155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran MƏMMƏDOV - CƏHƏNNƏM

      Share

      Cəhənnəm axirətdə kafir və günahkarların əzab çəkəcəkləri cəza yeridir. Qurani-Kərimdə inanan və gözəl əməl işləyənlərə “cənnət” vəd edildiyi kimi, kafir və günahkarlara da “cəhənnəm” vəd edilmişdir.

       Kafir, münafiq və müşriklər cəhənnəmdə əbədi qalar, orada ölməz və əzabları yüngülləşdirilməz. Tövbə etmədən günahkar olaraq ölən və Allahın günahlarını bağışlamadığı möminlər də cəhənnəmə girər, lakin orada əbədi qalmazlar. Onlara günahları qədər əzab edilər. Sonra oradan xilas olub cənnətə girər və orada əbədi qalarlar. Allah-Təala cəhənnəmi insanlardan əvvəl yaratmışdır, hazırda mövcuddur və əsla yox olmayacaqdır. Bu ayələr bunu çox açıq şəkildə ifadə edir:

      “Artıq o atəşdən çəkinin ki, onun alovlandırıcı odunu (kafir) insanlar və daşlardır. O (atəş) kafirlər üçün hazırlanmışdır”.(əl-Bəqərə, 24)

      “Kafirlər üçün hazırlanan atəşdən qorxun”.(Ali-İmran, 131)

      Ənəs ibn Malikdən rəvayət olunan bir hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “İndi cənnət ilə cəhənnəm bu divarın üzərində mənə ərz olundu”.(Təcridi-sarih tərcümə və şərhi, II, 483)

      Atəş insan bədəninə çox böyük ağrı və iztirab verdiyi üçün axirətdə kafir və münafiqlərin cəzası odla veriləcək. Beləliklə, “cəhənnəm” alovlandırılmış atəşin ümumi adıdır.

       Cəhənnəmin ən açıq xüsusiyyəti atəş olduğu üçün bəzi ayələrdə cəhənnəm yerinə atəş mənasına gələn “nar” kəlməsindən istifadə edilir: “Şübhəsiz ki, münafiqlər narın (cəhənnəmin) ən aşağı təbəqəsindədir”.(ən-Nisa, 145)

      Qurani-Kərimdə cəhənnəmin yeddi qapısının olduğu bildirilmişdir:

      “Cəhənnəmin yeddi qapısı var, hər qapıdan müəyyən bir dəstə girər”.(əl-Hicr, 44) Bu ayə iki şəkildə təfsir edilmişdir:

      a- Cəhənnəmə girəcək olanların sayı çox olduğu üçün yeddi qapı açılıb.

      b- Cəzalandırma küfrün növ və dərəcələrinə görə olacağı üçün cəhənnəmin yeddi qapısı və ya təbəqəsi vardır. Hər təbəqədəki əzabın şiddəti və şəkli fərqlidir.

      Bu qapı və ya təbəqələr bunlardır:

      Cəhənnəm: Qurani-Kərimin yetmiş yeddi ayəsində işlədilmişdir.

      Ləza (alovlu atəş): “Xeyr (Allah onu əzabdan qurtarmaz) Çünki o cəhənnəm alovlu bir atəşdir”.(əl-Məaric, 15)

      Səir (dəli atəş): “O şeytanlara (axirətdə) dəli atəş əzabı hazırladıq”.(əl-Mülk, 5)

      Səqər (qırmızı atəş): “Ey Rəsulum! Bilərsənmi, nədir o səqər (cəhənnəm)”.(əl-Müddəssir , 27)

      Haviyə (qızğın atəş, düşənlərin geri dönə bilmədiyi uçurum): “O, qızğın bir atəşdir”.(əl-Qariə, 9-11) Bəzi rəvayətlərə görə, cəhənnəmin ən qorxunc təbəqəsi buradır.

      Hütəmə (ürəkləri sarsan atəş): “Şübhəsiz, o, hütəməyə (atəşə) atılacaq”.(əl-Hüməzə, 4)

      Cəhim (yanan qızğın atəş): “İnkar edənlər və ayələrimizi yalanlayanlar cəhim əhlidirlər”.(əl-Maidə, 10)

      Cəhənnəmdə görüləcək əzabın miqdar, şiddət və şəkillərini ancaq Allah və Rəsulunun bizlərə bildirməsi ilə bilirik. Qurani-Kərimdə ifadə edildiyinə görə:

      - Cəhənnəm kafirləri əhatə edər: “Cəhənnəm inkar edənləri, şübhəsiz, əhatə edəcək”.(ət-Tövbə, 49)

      - Cəhənnəm atəşi sönməz: “Biz pozğun kəsləri qiyamət günü üzüstə, kor, lal və kar olaraq həşr edərik. Gedəcəkləri yer cəhənnəmdir. Onun atəşi nə vaxt sönməyə üz tutsa, dərhal alovunu artırarıq”.(əl-İsra, 97)

      - Cəhənnəm dolmaz: “O gün cəhənnəmə: “doldunmu?” deyərik. O da: “daha varmı?” deyər”.(Qaf , 30)

      - Qaynayarkən uğuldayar: “Rəblərini inkar edən kəslər üçün cəhənnəm əzabı vardır. Nə pis bir dönüşdür. Oraya atıldıqları zaman onun qaynayarkən çıxardığı uğultunu eşidərlər. Hirsindən partlayacaqmış kimi (guruldayar). İçinə hər dəfə insanlar atıldıqda gözətçiləri onlara: “sizə bir xəbər verən gəlmədimi?” deyə soruşarlar. Onlar: “bəli, doğrusu, bizə bir xəbərdar edən gəldi, lakin biz onu  yalanladıq və Allah heç bir şey endirməmişdir, siz böyük bir zəlalət içindəsiniz, demişdik”, - deyərlər”.(əl-Mülk, 6-9)

      - “Atəş onların üzlərini yalayar, dişlərini ağardıb (qıc olmuş vəziyyətdə) qalarlar”.(əl-Muminun, 104)

      - “Boyunlarında həlqələr və zəncirlər olaraq qaynar suya sürülər, sonra atəşdə yandırılarlar”.(əl-Mumin, 70-72)

      - “İnkar edənlərə atəşdən paltarlar geyindirilmişdir. Başlarına qaynar su tökülər, bununla qarınlarındakılar və dəriləri əridilər. Dəmir toppuzlar da onlar üçündür. Orada uğradıqları bəladan nə vaxt çıxmaq istəsələr, hər dəfə oraya geri qaytarılarlar. Onlara: “yandırıcı əzabı dadın!” - deyilər”.(əl-Həcc, 19-22)

      - Dəriləri yandıqca əzabı dadmaları üçün yenidən başqa dərilərlə dəyişdirilər.(ən-Nisa, 56)

      - Ölümü istəyərlər lakin əzabları davamlıdır, ölməzlər.(əz-Zuxruf, 74-77; əl-Fatir, 36)

      İnsanın tərbiyəsi və yaxşı davranışlara yönləndirilməsi baxımından cənnət və cəhənnəm əqidəsinin dünya həyatına təsirləri açıqdır. Hər kəs gizli və açıq etdiyi bütün işlərinin əvəzini görəcəyini və cəhənnəmdəki cəzanın dəhşətini xatırladıqda, əlbəttə, hərəkətlərinə diqqət etmə ehtiyacı duyacaqdır.

       

      • Hits: 106 clicks

      Tecox component by www.teglo.info