Möhtərəm könül insanı Osman Nuri Topbaşla Hüdayi Vəqfi və “Rəhmət İnsanı” barədə…

      Share

      “KÖNÜLLƏR DƏRGAHA ÇEVRİLMƏLİDİR”.

      İrfan: 1985-ci ildən bu yana on illər keçib. Əziz Mahmud Hüdayi Vəqfi necə ərsəyə gəldi, doğuş hekayəsi nədir? Bu toxumun torpağa düşməsi necə baş verdi? İzninizlə oradan başlayaq.

      Osman Nuri Topbaş: Hər şey belə başladı; deməli, evimiz Üsküdardadır. Əziz Mahmud Hüdayi məscidi və türbəsi bizə böyük hüzur və feyz verirdi. Tez-tez Hüdayi məscidinə gedir, Həzrəti ziyarət edirdik.

      Yaxın yoldaşlardan biri məscidə imam təyin edildi. Bir gün: “Mübarək günlərdə bura gələnlər çox olur. Bəzən iftar vaxtı da gəlirlər. Deyirəm, bəlkə iftar verək? Mən bağçaya tərəvəz əkmişəm, siz də ətini, çörəyini alsanız, gələnlərə iftar verə bilərik”, - dedi. Beləcə, gələnlərə iftar verilməyə başlandı. Bu iftarlar böyük rəğbətlə qarşılandı. Bölgədəki yoxsullar, kimsəsizlər, eyni zamanda Həzrəti ziyarətə gələnlər bu iftarlardan istifadə edirdilər. Sonradan mərhum Fəxrəddin Tivnikli bəy: “Gəlin biz bunu daimi edək”, - dedi.

      Kasıb ailələr gəlib-gedirdi. Bəzisinə yeməyi qablara qoyub verirdik. Sonra bu xidmətin daha da genişlənməsi üçün bir vəqf tərkibində həyata keçirilməsi fikri yarandı. Sonra da “Bura gələ bilməyənlər var, onlara da ərzaq paylansın”, - deyib ehtiyac sahiblərinə ərzaq paylanması başladı.

      Ərzaq paylayanda gördük ki, ailələrin mənəvi ehtiyacları da var. Uşaqları pərişan haldadır. Bu səfər: “Ailələrin uşaqlarına İslami tərbiyə verək, yanlış yollara düşməsinlər”, - dedik. Çünki mənəviyyat olmadığı zaman yoxsulluq insanları yanlış yollara salır. Seldə axan kötüklər kimi, kimin hansı məcrada həlak olacağı bilinmir…

      Beləliklə, bir Quran kursu quruldu, yoxsul ailələrin uşaqlarını Quran kurslarına qəbul etdik.

      Sonralar bir ananın dilə gətirdiyi ürək dağlayan bu sözləri yad etmək istəyirəm:

      “Mən bir qızımı oxutmaq üçün sizə verdim. Oxudub müəllim etdiniz. Evlənib, Samsunda yaşayır. Orada müəllimə işləyir.

      O biri qızımsa sizin yoxluğunuzda Quran kursundan məhrum böyüdü. Aclıq, yoxsulluq və səfalət ucbatından pis yola düşdü. Kaş bu müəssisələr daha əvvəl qurulaydı!..”

      Bu minvalla Quran kursu, məktəb və universitet təqaüdlərinə başladıq. Daha sonra dünyadan yüksələn imdad səslərinə qulaq verdik.

      - Allah sonsuza qədər davam etdirsin, 1985-ci ildən bu yana Hüdayi məscidinin yanındakı aş evindən başlayan, oradan Afrikaya, Balkan yarımadasına, Qafqaza, Orta Asiyaya, hətta Cənubi Amerikaya qədər uzanan bir xidmət şəbəkəsi quruldu. Ümumi olaraq dəyərləndirəcək olsanız, “Hüdayi Vəqfi sizin üçün nədir?” desək, nə söyləyərdiniz?

      - Belə deyim: Qurani-Kərimdə Allahın ən çox “Rəhman” və “Rəhim” ismi yer alır. Peyğəmbərimiz aləmlərə rəhmət olaraq göndərildi. Deməli, mömin də “rəhmət insanı” olmalıdır. “Rəhmət toplumu” olmalı, ətrafa rəhmət saçılmalıdır.

      Hüdayi rəhmət insanı ola bilməyin hədəfləndiyi bir rəhmət dərgahıdır.

      Hər mədəniyyət öz insan modelini formalaşdırır. Bizim mədəniyyətin insanı da “rəhmət insanı”dır.

      Rəhmət insanı qayğıkeşdir, əlindəkini bölüşəndir, fədakardır, mərhəmətdən zövq alan kəsdir.

      Hüdayidə qurulan rəhmət dərgahında insanların sanki məhşər kimi qaynaşdığını gördük. Fəqir-füqəra, qərib və kimsəsiz insanlar… Hüdayi hamısının sığınacağına çevrildi.

      Necə olduğunu biz də bilmirik. Sanki ney kimi idik. Neyə üfürən nəfəs haradan gəlirdi? Bu güclü nəfəs qısa müddət ərzində haralara gedib çıxdı? Sanki badi-səba oldu. Söylədiyiniz torpaqlara: Orta Asiyadan tutmuş Afrikaya, Balkan yarımadasına qədər yayıldı.

      - Hüdayi getdiyi hər yerdə qarşılıq görür. Məsələn, Afrikada qarşılıq görür. Yəni mütləq hansısa bir ehtiyacı qarşılayır. Dünyada rəhmət toplumuna ehtiyac var.

      - Tamamilə doğrudur. Hətta bir çox yerdə: “Siz Osmanlının nəvələrisiniz, onu təmsil edirsiniz. Osmanlılar dünyaya mərhəmət yaydılar, haqq-hüququ təmin etdilər, ədalət gətirdilər. Siz onların nəvələrisiniz”, - dedilər.

      - Osmanlını necə anlayırlar?

      - Osmanlı dünyaya mərhəmət qanadı gərmişdir. Bugünkü dünyanın gedişatının tam əksinə…

      Bu gün sanki dünyanı bir neçə kovboy idarə edir. Kiminsə ağzından çıxan iki kəlmə bütün danyaya təlimat olur. Osmanlı elə deyildi. Osmanlı fəth etdiyi yerlərdə zülm etmədi. Məsələn, Polşada “Visla çayından Osmanlı atları su içirsə, burada haqq-hüquq var” sözü zərbi-məsələ çevrilmişdi.

      Osmanlı fəth etdiyi yerlərə seçilmiş, dərviş xislətli ailələri göndərirdi. Onların mərhəmət, şəfqət, nəzakət, zərafət və həssaslıqlarından təsirlənərək getdikləri bölgə əhalisinin əksəriyyəti müsəlman oldu. Məsələn, boşnakların, arnaudların müsəlman olması bu cür olmuşdu.

      - Əfəndim, bəzən Hüdayi bir qab şorba istəyənə şorba verir. Haralardadır Hüdayi? Məsələn, Azərbaycanda hansı ehtiyacı qarşılayır? Balkanlarda, Afrikada? Afrika ilə Balkan yarımadası bir-birindən fərqlidir, amma Hüdayi Afrikada da var, Balkan yarımadasında da… Hüdayinin çalışma sahəsi nədir?

      Hər şeydən əvvəl Hüdayi möhtacın dərdinə şərik olur, ona kömək əli uzadır. İnsanlar daima şəxsiyyət və xarakterə heyrandırlar. Yarasına məlhəm olduğunuz insan sizə məftun olur. “Siz necə də gözəl insansınız”, – deyir, sonra təqlid etməyə başlayır. Mənəvi tərəflərinizə, inancınıza maraq salır və İslamı qəbul edir.

