Ramiz MƏMMƏDOV – QOCALDAN AYƏ

      Share

         Hud surəsində belə buyurulur: “(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi dosdoğru (düz yolda) ol. Səninlə birlikdə iman gətirənlər də (dosdoğru olsunlar). Həddi aşmayın (Allahın əmrlərini pozmayın), çünki O sizin nə etdiklərinizi görəndir!”. (Hud, 112)

      Abdullah ibn Abbas deyir ki, “Hz. Peyğəmbərə bundan daha çətin bir ayə nazil olmamışdır”. Burada Allah-Təala Hz. Peyğəmbərə (s.ə.s) vəhy olunan bütün işlərdə siratı-müstəqim üzrə olmağı əmr edir.  Eyni zamanda hər bir işdə Quran əxlaqı və əhkamına görə hərəkət edərək canlı nümunə sərgiləməyi istəməkdədir. Beləliklə, Hz. Peyğəmbərin doğruluğu onun peyğəmbərliyinin ən böyük sübutu olacaqdır. Bütün bunlardan ötrüdür ki, Allah-Təala Hz. Peyğəmbərə bildirir ki, sənə qarşı çıxanların sözlərinə fikir vermə, onları ciddiyə alma. Bunun yerinə istər möminlərlə bərabər görüləcək əməllərlə bağlı olsun, istərsə də özəlliklə peyğəmbərlik vəzifəsi ilə əlaqəli olaraq sadəcə səni maraqlandıran vəzifələr olsun, bunları tam yerinə yetir. Beləliklə, vəhy olunan əmr nə qədər ağır olsa da, nə o əmrin təbliğində, nə də onun icrasında heç bir maneə tanımayaraq əmr olunduğun kimi dosdoğru olmağa davam et.

      Təfsir kitablarında bu ayə ilə əlaqəli  qeyd olunan yuxarıdakı açıqlamalara əlavə olaraq Hz. Peyğəmbərin: “Bu ayə məni qocaltdı”, - buyurması hər bir müsəlmanı bu ayənin mahiyyəti haqqında daha dərin düşünməyə sövq edir.

      Qurani-Kərimdə günahkarların cəhənnəmdə yandırılacağı, yanarkən dəriləri təkrar-təkrar yenilənib bir daha yandırılacağı, qarınlarına od doldurulacağı, cəhənnəmin yanacağının daş və insanlardan ibarət olacağı, bütün bunlar yaşanarkən insanın ölməyəcəyi və kimiləri üçün bu əzabın əbədi olacağını bildirən çox sayda ayələr mövcuddur. Bu qədər qorxuducu ayələr deyil də, niyə məhz bu ayə Hz. Peyğəmbəri “qocaltmışdır”?

         Bir gün Hz. Peyğəmbərimizlə Əbu Dərda arasında belə bir dialoq keçir:

      - Ya Rəsulallah! Mömin oğurluq edərmi?

      - Bəli, bəzən ola bilər.

      - Bəs mömin zina edərmi?

      - Bəli (belə bir xətaya da düşə bilər).

      - Bəs yaxşı, mömin yalan danışarmı?

      - Xeyr! Yalanı ancaq iman etməyənlər uydurar. (Kənzul-ümman)

       “Əmr olunduğun kimi dosdoğru ol!”  ayəsi ilə yuxarıdakı hədisi-şərifi yan-yana gətirdiyimizdə Hz. Peyğəmbərin bu ayəyə qarşı  həssasiyyəti daha yaxşı anlaşılmaqdadır. Əslində qeyd olunan hədisi-şərif ilk baxışda təəccüb doğurur. Necə ola bilər ki, yalan danışmaq oğurluq və zina kimi günahlardan daha ağır olsun?

      İşin sirri də elə bundadır. Bu hədisi-şərifi təhlil edəndə görürük ki, bu mübarək kəlamdan bir möminin əslində heç bir günahı işləyə bilməyəcəyi mənası çıxır. Əgər mömin yalan danışmayacaqsa, o zaman gizlin olaraq edilən, aşkarlanacağı təqdirdə üz qızardacaq bir əməl olan oğurluq və zina kimi əməlləri də etməyəcək. Çünki doğru sözlü adamın etdiyi günahları etiraf edəcəyini nəzərə aldıqda o sadəcə hədisi-şərifdə qeyd olunan günahları deyil, ümumiyyətlə heç bir günahı etməməyə çalışacaq. Nəticədə, yalan danışmamaq, iradəsinə sahip olmaq  digər günahlardan uzaq durmaqdan daha asan deyildir. Doğruluq iradəsinə sahip olan bir mömin, hər halda, digər günahlardan uzaq durma iradəsini də göstərəcəkdir.

      Ayənin davamında belə buyurulmaqdadır: “Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də”. Müfəssirlərin bir qismi bu ayəyə əsaslanaraq  belə bir qənaətə gəlmişdir ki, Hz. Peyğəmbəri qorxudan məsələ möminlərin bu əmri yerinə yetirib-yetirə bilməyəcəkləri olmuşdur. Yuxarıdakı təhlilləri də göz önündə tutaraq “dosdoğru” olmağın  bütün günahlardan uzaq durmaq mənasını daşıdığını, bir insanın da heç bir günah işlətməməsinin həddindən artıq çətin olduğunu nəzərə aldıqda Hz. Peyğəmbərin bu ayə haqqında narahatçılığını daha yaxşı anlamaq mümkündür. Hz. Peyğəmbər “ismət” sifətinə sahip olduğu üçün onun cəhənnəmə getməyə səbəb olacaq bir günah işlətməyəcəyi məlumdur. Bu halda Hz. Peyğəmbəri “qocaldan” məsələnin bir yönü də möminlərin ayədə buyurulan “dosdoğru ol!” əmrini yerinə yetirməkdə səhlənkarlıq göstərəcəkləri təqdirdə yuxarıda təsvir olunan qorxunc cəhənnəmə düşmələrindən əndişə duyması olmuşdur.

       

       

       

       

       

      • Hits: 106 clicks

      Tecox component by www.teglo.info