Müşfiq XƏLİLOV - SEHR VƏ CADU

      Share

      Sehr və ya cadu etmək – pis niyyətlə, yaxud mənfəət məqsədi ilə metafizik qüvvələrdən istifadə etmək deməkdir. Bununla bədənə və ya ruha təsir etmək məqsədi güdülür.

       Cadunun hisslərlə bağlı olduğunu, maddi aləmlə əlaqəsinin olmadığını iddia edənlər onu vahimə, xəyal və qorxudan ibarət psixoloji pozuntu sayırlar. Buna gözbağlayıcılıq və illüziya deyənlər də var.

      Cadunun tarixi qədimdir. Məsələn, Həzrət İbrahimin peyğəmbər göndərildiyi Babil xalqı cadu ilə məşğul olurmuş. Hindistan yarımadası, qədim Çin və bir çox qədim mədəniyyətlərdə də cadu bir reallıq kimi mövcudluğunu davam etdirmişdir.

      Peyğəmbərimizin (s.ə.s) dövründə cadu yəhudilər arasında geniş yayılmışdı. Onlar Həzrət Süleymanın – haşa – böyük bir sehrbaz olduğunu, hakimiyyət və səltənəti cadu ilə əldə etdiyini, insan və cinlərə cadu ilə hökm etdiyini deyir, özlərinin də bu yolla çox güclü olacaqlarını, həm də başqa qövmlərin içinə qorxu salacaqlarını düşünürdülər.

      Əksər alimlərin fikrincə, cadu bir həqiqətdir. Cadunun bəzi növləri maddi dünyaya təsir etsə də, bir məqamı unutmamalıyıq: Cadunun təsir etməsinin cadu edənlə əlaqəsi yoxdur. Onun təsirini yaradan Allah-Təaladır. O icazə versə, cadu təsir edər, verməsə, təsir etməz. Mötəbər mənbələrdən məlumdur ki, Allah Rəsuluna (s.ə.s) da cadu edilmiş və Uca Allah bir hikmətə görə cadunun təsir etməsinə izin vermişdir. Hadisəni Həzrət Aişə anamızdan dinləyək:

      “Peyğəmbərimizin qulluğunda duran bir yəhudi uşağı vardı. Bəni Zurayq qəbiləsindən Ləbid ibn Asam adlı yəhudi bu uşağı Peyğəmbərimizin saç tellərini yığmağa məcbur etmişdi. Ləbid bu tellərlə Allah Rəsuluna cadu etdi. Nəhayət, gecələrin birində mənim yanımda olanda dalbadal dua etdi. Sonra mənə dedi:

      Ey Aişə! Bir məsələ haqda Allahdan hökm istədim, verdi. İki mələk adam surətində yanıma gəldi. Bunlardan biri başımın üstündə, digəri ayaq tərəfimdə oturdu. Sonra biri o birindən:

      “Bu adamın xəstəliyi nədir?” – deyə soruşdu. O da:

      “Cadu edilib”, – dedi.

      “Buna kim cadu edib?”

      “Ləbid ibn Asam”. Sonra:

      “Bu cadu nə ilə edilib?” – deyə soruşdu. O da:

      “Bir daraq, bir saç tükü və erkək xurmanın qurumuş çiçəyi ilə”,– deyə cavab verdi”.

      Sonra Allah Rəsulu bir neçə nəfərlə birlikdə bir quyuya getdi və: “Quyunun suyu xına suyu kimi qırmızımtıldır, yaxud ətrafındakı xurma ağacının ucları şeytanların başı kimidir”,- buyurdu”. (Buxari, Tibb, 47; Müslim, Salam, 43.)

      Quyunun dibindən o darağı tapdılar. Saç telləri daraqdan açıldıqca Peyğəmbərimiz rahatlaşdı. Bu hadisədən sonra Allah-Təala “Fələq” və “Nas” surələrini nazil etdi.

      Bir dəfə Rəsuli-Əkrəm (s.ə.s) belə buyurdu:

      “(Fərdləri və cəmiyyəti) məhv edən yeddi şeydən çəkinin!” Səhabələr:

      “Bunlar nələrdir, ey Allahın Rəsulu?” - deyə soruşdular. Peyğəmbərimiz belə buyurdu:

      Allaha ortaq qoşmaq, sehrlə məşğul olmaq, haqsız olaraq Allahın haram qıldığı cana qıymaq, faiz yemək, yetim malı yemək, hərb meydanında düşmənə arxa çevirmək (döyüşdən qaçmaq), xəbərsiz (hadisə ilə əlaqəsi olmayan) namuslu mömin qadınlara iftira etmək”.  (Buxari, Vəsayə, 23, Tibb, 48; Müslim, İman, 144.)

      Cadunun hökmü

      Cadu başqalarına zərər vermək məqsədi güddüyünə görə, bir əməl kimi insanı dindən çıxarır. Qurani-Kərim cadu edənlərin nicat tapmayacağını bildirir. Hətta iki adamın arasını düzəltmək kimi hallarda belə cadudan faydalanmaq günahdır. Çünki cadu etmək  böyük günahlardan sayılmışdır.

      İslam dini sehri inkar etməmiş, lakin qadağan etmişdir.

      Etiqadı pozduğu, tövhid inancına zərər verdiyi, nəzarət altında saxlanması mümkün olmadığı və çirkin yollara istifadə edildiyi, həmçinin aldatma,  zərər vermə vasitəsi olduğu üçün sehr haram qılınmışdır. Sehrbazların isə mətləblərinə çata bilməyəcəyi ifadə edilmişdir. (Taha, 20/69)

      Cadudan necə qorunmaq olar?

      Allah Rəsulu (s.ə.s) hər gecə yatmağa hazırlaşanda ovuclarını açaraq birləşdirər, “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyub ovuclarının içinə üfürər, sonra da başından və üzündən başlayaraq üç dəfə bütün vücuduna əlinin çatdığı qədər çəkər, ondan sonra yatardı. Həzrət Aişə anamız Peyğəmbərimizin bunu hər gecə üç dəfə etdiyini deyir. Əslində, yatmadan əvvəl bu cür dua etmək iradəmizin əlimizdə olmadığı yuxu ərəfəsində Allah-Təalaya sığınmaq deməkdir.

      Peyğəmbərimiz ona cadu edildiyini biləndə də bu surələri oxuyaraq Uca Allaha sığınmışdır. Əllərini açıb birləşdirmiş, “İxlas”, “Fələq” və “Nas” surələrini oxuyaraq ovcuna üfürmüş və başdan ayağacan bütün bədəninə çəkmişdir. Rəvayət edildiyinə görə, Peyğəmbərimiz bunu on bir dəfə təkrarlamış, hər dəfə də bir düyünün açıldığını hiss edərək rahatlaşmışdır.

      Günümüzdə də bu cür vəziyyətə düşənlər “İxlas”, “Fələq” və “Nas” surələrini on bir dəfə oxumalı və Peyğəmbərimizin etdiyi  kimi  etməlidir. Bundan savayı, “Fatihə” surəsini, “Ayətül-Kürsi”ni və Allah Rəsulundan nəql edilən duaları da oxuyub Allahdan şəfa diləmək olar.

       

       

       

       

       

       

      • Hits: 77 clicks

      Tecox component by www.teglo.info