      Rəsulullah r -in qəlbi dərya idi. Nə vardı könlündə? Bəşəriyyəti hidayətə qovuşdurma həyəcanı vardı. Hidayət tapan adamları da mənən təkamül etdirmək əzmi vardı. Çünki mömin gözəl bir rəhmət insanı olmalıdır…

      - Yardım edirsiniz, dinə çağırırsınız. Bu bir qarşılıq deyil ki? Belə düşünə bilərikmi?

      - Deyil. Belə düşünək: Peyğəmbərimiz r-ə təbliğ əmri gəldikdə qohum-əqrəbasını Səfa təpəsinə topladı. Onlara birbaşa “İslamı qəbul edin, müsəlman olun”, - demədi. “Bu qarşıdakı dağın arxasında düşmən var desəm, mənə inanarsınızmı?” – deyə soruşdu.

      Onlar da Peyğəmbərimizin şəxsiyyət və xarakterinə heyranlıqla:

      “Sənin dediyin hər söz doğrudur”, - dedilər. (Bax. Buxari, Təfsir, 26)

      Yəni Allah Rəsulu əvvəlcə öz şəxsiyyət və xarakterini təsdiq etdirdi. Onun şəxsiyyət və xarakteri insanları İslama cəlb etdi. Biz bunu gördük. Günümüzdə də insanların buna ehtiyacı var, yəni İslamı doğru təmsil edə bilənlərə.

      Allah dostlarından İsmayıl Ata həzrətlərinin gözəl bir ifadəsi var. Kamil bir mömini tərif edərkən belə deyir:

      “Sən günəşli zamanda kölgə, soyuqda kaftan, aclıqda çörək ol!..”

      Günəşli səhrada kölgə olmaq rəhmətdir. Coğrafi olaraq o yerə uyğun bir xidmət göstərilməlidir.

      Həzrət Mövlana belə deyir:

      “Şəms mənə bir şey öyrətdi:

      “Dünyada üşüyən biri varsa, isinməyə haqqın yoxdur!” Mən artıq isinə bilmirəm!..”

      Yenə İsmayıl Ata həzrətlərinin sözünə qayıtsaq:

      “Aclıqda yemək ol!” deyir. Yəni əlindəkini verməkdən həzz al, çörəyini bölüşərək doy!..

      Peyğəmbərimiz r-in mübarək evinə qənimətlər gəlirdi. Buna baxmayaraq, Aişə anamız buyurur ki, “üç gün evimizdə isti yemək bişməzdi”.

      Rəsulullah r əlindəkiləri paylayaraq doyardı. Müsəlmanların ehtiyacını təmin edərək doyardı. Kasıb, ac və qəribləri sevindirərək doyardı.

      Təbii ki, bu, könlün dərgaha çevrilməsinin, rəhmət insanı ola bilməyin ən ali misallarındandır.

      - Könlü dərgaha çevirmək ifadəsini işlətdiniz. Bu nə mənaya gəlir? Bir az açıqlaya bilərsinizmi? Dərgah necə bir yerdir ki, könül dərgah halına gəldikdə üşüyənə libas, günəşin altındakına kölgə olur? Necə bir yerdir, dərgah?

      - Dərgah yoxluqda qıvranan möhtaca sığınacaq olur. Yoxsul və yetimə açılan isti qucaq olur. Soyuqda titrəyənlər üçün isidici rəhmət nəfəsi olur. Ümmətin dərdi ilə dərdlənən ürək olur.

      Bu ürəyin içində kimlər var? Gözü yaşlı məsumlar, çarəsiz yaşlılar, bəlalar altında inildəyən qanadıqırıqlar var. Vətənindən qovulmuş məzlum köçkünlər var. Bu ürək onların hamısı üçün ata ocağı olur. Bu, qəlbin rəhmət dərgahı halına gəlməsidir.

      Zatən dərgahı inşa edənlərin könülləri də rəhmət dərgahı olmalıdır ki, onu layiqincə inşa edə bilsinlər. Yəni Yaradandan ötrü yaradılana şəfqət və mərhəmət, Xaliqin şəfqət nəzəri ilə məxluqata baxış tərzi mühümdür…

      Rəsulullah r necə tərbiyə etdi? Məsələn, Abdullah bin Cəfər t bir yerdən keçərkən gördüklərini belə nəql edir:

      “Qaradərili bir kölənin əlindəki üç parça çörəyi qarşısındakı köpəyə verdiyini gördüm. Əlində olanın hamısını ona verdiyini görüb yanına yaxınlaşdım.

      - Sən kimsən, bu üç parça çörək nə idi? - deyə soruşdum.

      - O çörəklər mənim bir günlük qazancımdır, - dedi.

      - Bəs bu gün nə edəcəksən?

      - Bu gün səbir edəcəyəm. Bu köpəyi də, məni də yaradan Allahdır. Allah-Təala bu köpəyi mənim qapıma göndərdi. O, mənim qonağımdır…”

      Bir anlıq düşünək: bu kölə neçə universitet bitirib? Hansı elmi ünvanın sahibidir, kimin tərbiyəsində yetişib? Bir kölənin qəlbi necə olur ki, belə bir rəhmət dərgahına çevrilir?

      Səhabədən Həzrət Cabir t belə buyurur:

      “Mühacir və ənsardan imkan sahibi olduğu halda vəqfi olmayan heç kimi tanımıram”. (İbn Qudamə, əl-Muğni, V, 598)

      Məhz bu, əsri-səadətdə yetişən möminlərin mərhəmət üfüqü idi…

      Hüdayi Vəqfi də Rəsulullah r və Onun tələbələri olan əshabın bu mərhəmət üfüqünü zəmanəmizə gətirməyə çalışan bir müəssisədir.

      Həmçinin Rəsulullah r -in qurduğu Əshabi-Suffəyə bənzər “insan yetişdirmə” xidmətlərini inşa və əhya etməyə çalışan bir müəssisədir. Çünki əbədi qurtuluşun yolu başqalarının da qurtuluşuna xidmət etməkdən keçir.

      Bəli, Hüdayi Vəqfi ilahi hüzura təmiz vicdanla və üzüağ çıxa bilmək üçün özünü dünyadan məsul bilən bir fədakarlıq müəssisəsidir.

      - Bu gün necə problemlərlə üzləşirsiniz? Vəqfdə nə kimi hadisələrlə qarşılaşmısınız?

      - Qəribə hadisələrə şahid olduq. Məsələn, Hüdayidə verilən iftarlardan birinə iki sərxoş gəlir. Ayaq üstə zorla duran sərxoşları görən camaatın bir qismi: “Tez çölə çıxardın onları! Belə mübarək bir gündə, mübarək saatda buranın havasını pozmasınlar!” - deyir. Bəzisi isə: “Bu gün biz bunların sərxoşluğuna baxmayaq. Allah bu iki ac qulunu bizim qapıya göndərib, özümüzü onlardan məsul bilək”, - deyir. 

      Nəhayət, içəri alınırlar, iftarda iştirak edirlər. Sonra onlardan biri halına valeh olunacaq qədər yaxşı dərviş oldu. Camaat da onu sevdi. Sonradan Hüdayi məscidinin zirzəmisində məskunlaşdı. O vaxtlar zirzəmi xaraba halda idi. Ziyanvericilər və həşəratlar vardı. Burada qalmasının təhlükəli olacağını dedik. O isə: “Mən onlarla dostlaşdım, mənə heç nə etmirlər. İndiyə qədər girmədiyim bataqlıq qalmadı, bura mənim üçün cənnət oldu”, - dedi.

