Rəşad MANAFOV - İNSAN KİMDİR?

      Share

      Elm adamlarının insan haqqında əldə etdikləri biliklər və məlumatlar insan davranışlarını dərk etməyi, anlamağı, şərh etməyi və insanın hansı şərtlərdə necə davranacağını müəyyən etməyi izah edir.

       İnsanlar və davranışları araşdırılarkən zaman və məkan fərqliliyi pəncərəsindən də məsələ ələ alındığı üçün, fərqli mədəniyyətlər içində yaşayan fərdlərin zehniyyətləri, xarakterləri, əxlaq anlayışları, fərdi inkişafları bir-birindən fərqli olaraq önümüzə çıxır.

      İnsanın kim olduğunu dərindən öyrənməyimiz üçün onu yaratmış olan, quraşdırıb şəkil verən, onun keçmişini və gələcəyini bilən Rəbbimizin kitabına müraciət etməyimiz gərəklidir. Quranda Allah-Təala insanın kim olduğunu, bu dünyada nə iş görəcəyini, zəif və güclü tərəflərini və buna bənzər bir çox xislətlərini bizlərə izah etmişdir. Aşağıda insanı ümumilikdə izah edən bu ayələrdən bəzilərinə yer verdik: 

      1- İnsana əmanət verilmişdir, lakin o, çox zalım və cahildir.

      "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar isə bunu götürməkdən (işin ağır məsuliyyətindən) çəkindilər, qorxdular. Onu insan yükləndi. Həqiqətən, o, çox zalım (və), çox cahildir".(əl-Əhzab, 72) Yəni Allahın qoyduğu nizam-intizam, qanun-qayda və bəzi şəxsi məsuliyyətləri qorumaqdan üz çevirənlər və bunları öyrənmək belə istəməyənlər çox zalım və cahil kimsələrdir.

      2- İnsan tələskəndir.

      "İnsan tələsən (bir təbiətdə) yaradılmışdır".(əl-Ənbiya, 37) Bu ayədə insanın özünü kamilləşdirmə yolunda irəliləməkdə çətinlik çəkdiyi, səbirsiz və tələskən  olduğu vurğulanmışdır. Axirətdən daha çox bu dünyada ləzzətlərə qərq olmaq üçün tələsdiyi ifadə olunmuşdur.

      3- İnsan mənfəətinə çox düşkündür.

      "İnsanlardan bəziləri Allaha (şübhə və tərəddüd içində) yalnız təkyönlü qulluq edər: Özünə bir yaxşılıq etsə, buna çox şad olar; bir də müsibətə məruz qalsa, çöhrəsi dəyişər (dindən üz çevirər). O, dünyasını da, axirətini də itirmişdir. Məhz bu, açıq-aydın ziyanın elə özüdür".(əl-Həcc, 11)

      4- İnsan Allaha qarşı çox nankordur.

       "Şübhəsiz ki, insan Rəbbinə qarşı çox nankordur. Əlbəttə, buna özü də şahiddir".(əl-Adiyat, 6-7) Bu ayədə işarə edildiyi kimi, insana verilmiş çox sayda nemətə qarşılıq onun Rəbbinə asi olması sadəcə nankorluqla açıqlana bilər.

      5- İnsan həris və xəsisdir.

       "Xeyr! Doğrusu, siz yetimə ikram etmirsiniz; yoxsulu yedirtməyə bir-birinizi təşviq etmirsiniz! Haram-halal ayırmadan mirası hərisliklə yeyirsiniz! Malı hədsiz dərəcədə sevirsiniz!"(əl-Fəcr, 17-20)

      6- İnsan qısqanc və həsədçidir.  

      "Nəfslər qısqanclığa meylli olaraq yaradılmışlar".(ən-Nisa, 128)  "Yoxsa onlar Allahın lütfündən verdiyi şeylərdən ötrü insanlara paxıllıqmı edirlər?"(ən-Nisa, 54)

       7- İnsan zəif yaradılmışdır. "Allah sizi bundan əvvəl zəif olaraq yaratdı, zəifliyin sonrasında sizə qüvvət verdi, qüvvətli zamanın ardından da zəiflik və qocalıq verdi".(Rum, 54)

       "İnsan zəif yaradılmışdır".(ən-Nisa, 28) İnsan hər baxımdan zəifdir və hər zaman Allaha möhtacdır. Ən azından belə düşünə bilərik: insanın - havaya, suya, yeməyə, yuxuya, müalicəyə hər zaman ehtiyacı vardır. İnsan zəif və aciz olduğunu qəbul edərək Allaha möhtaclığını etiraf etsə, Allah onu hər zaman gücləndirər və ucaldar.

      8. İnsana xəlifəlik verilmişdir.Xatırla ki, Rəbbin mələklərə: Mən yer üzündə bir xəlifə yaradacağam, - dedi. Onlar: “Bizlər səni həmd və təqdis edərkən, səni zikr edib durarkən, yer üzündə fəsad çıxaracaq, orada qan tökəcək insanı, yoxsa xəlifəmi qılırsan?” - dedilər. Allah da onlara: “Sizin bilmədiyinizi hər halda mən bilirəm”, - dedi”.(əl-Bəqərə, 30) İnsan bu dünyada yaradılmış hər şeyin ədalətli bir ağası – xəlifə olduğunu xatırlayaraq, xəlifə kimi davranması lazım ikən, təəssüflər olsun ki, dünyanın quluna çevrildi, kölələr kimi həyat sürməyə başladı. Şeytan insana xəlifəliyin izzət və şərəfini unutdurdu.

      9. İnsan ən mükəmməl məxluqdur. “Biz insanı ən gözəl biçimdə yaratdıq. Sonra da çevirdik, aşağıların aşağısına atdıq”.(ət-Tin, 4-5 ) “Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik”.(əl-İsra, 70). Yaradılmışların ən mükəmməli olan insan, özünə verilmiş olan saysız nemətlər içində həm özünü, həm də Rəbbini unutduğuna görə, qəlb gözü bağlanır və nəticədə xüsran içində qalır.

      Əslində, “insan kimdir?” sualına belə cavab verə bilərik: “İnsan – başında daşıması lazım olan səltənət tacını ayağının altına qoyan, üzərində oturduğu nemətləri unudaraq üsyan edən, əlində güclü bir əsa (dəstək və güc) olduğu halda ona söykənməkdə təkəbbürlük edən, önündəki qaranlığa dalmaq üçün tələsən bir məxluqdur”.

      Sadalanan pis xislətlərdən(cəhalət, nankorluq...) uzaq olan insan, başqa bir kəlmə ilə, “özünü bilib, Rəbbini tanıyan” bir insan isə məxluqat içərisində ən şərəfli, ən üstün mərtəbəyə yüksələr; dünya və axirətdə səadətə qovuşar.

       

       

       

      • Hits: 109 clicks

      Tecox component by www.teglo.info