Quran Təlimi / Lokman Helvacı

      Share

      Qurani-Kərimin Rəhman surəsi Allahın Quranı öyrətməsini xəbər verərək başlayır. Burada Allahın Rəhman ismi vurğulandıqdan sonra birbaşa Quranı öyrətməsindən söz açılır.

       Bu o deməkdir ki, Allah bizə acıdığı üçün Quranı göndərmiş və onu təlim etmişdir. Bu işdə vasitəçi olan hz. Məhəmməd (s.ə.s)-ə də ilk əmri “Oxu!” olmuşdur. Quranı oxuduqca Rəbbimiz bizi əsirgəyəcəkdir.

      Hər bir müsəlman Rəbbinin “Oxu!” əmrini özünə verilmiş əmr olaraq qəbul etməli və ondan gələn mesajı anlaya bilmək üçün Quranı oxumalıdır. Digər tərəfdən ibadətlərdə də tilavət zərurətini diqqətə alarsaq bunun nə qədər zəruri olduğu ortaya çıxar.   

      Quran öyrənmək üçün hansısa yaş məhdudiyyəti yoxdur. Namazını qıla biləcək qədər Quran əzbərləmək fərzdir. Ancaq hər işdə olduğu kimi Quran təlimində də uşaqlıq çağları ən əlverişli zamandır.

      Uşaqlıq illərimizin unudulmaz və ən gözəl xatirəsi yay tətilində getdiyimiz əlifba kursları və məscid həndəvərində keçən müstəsna vaxtlardır.

      Uşaqlarımızın dini tərbiyə almaları və Quranı öyrənmələri üçün əlimizdən gələni etmək hər birimizin valideyn olaraq ən ümdə borcudur. Özümüz öyrədə bilmiriksə bir müəllim taparaq övladlarımızın axirətdəki gözəl yurda hazırlanmaları üçün ilk addımı atmalı və bu borcdan xilas olmalıyıq. Quran ayəsində “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...” (ət-Təhrim, 6) buyurulur. Digər tərəfdən “Qurani-Kərimi oxuyan və onun əmrlərini yerinə yetirən bir insanın ata-anasının başına qiyamət günündə günəşdən daha parlaq bir tac qoyular.” (Əbu Davud, Vitr 14) hədisi-şərifi də bu gözəl işdə övladına yardımçı olan valideynləri müjdələməkdədir.  

      Quranla bağlı bir gerçək də budur ki, qəbirdə münkər və nəkir mələklərinin verdiyi suallardan biri “Kitabın nədir?” şəklində olacaqdır. İnşallah hamımız bu suala “Qurani-Kərimdir” deyə cavab verərik deyə ümid edirəm. Lakin bir anlıq düşünün ki, o cavabı verdiyiniz halda Quran oxumağı bacarmırsınız. Bu səhnəni gözünüzün önündə canlandırın ki, vəfat etmisiniz, sizi kəfənləmiş, dəfn edib üstünüzə torpaq tökmüşlər. Yasin oxunub, ruhunuza bağışlanmış... Hamı evinə dağılmış, münkər-nəkir mələkləri gəlib soruşur:

      - Rəbbin kimdir?

      - Allah (c.c)

      - Peyğəmbərin kimdir?

      - Hz. Məhəmməd (s.ə.s)

      - Kitabın nədir?

      - Qurani-Kərim

      (Bu sualın verilməyəcəyini bilirik, lakin)

      - Kitabını oxuya bilirsənmi? -deyə soruşsa

      - Xeyr, -demək istərdinizmi? Bəs övladınızın necə?

      Şəxsən mən belə olmasını arzu etmirəm.

      Neçə gündür uşaqları yaz kursuna göndərməklə bağlı bir məqalə yazmaq istəyirdim, amma yaza bilmirdim. Bu gün yeddi yaşlı oğlum yaz kursunda dərsə başladığı üçün rahatlıqla bu yazını yazdım. Qurani-Kərimin fəziləti və məxluqat üzərində təsiri ilə bağlı əsri-səadətdə baş vermiş bu məşhur hadisə ilə yazımı tamamlamağı düşünürəm:

      Üseyd (r.a) bir gecə Quran oxuyurdu. Yanına bağladığı atı qəflətən şahə qalxdı və qəribə hərəkətlər etməyə başladı. Üseyd oxumasını kəsdikdə at sakitləşdi. Yenidən oxumağa davam etdikdə isə at sanki nədənsə qorxurmuş kimi şahə qalxıb kişnəməyə başladı. Nə baş verdiyini bilməyən Üseyd oxumasını kəsdi. Çünki oğlu atın yaxınlığında yatmışdı. Eyni şey üçüncü dəfə də təkrarlandıqda Üseyd başını yuxarı qaldırdı. Səmada, içində parıltılı qəndillər yanan bir buludun yavaş-yavaş yüksələrək gözdən itdiyini gördü. O, bu hadisəyə çox heyrətlənmişdi. Səhər açılan kimi birbaşa Peyğəmbərimizin yanına gedərək baş verənləri ona danışdı. Peyğəmbərimiz Üseydə belə buyurdu:

      - Axx, Üseyd! Kaş, oxuyaydın! Gördüyün şeylər səni dinləməyə gələn mələklər idi. Əgər səhərə qədər oxumağa davam etsəydin, onlar səni dinləyəcəkdi. Səhər açıldıqda isə hamı onları görəcəkdi. Kaş oxumağa davam etsəydin! (Buxari, Mənaqib 25)

      Allahdan təmənnam odur ki, bütün valideynlər övladlarının öyrənəcəyi və mühafizə edəcəyi Quran sayəsində o uca müqəddəs kitabın şəfaətinə nail olsun!

       

      • Hits: 1038 clicks

      Tecox component by www.teglo.info