157-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Aqil ƏLIYEV – QƏBIR DAŞLARININ DILI...

      Share

      İstanbulu gəzərkən, Osmanlı əsərlərini, məscidlərini ziyarət edərkən hələ də tarix qoxan küçələrində, yol kənarında mütləq qəbiristanlıqlara və müxtəlif görkəmdə qəbir daşlarına rast gələcəksiniz. 

       

      Şəhərlə iç-içə olan İstanbuldakı qəbiristanlıqlar bir çox yerli və xarici səyyahın diqqətini çəkmişdir.  Məşhur Fransız yazar və səyyah Cerard de Nerval (1808-1855), İstanbul qəbiristanlıqları haqqında bunları qeyd etməkdədir: “İstanbul boğazında son dərəcə gözəl və sərin bir yerdəyik. Buranın bir qəbiristanlıq olduğunu söyləməyimə ehtiyac yoxdur. İstanbulun bütün gözəl yerlərində, gəziləcək və zövq alınacaq görməli yerlərində qəbiristanlıqlar vardır.

      Bir də baxırsınız ki, hündür yaşıl ağacların arasında, oradan-buradan günəş şüalarının süzülərək rəngləndirdiyi, sıra-sıra xəyalat kimi daşlar düzülüb. Bunlar insan böyüklüyündə, mərmərdən düzəldilmiş qəbir daşlarıdır. Başları sarıqlı, üstləri yazılı qəbir daşları. Sarığın forması ölünün sağ ikən tutduğu vəzifəni, sosial səviyyəsini və qəbir daşının hazırlandığı tarixi bildirməkdədir.

      Qadınların qəbirlərində sütun formasında daşlar var. Fəqət bunlarda, baş yerində gül və ya çiçək dəstəsi şəklində bir bəzək qoyulur. Qabartma və ya oyma şəklində güllərlə bəzənmişlər”.

      İstanbuldakı qəbiristanlıqlar ətrafında yaşayan insanlara, onları hər gün izləyərək keçən sakinlərə sanki bu dünyanın fani olduğunu fısıldamaqdadır. “Huvəl Baqi - əbədi olan Odur (Allahdır)” yazılmış qəbir daşları hər kəsə: “siz də ölümü dadacaqsınız” mesajını verməkdədir.

      Osmanlı cəmiyyətində həyat və ölüm o qədər iç-içədir ki, vəfat edən insanlar evlərinin önündəki bağçaya, yaxud hər gün getdikləri məscidin bir kənarına belə dəfn ediliblər. İstanbulda yer alan Qaracaəhməd, Əyyub və ya Ədirnəqapı qəbiristanlıqlarının ətrafındakı divarlar 1950-ci ildən sonra hörülmüşdür. Osmanlı zamanında qəbiristanlıqları əhatə edən divarlar olmamışdır. Hər kəs rahatlıqla qəbirlərin arasından keçə bilməkdə idi. Xüsusilə xanımlar, uşaqlar və qonşular bir yerdə qəbirlərin ətrafındakı sahədə ikindi vaxtı toplaşıb mənəvi söhbətlər belə edərdilər.

      O dövrdə qəbiristanlıqlar şəhər və insanlarla iç-içə olur, sanki həyatda olan insanlarla birlikdə onlar da öz həyatlarına davam edirdilər. Onlar həyatda olanlara ölüm həqiqətini, dünyanın müvəqqəti bir yer olduğunu, əsl yurdun axirət yurdu olduğunu xatırladırdılar. Dolayısı ilə Allahı, ölümü unutmamalarına vasitə olur, həyatda olanlar isə onların yanından keçərkən ayaq saxlayıb qəbiristanlıqda uyuyanlara dua edirdilər.

      Günümüzdə isə qəbiristanlıqlar ya şəhər və kəndlərin kənarlarına, uzaq səmtlərinə salınır, ya da ətrafları yüksək divarlarla hörülür. Sanki insanlara ölümü unutdurub yalnız dünya həyatı üçün çalışması, bu uğurda əlindən nə gəlirsə etməsi duyğusu aşılanmaqdadır. Halbuki ölümdən və axirətdən xəbərsiz yaşayan insanın bir çox günahlara yönəlməsi, insanların haqqını yeməsi və başqalarına zülm etməsi qaçınılmazdır.

      İstanbuldakı qəbir daşlarında o qədər sənət əsəri var ki, bu qəbiristanlıqları açıq hava muzeyi kimi görmək olar. Bunlara bir neçə misal verək: Qəbir daşının başında bir baş geyimi, papaq varsa, əvvəla bu, bir kişi qəbridir. Xanımların qəbir daşları isə bir qadının zərif təbiətini ən gözəl şəkildə ortaya qoyan çiçəklərlə bəzənmişdir. Osmanlı xanımları gündəlik həyatda hicab geyindikləri üçün bu formada qəbir daşlarına da rast gəlmək mümkündür. Belə qəbir daşlarında başörtünü təmsil edən qismin altında xanımların alınlarına, yaxud boyunlarına taxdıqları qızıl boyunbağı və alınlıq deyilən zinət əşyaları əks etdirilmiş, qabartma şəklində eynilə qəbir daşlarına işlənmişdir.

      Necə ki, günümüzdə bir xanım evlənmədən əvvəl vəfat etdiyi zaman çox vaxt tabut, yaxud qəbir üstü qırmızı lentlərlə, güllərlə bəzənirsə, Osmanlıda da gənc yaşda, evlənmədən ölən qızların qəbir daşları duvaq şəklində hazırlanar, bu məzarların ayaq daşına qırılmış bir gül qönçəsi həkk edilərdi.

      Xanımların qəbir daşları bu şəkildə sinifləndirilirkən, kişilərin qəbir daşları isə daha müxtəlifdir. Çünki kişilərin qəbir daşlarında olan formalar qəbir sahibinin peşəsinə və sosial statusuna görə düzəldilmişdir. Bunları dörd qrupa ayırmaq mümkündür:  sarıqlı, əmmaməli, papaqlı və araxçınlı.

      Daha çox XVI əsrdən etibarən görülən belə qəbir daşlarının başına sarıq işlənməsi bu qəbrin sahibinin din müəllimi və ya dəftərxana nəzarətçisi olduğunu göstərməkdədir.

      Qəbiristanlıqlarda görülən ən ehtişamlı qəbir daşları başlarında əmmamə olan daşlardır. Belə qəbirlərin sahibləri indiki ifadə ilə desək, baş nazirlər (vəzir, sədrəzəm) və ya donanma komandirləri (kapitanı-dərya) olmuşdur.

      Qəbir daşlarındakı başlıqlar insanların peşələri yanında inanc və məzhəblərinə görə də şəkillənirdi. Bu da o dövrdə cəmiyyətdəki xoşgörü və inanc hürriyyətinə hörmətin bir ifadəsidir. Osmanlı cəmiyyətində insanlar inanc və məzhəblərinə görə fərqli geyimlər geyinə bilirdi. Bu fərqli geyimlərdə yer alan baş geyimi öldükdən sonra bu insanların qəbir daşlarına həkk olunurdu.

      Nəticə olaraq, qəbiristanlıqlar bir diyarın keçmişinə, tarixinə işıq salan ən mühüm abidələrdəndir. Bu mənada İstanbula tarixi səyahət edə bilmək üçün qəbiristanlıqlar vazkeçilməz qapılardan biridir.

       

      • Hits: 73 clicks

      Tecox component by www.teglo.info