Rüfət ŞIRINOV - ŞÜŞƏLƏRƏ DİQQƏT EDƏK, QIRILMASIN!

      Share

      İslam dininin ən çox əhəmiyyət verdiyi və ictimai nizamın tənzimləyicisi kimi gördüyü məsələlərin başında qadın haqları gəlir. Dinimiz hər fürsətdə qadına layiq olduğu dəyəri vermiş və onlara qarşı nəzakətli davranmağı tövsiyə etmişdir.

       İslamın qadına baxışı günümüzdəki kapitalist zehniyyətin baxışından çox fərqlidir. Hər şeyi mənfəət mənbəyi kimi görən qlobal kapitalist zehniyyət qadınlardan da “azadlıq və sərbəstlik” şüarı ilə istifadə etməkdədir. Reklam vasitəsi və dünyəvi zövqlərin mənbəyi halına çevrilən qadına İslam dini on dörd əsr bundan əvvəl lazım olan dəyəri və xilqətinə müvafiq azadlıqları bəxş etmişdir. İslam dini qadına cəmiyyətin əsl memarı kimi baxmışdır. Çünki o, cəngavərlər, qəhrəmanlar, fatehlər yetişdirən ülvi bir qucaqdır.

      Əlbəttə, İslamın qadına baxışını düzgün analiz edə bilmək üçün Hz. Peyğəmbərin yaşadığı dövrü tanımaq və dərk etmək lazımdır. O dövrdə qadınların xanımlıq heysiyyətləri alçaldılır, heç bir haqq-hüquq verilmir, maddi qazanc kimi alınıb-satılırdı. Üz qarası sayılan qızlar diri-diri torpağa basdırılırdı.

      Əslində İslam dini qadınlara kişilərdən daha çox əhəmiyyət və dəyər verir. Çünki qadınlara xoş rəftar göstərilməsi barəsində bir çox ayələr olmaqla yanaşı, “Nisa (Qadınlar)” adında surə də Qurani-Kərimdə yer alır. Cənnəti anaların ayaqları altına sərən İslam dininin qadınlara zülm etdiyini demək böyük haqsızlıqdır. Bu dində ana haqqı və ana duasının çox müstəsna yeri vardır.

      Qız atası olması ilə fəxr edən Hz. Peyğəmbərin (s.ə.s) qadınlara qarşı nəzakətinə dair bu misal necə də diqqətçəkicidir: “Bir səyahətdə Əncəşə adlı kölə mahnı oxuyaraq dəvələri coşdurmuşdu. Hz. Peyğəmbər (s.ə.s) coşaraq qaçan dəvələrin üstündəki xanımların zəif və zərif bədənlərinin incinəcəyi ehtimalı ilə incə bir bənzətmə edərək belə buyurdu: “Ey Əncəşə! Diqqət et, şüşələr qırılmasın!”(Buxari) Bax budur əsl nəzakət və qadınlara dəyər vermək. Hz. Peyğəmbər onları “şüşə”yə bənzədərək həm fiziki baxımdan zərif yaradıldıqlarına, həm də ruhi cəhətdən incə rəftara layiq olduqlarına diqqət çəkmişdir. Bu dərin anlayışı qadınların döyülməsinə heç bir şəkildə haqq vermədiyini ifadə edən hədislərdə də görmək mümkündür. Bir rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Qadınları döyməyin. Xanımını döyən kişilər sizin xeyirli olanınız deyil”.(Əbu Davud) “Heç kim xanımına kin bəsləməsin. Onun bir xasiyyətini bəyənməzsə, başqa birini bəyənər”.(Müslim) Hz. Aişə də Hz. Peyğəmbərin heç bir xanımını döymədiyini və onlara əl qaldırmadığını ifadə etmişdir (İbn Macə). Halbuki qadına dəyər verdiyini iddia edən günümüzün hüquq sistemləri hələ də qadına şiddətin qarşısını ala bilməmişdir. Halbuki əsrlər əvvəl Hz. Peyğəmbər (s.ə.s) ailəni sevgi və məhəbbət təməli üzərinə bina edərək qadına şiddəti aradan qaldırmışdır. Əlbəttə ki, buna riayət etməyən ailələr bu gün olduğu kimi, o günlərdə də olmuşdur. Ancaq belə misallardan yola çıxaraq İslamın qadına dəyər vermə baxımından geri qalmış sistem olduğunu iddia etmək doğru deyil. Qərb mədəniyyəti İslama ləkə yaxmaq üçün belə nümunələrdən istifadə edərək biz müsəlman ailələrin sağlam təməlini nifaq toxumu ilə yıxmaq istəyir. Anti-İslam qüvvələr ailə sistemimizi yıxaraq bizi milli-mənəvi dəyərlərdən uzaqlaşdırmağa çalışır. Bilinməlidir ki, İslam dini ancaq öz mənbələrindən öyrənilərsə və Hz. Peyğəmbərin nümunəvi həyatı rəhbər seçilərsə, tam başa düşülər.

      Qadın və kişi xəlq edildiyi ilk gündən etibarən bir-birini tamamlayan iki aləmdir. Bu tamamlamada Uca Allah qadına daha böyük rol vermişdir. Ona analıq kimi bir vəzifə verərək cəmiyyətin formalaşmasında bir nömrəli məsuliyyəti onun boynuna qoymuşdur. Bunun fərqində olan hər bir ana bütün enerjisini və qabiliyyətlərini övladını yetişdirməyə sərf etməlidir. Bu bir həqiqətdir ki, cəmiyyəti bərbad edən də, abad edən də qadınlardır. Odur ki, hərtərəfli yetişmiş və ədəb, əxlaq timsalı olan analar yetişdirmək hər bir müsəlman ailənin və cəmiyyətin borcudur. Bunun nəticəsi də, Hz. Peyğəmbərin müjdəsinə görə, cənnətdir. Necə ki, bir hədisində belə buyurmuşdur: “Hər kim üç qız övladını və ya bacısını himayə edib böyüdər, gözəl tərbiyə verər, evləndirər və onlara qarşı lütf və yaxşılıqlarını davam etdirərsə, o şəxs cənnətlikdir”. (Əbu Davud)

      Xülasə, insanlıq tarixində qadın ancaq İslamın iqlimində ən uca zirvəyə yüksəlmiş və lazım olan dəyərə layiq görülmüşdür.

       

      • Hits: 75 clicks

      Tecox component by www.teglo.info