155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müşfiq XƏLILOV – İSTANBULDA RAMAZAN

      Share

       Qurani-Kərimin tarixi keçmişini əks etdirən gözəl bir kəlam var: “Qurani-Kərim Məkkədə nazil oldu, Misirdə oxundu, İstanbulda yazıldı”.

      İstanbul Qurani-Kərimə olan bağlılığı ilə tarix yazmış,  bu kitab bu torpaqlara silinməz izlər salmışdır. Osmanlıdan bu yana İstanbul Qurani-Kərimin mənəvi ab-havası ilə yoğrulmuşdur. Bu torpaq İslam dünyasına saysız unudulmaz şəxsiyyətlər: məşhur Quran xəttatları, hafizlər, qarilər, dahi sənətkarlar, görkəmli elm adamları bəxş etmişdir.  

      İstanbulun tarix boyu Qurani-Kərimə olan bağlılığı, sözsüz ki, mübarək Ramazan ayından da kənarda qala bilməzdi. Çünki Quran məhz Ramazan ayında nazil olmuşdur. Necə ki, Uca Allah buyurur:  “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir...”.  (əl-Bəqərə, 185) Bu baxımdan Ramazana olan sevgi məhz Qurana olan sevgidir.  

      Ramazan Hilalı

      Osmanlı dövründə İstanbulda Ramazan ayının daxil olması məsələsi çox sistemli bir şəkildə müəyyənləşdirilərdi. Belə ki,  Peyğəmbərimiz (s.ə.s) buyurur: “...İki müsəlman Ramazan hilalını gördüklərinə şahidlik edərsə, oruc tutun...” (Əhməd 18917, Nəsai 2115) Məhz bu və bunun kimi digər hədislərə əsasən Ramazan hilalının təsbitinə ciddi yanaşılmışdır. Ramazan hilalını görüb elan etmək məsələsi ilə İstanbul qazılığı məşğul olurdu. Bu işi görmək üçün İstanbul qazılığının tabeçiliyində olan bütün vəzifəli şəxslər Şaban ayının 29-u Şeyxülislamlıq binasına toplaşar və Ramazan hörmətinə ziyafət təşkil edilərdi.

      Ramazan hilalını rahatlıqla görə bilmək məqsədi ilə münasib yerlər təyin olunardı. Bəyazid yanğın qülləsi, Süleymaniyyə, Fateh, Cərrahpaşa, Sultan Səlim və Ədirnəqapı məscidinin minarələri hilalın aydın görünməsi üçün daha münasib idi. Sonra Ramazan hilalını görənlər İstanbul qazılığına gedər və belə şahidlik edərdilər:

      “Bu gün axşam əzanından üç dəqiqə sonra minarədən mübarək Ramazan hilalını gördük. Bu gecənin Ramazan gecəsi olduğuna şəhadət veririk”. Şahidlərin  ifadəsi məhkəmə tərəfindən sorğu-sual edilərək dəqiqləşdirilər, daha sonra məhkəmənin bu qərarı təqvim dəftərinə qeyd edilər, şeyxülislam məqamında olan digər bir qazı əfəndi isə bu qərarı möhürləyərdi.  Bu müddət ərzində məhkəmənin böyük qapısı bağlı qalar və məsələ dəqiqləşmədən xalqa heç bir məlumat sızdırılmazdı.

      Nəhayət, Ramazan hilalının görünməsi məhkəmə qərarı ilə tam dəqiqləşdikdən sonra vəzifəli şəxslərə Süleymaniyyə məscidinin minarəsinə düzülmüş qəndilləri yandırmaq göstərişi verilərdi. Bunu görən digər məscid minarələrində intizarda olan şəxslər də  qəndilləri yandırar və sanki İstanbul bir nura qərq olardı. Artıq xalq Ramazan hilalının göründüyünü anlayar və sabah mübarək Ramazan ayının ilk günüdür deyə bayram edərdi.

