t.f.d Abbas QURBANOV – ŞƏRQDƏN QƏRBƏ

      Share

      Mədəniyyət - torpaq və ruhun birləşməsi, torpaq qaynaqlarının insanın istək və həyat tərzinə uyğun olaraq dəyişməsidir şəklində tərif edilə bilər. 

      Sarayların, məbədlərin, təhsil qurumlarının (məktəb, universitet), sənətin, ədəbiyyatın və sənayenin təməlində ancaq insan vardır.

      Bir insana ruh və məna verən, onu müəyyən bəzi davranışlara məcbur edən xüsusiyyət mənsubu olduğu dinin əmrləridir. Meşədən ov gətirən ovçu, ağac kəsən odunçu, sürüsünü güdən çoban, tarlanı şumlayan, əkən, biçən, beləliklə, məhsul əldə edən əkinçi, heyvan yetişdirən kəndli, ev işlərini görən qadın, torpağı qazan mədənçi, ev, gəmi, maşın düzəldən usta... bunların hamısı zəif  kürəklərində mədəniyyətimizi daşıyan səbirli, fəqət hərəkətli ünsürlərdir. İslam dünyasında fəal olan bütün bu insan resursları zamanla Qərb mədəniyyətinin aparıcı dinamikləri rolunu oynamışlar.

      Xristian Qərbin bəzi məşhur müəllifləri hicri 114/miladi 732-ci il tarixdə Fransadakı Puatye müharibəsində İslam ordusuna başçılıq edən Əndəlus valisi Abdurrəhman əl-Qafikiyə qarşı xristian ordusunun başında olan Charles Martelin müzəffər olmasını cəhlin elmə qarşı zəfəri şəklində qəbul ediblər. (Vill Durant, İslam Mədəniyyəti, səh. 95)

      Məlum olduğu kimi, təmizlik İslamın əhəmiyyət verdiyi başlıca prinsiplərdən biridir. Bu səbəblə istər Qurani-Kərim, istərsə də Hz. Peyğəmbərin (s.ə.s) hədislərində bu məsələ üzərində əhəmiyyətlə durulur. Belə ki, təmizlik olmadan bir çox ibadətin edilə bilməyəcəyi əmri hər müsəlmanın həm bədənini, həm paltarını, həm də yaşadığı yeri təmiz saxlamaq  məcburiyyətində olmasını tələb edir. Bunun üçündür ki, daha ilk gündən etibarən müsəlmanlar təmizliyə riayəti mühüm bir vəzifə olaraq qəbul etdilər. Çünki təmizlik olmadan Allahın hüzuruna çıxmaq sayılan “namaz” qılına bilməz, Onun kitabı olan Qurani-Kərim oxuna bilməz və camaat içinə çıxıla bilməz.

      Bu və buna oxşar bir çox vəzifənin yerinə yetirilə bilməsi təmizlik şərtinə bağlanmışdır. Bu anlayışın nəticəsi olaraq ibadət məkanı olan məscid tikilmədən əvvəl onun inşaatında işləyənlərin təmizliyi üçün ilk əvvəl hamam tikilərdi. Çünki bu inşaatda işləyən adamların təmiz olması lazımdır. Bütün bu səbəblərdən ötrü müsəlmanlar təmizliyin hər növünü həyata keçirə biləcək olan vasitələrdən istifadə edəcək həssasiyyətə malik oldular. Bu incə nüanslara diqqət edildiyi üçündür ki, orta əsrlərdə inşa edilən müqəddəs abidələr eyni ehtişamı ilə günümüzə qədər öz varlığını davam etdirməkdədir.

      Məscid, mədrəsə,  məktəb, kitabxana, xəstəxana, karvansaray və s. kimi müəssisələri daxilində cəm edən külliyənin (kompleks) bir də hamamı olardı. Beləliklə, səhhət, tərbiyə, iaşə, dincəlmə və təmizlik kimi insanın əsas ehtiyaclarını ödəməyə yönələn müvəffəq fəaliyyətlər üçün təsis edilən külliyənin hamamsız olması düşünülə bilməzdi. Bunun üçün hər bir külliyənin mütləq bir hamamı da olardı.

      Günümüzdə gigiyena və yoluxucu xəstəliklər məlum aktual məsələlərdəndir. Bu baxımdan İslamın təmizlik həssasiyyətinə bir daha dərindən nəzər salmaq ehtiyacı var. “Təmizlik imandandır” və ya “Bir yerdə vəba (xəstəliyi) olduğunu eşitsəniz, oraya daxil olmayın. Əgər olduğunuz yerdə (belə bir yoluxucu xəstəlik) baş vermişsə, oradan da çıxmayın”, – buyuraraq yoluxma və karantin   məsələlərini müxtəsər təsbit edən bu möhtəşəm hədis kimi insanı heyrətdə qoyan yüzlərlə tibbi hədis İslam təbabətinin mənşəyini öyrənən Qərb tədqiqatında mühüm bir yer tutur. ( İ. H. Danişmənd, Qərb Mənbələrinə Görə İslam Mədəniyyəti, səh. 26-27)

      Bu da bir tarixi həqiqətdir ki, Avropa (Qərb dünyası) nə qədər qədim ənənələrə sahib olsa da, şərqlə olan əlaqələrindən sonra həyatın bütün sahələrində çox şeylər qazanmağa başlamışdır. Bütün bunların bariz nümunəsini İspaniyanın fəthindən sonrakı tarixi seyrdə görə bilirik. Müsəlmanların orada etdiklərinin hamısını saymasaq da, təkcə təhsil ilə əlaqədar olanlarını sadalamaq belə ehtişamlı mədəniyyət tarixini təsəvvür etmək üçün kifayətdir. Hər tərəfdə məktəb, məscid və xəstəxanalarla birgə kitabxanaların da tikilməsi İslam mədəniyyətinin elmə də ibadət, təmizlik və sağlamlıq qədər əhəmiyyət verdiyindən xəbər verirdi. Kordovadakı saraylarda elm və dövlət adamları, şairlər və sənətkarlardan meydana gələn məclislər qurulurdu. Açılan məktəblər pulsuz fəaliyyət göstərirdi...  

      Gələcəkdə Avropanın heyran qalacağı məşhur məktəblərin təməlləri o dövrdə atıldı. Bu da danılmaz faktdır ki, İslamın qazandırdığı təmizlik ənənəsi və elmi yeniliklər gələcəkdə Avropada yaşanacaq olan intibah dövrünün başlanğıcı olmuşdur.

       

      • Hits: 67 clicks

      Tecox component by www.teglo.info