REDAKTORDAN

      Share

      İllərdir bizimlə bu yolda irəliləyən, bizə dəstək olan daimi abunəçimiz və “İrfan” karvanına yeni qoşulanlar, hər birinizi ən səmimi duyğularla salamlayırıq. 2005-ci ildən bu yana 14 ili arxada qoyduq.

       Hər il yeni abunəçilərlə tanış olduq, hər ay evlərinizə qonaq gəldik. Xalqımızın, İslam dünyasının ümumi problemlərinə toxunmağa çalışdıq, sevincləri paylaşdıq, dərdlərə şərik olmağa çalışdıq. Bütün uğurlarımızın arxasında kollektiv əməyimizlə yanaşı, sizdən aldığımız dəstəyin də böyük rolunun olduğunu fəxrlə qeyd etmək istəyirik. Ümid edirik ki, birlikdə daha çox nailiyyətlər əldə edəcəyik.

      Əziz Oxucu!

      Yeni bir ilin astanasındayıq. Həyatımızda bizim üçün yeni bir səhifə açılır, Allah hər birimizə yeni bir il bəxş edir. Bunu düşünərək keçmişdə yaşadıqlarımızı və etməli olduğumuz halda laqeyd yanaşdığımız xeyir əməllləri göz önünə gətirməli, növbəti ildə lazımi addımları atmalıyıq. Bu dünya Rəbbimizin rizasını qazanacağımız bir məkandır. Əlimizdəki fürsətlərdən məhrum olmadan bizi Ona yaxınlaşdıran əməllərə tələsməliyik. Jurnalımızın buaykı mövzusu “xeyir işlərə tələsmək”dir. “Nə qədər ki gec deyil” başlıqlı məqalə hər birimizə vaxt var ikən oyanmağı və xeyir işlərə tələsməyi xatırladır. “Yarım xurma deyib keçmə” adlı yazıda əlimizdəki imkanları xor görməməyi, bir udum su ilə də olsa yardım etməyin mümkünlüyünü oxuyacaqsınız. “Qocalıq və xəstəlik gəlmədən” gəncliyin və sağlamlığın qədrini bilmək lazımdır. Son nəfəs gəldiyi vaxt peşmançılıq keçirməmək üçün “Peşman olmadan” xeyirxah addımlar atılmalıdır. Tezliklə il dönümünü qeyd edəcəyimiz 20 yanvar faciəsini qəhrəmanlıq salnaməsinə çevirənlər də vaxtında, Vətənin dar günündə candan fədakarlıq etməsəydilər, bu gün gec qalınmış olacaq və bəlkə də, müstəqillik nemətindən məhrum qalacaqdıq.

      Xülasə, nə qədər ki gec deyil, peşman olmayacağımız addımları vaxtında atmalı, can və maldan fədakarlıq edərək Allahın rizasını qazanmalı, insanlıq naminə xeyir işlərə can atmalıyıq. Gəlin hər birimiz önümüzdə bizi gözləyən bütöv bir ilin xeyirlərə vəsilə olması üçün xeyir işlərə tələsək!

       

       

       

      • Hits: 62 clicks

      Tecox component by www.teglo.info