaradılana mərhəmət) şüuruyla bir qarışqanın belə haqqına riayət etməyin əhəmiyyətini dərk edirdi.

      Yunus Əmrənin həqiqi eşq səbəbi ilə

      “Yaradılanı sevərik Yaradandan ötürü”  bəyanı bütün məxluqatı qucaqlayan düstur deyilmi? Elə bir düstur ki, dünyanın harasında olursa olsun həqiqətdən uzaq düşmüş kəslərin dünya və axirətini qurtarmağı hədəfləyir. Bunu təmin etmək də biz müsəlmanların boynuna düşür. Xüsusilə yaşadığımız zamanda rabitə vasitələrinin geniş yayılması bu sahədəki məsuliyyətimizi birə on artırır. Bu gün texniki imkanlardan istifadə edərək İslamı bütün insanlığa şəffaf üslubla təqdim edə bilmək və keçmiş əsrlərin qalığı olan mənfi təbliğatın sisini dağıtmaq imkanı həmişəkindən daha çoxdur.

      Hz. Mövlananın bu sülhsüvər dəvətinə könül vermək lazımdır:

      “Gəl! Gəl! Nə olursan ol, yenə gəl!

      Kafir, məcusi və ya bütpərəst olsan da, gəl!

      Bizim dərgahımız (olan İslam) ümidsizlik dərgahı deyildir.

      Yüz kərə tövbəni pozsan, yenə də gəl!”

       

      Hz. Mövlananın bu dəvətindən məqsəd insanı daxilindəki qiymətli varlıqla tanış edib onu şəfqət və sülhsevərliyin feyzli zəminində xətalardan xilas edərək İslam ilə şərəfləndirməkdir. Yoxsa hər kəsi mənfi xisləti ilə baş-başa buraxmaq şərti ilə məqsədsiz şəkildə qəbul etmək deyildir. Bu dəvətdən məqsəd o şəxsin iç dünyasını düzəltməkdir. Bir təmirçiyə xarab olan alətlər aparılır. Mövlana kimi şəxsiyyətlərin könül aləmi də təmirxanaya bənzər ki, orada görülən iş təmirdən ibarətdir. Daha çox xətalı insanlara dəvət edilməsi çox normaldır. Bu hal, İslam dinində günahkarı qanadı qırıq yaralı bir quş kimi qəbul etməyin misalıdır. Hər bir müsəlmanın qəlbi bu duyğularla döyünməlidir.  

       

      İrfan: Hz. Hüseynin qətl edilməsi Əsri-Səadətdən bu günədək işlənmiş ən böyük cinayət və terror hadisəsi deyilmi? İslam tarixinin bu ən dramatik hadisəsini necə dəyərləndirməliyik?

       

      Osman Nuri TOPBAŞ: hz. Hüseynin qətl edilməsi hələ də içimizdə qanayan bir yaradır. Bu hadisə qarşısında məzhəb fərqlilikləri bir yana dursun, insan olan hər kəsin ürəyinin ağrımaması, ğözünün yaşarmaması mümkün deyil. Ancaq burada yanlış bir anlayışa diqqət çəkmək istəyirəm. Belə ki, hz. Hüseyni şəhid edən Yezidi sünniliyə şamil etmək və bu vaqiəni sünniliklə eyniləşdirmək tarixi faktlara uyğun olmadığı kimi Əhli-sünnə camaatının da həzm edəcəyi bir hadisə deyildir. Çünki o, Allahın ən çox sevdiyi hz. Peyğəmbər (s.ə.s)-in sevimli nəvəsini vəhşicəsinə öldürən, cinayət işləyən canilərin başçısı idi. Bu qədər böyük günah işləyən bir insan Rəsulullahın sünnəsi üzərə ola bilərmi? Sünnəyə tabe olmaq bunu əmr edirmi? Əsla!

      Hətta Türkiyədə “Yezid” sözü bir adama ən ağır təhqir olaraq işlənir. (İrfan: Azərbaycanda da işlənir, əfəndim!)

      Bu hadisənin vəhşicəsinə törədilmiş qətliam olduğu xüsusunda şiələrlə əhli-sünnə arasında kiçicik də olsa ixtilaf yoxdur.

       

      İrfan: İslam ümmətinin arasına istər siyasi, istərsə də məzhəb sahəsində ayrıseçkilik salmaq istəyən qüvvələr qardaşlığımızın zəifləməsi üçün bəzi süni mövzular düzüb-qoşurlar. Buradan yola çıxaraq İslam qardaşlığının güclənməsi üçün təsirli olan ünsürlərin, xüsusilə də Əhli-beyt sevgisinin rolu nədir?

      Osman Nuri TOPBAŞ: Allah Rəsulu (s.ə.s)-in davranışlarını ən yüksək səviyyədə müşahidə edən mübarək insanlar onun ən yaxınları olan möhtərəm ailəsi, yəni Əhli-beytidir.

      Rəsulullah (s.ə.s)-ə salavat gətirmək necə ki, bütün möminlərə vacibdir, eyni zamanda Əhli-beyti sevmək və onlara hörmət etmək də üzərimizə fərz olan vəzifədir.