      Sonra hər il həccə getdiyini öyrəndim. Camaatdan biri onu həccə aparırdı. Bir həcc səfərində təyyarənin “biznes sinif” bölümündə oturduğunu gördüm.

      - Xeyir ola?! - dedim.

      - Bir yeri iki nəfərə satıblar, ayaq üstə qaldığım üçün burada yer var deyib oturtdular, - dedi.

      Bir dəfə də onu Mədineyi-Münəvvərədə - Rövzədə gördüm. Hansı oteldə qaldığını soruşdum. “Burada Allah Rəsulunun otelindən daha gözəl otel varmı?” – dedi.

      Bu adam o iki sərxoşdan biri idi. Deməli, məxluqata Xaliqin şəfqət nəzəri ilə baxmaq lazımdır. Günaha duyulan nifrəti günahkara sirayət etdirməmək lazımdır. Günahkarı qanadıqırıq quş kimi görmək lazımdır.

      Başqa bir misal verim: Oğlu universitetdə oxuyarkən iflic olan bir ana gəldi. Ailədə bir oğul, bir də ana idilər. Onlara az miqdarda pul və qida yardımı edirdik. Bir gün həmin xanım gəlib:

      “Allah razı olsun! Biz indiyə kimi bu yardımlarla dolandıq. Aldığım sonuncu məbləğlə oğlumun cənazəsini dəfn etdik. Artıq tək özüm qalmışam. Mən də başımın çarəsinə baxaram. Siz bu yardımı başqa möhtaclara edərsiniz”, - dedi. Bax belə incə düşüncəli, alicənab insanlarla qarşılaşdıq. Bu cür misalların sayını artırmaq olar.

      - Bəs Afrika necə bir problem olaraq gəlir önünüzə?

      - Afrika əzilmiş halda gəlir. Afrika açıq həbsxanadır sanki. Fransız və ingilislər işğal edib qəbilələri bir-birinə düşmən etmişlər. Afrikanın bütün imkanlarını istismar ediblər. Aralarından qabiliyyətli uşaqları seçib özlərinə ram edib, oxudaraq dövlətin rəsmi qurumlarında yüksəldiblər. Pult ilə idarə olunan oyuncaq kimi onların üzərindən bu ölkələri idarə ediblər.

      Bir də ağdərili insana qarşı qorxu yaradıblar. Bölgə sakinləri: “Ağlar həmişə bizə zülm edib”, - deyirlər. Hətta fransızların idarə etdiyi Konqoda belə bir hadisə yaşanıb: Əhali zülmə etiraz edib qarşı gəldikdə bütün hamilə qadınları toplayıb mancanaqla yuxarı atıblar… Bu hadisədən sonra ağdərililərdən qorxmağa başlayıblar. Bu qədər acı psixoloji təsir buraxıblar.

      Ağdərili müsəlman görüb çox təəccübləndilər. Əcnəbi saydıqları halda bizi özlərindən bilib daha da yaxınlıq göstərmişdilər.

      - Hüdayi Afrikaya necə getdi? Özü getdi, yoxsa çağıran oldu?

      - Çağıran oldu. Nuh adlı Suriyada oxumuş bir qardaşımız bizi ora dəvət etdi. Dedi ki:

      “Maddi ehtiyaclarımız bir yana, biz mənəvi olaraq viran haldayıq. İslamı anlatmaq məcburiyyətindəyik. Yoxsa xalqımızı itirəcəyik. Xalqımız İslama da, xristianlığa da eyni səviyyəli din gözü ilə baxır. Buralarda dini müəssisələr qurulsa, tələbə göndərsək, həqiqətən, yerində atılmış addım olacaq”. Beləliklə, irşad fəaliyyətləri başladı. Bu irşad fəaliyyətləri ilə orada gerçək İslamla tanış olub müsəlmanlığı qəbul edənlərin sayı artdı. Hələ də hidayətə gələnlərin sayı durmadan artır, həmd olsun…

      - Zənnimcə buna bənzər hadisə ilə ilk dəfə Azərbaycanda qarşılaşmışdınız…

      - 1990-cı illərdə Azərbaycan yeni müstəqil olmuşdu. Şəki müftüsü Səlim Əfəndi ziyarətə gəlmişdi. O vaxt mərhum Nevzat Yalçıntaş bizə zəng elədi:

      “Orta Asiyaya yardım etmək barədə düşünürdünüz. Belə bir adam gəlib, yanınıza göndərirəm”.

      Soyuq, qarlı bir gün idi. Səlim Əfəndi xoş-beşdən sonra:

      “Biz acıq, siz toxsunuz. Bu, maddi aclıq deyil, mənəvi aclıqdır. Nə olar gəlin, bu işdə bizə yardım edin!..” – dedi.

      Sonra Azərbaycana səfər başladı…

      - Bu gün Türkiyədə suriyalı qaçqınlar var. Onlar da sizə üz tutur. Məsələn, Səlim Əfəndi belə bir problemlə önünüzə çıxanda və ya yoxsullar dərdini götürüb sizə gələndə nə hiss edirsiniz?

      - Əvvəlcə mühacir və ənsarı hiss edirəm… Müsəlmanların ictimailəşməsi lazımdır. Bütün insanlıqdan məsul olduqlarını dərk etməsi lazımdır. Müsəlmandırsa, qardaşıdır; müsəlman deyilsə, insanlıqda bərabərdirlər. İslamı təmsil edərək onun hidayətinə vəsilə olmağı hədəfləməliyik.

      Əshabi-kiram belə idi. Onlar ta Çinə, Səmərqəndə, Afrikaya getdilər. Oralarda İslamı təbliğ edərkən qılıncdan istifadə etmədilər. Qəlblərini işə saldılar. Könüllərini dərgah etdilər.

      - Bu kimi hallarda nəfs də hərəkətə keçər. “Başqası düşünsün. Hamısını mən düşünməliyəm? Gücüm çatmaz” kimi bir sıra fikirlər gələr insanın ağlına. Bu haqda nə düşünürsünüz? Nəticədə Hüdayinin də, şəxsən sizin də götürəcəyiniz yük məhduddur. Nə hiss edirsiniz?

      - Allah-Təala bizdən taqətimiz nisbətində əməl istəyir, artığını deyil!..

      “Sonra verdiyimiz nemətlərdən hesaba çəkiləcəksiniz!” (Bax. ət-Təkasur, 8) buyurur.

      Bizə verilən ən böyük nemət İslam nemətidir. Bu nemətin şükrünü etməyə çalışmalıyıq. Əshabi-kiram bu nemətin qarşılığını vermək üçün dünyanın dörd bir yanına yayıldı.

      Dünya bir məktəbdir. Qul Allahın verdiyi nemətlərə qarşı daima şükür halında olmalıdır. Allah-Təala Hz. Peyğəmbəri ən gözəl örnək olaraq göndərdi. Rəsulullah r əshabi-kiramı yetişdirdi.

      Onlar İslamı necə dərk edirdilər? Dünya gözlərində kiçilmiş, axirət isə böyük dəyər qazanmışdı. Sabah bu nəfsin son mənzilinin məzar olacağını anladılar. Bütün qayələri Allahın rizası oldu. Son nəfəsə qədər özlərinə bu sualı verdilər: “Görəsən, Allah məndən razıdırmı?”

