155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    t.ü.f.d Abbas QURBANOV - PEŞMAN OLMADAN

      Share

      Allah-Təala Əsr surəsində “zaman”a and içərək diqqətimizi ömrümüzün keyfiyyəti üzərində cəmləməyimizi arzu edir. Zaman kitab və sünnənin ruhaniyyəti içində dəyərləndirilərsə, cənnətə vüslət vəsiləsidir.

      İnsan bütün varlığını fidyə olaraq versə, əcəl vədəsini bir saniyə belə irəli və ya geriyə dəyişdirə bilməz. Əbədi aləmin hazırlıq mərhələsi olan dünya həyatı qısa bir müddət ərzində sahib olduğumuz bir dəfinə kimidir. Ona görə də həyat nemətinin qədir-qiymətini bilib onu layiqincə dəyərləndirmək lazımdır. Çünki bu neməti hədər etməyin yerini heç cür əvəz edə bilmərik.

      Zamanı heç bitməyəcəkmiş kimi nəfsani arzular arxasında nadanlıqla hədər etmək və qulluq vəzifələrini tərk edib gecikdirmək son nəfəsdə qəhredici bir peşmanlıq səbəbi olar. Son nəfəsimizin zamanı məchul olduğu üçün bizi əbədi həyatda nicata qovuşduracaq olan ömrə hazırlıq günü elə bu gündür. Axirət azuqəmizin tədarükü demək olan saleh əməllər üçün an, bu andır. Ona görə də xeyirli işlərə tələsmək lazımdır.

      Həyatının hər anı ilə biz müsəlmanlara yol göstərən və nümunə olan Peyğəmbərin (s.ə.s) həyatında mövzu ilə bağlı saysız örnəklər vardır. Gözlərimizi yumaraq İslam tarixindən Taif səfərini film lenti kimi zehnimizdə canlandıraq. Taifə gələrkən qurduğu xəyal və planları heç olan, sonra isə daşlanaraq insanların hücumuna məruz qaldığını, aldığı yaraları və axan qanları unudaraq insanların bu halına daha çox üzülən Peyğəmbər (s.ə.s) Ninovalı bir kölə - Addas ilə qarşılaşır. Bu qarşılaşma Peyğəmbərə (s.ə.s) bütün mənfilikləri unutdurur. Vəhşətin qarşılığında bir insana belə olsa kəlmeyi-şəhadət gətirtmə sevincini yaşamaq bizlərə imanla şərəfləndirmədəki xeyrin dərəcəsini göstərməkdədir.

      Gözlərimizi açmadan peyğəmbər həyatının başqa bir zaman dilimində səyahətimizə davam edək: Hz. Əsma (r.anhə) belə nəql edir:

                  “Hz. Peyğəmbər (s.ə.s) Məkkənin fəthindən sonra bir gün Məscidi-Həramda oturarkən Hz. Əbu Bəkr atası Əbu Kühafəni onun yanına gətirdi.

                  Allahın Rəsulu (s.ə.s) onu görüncə:

                  - Ey Əbu Bəkr! Gərək yaşlı atanı bura gətirməyəydin, mən onun yanına gedərdim, - dedi.

                  Hz. Əbu Bəkr:

                  - Ya Rəsulallah! Onun sənin yanına gəlməsi sənin onun yanına getməyindən daha münasibdir, - qarşılığını verdi.

                  Rəsulullah (s.ə.s) Əbu Kühafəni qarşısına əyləşdirdi və əlini onun ürəyinə qoyaraq:

                  - Ey Əbu Kühafə! Müsəlman ol, qurtularsan! - dedi. O da müsəlman oldu, səmimi olaraq şəhadət gətirdi”. (İbn Sad, ət-Təbəqatul-Kubra, V, 451)

                  Hz. Peyğəmbər (s.ə.s) bir-bir bütün insanların müsəlman olmasına göstərdiyi fədakarlıqla yanaşı, onların bir an əvvəl iman gətirməsini də istəyirdi. Bəra (r.a) belə rəvayət edir:

                  “Dəbilqə geyinmiş bir adam gələrək:

                  - Ya Rəsulallah! Savaşda iştirak etdikdən sonra müsəlman olsam olar? - dedi.

                  Rəsulullah (s.ə.s):

                  - Müsəlman ol, sonra savaşda iştirak et!- dedi. Bu adam müsəlman oldu, savaşda iştirak etdi və şəhid oldu.

                  Rəsulullah (s.ə.s) onun haqqında:

      - Az əməl işlədi, amma çox qazandı! - buyurdu”. (Buxari,Cihad 13)

      İnsan əksəriyyətlə “sonra edərəm” deyə təxirə saldığı xeyirxahlıqlara o “sonra”larda da fürsət tapmaz. Elə buna görədir ki, ariflər “Sabah edərəm deyənlər həlak oldu” həqiqətinin hikmətini dərk etmişlər. Belə ki, sabahı olmayan bir gün hər an gələ bilər.

      Başqa bir hadisə isə bizlərə daha fərqli bir baxış tərzi qazandırmaqdadır:

      “Rəsulullah (s.ə.s) bir nəfərə: "Müsəlman ol!" - buyurdu. Həmin adam: “İçimdə belə bir istək yoxdur”, - dedi. Hz. Peyğəmbər (s.ə.s): “İstəksiz olsan da, İslamı qəbul et!” - buyurdu. (Əhməd ibn Hənbəl, Müsnəd, III, 109)

      Rəsulullahın (s.ə.s) bu davranışı insanların hər şeydən öncə və bir an əvvəl Allaha təslim olmalarının əhəmiyyətini göstərir.

      Bu ruhla yetişən səhabənin həyatında da bu mövzuda olan nümunələrin sayı-hesabı yoxdur. Bəs hazırda yaşayan bizlər necə? Dostumuzun xətalarını hər kəsə anladıb, onun səndən pis olduğunu dilə gətirərək bu rəzalət üzərindən özümüzü göylərə qaldırırıq, yoxsa onunla səmimi-qəlbdən iman qardaşı olaraq hisslərimizi paylaşıb, üst-başımızı palçığa bulaşdıraraq onu düşdüyü bataqlıqdan çıxarmağa çalışırıq?!

      “Bir gün Rəsulullah (s.ə.s) biz ümmətinə xəbərdarlıq mahiyyətində:

      - Öldükdən sonra peşman olmayacaq heç kimsə yoxdur, - buyurdu.

      - O peşmanlıq nədir, ya Rəsulallah? - deyə soruşulduqda, belə cavab verdi:

      - (Ölən) muhsin (ehsan sahibi, yaxşı) biri isə, bu halını daha çox artırmamış olduğuna, əgər pis biri isə, pisliklərdən vaz keçərək halını islah etmədiyinə peşman olacaqdır”. (Tirmizi, Zöhd, 59/2403)

      Yəni saleh kimsələr belə, dünyada sahib olduqları nemətləri Allah yolunda nə üçün daha çox sərf etmədik deyə peşman olacaqlar. Qafillərin peşmançılığını isə ifadə etməyə kəlmələr acizdir.

      İndi isə xəyallar aləmindən gözlərimizi açaq və peşman olmamaq duyğuları ilə həyatda edə biləcəyimiz yaxşılıqları etməyə tələsək.

       

      • Hits: 99 clicks

      Tecox component by www.teglo.info