155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Altay RƏHİMOV – ALLAHIN SEVDİYİ QƏLB

      Share

      Təsəvvüfün qayəsi insanı kamala çatdırmaqdır. Kamil insan  olmaq üçün qəlbimizin saflaşması lazımdır. Qəlb bədənimizin və ruhumuzun mərkəzindədir. 

      Qəlb Allahı anma yeridir. Qəlb təfəkkür məkanıdır. İlahi mənzərələrin mərkəzidir qəlb. Qulluğun özünə ancaq qəlb ilə çatmaq olar.

      Uca Yaradan bizdən təmizlənmiş, içi kirlərdən (kin, həsəd, paxıllıq və s.) boşaldılaraq tərbiyə olunmuş bir qəlb istəyir. Qəlbin müalicəsi ruhun aid olduğu Allahı zikr etməklə olur. Qəlbin xəstəlikləri zikr ilə təmizlənər. “Qəlb” ilə “inqilab” kəlmələrinin kökü eynidir. Qəlb çevrilən, dəyişkən bir varlıqdır. Harada olarsa, o məkan və insanların rənginə boyanacaqdır. Belə ki, qəlb forma və rəng alan qab içindəki su kimidir. İnsan sağlam əqidəyə sahib olsa, qəlb də gözəl bir forma alar və səadətə qovuşar.

      Uca Allah Şərəfli kitabında belə buyurur:

      “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!) (ət-Tövbə, 119)

      İnsan bədəni turabidir, torpaqdan gəlmişdir. Yemək, içmək, yatmaq və s. kimi işlər etibarıyla digər məxluqat ilə eynidir. Amma ruh etibarıyla da nuranidir, Allaha mənsubdur. İnsanda nəfsani arzular qalib gələrsə, Allahdan uzaqlaşar, ruh aləmi incəlik, zərafət və dərinliyini itirər, qəlb qaralmağa başlayar. Fəqət insanda ruhani həyat qalib gələrsə, Allaha yaxınlaşar, qəlbi və bədəni nurlanar.

      Qəlbin saflaşdırılması, tərbiyə edilməsi üçün bir rəhbərə ehtiyac vardır.

      Çörəyin hazırlanması üçün bir çox məşəqqətlərə qatlanırıq. Buğda əkilir, sonra biçilir, üyüdülməsi üçün dəyirmana aparılır, üyüdüldükdən sonra əldə olunmuş saf un su ilə yoğrulub xəmir halına gətirilir, daha sonra təndirə verilərək bişirilir. Çörəyin bu hala gəlməsi üçün bir insana ehtiyac vardır.

      İnsan da nəfsini təzkiyə, qəlbini təsfiyə edə bilməsi üçün bir rəhbərin əlində yoğrularaq saf bir hala gəlməlidir. Qəlb təmizlənmədikcə nurlanmaz və bu halda insan əsla qəlbi xəstəliklərdən qurtula bilməz.

      Bir ağacın kökündə çürüklük varsa, onun əlaməti budaqlarında və yarpaqlarında da ortaya çıxar, meyvəsində belə özünü hiss etdirər. Qəlbdə də xəstəlik, çürüklük olarsa, bədənin hər üzvündə və hər işində onun əsəri və zərəri görülər. Nəfsin əsiri olan qəlblər küfr, şirk, əxlaqsızlıq, şəhvət və vəsvəsə ilə doludur. Bu halda olan qəlblər müalicə edilməlidir.

      Peyğəmbərimiz (s.ə.s)  bir hədisində:

      “İnsanın bədənində bir ət parçası var; əgər o çürük olarsa, bütün bədən çürük olar, əgər sağlam olarsa, bütün bədən sağlam olar. O ət parçası qəlbdir”,- buyuraraq qəlbin sağlam olmasını istəmişdir.

      Qızıl istehsal edənlər tonlarca torpaqdan qramla qızıl çıxardırlar. Bu onların məharətini ortaya qoymaqdadır. İnsanın məharəti də nəfs kirindən təqva atəşi ilə təmizləyərək könlü parlaq bir hala gətirməkdir. Heç bir iş görmədən varlıqlar dəyər qazanmaz. Arı bal istehsal etməsəydi, ona kim dəyər verərdi?.. İnsan da qulluq imtahanından müvəffəqiyyətli bir şəkildə keçməlidir ki, Allah qatında dəyər qazansın.

      Təmizlənmiş qəlb yaradılanlara əziyyət verməz, heç kimsədən inciməz, bir kimsəyə yaxşılıq etdiyində ondan qarşılıq və mükafat gözləməz.

      Kamil insan saleh və sadiqlərlə bərabər olar. Mənasını düşünərək Qurani-Kərim oxuyar və namaz qılar. Orucu haqqı ilə tutmağa çalışar və ac qalmağa-aclığa əhəmiyyət verər. Davamlı zikr halında, səhərlər daima yalvarış, istiğfar və dua halında olar. Daima Allahı anar və təfəkkür halında olar.

      Qəlbi-səlim nəfsani arzulardan təmizlənib zikrin yerləşdiyi, Allah-Təalanın razı olduğu qəlbdir. Uca Allah belə buyurur: “Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar”. (ər-Rad, 28)

      Başqa bir ayeyi-kərimədə isə:

      “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa! (O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar”. (əş-Şuəra, 88-90)

      Qəlbin təmizlənməsi üçün insan yediyi qidalara da diqqət etməlidir. Qəbul edilən halal qida səbəbi ilə ruhaniyyət və feyz əldə edilərkən, haram və şübhəli qidalar da insanı qəflətə düçar edər.

      Allah dostları qəlb aləmini inkişaf etdirərkən iki xüsusiyyətə diqqət çəkmişlər: “Yeyərkən ağzınıza girənə, danışarkən ağzınızdan çıxana diqqət edin!”.

      Çirkinliklərdən qurtulan qəlb qəfəsdən qurtulan quşa bənzəyər ki, sonsuzluğa doğru qanad çırpmağa başlayar. Allahın gözəl sifətləri ilə bəzənməyə başlayan qəlb Allahın rəhmətinə tabe tutular və saflaşmağa başlayar. Hər gördüyü mənzərədə Allahı xatırlayar. Mükəmməl bir qul, ona baxıldığında Allahı xatırladan və o baxdığı hər mənzərədə Allahı xatırlayandır.

      Rəbbimiz hər birimizə halal qidadan istifadə etməyi, dua və istiğfara sarılaraq qəlbimizin mənfiliklərindən qurtulub saf, təmiz, səlim bir qəlbə sahib olmağı nəsib etsin.

       

      • Hits: 92 clicks

      Tecox component by www.teglo.info