      Əshabi-kiram riyazət halında yaşadı. Hədsiz istehlak, dəbdəbə və lüks yaşam tərzi səhabələrə yad idi.

      Bizə nümunə olan əsri-səadət insanında:

      - Dünyəvi mənfəət düşüncəsi yox idi.

      - İmanın ləzzəti hiss edilirdi.

      - Mərhəmət sonsuz idi.

      - İnsanlığa xidmət həyat tərzinə çevrilmişdi.

      - Fədakarlıq və İslam şəxsiyyəti sərgilənirdi.

      - Allah Rəsulunun halı ilə həmhal olmaq ən böyük qayə olmuşdu.

      Rəsulullah r belə buyurmuşdur:

      “Bir adamın hidayətinə vəsilə olmaq günəşin doğub-batdığı hər şeydən daha xeyirlidir”. (Bax. Hakim, Müstədrək, III, 690)

      Əshabi-kiramın Rəsulullah r sevgisi o qədər artdı ki, “Canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!” - dedilər. Rəsulullahın könlündə kiçicik bir yer əldə etməyi ən böyük səadət bildilər. Ona görə də Hz. Peyğəmbərin hər bir əmrini canlarına minnət bilərək yerinə yetirməyin həzzini yaşadılar. Hz. Peyğəmbər r: “Bu məktubu krallara kim çatdıracaq?” - dediyi zaman yeddidən-yetmişə hər kəs: “Mən, ya Rəsulallah!” - deyərək önə atıldı. Qarşılarına çıxacaq təhlükələri heç düşünmədilər.

      Xülasə, mömin son nəfəsinə qədər bu dünya məktəbinin tələbəsi olduğunu hiss etməlidir. Son nəfəsinə qədər dərslərinə çalışmalıdır. Dərsimiz isə Allaha qul ola bilmək, dünyanın gedişatından özünü məsul görə bilməkdir.

      - İslam dünyası say baxımından 1 milyard 700 milyon insanı əhatə edən, böyük və zəngin bir coğrafiyadır. Deyilir ki, zəkatı kifayət qədər verilsə, İslam dünyasında yoxsulluq qalmaz, hətta dünyanın digər coğrafiyalarına da təsir edər. Amma həssasiyyət yoxdur. Bu problemi görməmək mümkün deyil. Məsələn, Yəməndəki acını, suriyalı köçkünləri, yaxud Arakandakı, Şərqi Türküstandakı acıları görməmək mümkün deyil. İslam dünyasında nə çatışmazlıq var ki, “vəqf insanı” deyə biləcəyimiz adam sayı azdır?

      - Hazırda dünya müasir cahiliyyət dövrünü yaşayır. Cahiliyyət dövründə yaşananlar bu gün bütün dünyada yaşanır. Cahiliyyət dövründə nə vardı? Ən başda axirəti unutmaq vardı. Bu gün də televiziyanın və internetin dar dalanları insanlara axirəti unutdurur.

      Rəsulullah axirət xəbərini verdiyi zaman müşriklər ürpərdilər. “Birdən gerçək olsa?!” deyə təlaşa düşdülər. O axirət xəbərini susdurmağa çalışdılar. Bu gün də vəziyyət eynidir. İnsanlar axirət xəbərini eşitmək istəmirlər. Unutdurulmağa çalışılır. Çünki mənfəətpərəst bir qrup malını satacaq, istismar edəcək və s.

      Axirət nə ilə unutduruldu? Modalarla, reklamlarla. Əvəzində nə verdilər? İsraf çılğınlığı. İnsanlar israf çılğınlığı səbəbi ilə başqalarına yardım etməyə imkan tapmır. Vicdanlar daşlaşdı.

      Bütün bunlar axirəti unutdurur. Axirət unudulduğu zaman insan mənfəətpərəst olaraq yaşamağa başlayır. Eqoizm baş qaldırır. “Altda qalanın canı çıxsın” tərzində materialist fəlsəfə hakim olur.

      Dediyiniz kimi, Yəmən, Suriya, Myanma görünməz olur. Yəni insanlar duyğudan məhrum olur. Mehmed Akifin dediyi kimi: “Dişsizmi bir insan, onu qardaşları yerdi…” Təəssüf ki, dünya bu hala gəldi. Bu hal dindən uzaqlaşmanın nəticəsidir.

      Qısacası, hər müsəlman səy və cəhdlərini daha da artırmağa çalışmalıdır. Əshabi-kiramla mənim aramdakı məsafə nə qədərdir? Onların Rəsulullah sevgisi nə qədər idi, mənimki nə qədər? İnsanlığın qurtuluşu üçün onlar nə qədər çırpındı, mən nə qədər çırpınıram? Bu kimi sualları verərək səhabələrlə özümüzü maqayisə etməliyik.

      - Azərbaycan dedik bayaq. Səlim Əfəndi gəlib Azərbaycandan Türkiyəyə gələcək tələbələrin oxudulmasını istəyir. Sizi Azərbaycana dəvət edir və “inşallah, gələrik” deyirsiniz.

      Səlim Əfəndi geri qayıdarkən öz-özünə düşünür: “gələrik dedi, amma gələrmi, görəsən?”

      Bir həftə sonra telefon zəng çalır.

      - Kimdir zəng edən?

      - Osman Nuri Topbaş.

      - Haradan zəng edirsiniz? - deyə sizdən soruşur.

      - Bakıdan, - deyirsiniz…

      Yanvar ayı, qışın oğlan çağı… Heyrətə düşür.

      - Əfəndim, xəbər etsəydiniz, sizi qarşılayardıq, - deyir.

      Siz də:

      - İstanbuldan zəng etdik, əlaqə qura bilmədik. Qalxdıq, gəldik, - deyirsiniz.

      Bir həftə keçmədən dəvətinə səs vermənizdən heyrətə düşür. O hissi anlamaq istəyirik. Təbii, siz söyləmək istəmirsiniz, amma bir həftə içərisində bu nə həyəcandır, o ankı daxili hissinizi necə dilə gətirərsiniz?

      - Belə bir misal verim: qarşınızdakı bir binada yanğın baş versə, oradan imdad səsləri gəlsə, biz binanın önündə oturub “qoy çayımı içim, sonra gedərəm” deyə bilərikmi?

      Bizə də eyni təlaşla gəlmişdilər. Səlim Əfəndi “biz yanırıq” dedi. “Biz təmiz insanlar idik, yetmiş illik kommunizm bizi yandırıb-yaxdı”, - dedi.

      Belə bir yanğın qarşısında hansı vicdan səssiz qala bilər? Biz orada ola bilərdik, onlar da burada ola bilərdi…

      - Ora ilə bağlı başqa bir xatirə də belədir: Deməli, bir gün Şəkiyə getmisiniz. Uşaqlar Quran öyrənməyə başlamışlar. Qarlı bir gündür, amma kursun istilik sistemi xarab olub. Sizin üçün ayrı yer hazırlayıblar. Amma kursdakı istilik sisteminin hələ iki günə təmir olunacağını deyirlər. Bu zaman siz özünüzə ayrılan otağa girməmisiniz. “Kursun problemi həll olmadan, uşaqlar isinmədən mən evə girə bilmərəm”, - demisiniz. Sizin çöldə gözlədiyinizi görüb ümumi bir səfərbərliklə üç saat ərzində kursun problemini həll ediblər. Bu necə bir duyğudur?