      Hüzur dərsləri

      Osmanlı sultanlarından Fateh Sultan Mehmed və II Bəyazidin hüzurunda alimlərin elmi müzakirə və mübahisələr etdiyi bizə tarixi sənədlərdən də məlumdur. Daha sonra bu gözəl adət III Sultan Əhməd tərəfindən sistemləşdirilmiş, məhz elə onun dövründə bu elmi müzakirələrə “hüzur dərsləri” adı verilmişdir.

      Zaman ötdükcə dərsi dinləyənlərin sayı artaraq qələbəlik bir məclis səviyyəsinə çatmışdır. Saraydakı bu dərslər Quran ayı olan Ramazan ayında keçirildiyi üçün əsasən ayələrin oxunub izah edilməsinə daha çox üstünlük verilirdi. Belə ki, hər hüzur dərsində bir neçə ayə oxunur, sonra izahları verilir, mövzu ilə əlaqəli suallar cavablandırılırdı.

      Dərslərin müəyyən bir müddəti yox idi. Sultan nə vaxt işarə verərdisə, dərslərə elə həmin zaman son verilərdi. Daha sonra dua edilir və bütün iştirakçılara hədiyyə təqdim edilirdi. Bu dərslər sultanın hüzurunda olduğu üçün müzakirələrin mübahisəyə çevrilməməsinə xüsusi diqqət yetirilirdi.

      Mahya

      Qeyri-müsəlman  bir səyyah İstanbul səyahətindən sonra öz xatirələrini belə ifadə etmişdir: “Yer üzündə sevilməyə və sayılmağa layiq müsəlman türklərin heç bir mədəni əsərləri olmasa belə, yalnız göylərin ulduzlarını toplayıb minarələr arasında yazı yazmağı icad etmələri və bu sahədə  müvəffəqiyyət qazanmaları onların nə qədər böyük bir mədəniyyətə sahib olduqlarının bariz bir ifadəsidir”.

      Səyyahın heyranlıqla ifadə etdiyi bu sistemə “Mahya” deyilir. Mahya məscidlərin minarələri arasına iplər çəkilərək bu ipləri aydınlatmaq üçün qəndillərlə (dövrümüzdə elektrik lampaları ilə) yazılan yazı və ya rəsmlərdir. Mahyalar, adətən, Ramazan aylarında təşkil edilərdi. Hər il Ramazan ayı yaxınlaşınca məhz bu iş üçün o dövrün Vəqflər idarəsi bütün məscidlərə qəndil yağları və bal mumları paylayardı.  Bəraət gecəsindən sonra artıq minarələr arasına iplər çəkilməyə başlanırdı. Mahyalar əsasən iki minarəli məscidlərə quraşdırılırdı. Buraya: “Ya Ğufran” (Ey günahları bağışlayan), “Ya Kərim” (Ey qarşılıqsız çox ikram edən) kimi ifadələr yazılardı. Bəzi məscidlərdə Ramazanın sonlarına doğru “Əl Firaq” (ayrılıq, əlvida) kimi sözlər yazılardı ki, bu da mübarək ayın başa çatmasından doğan iztirabın gözəl bir ifadəsi idi.

      Mayhanın yaranma tarixi belədir: Sultan I Əhməd dövrünün ən məşhur xəttatlarından olan, eyni zamanda Fateh Məscidinin müəzzini Hafiz Kəfəvi son dərəcə gözəl bir lövhə hazırlayaraq sultana təqdim etmişdi. Lövhəni çox bəyənən Sultan I Əhməd lövhənin işıqlandırılaraq öz tikdirdiyi Sultan Əhməd Məscidinə asılmasını istəmiş və bu istək də nəzərə alınaraq lövhə 1617-ci ildə qəndillərlə bəzədilərək məscidin iki minarəsi arasına asılmışdı. Beləliklə, ilk mahya meydana çıxmışdır.

      İftar məclisləri

      İstanbulda Ramazan ayı çox dinamik, canlı və daha təntənəli keçərdi. İnsanlar Ramazan bayramının qeyd olunduğu gündən daha çox Ramazanın digər bütün günlərini bayram günü kimi yaşamağa çalışardılar. Xüsusilə Qədir gecəsinə qədər Ramazanın hər bir günü yüksək əhvali-ruhiyyə içində keçərdi. Qədir gecəsindən sonra isə “Ramazan artıq yavaş-yavaş bizimlə vidalaşır” deyə kədərlənərdilər.   

