Tehran ABDURRAHİMOV - NİYƏ TƏXİRƏ SALAQ?

      Share

      Bir çox insanda işlərini təxirə salma və bunun üçün də min bir bəhanə gətirmə probleminin olduğunu görürük. Bəhanələr, təxirə salmalar ciddi itkilərə yol aça bilər. 

      Təbii ki, daha məsuliyyətli işlərlə məşğul olduqca, gətirdiyimiz bəhanələr və etdiyimiz təxirə salmalar da daha ciddi problemlərə səbəb olur.

      İndi gəlin daha şəxsi səviyyədə və biz gənclərə də xitab edəcək şəkildə bu bəhanə gətirmək və təxirə salmaq probleminə qısa bir nəzər salaq. Bu problemi həll etmək və daha məhsuldar olmaq, hədəflərimizə çatmaq üçün biz gənclər nə edə bilərik?

      Bəhanə gətirmək və təxirə salmaq məsələsi uzun müddətdir ki, elm dünyasının da diqqət mərkəzindədir. Elm dünyasındakı ən vacib və köklü yenilikləri bizlərlə paylaşan, adı kimi özü də populyar olan “Popular Science” (Populyar Elm) jurnalı ən son ötən ay bu mövzuya yer verdi.

      Araşdırma Almaniyada Prof. Dr. Onur Güntürkün və Dr. Erhan Gençin də içində olduğu bir qrup tərəfindən aparılıb. Nəticədə məlum olub ki, bəhanələrlə işlərini təxirə salanların beyinlərindəki bu baxımdan əhəmiyyətli olan bəzi bölmələr daha böyükdür. Eyni zamanda beyinin fəaliyyətlərə nəzarət edən bölmələri arasında əlaqələr də daha zəifdir.

      Yaxşı, biz nə edə bilərik ki, bəhanələr gətirərək işlərimizi təxirə salmayaq və qarşımıza qoyduğumuz və ya qoyulan hədəflərə vaxtında çata bilək?

      Bu məqamda elm dünyasından başqa bir professor köməyimizə çatır və bizə tövsiyələr verir. Prof. Robert Pozen sadəcə ABŞ-ın deyil, eyni zamanda dünyanın ən tanınmış universitetlərindən olan Harvard Universiteti və MIT-də (Massaçusets Texnologiya İnstitutu) dərslər verir, araşdırmalar aparır. Prof. Pozen bizə aşağıdakı məsləhətləri verir:

      • Bəzən çox işlədiyimizi, bir iş, imtahan, tədbir üçün çox vaxt sərf etdiyimizi bəhanə gətiririk. Bununla da pis nəticələrin məsuliyyətindən yaxa qurtarmağa çalışırıq. Əslində isə bir işə çox vaxt sərf etmək heç də keyfiyyət göstəricisi deyil. Özümüzü aldatmayaq; əsas olan nəticədir, ona fikir verək. Uzun sözün qısası, vacib olan nə qədər zaman ayırdığımız deyil, işin keyfiyyətli bir şəkildə yerinə yetirilib-yetirilməməsidir.
      • Çox iş, tapşırıq, test və çalışmalarımız ola bilər. Amma ən vacib olan bunları əhəmiyyətinə görə bir sıraya düzməkdir. İndi düşünək, bu həftə, bu ay ən vacib və həll edilməsi mütləq olan işlərimiz, tapşırıqlarımız hansılardır? Bunların siyahısını çıxardaq. Daha sonra bu siyahını ən əhəmiyətlisindən daha az vacib olanına doğru sıralayaq. İşləməyə də ən vaciblərdən başlayaq. Əslində burada Vilfred Paretonun 80/20 qanunu da yada düşür. Bu qanuna görə qazandığımız uğurların 80%-i yerinə yetirdiyimiz işlərin sadəcə 20%-dən əldə edilir. Yəni vacib olan bütün işlərimizin içində boğulmaq, çabalamaq deyil, əksinə, bütün enerjimizi ən vacib işlərimizə yönəltməkdir.
      • Bəzən vacib işlərimiz çox çətin və dağ kimi böyük görünür. Haradan başlayıb, necə bitirəcəyimizi bilmirik. Bunun da yolu var. Klassikləşmiş bir deyimlə deyəcək olsaq: “Parçala və hökm sür!”. Böyük işləri çox kiçik parçalara və günlərə, saatlara bölmək, işin təslim tarixinə qədər bitirmək ən ideal metoddur. Böyük işin kiçik parçalarının həll edilməsi bizim motivasiya və həvəsimizi, özümüzə inamımızı da artıracaq.
      • Bütün bu işlərin qarışıqlığında, bu xaosun içində mütləq və mütləq düşünməyə də vaxt ayırmalıyıq. Yoxsa hardan gəlib, haraya getdiyimizi unudarıq. Bəlkə də, çox yanlış bir iş üçün, çox yanlış üsullarla zaman itiririk. Bir anlıq dayanmaq, nəfəs almaq, arada başımızı qaldırıb bir az düşünmək lazımdır.
      • Bəzən də kiçik və mənasız şeylərə hədsiz dərəcədə çox vaxt ayırırıq, daha pis olanı da budur ki, heç bunun fərqində də olmuruq. Misal üçün, sosial media, yersiz TV proqram və serialları, e-maillər və s. Zəmanəmizin əsl qəhrəmanı Peçorin deyil, məhz bu şirin görünən düşmənlərlə mübarizədə qalib çıxanlarımız olacaq. İnternet deyilən zaman ilk olaraq ağlımıza Bill Qeyts kimi insanların övladlarını internetdən uzaq tutmağa çalışması, Cənubi Koreya kimi inkişaf etmiş bir ölkədə internetdən uzaq terapiya, müalicə mərkəzlərinin açılması gəlir. Sizcə bu, təsadüf ola bilərmi?
      • Hər gün nə geyinəcəyimiz, nə yeyəcəyimiz mövzusunda çox düşünürük. Bu da müasir dövrün ən çox vaxt aparan şeylərindən sayılır. Əməyi, işləməyi çox sevən yaponların bir çoxunun sadə evlərinin və təkcə bir-iki dəst paltarlarının olması məncə o cəmiyyətin bu qədər inkişaf etməsinin maraqlı təzahür formalarından biridir.
      • Yaponlardan misal çəkməyim heç də hər şeydə onlara oxşamağımız, ölənə qədər işləməli (karoşi) olmağımız mənasına gəlmir. Ailəmizlə də vaxt keçirməli, həyatı layiqli şəkildə yaşamalıyıq.

       

      • Hits: 69 clicks

      Tecox component by www.teglo.info