      - Tam da xatırlaya bilmirəm. Bəlkə, bir az da şişirdiblər, bilmirəm. Amma orada insanların iztirab çəkdiyini gördük. Baxımsızlıq, sahibsizlik və kimsəsizlik var idi…

      Zatən Rusiya insanları istismar edərək pərişan hala salmışdı. Bölgə insanını içki düşkünü etmişdi. Spirtli içkilərin qiymətini xeyli aşağı salmışdı ki, camaat sərxoş olsun, başını qaldırıb etiraz etməyə halı qalmasın. Milləti beləcə acınacaqlı hala salmışdılar. Amma daxilən eynilə bizim Anadolu insanı kimi tərtəmiz insanlardı.

      - Zənnimcə Hüdayinin, eyni zamanda sizin oralara ilk gedişiniz 1992-ci ildə olmuşdu. O gündən bu yana 26 il keçir. Oradan gənclər gəlib, buradan müəllimlər gedib, Azərbaycan xeyli dəyişib. Azərbaycanın ilk günlərindən bu günlərə baxanda nə görürsünüz?

       - Allahın yardımını görürük. Biz buradan adam göndərərək müəyyən bir nöqtəyə qədər yardım edə bilərik. Amma oranın insanını gətirib, təhsilini tamamlayaraq ora göndərdiyimiz zaman buranın sevgisini aparmış oldular. Bütün bunlar Allahın yardımı ilə oldu. Bu, Allahın böyük bir lütfüdür. Faili-Mütləq Haqq-Təaladır.

      Yenə təkrar edirəm, biz bir ney kimi idik. Bir yerdən nəfəs, badi-səba gəldi və dünyanın bir çox bölgəsinə yayıldı. Lakin o bərəkətli nəfəsin haradan gədiyini bilmirik. Hüdayidən bir qab şorba alan çarəsiz bir qadının, yoxsa bir qəribin duasıdırmı? Yaxud Əziz Mahmud Hüdayi həzrətlərinin himmətidir, bunu bilmirəm. Ya da oraya verilən zəkatların, sədəqələrin halallığıdırmı, bilmirəm…

      Amma Allah-Təala orada ifadə edə bilməyəcəyimiz bir üfüq açdı. Orada həqiqi fail olaraq biz yox idik. Bu, Haqq-Təalanın böyük bir lütfüdür. Biz bir neçə aciz insan orada nə edə bilərdik? Daima, hər şeydə Allahın yardımını görməliyik. Rəbbimiz hər birimizə ixlas nəsib etsin.

      Ayeyi-kərimədə buyurulur:

      اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَع۪ينُ

      (Allahım!) Yalnız Sənə ibadət edir və yalnız Səndən yardım diləyirik”. (əl-Fatihə, 5)

      Biz toplu halda Allaha nə qədər qulluq edə bilsək, Rəbbimizin yardımı da bir o qədər gələr. Bir çox yerdə buna şahid olduq.

      - Əfəndim, orada Səlim Əfəndi var, Hüdayi ilə çiyin-çiyinə çalışan, xidmət edən Azərbaycan övladları var. Qız Quran kurslarına gedib-gələn gənc qızlar var. Afrikada, Balkanlarda, Orta Asiyada Hüdayi övladları var. Onlar üçün nə deyərdiniz?

      - Demək, İslama ac, imana təşnə olan çox adam var. Cazibə qüvvəsi… Yəni onların eşqi ilə Allah o bölgələrdə xidmət etməyi nəsib etdi. Rəbbimiz önümüzdə geniş üfüqlər açdı.

      Səlim Əfəndi buraya ürək yanğısı ilə gəldi. Qəlbi dərgah halına gətirmək demişdik, Səlim Əfəndi qəlbini dərgah edərək gəldi buraya. “Biz yanırıq, biz acıq”, - dedi. “Atamızın məzarına bir Fatihə oxuya bilmirdik”, - dedi.

      Demək ki, Haqq-Təala yanan ürək istəyir…

      - Eyni zamanda qarşılıq görürsünüz, elə deyilmi? Yəni getdiyiniz bir yerdə “biz söyləyirik, onlar qulaq asır” tərzində olmur. Oradan da sizə açılan ürəklər olur.

       - Əlbəttə!.. Siz ürəyinizi qarşınızdakına açdığınız qədər o da sizə açır. Cazibə qanunu kimi… Sanki bir kibrit əskik idi. O kibritlə könüllər alışdı.

      - Başda da ifadə etdiniz; tez-tez vurğulayırsınız: mərhəmət qəlbin dərgah halına gəlməsidir. “Mərhəmət” və “müsəlman” dedikdə nəyi anlamalıyıq? Dünyanın bugünkü gedişatında necə dəyərləndirə bilərik? Qərb dünyasında da insanlar imdad gözləyir.

      - Mərhəmət başqa bir məsələdir. Bu, müsəlmana xas bir xüsusiyyətdir. Yəni müsəlman dedikdə ağıla mərhəmət gəlməlidir.

      Bir az əvvəl də dediyim kimi, Haqq-Təala Rəhman və Rəhimdir. Peyğəmbərimiz rauf və rəhimdir. Əgər bir müsəlman mərhəmətdən məhrumdursa, Allahdan necə mərhəmət istəyə bilər? Necə əfv diləyə bilər? Sən Allaha yaxınlaşmalısan ki, o cəmali sifətlərdən qəlbin nəsiblənməlidir ki, Onun lütflərinə məzhər ola biləsən; “Ya Rəbb, əfv et”, “Ya Rəbb, mərhəmət et”, - deyə biləsən.

      Müsəlmanın seçkin vəsfi mərhəmətdir. Mərhəmətsiz bir müsəlman quru ağaca bənzəyir. Odundan başqa bir şey deyil. Deməli, İslam ona heç bir duyğu vermir. Bu necə ola bilər?!

      Mərhəmət o qədər bəsit bir iş də deyil. Rəsulullah mərhəmətdən bəhs edirdi. Səhabələr:

      - Biz hamımız mərhəmətliyik, ya Rəsulallah! - dedilər. Peyğəmbərimiz belə buyurdu:

      - Xeyr!.. Mənim qəsd etdiyim mərhəmət Allahın bütün məxluqatına şamil olan mərhəmətdir. (Bax. Hakim, IV, 185/7310)

      Qapıdakı itə-pişiyə, hətta ilana… Əgər ilan səni sancacaqsa, özünü qorumalısansa, bir vuruşda öldürməlisən. Heyvana əziyyət verməyəcəksən.

      Bədirdə müşriklər müsəlmanları məhv etmək üçün 400 kilometr uzaqdan gəlmişdilər. Müsəlmanların olduğu yerdə su quyusu vardı. Müşriklər bir gün əvvəl gəlib quyudan su istədilər. Müsəlmanlar vermək istəməsə də, Peyğəmbərimiz “verin” buyurdu. Yəni savaşda da mərhəmət saçırdı.

      Müsəlmanlar yetmişə yaxın əsir almışdılar. Bədirdən Mədinəyə 150 km yolu qayıdarkən zaman-zaman müsəlmanlar dəvələrindən düşüb əsirləri mindirdilər.

      Rəsulullah r belə buyurdu:

      “Əsirlərinizə yediyinizdən yedirəcək, içdiyinizdən içirəcəksiniz! Zülm etməyəcəksiniz!”. (Bax. Müslim, Həcc, 147; Əbu Davud, Mənasik, 56; İbn Macə, Mənasik, 76, 84)

      “Əgər işinizi görmürsə, azad edin!”. (Bax. Buxari, İman, 22; Müslim, Əyman, 38)

      “Onların haqlarına riayət edin!”. (Bax. Beyhəqi, Şuab, VII, 477)

      Dünyada belə bir mərhəmət varmı?! Bu gün məzlum insanları necə əsir aldıqlarını görürük...

