Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Namaz ibadəti bizdən əvvəlki ümmətlərdə də olubmu?

      Cavab: Qurani-Kərimdə Həzrət Muhamməddən (s.ə.s) əvvəlki peyğəmbərlərə də namaz qılmağın fərz buyurulduğu müxtəlif ayələrdə bildirilmişdir.

       (əl-Bəqərə, 2/83; Yunis, 10/87; Hud, 11/87; İbrahim, 14/37, 40; Məryəm, 19/30-31, 54-55; Taha, 20/14; əl-Ənbiya, 21/72-73; Loğman, 31/17) Qeyd edilən ayələrdən aydın olur ki, namaz ibadəti sadəcə Həzrət Muhammədin  (s.ə.s) ümmətinə xas olmayıb, əvvəlki ümmətlərdə də vardı. Sözügedən ayələrdə əvvəlki ümmətlərin namazlarında da qiyam, rüku və səcdə kimi əsas rüknlərin mövcud olduğu bildirilməklə yanaşı, necə qılındığına dair təfərrüatlı məlumat verilməmişdir.

       

      Sual: Qurani-Kərim tilavət edilərkən məscidə girən bir kəs “təhiyyətül-məscid” namazı qıla bilərmi?

      Cavab: Qurani-Kərim tilavət edilərkən bir müsəlman məcbur qalmayınca başqa bir işlə məşğul olmayıb Qurana qulaq asmalıdır. Çünki Uca Allah: “Quran oxunan zaman onu dinləyin və susun! Ola bilsin ki, sizə mərhəmət olunar”, (əl-Əraf, 7/204) – buyuraraq, möminlərə Quran oxunarkən ona qulaq asmağı əmr edir. Ancaq Quranı dinləmək fərzi-kifayə olduğuna görə, əgər oxunan yerdə Quranı dinləyən bir nəfər belə varsa, təhiyyətül-məscid namazı qılmaq olar.  

       

      Sual: Cənazənin olduğu yerdə Qurani-Kərim oxuna bilərmi?

      Cavab: Yuyulanadək cənazənin olduğu otaqda Quran oxumaq məkruhdur. Başqa yerdə oxuna bilər. Cənazə yuyulduqdan sonra yanında da oxuna bilər. Ancaq malikilərə görə, hər bir halda; şafeilərə görə isə dəfndən əvvəl Qurani-Kərim oxumaq məkruhdur.

       

      Sual: Namazda sadəcə qəlblə niyyət etmək kifayətdirmi?

      Cavab: Niyyət namazın şərtlərindən biridir. Niyyət qəlbə aiddir və insanın bir işə qərar verməsi, onu nə məqsədlə yerinə yetirdiyinin şüurunda olması mənasına gəlir. Namazda əsas olan qəlbdəki niyyətdir. Buna görə də ağızla ifadə etməməyin hər hansı zərəri yoxdur.

       

      Sual: Namaz qılacaq bir məscid tapa bilməyən müsəlman kilsə və ya sinaqoqda namazını qıla bilərmi?

      Cavab: Ümumiyyətlə, yer üzünün hər tərəfi müsəlmanlar üçün ibadət yeridir. Belə ki, Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Yer üzü mənim üçün təmiz və ibadət edə bilməyim üçün məscid edildi”. (İbn Hənbəl, Müsnəd, IV, 471-472) Odur ki, təmiz olması şərti ilə hər yerdə namaz qılmaq olar. Bundan əlavə, əgər kilsə və sinaqoqda namaz qılmaq məcburiyyəti yaranarsa, imkan varsa, orada rəsm və heykəllərin üstünün örtülməsi məqsədəmüvafiqdir.

       

      Sual: Üşr zəkatı verilən bir məhsul əldən çıxarılmayıb saxlansa və üstündən bir il də keçsə, bu məhsuldan təzədən bir də üşr zəkatı verilməlidirmi?

      Cavab: Üşr zəkatı verilən əkin məhsulları ticarət məqsədi güdülmədən anbarda saxlansa və üstündən də bir il keçdikdən sonra satılarsa, əldə edilən gəlir nisab miqdarına çatsa belə, bu gəlirdən zəkat vermək vacib olmaz. Çünki zəkat üşr ilə birləşməz. Yəni üşrü verilən bir malın ayrıca bir də zəkatı verilməz. Ancaq üşrü verilən bir məhsul satılar, əldə edilən pul nisab miqdarına çatar və üstündən bir il də keçərsə, belə olan təqdirdə sözügedən gəlirin ayrıca bir də zəkatı verilməlidir. Bundan əlavə, satın alınan və ticarət məqsədi ilə saxlanılan əkin məhsullarının, bir illik ehtiyac istisna olmaqla, qalan hissəsi nisab miqdarına çatar və üstündən bir il də keçərsə, onun qırxdabir miqdarında zəkatı da verilməlidir.

       

      Sual: Yararsız vəziyyətə düşən məhsulun üşr zəkatı verilməlidirmi?

      Cavab: Əgər məhsul yığımdan sonra yararsız vəziyyətə düşübsə, üşrü mütləq verilməlidir. Əks təqdirdə, yəni yığımdan əvvəl tarlada, bostanda yararsız vəziyyətə düşərsə, sözügedən məhsulun üşr zəkatını vermək vacib olmaz. Bununla bağlı Uca Allah “Ənam” surəsinin 141-ci ayəsində belə buyurur: “Talvar üzərində olan və talvarsız (öz gövdəsi üstündə duran) bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü haqqını (üşr zəkatını) verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.

       

      Sual: Zəkat verməsi vacib olan bir müsəlman zəkatını vermədən yoxsullaşsa və sonra da vəfat etsə, həmin zəkatın məsuliyyətindən azad olarmı?

      Cavab: İmkanlı olan bir müsəlman vaxtında zəkatını verməz, sonra da yoxsullaşar və vəfat edərsə, zəkat borcundan azad olmaz. Belə olan halda zəkat borcunu ödəməyən bir müsəlman zəkatının ödənməsi üçün varislərinə vəsiyyət etməli və varisləri də onun qoyub getdiyi mirasdan zəkat borcunu ödəməlidirlər. Əgər vəsiyyət etmədən ölərsə, məsuliyyəti məhz öz boynunadır. Bundan əlavə, qoyub getdiyi varisləri onun adına təsəddüq edərlərsə, sözügedən borcdan azad olacağı ümid edilir.

       

      Sual: Bir neçə il zəkatını verməyən imkanlı bir müsəlman zəkat borclarını necə verməlidir?

      Cavab: Zəkat verməsi vacib olduğu halda bir neçə ilin zəkatını verməyən bir müsəlman, əgər imkanı varsa, keçmiş illərin də zəkatını verməlidir. Çünki keçmiş illərin zəkatı onun boynunda bir borc kimi qalır.

       

      • Hits: 77 clicks

      Tecox component by www.teglo.info