Rüfət ŞİRİNOV – DÖVRÜN ELM MƏRKƏZİ

      Share

      Bir cəmiyyəti ayaqda tutan və bir mədəniyyəti tərəqqi etdirən ən əsas amillərdən biri də, heç şübhəsiz ki, elm və təhsil mərkəzləridir. 

      Osmanlı dövründən başlayaraq, hətta günümüzdə belə, ən mühüm elm mərkəzləri İstanbulda yerləşir. Mədrəsə, darul-hədis, darul-fünun kimi faaliyyət göstərən bu mərkəzlərdə bir çox görkəmli alimlər yetişmiş və Osmanlının dünya sferasında mədəniyyət ve elm mərkəzi halına çevrilməsinə ciddi təkanlar vermişdir.

      Səlcuqlu dövründə təməlləri atılan mədrəsələr Osmanlı dövründə daha da təkmilləşdirilmişdir. Cəmiyyətə qapalı olan bu məkanlar günümüzdəki universitet şəhərciyi (campus) olaraq qəbul edilə bilər. Bu tədris mərkəzləri ümumiyyətlə kvadrat şəklində və gümbəzli dam örtüyü ilə tikilmiş sadə mərkəzlər idi. Sözügedən elm ocaqları Osmanlı dövründə mədrəsə; Səlcuqlu, bəyliklər və Abbasilər dövründə beytul-hikmə və ya darul-elm adları ilə fəaliyyət göstərirdi.

      Mədrəsələr qurulmadan İstanbulda təlim-tədris işləri məscidlərdə həyata keçirilirdi. Daha planlı bir sistem olaraq qəbul edə biləcəyimiz mədrəsələrin əsas məqsədi insanların əqidələrini mühafizə etmək, ibadətlərdən yayınmalarının qarşısını almaq, məzhəb ayrı-seçkiliyinin yaranmasına mane olmaq, hər keçən gün daha da genişlənən imperatorluğun idarəetmə sistemini formalaşdıraraq bu yöndə məmurlar yetişdirmək, ənənəvi dini biliklərə malik din xadimləri yetişdirmək, imkansız, ancaq qabiliyyətli şəxsləri cəmiyyətə qazandırmaq idi. Onu da qeyd etmək lazımdır ki, mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris edilirdi.

      Mədrəsələrdə təhsil almaq üçün mütləq sibyan (ibtidai) məktəbini oxumaq və yaxud o səviyyədə təhsilə malik olmaq şərti var idi. Dövrün universitetləri kimi tanınan Fatih və yaxud Süleymaniyə mədərəsələrinə qəbul olmaq üçün ən azı 6-7 il təhsil görmək lazım idi.

      Osmanlı dövründəki mədrəsələrin təqribən 80%-də 10-14 tələbə oxuyurdu. Sayın az olması tələbələrin az müraciət etməsi mənasına gəlmir, əksinə, az tələbəyə daha dərin məlumatlar vermək mənasına gəlirdi. Mədrəsələrə tələbələrlə yanaşı müəllimlər də ciddi imtahandan keçdikdən sonra alınırdı.

      İstanbulda sayı yüzdən çox olan mədrəsələrdən sadəcə yetmişi günümüzə qədər gəlib çatmışdır. Bəziləri bunlardır:

      • Fatih Mədrəsələri

      İstanbul mədrəsələrinin əksəriyyəti qədim yaşayış mərkəzlərindən biri olan “Fatih” səmtində yerləşirdi. Hal-hazırda bu mədrəsələrdən iyirmiyə yaxını ayaqdadır. Bu mədrəsələrdən ən önəmlisi, əlbəttə ki, Fatih mədrəsələridir. Sahn və ya sahnı-səmani yəni səkkizli mədrəsə olaraq məşhur olan bu mədrəsələr Fateh Sultan Mehmed tərəfindən İstanbulu elm mərkəzinə çevirmək məqsədi ilə tikilmişdir. Fatih camesi ətrafında yerləşən bu müəssisə səkkiz mədrəsədən ibarətdir.