      Qurani-Kərimdə Allah təala belə buyurur:

      “…Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (əl-Əhzab, 33)

      Allah (c.c) bu ayə ilə Əhli-beytin əhəmiyyətini və paklığını ön plana çıxararaq onlara olan sevgisini bəyan edir. Rəsulullah (s.ə.s) də ailə fərdlərini sevər, ümmətinin də onları sevməsini arzu edərdi. Bir hədisi-şərifində belə buyurur:

      “Sizi nemətləri ilə ruziləndirdiyi üçün Allahı sevin. Allahı sevdiyiniz üçün məni sevin. Əhli-beytimi də məni sevdiyiniz üçün sevin!” (Tirmizi, Mənaqib, 31/3789)

      Əhli-beyt sevgisi o qədər mühümdür ki, namazlarımızda ət-Təhiyyat duasından sonra oxuduğumuz Salli-Barik dualarında “Əli-Muhamməd” deyərək Əhli-beyt üçün də dua edirik.

      İmam Şafi həzrətləri: “Ey Rəsulullahın Əhli-beyti! Sizi sevmək Allahın Quranda nazil etdiyi bir fərzdir. Bu hal sizə ən böyük fəxrdir…” buyurur. (Məhəmməd Parsa, Fəslul-Xitab / Tövhidə Giriş, səh-522)

      Necə ki, hz. Əli və hz. Əbu Bəkrdən gələn bütün irfan məktəblərinin feyz qaynağı da Əhli-beyt imamı Cəfəri-Sadiq həzrətləri olmuşdur. İmam Əzəm Əbu Hənifə həzrətləri də Cəfəri-Sadiqin ən yaxşı tələbəsi və mənəvi övladı idi. Cəfəri-Sadiq həzrətlərinin onun üçün necə bir feyz qaynağı olduğunu birlikdə keçirdiyi zamanları qəsd edərək:

      “Son iki ilim olmasaydı Numan (İmam Əzəm Əbu Hənifə) həlak olardı.”  sözləri ilə ifadə etmişdir.  

      Əhli-beyt Rəsuli-Əkrəm (s.ə.s)-in halını, vəsf və davranışlarını, əxlaqını əsrlərə və nəsillərə çatdıran müstəsna bir zirvədir.

       

      İrfan: Verdiyimiz sualla bağlı olaraq Türkiyədə Əhli-beyt sevgisini tərif edərdinizmi?

      Osman Nuri TOPBAŞ: Türkiyədə Əhli-beyt sevgisinin bir çox təzahürü mövcuddur. Misal verəcək olsaq, məscidlərimizdə Allah Rəsulunun və Əhli-beytinin adlarını görmək mümkündür. Uşaqlarımıza qoyduğumuz Əli, Həsən, Hüseyn, Fatimə, Salman, Abbas və s. kimi adlar bu sevginin başqa bir təzahürüdür. Bütün bunlar bizim Əhli-beytə olan sevgimizi göstərir. Eyni zamanda Türkiyədə bir çox insanın tabe olduğu Hənəfi məzhəbinin imamı Əbu Hənifənin İmam Cəfəri-Sadiq həzrətləri haqqında söylədiyi sözlər bu sevgi və bağlılığı göstərir.  

      Əbu Hənifənin Məhəmməd Bağırla yaxınlığı olduğu kimi onun oğlu Cəfəri-Sadiq həzrətləri ilə də elmi təmasları vardı. Hər ikisi eyni yaşda idi. Buna baxmayaraq İslam alımləri Cəfəri-Sadiqi Əbu Hənifənin ustadlarından saymışdır. Əbu Hənifə ondan bəhs edərkən:

      “Allaha and olsun ki, Cəfəri-Sadiqdən daha təqvalı birisini görmədim” demişdir.

      Bu gün irfan həyatı içində yaşayan hər kəs vird və zikrlərində silsilənin mərkəz şahı olan Cəfəri-Sadiq həzrətlərinə hər gün bir Fatihə hədiyyə edir.

      İrfan: Əsərlərinizdə Məhəmməd Füzuli və Mövlana kimi böyük İslam mütəfəkkirlərindən tez-tez bəhs etdiyinizi görürük. Xüsusilə bu iki dahinin bizə, bu günümüzə olan xitabını necə xülasə edərdiniz?

      Osman Nuri TOPBAŞ: İstər Mövlana, istərsə də Məhəmməd Füzuli ilk növbədə Allah və Peyğəmbər aşiqi idilər. Hər ikisinin də düşüncə təməlində insan sevgisi, məxluqata xidmət və Yaradana yönəliş vardır. Onlar Allahın nəzəri ilə məxluqata baxan Allah dostlarıdır. Hər ikisi kamil insan modelidir.