      Peyğəmbərimizin hərb əsnasında verdiyi təlimat belə idi:

      “Getdiyiniz yerdə qadınlara toxunmayın.

      Ağaclara, heyvanlara toxunmayın.

      Monastırda ibadət edən insanlara toxunmayın.

      Sizinlə vuruşmayanlara, qarşı gəlməyənlərə toxunmayın!”[1]

      Bu günün insanı daha mədənidir, yoxsa əshabi-kiram zamanındakı müsəlmanlar?!.

      Osmanlının ilk üç-dörd əsrində əcdadımızın mərhəməti necə idi? Bir çox xristian xalq “təki müsəlmanlar gəlsin, kralların zülmündən xilas olaq”, - deyirdi.

      Fatehin İstanbulu mühasirəyə alması xəbəri yayılanda Ayasofiyada bir məclis quruldu. Romadan kömək istəməyin lüzumlu olduğunu dedilər. Qrandük Notaras isə belə dedi:

      “Biz başımızda kardinal sərpuşu görməkdənsə, müsəlman əmmaməsi görməyi üstün sayırıq”.

      Ədalət, mərhəmət, şəfqət müsəlmanın ayrılmaz parçası və fariq vəsfidir.

      Bir misal verim:

      Bəyazid Bəstami həzrətləri bir ağacın altında yemək yeyir. Yola davam edərkən heybəsinin üstündə bir qarışqa görür. “Amandır, qarışqanı vətənindən didərgin salmayım”, - deyib geri qayıdır və qarışqanı yerə buraxır.

      Bunu hansı güc etdirir? Bu necə bir tərbiyədir?!

      - Bu günün insanı bunu xəyal da edə bilməz.

      - Rəsulullah on minlik ordu ilə Məkkəyə gedərkən dişi bir köpəyin balalarını əmizdirdiyini gördü. Surakanı orada vəzifələndirib, əsgərlərə: “Qarşı tərəfdən keçin”, - buyurdu. (Bax. Vaqidi, II, 804)

      Bu bizim üçün böyük bir dərsdir. Allahın məxluqatına baxış tərzidir…

      Dəvələrin üstündə söhbət edənləri görüb:

      “Niyə yerə düşüb danışmırsınız? Heyvana niyə əziyyət edirsiniz?” – buyurdu. (Bax. Əhməd, III, 439)

      Qanuni Sultan Süleyman Süleymaniyyə Camesini inşa edərkən şərtnaməyə belə yazdırdı:

      “Yük daşıyan heyvanlara istirahət veriləcək, ac olan heyvan doyurulacaq, ondan sonra işlədiləcək”.

      Heyvanların haqqına bu qədər həssas riayət edildi. Bütün bu heyvanlar digər planetlərdə yoxdur, dünyada var. Allah-Təala hamısını bizim üçün yaratdı. Hamısından ibrət alınmalıdır. Hər biri “əl-Musavvir”, “əl-Bari” sifətlərinin təcəlliləridir.

      Ona görə müsəlman çox duyğulu, incə ruhlu olmalıdır. Nadan olmamalı, qaşqabağını sallamamalıdır. Açıq gözlü olmalıdır. Allahın bu qədər əzəmət təcəllisi və qüdrət naxışları qarşısında laqeyd olmamalıdır.

      Ağıl, zəka və idrakını vəhy çərçivəsində işlətməlidir. Könlünü Allah Rəsulunun könlünə ram etməlidir. Özünə bu sualı verməlidir: “Allah Rəsulu məndən nə cür könül istəyir?”. Əshabi-kiram öz övladını diri-diri torpağa basdıran cahiliyyə insanı ikən necə oldu ki, mərhəmətli, gözüyaşlı insana çevrildi?

      Bütün bunlar nə ilə oldu? Allah Rəsulunun tərbiyəsi ilə. Biz də bu gün Onun yaşayan ümmətiyik. Eyni ayələr, eyni hədislər yenə də qüvvədədir. Səhabeyi-kiramı ən çox sevindirən hədis:

      اَلْمَرْءُ مَعَ مَنْ اَحَبَّ

      “İnsan sevdiyi ilə bərabərdir” (Buxari, Ədəb, 96) hədisi idi.

      Əshab Peyğəmbərimizin timsalında insanlıq abidəsi ilə qarşılaşdı. Heyranlıqla Ona ram oldu. Bütün qayə axirətdə Onunla birlikdə olmaqdı. Buna görə Allah Rəsulunun getdiyi yolu təqib etdi. Axirətdə də Onunla bərabər olmaq, bu həzzi yaşamaq üçün Onun qoxuladığı çiçəyi qoxuladı.

      Hətta İbrahim bin Ədhəm həzrətləri:

      “Bizim ilahi məhəbbətə qərq olmamız və vəcdimiz gözlə görülsəydi, krallar ona sahib olmaq üçün hər şeylərindən keçərdilər”, - deyir.

      Bu, böyük qəlbi mərhələlər qət etmək nəticəsində olur, dərhal olmur. Ağır təhsil tələb edir.

      Haqq-Təala belə buyurur: “…Allaha qarşı təqva sahibi olsanız, Allah sizə öyrədər…” (əl-Bəqərə, 282)

      Bir insanın təkbaşına öyrənəcəyi elmlər var. Bu elmlər iki tərəfi də kəskin bıçaq kimidir. Tibb elmini öyrənib insanlara faydalı olmaq da mümkündür, insan qəssabı olmaq da. Hüquq öyrənib haqqı bərqərar etmək də mümkündür, cəllad olmaq da. Bu kimi mənfi mənzərələrlə qarşılaşmamaq üçün qəlbin mərhələ qət etməsi lazımdır. Bu da insanın özünün əldə edəcəyi elmdir. Yəni təqvadır. Qurani-Kərimin 258 yerində “təqva” kəlməsi keçir. Qəlbi dərgah halına gətirən də təqvadır. 

      - Hüdayi Vəqfinin Qız Quran Kursları da var. Bütün dünyadan qızlar gəlib burada təhsil alırlar. Bu Quran kurslarının missiyası nədən ibarətdir?

      - Əvvəlcə elmin zahiri tərəfi öyrədilir. Sonra bu qızlarımızı təqvaya yönəldirik. Əlbəttə ki, onlar kənarda müşahidə olunan əxlaqsızlıqlardan və şər əməllərdən uzaq olduqları üçün təqvaya asanlıqla yönəlirlər. Söhbətlərdə bir-birindən təsirlənərək təqva həyatı yaşayırlar. Biz onlara demirik ki, “təhəccüdə qalxın”. Amma “Allah Rəsulu təhəccüdə qalxardı” deyib təhəccüdə qalxırlar. Təbii ki, bu da ilk gündən olmur, zaman ərzində baş verir.

      - Onlar təhsillərini burada bitirib ölkələrinə qayıdırlar. Sonra orada xidmətə başlayırlar. Gedənlərin xidmətlərinə dair sizə gələn xatirələr varmı?

      - Var. Bunların ən mühümü orada hidayətə vəsilə olmalarıdır. Gedənlər qohum-əqrəbalarını da göndərməyə çalışırlar. Ata-anasına da eyni təlqini edirlər.

      Əlhəmdulillah, Allahın lütfüdür. Faili-Mütləq Allah-Təaladır. Biz Allahın aciz bəndələriyik. İnsanlar hidayət tapır. Boğulan insana xilasedici dairə atılır. Bu, Rəbbimizin bir lütfüdür.