      İstanbulda iftar məclisləri çox həyəcanlı keçərdi. Başda Osmanlı sultanları olmaqla hər kəs iftar süfrəsi təşkil etmək üçün sanki yarışardı. Uca Allahın  buyurduğu “Xeyirli işlər görməkdə bir-birinizlə yarışın!” (əl-Bəqərə 148) kimi ayələrə və eləcə də Allah Rəsulunun (s.ə.s):  “Kim oruc tutana iftar verərsə, həmin şəxsə oruc tutanın savabı qədər savab yazılar. Üstəlik bundan dolayı oruc tutanın savabından heç nə əskilməz” (Tirmizi, Savm, 82) kimi hədislərinə əsaslanaraq  iftar verməyi xeyirli bir iş və savab olaraq qiymətləndirərdilər.

      Ramazanda iftar məclisləri yalnız oruc tutanlar üçün açılmırdı. Hər kəs bu məclislərdə heç nədən çəkinmədən iştirak edə bilərdi. Hətta oruc tutmağa gücü çatdığı halda oruc tutmayanlar belə iftar süfrələrində iştirak edər, oradakı mənəvi atmosferin təsiri ilə növbəti Ramazanda artıq oruclu olaraq iftar çadırlarına qədəm basardılar.

      Tarixi İstanbulun iftar süfrələrinə  bəzən qeyri-müsəlmanlar da dəvət olunardı. Bu dəvətin nəticəsində bu insanlarla müsəlmanlar arasında səmimi dostluq münasibətləri yaranar, bəzən hətta onların müsəlman olmalarına belə səbəb olardı.

      Ramazanın ilk günlərində ictimai yerlərdə kiminsə yeyib-içdiyi görülərsə, heç kim buna görə yeyib-içənləri qınamaz, sadəcə: “yəqin oruclu olduğunuzu unutdunuz”, - deyə xatırladardılar. Çünki Ramazan ayında ictimai yerlərdə nəinki oruc tuta bilməyən üzrlü  müsəlmanlar, hətta İstanbullu qeyri-müsəlmanlar belə yeyib içməzdilər. Bu, bütün İstanbulluların əxlaqı idi. 

      Yeməkxanalar, çayxanalar iftar saatından sonra fəaliyyət göstərərdi. İstanbulda həyat iftarla başlayar, məhz iftar saatından sonra şəhərdə bir canlanma olardı. Təravihdən sonra valideynlər uşaqlarını Karagöz və Hacivat adı ilə məşhur olan teatr tamaşalarına aparardılar. Bu tamaşalardan hər kəs qabiliyyətinə görə  dərs alardı.

      Hər nə qədər yalnız tarixi İstanbulun Ramazan ab-havasından bəhs etsək də, elə bu gün də İstanbulda Ramazan kifayət qədər dinamik və bol-bərəkətli keçir. Osmanlının müsəlman nəvələri indi də iftar verərkən sanki bir-biri ilə yarışırlar. Şəhərin demək olar ki, hər səmtində iftar çadırları  qurulur və hər kəs bu süfrədən çəkinmədən istifadə edib dua edir. Ramazan ayı boyunca təşkil olunan söhbətlər, zikr məclisləri, Quran ziyafətləri mənəviyyata ac olan insanları ruhən qidalandırır. Demək olar ki, bütün məscidlərdə müqabələ[1] üsulu ilə Qurani-Kərim xətm olunur. Bu gün də qoşa minarələr arasında göz oxşayan mahyalar şəhəri nurlandırır: “Xoş gəldin, on bir ayın sultanı...”

       

       

       

       


      [1] Qurani-Kərimi qarşılıqlı olaraq oxumaq, yəni bir nəfərin səsli olaraq oxuyub digərlərinin dinləməsi

       

       

      • Hits: 73 clicks

      Tecox component by www.teglo.info