Turan Çömez ilə Reportaj

      Share

      İrfan: Turan bəy,  ilk növbədə mümkünsə Azərbaycana gəliş səbəbinizi izah edin!

      Turan Çömez: Keçən aylarda Azərbaycanın Quba rayonunda kütləvi məzar aşkarlandığını öyrəndim. Bunu Türkiyə mətbuatından izlədim, lakin yetərli məlumat əldə edə bilmədiyim üçün öz gözlərimlə görmək məqsədilə Azərbaycana gəldim. Gəldim və bir daha öz gözlərimlə erməni terrorçularının törətdiyi qətliamların şahidi oldum.

      İrfan: Adətən ermənilərin törətdiyi soyqırımları tarixdən, müxtəlif mənbələrdən öyrənirik. lakin bu dəfə öz gözlərimizlə bunun şahidi olduq. Bu sizdə nə kimi təssüratlar yaratdı?

      Turan Çömez: Təbii ki, tarixdə bilinən bəzi gerçəklər vardır. Anadolu torpaqlarında, Azərbaycanın ayrı-ayrı bölgələrində erməni dəstələrinin törətdiyi qətliamlar qismən bilinir və bu faktlar tarix kitablarında öz əksini tapır. Mən keçən aylarda da Azərbaycana gəlmişdim. Hətta 31 mart soyqırımına həsr olunmuş konfransda çıxış da etmişdim. Hər zaman Azərbaycanın daha çox cənub bölgəsində törədilən soyqırımlardan söhbət açılır, lakin şimal regionuna daxil olan Qubada kütləvi məzarlığın aşkarlanması onu göstərdi ki, bu qətliamlar Azərbaycanın bütün əraziləri üçün xarakterikdir. 8-10 min arası soydaşımızın vəhşicəsinə qətl edilməsi və bunu öz gözlərimlə görmək məni dəhşətə saldı. Mən həkim olduğum üçün cəsədləri həkim gözü ilə də incələdim və xüsusilə uşaqların, qadınların qətlə yetirildiyinin şahidi oldum. Cəsədlər üzərində heç bir güllə izinə rast gəlmədim. Müşahidə əsnasında kəllə sümükləri üzərində güclü zərbə əlamətləri ilə qarşılaşdım. Burada qətlə yetirilən insanların kəllə, burun və çənə sümükləri qırılmış, dişləri çıxarılmışdı. Bu da onu göstərir ki, burada insanlığa yaraşmayan vəhşiliklər törədilmişdir. Burada qətliam yaşandığını sübut edən başqa bir fakt da ondan ibarətdir ki, məzarlıqda tapılan sümüklər qeyri-adi şəkildə idi. Bu da öz növbəsində göstərir ki, buradakı insanlar zorla və diri-diri torpağa verilmişdir. İçlərində bir-birinə sarılmış olanlar var. Üzü üstə, başı aşağı atılanlar var. Həmin gün insanlığın bu qədər alçaqlıq edə biləcəyinin və bu qədər vəhşiliyə qadir olduğunun şahidi oldum. İnanın ki, o gün axşama qədər gördüklərimin şokunu yaşadım.

      İrfan: Adətən mənfur qonşularımızın dünya ölkələrinə, Avropa xalqlarına türklərin və türk etnosuna mənsub olan xalqların vəhşi obrazını yaratmaqla məşğul olduqlarını görürük. Bu gün əlimizdəki faktlarla erməni terrorunu dünya arenasına necə əks etdirə bilərik?     

      Turan Çömez: Birinci növbədə bunu anlamaq lazımdır ki, bu məsələ Azərbaycanın və ya Türkiyənin məsələsi deyil, hər iki dövlətin məsələsidir. Bizim məsələmizdir, bütün türk dünyasının məsələsi. Qubada qətl edilən soydaşlarımız nə üçün qətl edildilər? Bu sualın bir cavabı var. Rus ordusunda Osmanlıya qarşı döyüşən erməni əsğərlərinin intiqam almaq niyyəti ilə. Hadisələri bir-birindən ayrı görməməli və bütün olaraq dəyərələndirməliyik. Mənim tövsiyəm ondan ibarətdir ki, biz həm Azərbaycan, həm də Türkiyə olaraq birlikdə mübarizə aparmalıyıq. Bu gerçəkləri əvvəlcə öz xalqımıza çatdırmalı, yeni nəsillərə bu şüuru a.ılamalı, sonra da dünya ictimaiyyətinə öz səsimizi duyurmalıyıq. Şəxsim adına qeyd edim ki, bu günə qədər bu məsələ ilə bağlı Türkiyədə əlimdən gələni etdim və bundan sonra da edəcəyəm. Məsələnin parlament səviyyəsində müzakirəsinə böyük səylər göstərdim. Həmçinin müxtəlif konfranslar və toplantılar təşkil etdik ki, bunlardan birini də Gəncliyə Yardım Fondu ilə müştərərək şəkildə həyata keçirdik.

