Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Bir-birini istəyən qızla oğlanın valideynləri evlənsələr, onlar da evlənə bilərmi, yaxud da bunun tərsi olub valideynlər evlənmək istəsə, halaldırmı?

      Cavab: Qeyd edilən hər iki halda da qızla oğlan, yaxud arvad ilə kişi bir-biri ilə evlənə bilərlər. Belə ki, onların arasında nə qan qohumluğu, nə də süd qohumluğu vardır. Çünki  övladların hər ikisi də əvvəlki evliliklərdən dünyaya gəlmişlər. Ancaq, əgər uşaqlar körpə olsalar və iki yaşına qədər ögey anadan süd əmsələr, artıq süd qohumluğu meydana gəlmiş olur. Bunun nəticəsində onlar süd qardaş və bacıları olurlar və artıq bir-biri ilə evlənmələri halal olmur.

       

       Sual: Cümə namazı vaxtında alış-veriş etmək dinimizdə qadağandır. Artıq zəmanəmizdə online alış-veriş yayğınlaşıb. Belə ki, bir nəfərin satış saytı varsa və həmin vaxtda onun saytından alış-veriş edilirsə, bu haqda İslam alimləri nə düşünürlər?

      Cavab: Əvvəla qeyd etmək lazımdır ki, əgər cümə namazı vaxtında saytın alış-veriş xidmətini bağlamaq imkanı varsa, ən məqsədəuyğun olan həmin vaxtda bağlanmasıdır. Ancaq mümkün deyilsə, həmin şəxs cümə namazına getdikdən sonra başqasının onun saytından alış-veriş edərək cümə namazına getməməsindən məsul deyil. Belə olan halda cümə namazına getməyərək saytlardan alış-veriş edənlərin məhz özləri məsuliyyət daşıyırlar. Bundan əlavə, cümə namazından azad olan qadın, xəstə, uşaq və qeyri-müsəlman da bu kimi saytlardan alış-veriş edə bilər.

       

      Sual: Hər hansı bir səbəbə görə yeşikdəki birdən çox olan ana arıların tələf edilməsi caizdirmi?

      Cavab: Əvvəla qeyd edək ki, Uca Allah balı şəfa mənbəyi edərək insanların istifadəsinə vermişdir. Bununla bağlı Uca Allah “Nəhl” surəsinin 68-69-cu ayələrində belə buyurur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut!”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün ibrət vardır!” Ayədə də qeyd olunduğu kimi, arıların vəzifəsi bal istehsal etməkdir. Odur ki, ekoloji müvazinətə xələl gəlməməsi şərti ilə arıların istənməyən qədər erkək bala verməməsi, onların zəif düşməməsi, çoxlu miqdarda bal götürmək və ana arıların bir-birinə zərər verməməsi üçün çox olan ana arıların tələf edilməsində hər hansı bir qəbahət yoxdur.

       

      Sual: Xəstələnib müalicəsi mümkün olmayan pişik, it kimi heyvanların baytar tərəfindən tələf edilməsi halaldırmı?

      Cavab: Uca Allah digər nemətlər kimi, heyvanları da insanların xidmətinə vermiş və onlardan halal çərçivədə müxtəlif formalarda istifadə etməyə icazə vermişdir. Belə ki, məsələn: “Nəhl” surəsinin 80-ci ayəsində belə buyurulur: “Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi”. Bununla yanaşı, İslam dini bütün canlılara qarşı olduğu kimi, heyvanlara qarşı da şəfqətli və mərhəmətli olmağı əmr etmişdir (Buxari, Müsaqat, 10; Müslim, Salam, 40). İnsanın xidmətinə verilən canlılara qarşı mərhəmətlə rəftar etməsi ilə yanaşı, onların sağlamlıq və təmizliklərinə də mümkün mərtəbə riayət edilməli və onlara qayğı göstərilməlidir. Belə olan halda xəstələnən heyvanların imkan daxilində müayinə və müalicələri aparılmalıdır. Çünki bu, həm mərhəmətin, həm də sağlamlıqla bağlı tədbirlərin zəruri bir nəticəsidir. Ancaq ölümcül bir xəstəliyə tutulmuş və müalicə edilərək sağalması mümkünsüz olan və möhkəm ağrılara məruz qalan bir heyvanın baytarın nəzarəti ilə tələf edilməsində bir günah yoxdur.

       

      Sual: Görmə qabiliyyəti olmayan bir şəxs imamlıq edə bilərmi?

      Cavab: İmam olmaq üçün tələb olunan şərtlər arasında gözlərin görməsinin vacibliyi məsələsi yoxdur. Görmə qabiliyyətini itirmiş bir müsəlman namaz qıldıra bilər. Hz. Peyğəmbərin (s.ə.s) Abdullah ibn Məktumu öz yerinə vəkil qoyduğu vaxtlar da olmuşdur (Əbu Davud, Xərac, Fəy və İmarə, 3). Bəzi fikirlər irəli sürülmüşdür ki, görmə qabiliyyəti olmayan insanlar natəmiz yerlərdən keçərkən ehtiyat edə bilmədiklərinə görə imamlıq etmələri məkruhdur. Lakin fəqihlərin ümumi rəyi budur ki, əgər İslami elmlərə yiyələnmiş və bu həssaslığı bilən bir insandırsa, sözügedən məkruhluq da aradan qalxmış olar.

       

       

       

      • Hits: 44 clicks

      Tecox component by www.teglo.info