      Bütün müəllimlərə, tələbələrə bunu deyirik:

      “Allah bunları bu böyük qapıya – İslam qapısına göndərir. Əgər biz bunun haqqını verə bilsək, böyük savab əldə edərik. Əgər haqqını verməsək, ağır günahdır”.

      Burada üç cür qiymətləndirmə var:

      Birincisi; sizin dərsdə tələbələrə verdiyiniz qiymət: zəif, orta, yüksək.

      İkincisi; tələbələrin sizə verdiyi qiymət var. O da sizə olan məhəbbətləridir. Məhəbbəti qədər sizdən istifadə edər, öyrənər.

      Üçüncüsü və ən çətini; Allah-Təalanın qiyamət günü sizə verəcəyi qiymətdir: “Bu əmanətə nə qədər sahib çıxdın?”.

      Bu əmanət bu gün hamımızın çiynindədir. Həqiqətən də dünyadakı məzlumlara, zavallılara, gözüyaşlı insanlara, kimsəsizlərə nə qədər sahib ola bilirik? Allahın verdiyi bu İslam nemətini insanlara çatdırmaq üçün nə qədər səy göstəririk. Buna onların da haqqı var.

      Ayeyi-kərimədə buyurulur:

      وَتَوَاصَوْا بِالْحَقِّ

      “…Onlar bir-birilərinə haqqı tövsiyə edərlər…” (əl-Əsr, 3)

      Üzərimizdə Allahın haqqı var, Rəsulullahın haqqı var. Haqq-Təala möminləri “qardaş” elan edir, beləliklə, mömin qardaşlarımızın haqqı var. Hidayətə möhtac insanlar var. İnsanlıqda bərabərik; onlara İslamı təbliğ etməliyik.

      Cihad torpağı qanla suvarmaq deyil, insanların könlünə girməkdir. Qəlblərin fəthidir. Ona görə də bu dünyada ağır vəzifəmiz var…

      - Hansı ölkələrdən tələbələr gəlir?

      - Ümumi götürsək, ta Çindən, İndoneziyadan, Açedən, Tailanddan gələnlər var… Qırğızıstan, Monqolustan, Azərbaycan, Gürcüstan, Albaniya, Kosova, Makedoniya, Bolqarıstan, Sudan, Qərbi Afrika ölkələri. Hər biri  Allahın göndərdiyi lütfdür. Rəbbimiz onları bu qapıya göndərir. Göndərməyə də bilərdi. Ümumi baxış budur. Lakin aramızdan kimin ixlası nəticəsində olduğunu bilmirik. O da bu işin məhrəm tərəfidir. Hər kəs bu ilahi lütfə nail ola bilmək üçün çalışmalıdır. Çünki Allahın qiyamət günü verəcəyi bir sual da belədir:

      “Mən onları sizin qapıya göndərdim, siz onlara nə verdiniz? Mən sizə nə verdim, siz onlara nə verdiniz?..”

      Təbii ki, vəqf vasitəsi ilə böyük işlər görülürmüş kimi gəlir. Halbuki əshabi-kiram dövrünə baxdığımız zaman Mədinədən qalxıb ta Çinə, Səmərqəndə getdiklərini görürük. Mərkəzi Afrikaya gedirdilər. Bu uzun yolları yorğunluq hiss etmədən, ərinmədən, iman vəcdi ilə qət edirdilər.

      Bu gün imkanlar çox artdı. Lakin qəflət hər tərəfi bürüyüb. Şəfqət və mərhəmət gözləyən dünyanın halı çox pərişandır. Qeyri-məsəlmanlar arasında da halı acınacaqlı olanlar var, amma müsəlmanların halı daha pərişandır…

      - Hərdən “Türkiyə, yoxsa bütün dünya?” deyə bir sual keçirmi ağlınızdan? Yəni Türkiyədəki aclığa cavab vermək, yoxsa bütün dünyadakı aclığa?

       - Türkiyəni ayağa qaldırsan, bütün digər ölkələrin aclığını təmin edər. Türkiyə çox mühümdür…

      Məsələn, bir Ömər bin Əbdüləziz çıxır, müsəlmanlar zəkat verəcək yer tapmırlar. Hər kəs zəkatını verir. Zatən Qurani-Kərimdə qohumlardan başlamaq əmr olunur. İlk növbədə övladımızı, qohum-əqrəbamızı, toplumumuzu əhya edə bilsək, İslam dünyası da əhya olar.

      Bu gün Türkiyə son səngərdir. Misirin, Suriyanın, İraqın axırına çıxdılar. Görürsünüz, Səudiyyə Ərəbistanı da təlatümlərlə çalxalanır. Afrikada tayfa davaları gedir. Türkiyə son hədəfdir. Bu səngərin möhkəm olması lazımdır. Allah qorusun, bu səngəri də keçsələr, Osmanlının son anına qayıdarıq. Bütün İslam dünyası pərişan olar.

      Həmd olsun, bu gün Türkiyə bütün İslam dünyasına himayədarlıq edir. Ona görə də Türkiyənin əhyası böyük əhəmiyyət daşıyır. Türkiyə dirçəlməlidir ki, bütün dünya əhya olsun. Dünyanın bütün qərib dövlətləri Türkiyəyə hami gözü ilə baxırlar.

      - Bildiyimizə görə, yazdığınız kitablar əlli dilə tərcümə olunub. Nə kimi təsirlənmələr olur?

       - İlk növbədə bunu qeyd edim ki, kitablarım yoldaşlarla birlikdə hazırladığımız müştərək əsərlərdir. Düzdür, mənim adım yazılır, amma hamısı buradakı yoldaşların yardımı ilə ərsəyə gəlir.

      İslam dünyasında – istər Afrikada, istər Orta Asiyada kifayət miqdarda islami kitab yoxdur və bunu dərd edən də yoxdur. Buna görə də kitabları tərcümə etdirməyə başladıq. Əsərlərimizdə dönə-dönə üzərində durduğumuz xüsus İslam şəxsiyyəti, müsəlman kimliyidir. Bir müsəlman öz dünyasını necə tənzim etməlidir? Kitablarımız daha çox bu kimi suallara cavab mahiyyətindədir.

      Təsirlənmələr də kifayət qədər yaxşıdır.

      - Rusiyadakı cəzaçəkmə müəssisələrindən, uzaq Şərqdən, Amerikadan məktublar gəldiyini bilirik. Bu kimi hadisələrdən bir-iki misal verərsinizmi?

      - Bu gün bir adam interneti açır, İslam haqqında nə öyrənmək istəyirsə, ekranına gələn bütün kitablara baxır. Onların arasında burada tərcümə edilən kitablardan biri diqqətini çəkir.

      - Məsələn, nələr çəkir diqqətini? Deyək ki, Rusiyadan, üstəlik müsəlman olmayan biri kitabınızda nə görür ki, oradan qəlbinə bir yol açılır?

      - Könül tapır, ürək görür, mərhəmətlə qarşılaşır. Nəzakət tapır, İslamda. Həssaslıqla qarşılaşır. Bir müsəlmanın könül dünyasını seyr edir orada. “İslam insanı necə də gözəl insandır, bu din nə gözəl dindir”, - deyir.

      Zatən bu gün insanlıq vəhşətdən təngə gəlib. Eynilə Akifin dediyi kimi:

      Sırtlanları keçmişdi bəşər yırtıcılıqda,

      Dişsizmi bir insan, onu qardaşları yerdi!