      Təəssüf hissi ilə qeyd etməliyik ki, 5 milyondan ibarət erməni diasporası tamamən haqsız olduqları halda özlərini haqlı göstərərək bunu bütün dünyaya elan etməkdədirlər. Lakin biz soyqırıma məruz qaldığımız halda haqq səsimizi dünya arenasında qaldıra bilmirik. Artıq bu kimi addımları atmaq zamanıdır. Bunun üçün də Azərbaycan və Türkiyə birlikdə hərəkət etmək məcburiyyətindədir.İrfan: Turan bəy, bilindiyi kimi Qubada aşkarlanan kütləvi məzarlıqların tədqiqatı ilə bağlı Azərbaycan dövləti tərəfindən xüsusi komissiya yaradılıb və bu komissiyaya tarixçilər, antropoloqlar, həkimlər və bu kimi mütəxəssislər daxildir. Siz bu komissiya ilə təmasda oldunuzmu? Qarşılıqlı fikir mübadiləsi etdinizmi və nə kimi tövsiyələriniz oldu?

      Turan Çömez: Komissiyadakı yoldaşlarla görüşdük. Onların çox ciddi çalışma metodlarını təqdir edirəm. Burada Mədəniyyət Nazirliyi və bu sahədə səlahiyyətli nümayəndəliklərlə görüşəcəklərini söylədilər. Mən də öz növbəmdə Türkiyədə Mədəniyyət və Turizm Nazirliyi və Ümumi Muzeylər müdiriyyəti ilə əlaqə saxlayacağam. Mənim təklifim ondan ibarətdir ki, burada bir soyqırım muzeyi qurulmalıdır. Qurulacaq bu soyqırım muzeyinin dünya nəzdində tanıdılması lazımdır. Azərbaycana gələn xarici dövlət nümayəndələrinin oraya aparılması və oradakı qətliamları birbaşa öz gözləri ilə görmələri üçün əldən nə gəlirsə həyata keçirilməlidir.

      Mən müşahidə etdiklərimin Türkiyə mətbuatında işıqlandırılması üçün çəkdiyim şəkilləri və yazılan yazıları oraya göndərdim. Türkiyəyə qayıdan kimi də bu həqiqətləri bir çox dövlətlərin xüsusilə də İsrailin Xarici İşlər Nazirlərinə e-mail vasitəsi ilə çatdıracağam. Çünki o qətliamlarda sadəcə azəri türkləri deyil, eyni zamanda Qubada yaşayan yəhudilər də həlak olmuşdur. Bu qətliamların əslində bütün bəşəriyyətə yönəlmiş soyqırım olduğunu bütün gücümlə hər tərəfə bəyan edəcəyəm.

       

      İrfan: Bilindiyi kimi bu gün dünya dövlətləri bu məsələlərə ikili standartla yanaşır. Elə götürək türkiyənin Avropa Birliyinə üzvlük məsələsini. Hər dəfə qondarma erməni soyqırımını əsas alaraq əngəllər çıxarırlar. Qubada aşkarlanan kütləvi məzarlıqlarla bağlı müşahidə aparmaları üçün Azərbaycandakı xarici dövlətlərin səfirliklərinə müraciət etdik, lakin burada da ikili standartın şahidi olduq. Türkiyə və İsrail səfirliyindən başqa heç bir səfirliyin nümayəndəsi məsələ ilə bağlı müşahidələr aparmaq üçün Qubaya təşrif buyurmadılar. Türkiyənin bundan sonrakı siyasi gedişatında erməni məsələsi ilə bağlı nə kimi addımlar atılacaqdır?   

      Turan Çömez: Türkiyənin Avropa Birliyinə üzvlük məsələsində qeyd etdiyiniz kimi qondarma soyqırım məsələsi ilə tez-tez üzləşdik. Lakin çox açıq və qəti şəkildə deyə bilərəm ki, nə bu gün, nə sabah, nə də uzun illər sonra Türkiyədəki heç bir siyasi iradə qondarma soyqırımla bağlı təklifləri qəbul etməyəcəkdir. Türkiyədə heç kəsin belə bir yalanın ardınca getməyə nə istəyi, nə cəsarəti, nə də niyyəti var. Qərb heyranı olan bəzi adı ziyalı olanlar var aramızda. Hətta bəzi mənasız və əsassız sözlər də söyləyə bilərlər, lakin bilmənizi istərdim ki, Türkiyə bir dövlət olaraq, millət olaraq qondarma erməni soyqırımına qarşıdır və hər zaman bunu rədd edəcəkdir. Çünki türk milləti heç bir zaman zülm etməmişdir. Türk milləti alicənab millətdir. Getdiyi yerə sülh, qardaşlıq və mədəniyyət aparmışdır. Biz haqq səsimizi bir az əvvəl də qeyd etdiyim kimi birləşərək bütün dünyaya duyurmalıyıq.

       

      İrfan: Turan bəy, dəyərli vaxtınızı ayıraraq İrfan oxucusu ilə fikirlərinizi və təəssüratlarınızı paylaşdığınız üçün sizə öz minnətdarlığımızı bildiririk. 

      • Hits: 703 clicks

      Tecox component by www.teglo.info