Dr. Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      اَللّٰهُ يَتَوَفَّى الْاَنْفُسَ حِينَ مَوْتِهَا وَالَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا فَيُمْسِكُ الَّتِى قَضٰى عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْاُخْرٰى اِلٰى اَجَلٍ مُسَمًّى اِنَّ فِى ذٰلِكَ لَاٰيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

      “Allah əcəlləri çatdığı zaman insanların canlarını alar, ölməyənlərin canlarını da yuxuda (müvəqqəti olaraq) alar. Yuxuda ikən ölümünə hökm verdiyinin ruhunu saxlayar (canını alar), digərlərini isə müəyyən bir vaxta qədər (həyata) geri qaytarar. Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır”.

      (əz-Zümər, 39/42)

      İnsanı digər varlıqlardan ayıran ən əsas xüsusiyyəti ruh sahibi olmasıdır. Allah-Təalanın insanın canını alması isə ruhun bədəndən ayrılmasıdır. Ölüm hadisəsində Allah ruhu bədəndən tamamilə alır, bədən həm cansız, həm də şüursuz bir hala düşür. Ancaq yuxu dediyimiz psixo-fizioloji hadisədə insanda müvəqqəti şüursuzluq yaranmaqdadır. Bu da ruhun qismən bədəni tərk etməsi mənasına gəldiyi üçün yuxarıda qeyd etdiyimiz ayeyi-kərimədə Uca Allah yuxunu ölümə bənzətmişdir. Yuxulayan insan da ölü kimi heç bir şeyi görüb-eşitmədiyi üçün Quranda belə bir misal verilmişdir. Yəni bəzi insanların əcəli çatdığı üçün yuxuda ikən vəfat edər, digərləri isə səhər oyanar və əcəlləri çatana qədər yaşamağa davam edərlər.

      Qurani-Kərimin digər bir ayəsində: “Sizin üçün gecəni örtük, yuxunu istirahət vasitəsi, gündüzü də iş vaxtı edən Odur!” (əl-Furqan, 25/47) buyurularaq yuxunun bir növ istirahət olduğu bildirilmişdir. Bəs görəsən, insan yatarkən hansı bədən üzvü istirahət edir? Bunun cavabını bizə müsbət elmlər verir. Tibb alimlərinin bildirdiyinə görə, yatdığımız yuxu bədənin yox, məhz beyinin istirahət vaxtıdır. Belə ki, bədənimiz yorulduğu zaman bir az uzandıqda dincəlib yorğunluğunu çıxardar. Lakin beyin yorulduğu zaman mütləq insan yuxuya getməlidir ki, beyni istirahət etsin. Uca Allah bir ayədə “ölməyənlərin canlarını yuxuda (müvəqqəti olaraq) alar”, digər bir ayədə isə “yuxunu istirahət vasitəsi edən Odur” buyuraraq yuxunun əslində beyin istirahəti olduğuna işarə etmişdir. Belə başa düşə bilərik ki, hər nə qədər ruhun mahiyyətini dərk etməkdən aciz olsaq da, beyin və ruh arasında incə bir əlaqə vardır. Yəni beyin istirahətə çəkildiyi zaman bir növ insanın ruhu alınmış olar. Oyandığı zaman beyin təkrar fəaliyyətə keçər və bir növ ruh bədənə qayıdar.

      Allah-Təala ayənin sonunda: “Həqiqətən, düşünən insanlar üçün bunda ibrətlər vardır”, buyuraraq insana verilən yuxu nemətindən ibrət götürülməsini istəmişdir. Düşünüb ibrət götürmək isə sadəcə təfəkkür ilə yox, həm də Allahın yaratdığı mükəmməl varlıq olan insanla bağlı elmi araşdırmalar aparmaqla mümkündür. Əslində Uca Allah “ibrətlər vardır” ifadəsi ilə insanları Onun yaratdığı məxluqatı araşdırıb dərindən öyrənməyə dəvət etməkdədir.

       

      • Hits: 238 clicks

      Tecox component by www.teglo.info