      Qırx il əvvəl yaşadığım bir xatirəni paylaşım:

      Bir iş üçün İngiltərəyə getmişdim. Londonda yeraltı tunellər var. Gecə on ikidə iki nəfər oradan keçirdik. Çıxanda gördüm ki, kənarda 90 yaşlı bir qadın tir-tir titrəyir. Orada təhsil alan yol yoldaşıma dedim ki: “Xəstəxanalar, qocalar evi, sığınacaq var. Niyə heç kim bu qadını ora aparmır?” Acı-acı gülümsədi və belə dedi: “Burada heç kim on sterlin verib, bir saat vaxtını ayırıb onu xəstəxanaya yerləşdirməz. Burada belə şey olmur!”.

      Guya bu mədəniyyətdir! Hələ İngiltərə belədir, gerisini siz düşünün!..

      Burada isə ən zavallı bir insan, ən çarəsizimiz belə biri ilə qarşılaşsa, dərhal ona yardım etməyə çalışar. Yaralı bir köpək görsə, tez baytara çatdırmağa çalışar. Budur vicdan fərqi. Bu mərhəmət yalnız müsəlmana xas olan mühüm bir vəsfdir.

      - Bir çox yerdə ola bilmək üçün birdən çox olmaq lazımdır; çox insan və çox imkan. Dünyada ehtiyac sahibi olan çox yer var, həmçinin Türkiyədə də. İnsan və imkan ehtiyacı nöqteyi-nəzərindən Hüdayinin mövqeyi necədir?

      - Maddiyyat var, insan yox – bu olmaz. İnsan var, maddiyyat yox – o da olmaz. Hər ikisi bir-birini tamamlayan ünsürdür. Ona görə həm insanı yetişdirəcəksən, həm də müsəlmanlar zəkatlarını verərsə, bu kimi gözəl xidmətləri layiqincə yerinə yetirmək olar. Zatən bu gün edilən yardımların əksəriyyəti zəkatlarla olur. Zəkat xaricində verilən xeyirlərlə də görülən işlər var: məscidlər, müəssisələr və s.

      Gələn həmin imkanlarla “insan” yetişir. Burada qabiliyyətli insanı tapmaq, onunla məşğul olmaq, qabiliyyətinə görə iş vermək, bütün bunlar çox mühümdür.

      Rəsulullah r insanların istedadlarını kəşf edərək onlara lazımi vəzifələri verirdi. Məsələn, ordu sərkərdəsi olacaq adamı ordunun başına qoyurdu. Təbliğ edəcək adamı müəllim göndərirdi. Hər kəsi ayrı-ayrı seçirdi.

      Ölkəmizdə imtahanlarda yaxşı nəticə alan tələbə hansı universiteti qazanırsa, ora gedir. Bu, doğru deyil. İnsanı istedadına görə istiqamətləndirmək lazımdır.

      Məsələn, imam olacaq bir adam gedib hansısa təşkilatda işləyir. Jurnalist olacaq adam imam olur. Halbuki hər peşə ayrı bir istedad tələb edir. Qabiliyyət və istedadları düzgün dəyərləndirmək lazımdır. Hz. Peyğəmbər bunu yaxşı bacarırdı. Səhra bədəvisini səviyyəsinə görə irşad edərdi. Lakin istedadı olanın da qabiliyyətini inkişaf etdirərdi.

      - Həmçinin imkan məsələsi də var. Deyək ki, Afrikaya getdik. Quyu qazılmalıdır, məscid tikilməlidir, çılpaq insanları geydirmək lazımdır. Bu imkanları Hüdayi necə təmin edir?

      - Bunu xeyirxah insanlara anlatmaq lazımdır. İzah etmək, ora aparıb acı mənzərəni göstərmək lazımdır. Çünki insan gördüyü zaman daha çox təsirlənir. İndi bizi Yəmənə aparsalar, Yəməndəki o səfil uşaqları görsək, bir neçə gün yemək yeyə bilmərik, yəqin ki.

      - Hüdayinin qurulduğu ilk illərdə bir qadın əlindəki qazanla şorba gətirərək vəqfin ilk qığılcımını tutuşduran ünsürlərdən biri olur. Deməli, bir qab şorba böyük bir çinarın ilk pöhrələri ola bilir. Fikirləşirsən ki, insanın mərhəmət üçün, könlü dərgah halına gətirmək üçün hərəkətə keçirəcəyi imkanlar hər zaman ola bilər. Rəsulullah (s.ə.s) belə buyurur: “Bir xurma ilə də olsa, oddan qorunun!”.

       

      - Bütün məsələ insanı yetişdirə bilməkdir. Olmaya Rəsulullah r camaata xəzinə payladı? Güclü ordusu vardı bəlkə? Ətrafındakılara baxırsan, əksəriyyəti ac-yalavac insanlardı. Onlar necə müvəffəq oldular? Təbii ki, Allah lütf etdi. Zahirən baxsaq, Peyğəmbərimizə heyran olmaq, Onu təqlid edə bilmək, Ona bənzəmək şərtdir…

      Bu gün ən böyük ehtiyacımız səviyyəli insan yetişdirə bilməkdir. Dünyamız buna həsrətdir.

      - Əfəndim, Hüdayinin 32 illik xidmət həyatında sizə ən çox təsir edən, sevindirən şey nədir?

      - Məni sevindirən şey insanların İslamla məsud olmasıdır. Belə olduqda Allah qəlblərə hüzur və sükunət halı bəxş edir, şükürlər olsun…

      Mövlananın bir hekayəsi ilə bitirmək istəyirəm. Mövlana mücərrəd həqiqətlərin asan dərk olunması üçün onları başadüşülən misallarla izah edir. Belə bir misal verir:

      “Gecənin bir yarısı tarlada bir nəfərin gəzdiyini gördüm. Əlində fənər vardı. Yanına gedib soruşdum:

      - Gecə yarısı əlində fənərlə nə axtarırsan?

      - Nə olar, məni rahat burax, - dedi.

      - Nə axtarırsan? - dedim

      - İnsan axtarıram, - cavabını verdi.

      - Əbəs yerə axtarma, mən onu çox axtardım, tapa bilmədim, - dedim.

      Acı-acı üzümə baxıb belə dedi:

      - Tapmayacağımı mən də bilirəm, amma həsrəti belə mənə həzz verir”.

      Bu gün də dünya bu ideal insana möhtacdır. Özünü Haqqa ram edən insana...

      Allah hər birimizə o halı nəsib etsin.

      - Sonda əlavə etmək istədiyiniz bir şey varmı? Oxuculara nə sözünüz var?

      - Bir daha ifadə edim ki, vəqfimizin xidmətlərini əsla özümüzə şamil edə bilmərik. Biz Rəbbimizin aciz qullarıyıq. Bütün bu xidmətlər Onun lütfü ilə olur.

      Fürsətdən istifadə edərək Hüdayi Vəqfinin xidmətlərinə könül verən hər kəsə – istər vəfat etmiş olsun, istər həyatda – bu fədakarlıqlarının sədəqeyi-cariyə olmasını diləyirəm. Rəbbimiz lütf-kərəmi ilə qiyamətədək bu xidmətləri davam etdirsin!

      - Amin! Allah razı olsun, çox təşəkkür edirik.

       

       

       

       

       



      [1] Bax. Əhməd, I, 300; Təbərani, Kəbir, XI, 224/11562; Buxari, Cihad, 148; Müslim, Cihad, 24, 25; Təbərani, Əvsat, I, 48/135; İbn Macə, Cihad, 30; Vaqidi, III, 912; Abdurrəzzaq, Müsənnəf, V, 220.

       

      • Hits: 73 clicks

      Tecox component by www.teglo.info