Kamran MƏMMƏDOV - AXİRƏT NEMƏTLƏRİ

      Share

      Ruyətullah

      Əhli-sünnə əqidəsinə görə, möminlər Cənnətdə Allahı görəcəklər. Bu, onlar üçün ən böyük nemət olacaq. 

      Buna “ruyətullah” deyilir. Bu barədə Qurani-Kərimdə: “O gün Rəblərinə baxan sevinc dolu (parlaq) üzlər vardır”, (əl-Qiyamə, 22-23) - buyurulur. Rəsulullah (s.ə.s) da bir hədisində belə buyurmuşdur: “Siz bu (səmadakı) Ayı gördüyünüz kimi, Rəbbinizi də gözünüzlə (açıqca) görəcəksiniz. Onu görməkdə haqsızlığa məruz qalmayacaq, izdihama düşməyəcəksiniz”. (Buxari, Məvaqit 16, 26, Təfsir surə 4, Tövhid 24; Müslim, İman 81; Tirmizi, Cənnət 15-17, Təfsir surə10; Əbu Davud, Sünnə 19)

      Suheybin (r.a) rəvayətinə görə, Peyğəmbər (s.ə.s): “Yaxşı iş və gözəl əməl işləyənlərə daha gözəl qarşılıq və bir də əlavə (Allahı görmək) vardır”, (Yunus, 26) - ayəsini oxuduqdan sonra belə buyurdu:

      “Cənnətliklər Cənnətə girdiyi zaman Allah (c.c.) buyuracaq: “Sizə bundan da əlavə verməyimi istədiyiniz bir şey varmı?” Cənnətliklər belə deyəcəklər: “Üzlərimizi ağ çıxarmadınmı, bizi Cənnətə qoymadınmı, bizi Cəhənnəmdən qurtarmadınmı? (bunlar bizə yetər, daha nə istəyək?)”. Rəsulullah sözlərinə davam edərək dedi: “Allah pərdəni qaldırar, Cənnətliklərə artıq Rəblərinə baxmaqdan daha sevimli gələcək heç bir şey verilmiş olmaz”. (Müslim, İman 80; Tirmizi, Cənnət 16, Təfsir surə10; Əhməd b. Hənbəl IV 332, VI 16)

      Ruyətullahın dəlillərindən biri də: “Xeyr, o gün onlar (kafirlər) Rəblərindən məhrum olacaqlar!” (əl-Mutəffifin, 15) ayəsidir. Bu ayədə kafirlərin Allahı görməkdən məhrum qalacaqlarından yola çıxaraq deyə bilərik ki, demək ki, möminlər Allahı görə biləcəklər.

      Möminlərin Cənnətdə Allah-Təalanı görmələrinin keyfiyyəti, yəni nə cür görəcəkləri bizə məlum deyil. Bu məsələnin təfərrüatları haqqında “Allah bilir” demək ən doğru olanıdır. Ruyətullaha qəti olaraq inanmağımızın səbəbi isə bunun Quran və sünnədə açıqca bildirilmiş olmasıdır. Əhli-sünnə əqidəsinə görə, Cənnət indi də vardır, yaradılmışdır. Bu gözəl mükafat əvvəlcədən möminlər üçün hazırlanmışdır. Bu ayə bunu açıqca ifadə edir: “Rəbbinizin bağışlamasına və genişliyi göylərlə yer qədər olan Cənnətə tələsin! O Cənnət təqva sahibləri üçün hazırlanmışdır”. (Ali-İmran, 133)

       

       

      Kövsər hovuzu

      Kövsər axirət yurdunda Uca Allah tərəfindən Peyğəmbərimizə verilmiş olan çay və ya hovuzdur. “Doğrusu, biz sənə Kövsəri verdik”, (əl-Kövsər, 1) - mənasındakı ayeyi-kərimədə Peyğəmbərimizə Kövsərin verilmiş olduğu bildirilməklə yanaşı, Qurani-Kərimdə Kövsərin nə olduğu və bəhs edilən hovuz haqqında başqa bir məlumat yoxdur. Bu barədə bilgilər otuza yaxın səhabədən müxtəlif yollarla gələn və hamısı mötəbər hədis kitablarında keçən 50-yə yaxın hədisi-şəriflərə əsaslanır. Hədislərin bəzilərində hovuz, bəzilərində isə Kövsər haqqında məlumatlar vardır. Hədislərdə keçən hovuz, adından da görüldüyü kimi, sadəcə bir hovuzdur. Kövsər isə bir Cənnət çayıdır.

      Hovuzun genişliyi haqqında bir çox məlumat vardır. Bu məlumatlara görə, Hovuzun genişliyi bir aylıq yol və ya bir şəhərdən başqa şəhərə  qədər məsafə şəklində tərif olunmuşdur. Kövsər çayının vadisi haqqında verilən məlumatlara görə, vadi almaz, yaqut və inci kimi qiymətli daşlarla döşənmişdir. Bunun içindəki torpaq isə müşk kimi qoxu yaymaqdadır. Çayın iki yanı da qızıl və yaqutla əhatəlidir. Hovuzun suyundan bir qurtum içənlər əbədi olaraq susamayacaqlar və üzləri də əsla qaralmayacaq. Hovuzun suyunun qardan daha sərin olduğu, oraya ilk çatanın Hz. Peyğəmbər (s.ə.s.) olacağı bildirilmişdir. Bir hədisi-şərifdə hovuz belə təsvir edilir:“Mənim hovuzumun bir kənarı bir aylıq yol uzunluğundadır. Suyu süddən daha ağ, ətri müşkdən daha gözəl, qədəhləri də göydəki ulduzlardan daha çoxdur. Ondan bir dəfə içən bir daha susamaz”. (Müslim, Fədail, 9; Tirmizi, Qiyamə, 14, 15)

      Əbu Davudda qeyd edilən bir hədisdə belə buyurulur: “Kövsər nədir, bilirsinizmi? O, Cənnətdə mənə vəd edilmiş çaydır. Onun üzərində bir çox xeyir vardır. Bir də onun üzərində hovuz vardır. Qiyamət günü ümmətim oraya toplanacaq”. (Əbu Davud, Sünnə  26) Bu hədisi-şərifi əsas götürən alimlərin fikrinə görə, hovuz və Kövsər eyni şeylərdir. Yəni bəhs edilən hovuz elə Kövsər çayının suyunun toplandığı geniş yerdir.

       

       

      • Hits: 74 clicks

      Tecox component by www.teglo.info