      • Feyzullah Əfəndi Mədrəsəsi

      Fatihdən Eminönü səmtinə tərəf gedərkən “Macar qardaşlar” prospektində yerləşən bu mədrəsə hal-hazırda “Millət kitabxanası” kimi fəaliyyət göstərir. Seyyid Feyzullah tərəfindən tikilən mədrəsə “L” formasında 10 otaqdan ibarətdır.

      • Amcazadə Hüseyin Paşa Mədrəsəsi

      Fatihdən Eminönü istiqamətində gedən yol üzərində yerləşən Sofular məhəlləsində yerləşən mədrəsə klassik Osmanlı memarlığının ən gözəl nümunələrindən biridir. İbtidai məktəb, darul-qurra və kitabxanası “U” formasında görüntüyə malikdir. Ortasında valehedici şadırvan yerləşir.

      • Qəzənfər Ağa Mədrəsəsi

      Unkapanı yolu üzərində yerləşən mədrəsə on dörd otaq və bir dərsxanadan ibarətdir. Həyətində gözəl bir şadırvanı da var. Halhazırda “Gənc dərgisi”nin bir şöbəsi kimi faaliyyət göstərir və müxtəlif elmi fəaliyyətlər həyata keçirilir.

      • Ankaravi Məhməd Əfəndi Mədrəsəsi

      Saraçhane bölgəsində yerləşən bu mədrəsə binası “Türk Dünyası Araşdırmaları” vəqfi tərəfindən istifadə edilir. Mədrəsə yanındakı Xoş-qədəm məscidinə görə “Xoş-qədəm mədrəsəsi” kimi də məşhurdur.

      • Şahzadə Mehmed Mədrəsəsi

      İstanbulda ayaqda qalan ən gözəl mədrəsədir. Qanuni Sultan Süleyman tərəfindən ən çox sevdiyi oğlu Şahzadə Mehmed üçün Memar Sinana tikdirilmişdir. İyirmi bir hücrə və bir dərsxanadan ibarət olan tikili “U” formasındadır. Həyətində şadırvanı olan mədrəsə halhazırda “Şahzadə Mehmed” restoranı kimi fəaliyyət göstərir.

      • Əməkçizadə Əhməd Paşa Mədrəsəsi

      Şahzadə camesinin arxa tərəfində yerləşən mədrəsənin on yeddi hücrəsi və bir dərsxanası vardır. Hal-hazırda “Elm Yayma Cəmiyyəti” tərəfindən tələbə yataqxanası kimi istifadə edilir.

      • Süleymaniyə Mədrəsələri

      Süleymaniyə mədrəsələri Osmanlının və İstanbulun ən ali akademik müəssisələri olaraq qəbul edilir. Süleymaniyə kompleksində dörd mədrəsə, bir darul-hədis, bir dənə darut-tibb və mülazimlər (stajkeçənlər) mədrəsəsi yerləşir. Halhazırda Süleymaniyə əlyazmalar kitabxanası kimi fəaliyyət göstərir.

      • Üsküdar səmtində yerləşən mədrəsələr

      Qanuni Sultan Süleyman və xanımı Xürrəm Sultanın qızı Mihrimah Sultan tərəfindən Memar Sinana tikdirilən Sultan mədrəsəsi Sultantəpədə hələ də tibb mərkəzi kimi fəaliyyətinə davam edir.

      Yenə memar Sinanın tikdiyi Şəmsi Paşa mədrəsəsi ki, hal-hazırda Rayon Xalq Kitabxanası kimi fəaliyyət göstərir, Atik Validə Mədrəsəsi, Əhmədiyyə Mədrəsəsi və Çinili Mədrəsəsi də Üsküdarın böyük mədrəsələrindən olmuşdur.

      Bundan başqa, Əyyub və Beyoğlu səmtlərində də onlarla mədrəsə fəaliyyət göstərməkdə idi.

       

      • Hits: 31 clicks

      Tecox component by www.teglo.info