      Biz tələbə ikən Məhəmməd Füzulinin Su qəsidəsini əzbərlərdik. Bununla da peyğəmbər sevgisini anladan misraların sanki bizi Allah Rəsuluna bir addım daha yaxınlaşdırdığını hiss edərdik. Məsələn, heç bir zaman yadımızdan çıxmayan misralardan biri budur:

      Haki-payinə yetəm dər ömrlərdir muttasıl

      Başını daşdan daşa urub gəzər avarə su…

       

      Beytin qısa izahı budur:

      “(O rəhmət Peyğəmbərinin) ayağının (dəydiyi, gəzib-dolaşdığı, mübarək) torpağına qovuşmaq üçün su(lar) dayanmadan ömürləri boyu baş(lar)ını daşdan-daşa vuraraq avara-avara (və məclub şəkildə) axmaqdadır.” Suyun çırpına-çırpına bu axışı sanki Allah Rəsuluna qovuşmağın həyəcanını gözəl bir şəkildə ifadə edir.

      Mövlana və Məhəmməd Füzuli – bu iki dahi, İslam dünyasının ortaq dəyəridir. 2007-ci il UNESCO tərəfindən Mövlana ili elan edilmiş, bu münasibətlə Türkiyədə və dünyada müxtəlif tədbirlər həyata keçirilir. Sanki hz. Mövlana bu günün insanına 700 il əvvəl hüzur və xoşbəxtlik məktubları göndərmişdir. Mövlananın insana olan baxış tərzi sərhədləri aşmış və sanki bəşəriyyətə təsəlli mənbəyinə çevrilmişdir.  

      İrfan: Bütün İslam coğrafiyasında olduğu kimi Azərbaycanda da bəzi qruplar bu ölkəni sevən və ona xidmət etməyə çalışan insanlara müxtəlif iftiralar və əsassız böhtanlar atmaqdadırlar. Azərbaycan vətəndaşının bu kimi hallar qarşısında tövrü necə olmalıdır?

      Osman Nuri TOPBAŞ:  Qurani-Kərimdə də ifadə olunduğu kimi Allahın ən böyük dostları onun Peyğəmbərləridir. Bu Peyğəmbərlər istər yaşadıqları dövrdə, istərsə də vəfat etdikdən sonra olmazın böhtan və təhqirlərə məruz qalmışlar. Peyğəmbərlərin və vəlilərin yolunu təqib edən insanlar da eyni şəkildə təhqir və böhtanlara məruz qalmışlar. Lakin tarix hər zaman göstərmişdir ki, günəşin önünü palçıqla tutmaq olmaz. Gec-tez hər zaman həqiqət üzə çıxmışdır. Tarix eyni zamanda onu da göstərmişdir ki, iftira və əsassız böhtan atan insanlar çox acı şəkildə tarixin tozlu rəfləri arasında qalmışlar.

      Bizim bu insanlara edəcəyimiz yeganə şey onlara həqiqəti tapmaları üçün dua etməkdir.

      Bizim vəzifəmiz Yusif (ə.s)-ın dediyini söyləməkdir. Qurani-Kərimdə bu gerçək öz əksini belə tapır:

      “Onlar: "Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!" - dedilər. (Yusif) dedi: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)” (Yusuf, 91-92)

                  Bizim də heç bir əsası olmayan iftiralara qarşı cavabımız Yusuf (ə.s)-ın qardaşlarına cavabı ilə eyni olmalıdır. Fəzilət daima bağışlaya bilməkdədir. Allah təala Nur surəsində: “Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsinizmi?” (Nur, 22) buyurur. Bizim üçün də ölçü bu olmalıdır. Bilərək və ya bilməyərək atılan böhtanlara qarşı biz də Allahdan o adamların bağışlanmasını istəməliyik.

       İrfan: Azərbaycan oxucuları sizin yazılarınızı İrfan jurnalından oxuyurlar. Jurnal vasitəsi ilə oxucularımıza nə demək istərdiniz?

      Osman Nuri TOPBAŞ: Azərbaycan xalqı ilə Türk xalqı müştərək mədəniyyət tarixi qurmuşlar. Din, dil, tarix və mədəniyyət sahəsində ortaq tərəflərimiz çoxdur. Dünyada bu iki millət qədər bir-birinə yaxın başqa bir millət varmı görəsən?! Hər yönü ilə bir-birinə bənzəyən və bu qədər yaxın olan insanların əlbəttə həyata keçirəcəyi bir çox geniş layihələr olmalıdır. Tarix boyunca dostlarımız da, düşmənlərimiz də eyni olmuşdur. Həmçinin bu gün Azərbaycanın ən böyük problemi olan erməni məsələsi bizim də problemimizdir.

      İrfan jurnalının qiymətli oxucularının və bütün azərbaycanlıların bu və bənzəri ortaq dəyərlərimiz xüsusunda həssas olmalarının lüzumuna, bir ürək və eyni həyəcan içində olmalarının zərurətinə inanıram. 

      İrfan: Əfəndim, qiymətli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

      Osman Nuri TOPBAŞ: Mən də öz növbəmdə sizə təşəkkür edir və xidmətlərinizdə müvəffəqiyyət arzulayıram.

      İrfan jurnalı adından

      Salih Zeki Meriç

      01.08.2007

      • Hits: 720 clicks

      Tecox component by www.teglo.info