Ömrün Tükənən Anlari / Dr. İbrahim BAL

      Share

      Yer üzünün xəlifəsi olaraq yaradılan insanın zaman və məkandakı ilahi və sonsuz həqiqəti anlaması; zamanın fərqinə varması və kainatdakı rolunun nə olduğunu dərk etməsi deməkdir.

       İnsanın da içində yer aldığı kainat müvəqqəti varlıqdır. Elə bir varlıq ki, yoxdan var olmuş və ölümə doğru yol almaqdadır. Allahdan başqa hər şey məhvə məhkumdur. (əl-Qəsəs, 88)

      İnsanın yer üzündəki varlığının sona çatması olan ölüm zamanın dəyişikliyə uğradığı bir qapıdır. Allah insanın və kainatın qiyamət gününü “qeyb” olaraq gizli saxlamış və özündən başqa heç kimə onun zamanını bildirməmişdir. Belə olan təqdirdə insanlar hər an intizar içində olacaq və hər “an”a hazır olmağa cəhd edəcəkdilər. Çünki həyat deyilən zaman kəsiyi məhdud zaman içində hüdudsuz və əbədi səadət həyatını qazanma mərhələsi olaraq qarşımızda durmaqdadır.   

      Zamanı insan ömrü olaraq qəbul edərsək başlanğıcı məlum, lakin sonu məchul bir prosesdən ibarət olduğunu görərik. Hər gün “ölüm rabitəsi” ilə “xəyali ölüm”ü yaşayan və bununla da ölmədən əvvəl öldükdən sonrakı həyatın sirrinə vaqif olmaq üçün yaşayan sufilərin zamanı qayəsinə uyğun və lazımi şəkildə dərk etmək mövzusunda çox mühüm bir düsturu hədəf olaraq ortaya qoyduqlarını söyləyə bilərik.   

      Bir mömin üçün zamanın əhəmiyyətini içində olduğu “an”da Allah ilə əlaqəsinin hansı şəkildə olması müəyyənləşdirir. Ümumi mənada zamanın nə olduğu və ya keyfiyyəti bu əlaqənin varlığı və keyfiyyəti miqyasında dəyər qazanır. Bu isə zahirdə deyil, yalnız batində yaxalana bilər. Edilən hər hansı bir ibadətin qiyməti onun şəklindən çox niyyət və səmimiyyətindədir. Bu mənada zamanın, yəni həyatın xüşusu hər nəfəsdə Allahın hüzurunda olduğumuzun fərqində olmaqla, yəni “ehsan” məqamında yaşamağa cəhd etməklə mümkündür.    

      Bizim tərəflərdə el arasında “necəsən?” sualına cavab olaraq “İki arada bir dərədəyik” şəklində bir söz işlənir. Bəsit kimi görünən bu söz dərin hikmət və həqiqətə malikdir. İki aradan məqsəd keçmiş və gələcəkdir. Dərə isə dayanmadan axıb gedən əlimizdəki zamandır. Bu mənada bütün insanlar indiki zamanı yaşamaqdadır. İnsan yalnız içində olduğu zamanda, yəni indiki zamanda fəal ola bilər.

       

      Geçti mâzî çekme istikbâle gam

      Gün bu gün, saat bu saat, dem bu dem

       

      Hamımızın müşahidə etdiyi bir gerçək var. Ahıl yaşda olanlardan nə qədər yaşadıqlarını soruşduğumuzda çox vaxt “Sanki bir gün kimi keçdi” deyərlər. Qiyamətdən sonra da bu şəkildə olacağını Qurani-Kərim bizə bildirir. “Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!” (ən-Naziat, 46)

      Bu prizmadan baxarsaq sufilərin bütöv bir ömrü bir gün kimi qəbul edərək “ömür bir gündür, o da bu gündür” sözlərinin dərin hikmət daşıdığını görmək mümkündür. Bütün ömür bir günə, günün hər “an”ı isə həyatın bir gününə bənzər. Yaşanan gün sanki ömrün son günüdür. Bu anlayış Quranda öz əksini tapır. Zümər surəsinin 42-ci ayəsində insanların yuxuda olduqda bir növ ölümü yaşadıqları ifadə edilir: “Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!” 

      Bu ayədə insanın ölümü bir mənada onun qiyaməti olaraq göstərilir. Yəni insan hər gecə fərdi qiyamətini, səhər olduqda isə həşri yaşamaqdadır. Gecə qiyamətin, gündüz isə həşrin simvoludur. İnsan hüceyrələrinin davamlı yenilənməsi də bir tərəfdən ölüm, digər tərəfdən isə dirilişdir. Bu da insan üçün bir qiyamət və həşrdir. Quran ayəsi gündəlik həyatın bəsit kimi görünən, ancaq incə və dərin hikmətlərin olduğu hadisəni ağıl sahibləri üçün böyük bir ibrətlə dolu olduğunu bildirərək insandan bu mövzu üzərinə təfəkkür etməsini istəməkdədir.

      Oyandığı hər günü həyatının yeganə və son günü olaraq bilənlərin “ağlı nəfəsində olur.” Hər dəfə tənəffüs etdikdə iki şükür gərəkdirən nəfəsimizi mühafizə edə bilməyin yolu həyatı şüurlu yaşamaqdan keçir.

      “Nəfəsinə hakim olmayan nəfsinə də hakim olmaz.”

       

      • Hits: 1054 clicks

      Tecox component by www.teglo.info