Mübariz ƏLİOĞLU - NƏFS MÜƏMMASI

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

      And olsun nəfsə və onu yaradana, sonra da ona günahlarını və onlardan qorunmasını ilham edənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.(əş-Şəms, 7-10)

       Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

       İslam alimləri arasında elmi, idrakı və Rəbbini tanıma mərifəti ilə seçilən Ətaullah İskəndəri həzrətləri buyurur ki, insan övladının alıb vermiş olduğu hər nəfəsində Allahın (c.c) gerçəkləşdirdiyi bir “qədər” həqiqəti  vardır. Diqqətlə düşünək; gerçəkləşən bu “qədər” barədə nə qədər məlumatlıyıq? Nəfsimizə, bilərək və ya bilməyərək, tabe olaraq Rəbbimizin qəzəbinə səbəb olacaq bir günah içindəyikmi? Nəfsimizi tanıyırıqmı? “Hə” cavabını versək, böyük ehtimalla yalan söyləmiş olarıq. Çünki Rəsulullahın (s.ə.s) “böyük cihad” deyə adlandırdığı və səhabə toplumunu belə çətin vəziyyətdə buraxan “nəfs mücadiləsi” yalnız ilahi yardım, ixlas və inanılmaz iradə bütövlüyü ilə öhdəsindən gəlinə biləcək bir müəmmadır. Ona görə də gəlin bu istiqamətdə tam bir səmimiyyətlə nəfsimizi, onu əhatə edən müəmmaları ötəri və natamam biliklərimizlə tanımadığımızı etiraf edək. Bu amansız mücadilədə Rəbbimizin sonsuz mərhəmətinə sarılaraq nəfsani əsarətdən qurtuluş yolunun usta səyyahları ilə məsafə qət etməyi özümüzə həyati əhəmiyyətli bir vəzifə bilək. Rəsulullahın mübarək hüzurunda yetişərək elmi və mərifəti ilə aləmləri heyran buraxan Hz.Əlinin (r.a) nəfs müəmmasının min bir hiylə ilə adəm övladı üçün hördüyü şər torunu ilmə-ilmə sökərək həqiqəti gözlər önünə sərməsi necə də təqdirəlayiqdir:

      “(Ey nəfsinin hesabsız hiylə və pərdələri ilə cəhalət qaranlığına bürünən qardaşım!) Başqalarına acıdığın qədər niyə (nəfsinin səndən gizlətdiyi) dərdlərinə acımırsan? Günəşin qovurucu istiliyi altında qalmış birini görsən, onu dərhal kölgələndirərsən. Yaxud bütün bədəni ilə şiddətli bir xəstəliyə tutulmuş birini görsən, dərdinə acıyaraq ağlayarsan. Buna müqabil öz dərdindən nə qədər də arxayınsan; başına gələn bəlaya qarşı nə qədər dözümlüsən! Nəfsinin hiylələrinə qarşı mübarizə digər məşğuliyyətlərindən dəyərli olduğu halda öz aqibətinə ağlamaq sənə niyə çətin gəlir axı? Bilmədiyin halda enəcək olan bəla əndişəsi səni niyə diri tutmamaqdadır? (Nəfsin hiylələrinə aldanaraq) Allaha (c.c) üsyan etməyin səni Onun qəhr və qəzəb uçurumuna yuvarlamışdır. O halda nəfsin hiyləsi ilə qəlbini bürümüş boşluq dərdini əzmlə, başındakı qəflət yuxusunu da diriliklə müalicə eylə. Allaha (c.c) itaətkar ol, Onunla zikri ilə ünsiyyət qur, Ondan üz çevirdiyin zamanlarda Onun sənə necə yönəldiyini dərin-dərin düşün! O səni sonsuz Rəhməti ilə bürüyərək əfvinə çağırmaqdadır. Sən isə Onu buraxıb başqasına getməkdəsən. Bu uca və güclü olan Allah (c.c) nə qədər də Kərimdir!”    

       

      Bəri gəl, nəfsini bilmək istəsən,

      Nədir göstərəyim hallar içində.

      Aşiq olan kişi eşqin dadını,

      Tapamaz şəkərü-ballar içində...

       

      - deyən Niyazi Misri həzrətlərinin həyatının nəfsani qaranlıqlardan qurtulma mərhələsi ibrətverici mənalarla olduqca zəngindir. İnsan özü özünə baxdığında daxilini görə bilirmi, nəfsinin hiyləsini anlaya bilirmi? Bu suallara cavab axtaran Misri həzrətləri düz doqquz il mürşidi Ümmi Sinan həzrətlərinin dizinin dibində mücadilə həyatı yaşamışdır. Təkyə xidmətlərində canla-başla çalışan Misri həzrətlərinə dəyirmanda unu üyütmə vəzifəsi tapşırılır. Aradan bir müddət keçdikdən sonra Misri həzrətləri öz-özünə: “Şeyximdən ayrı düşdüm. Bu halım feyz almağıma əngəl olacaq. Halbuki müridin yeganə təsəlli qaynağı mürşidinin camalıdır. Ondan uzaqda mənim halım necə olar?” - deyə düşünərək şübhəyə düşər. Könlündəki bu vəsvəsəni kəlmeyi-tövhid və istiğfarla silməyə çalışsa da, onu geri çevirə bilməz. Bunları düşündüyü əsnada tənha getdiyi yolda bir ayı ona hücum edər. Ayıdan qorunmaq üçün nə qədər çalışsa da, buna müvəffəq olmaz. Əlacsız qalan Misri həzrətləri mürşidinin ruhaniyyətinə sığınaraq imdad diləyər. Uca Allahın (c.c) yardımı ilə Ümmi Sinan həzrətləri təcəlli edərək müridini ayının pəncəsindən qurtarar. Lakin ən önəmlisi bundan sonra baş verər. Ümmi Sinan həzrətləri deyər ki: “Övladım, qarşılaşdığın hal sənin xatirələrindən törəmişdir. Yaşadığın bu hal sənin irşadın üçündür. Könlündəki (nəfsani) vəsvəsənin mənəvi surəti də qarşılaşdığın həmin vəhşi  məxluqdur”.   

       Əhli olmayanlar tərəfindən təkbaşına həlli  haradasa mümkünsüz görünən  nəfs müəmması qarşısında diz çökənlərə yönələn Abdulqadir Gilani həzrətləri onları bu dərdin təbiblərinə  könül talibi olmağa səsləməkdədir: “Ey əlacsızlıq xəstəliyinə tutulan! Şəfa axtar! Bu şəfa ancaq Allahın saleh qullarının yanında olur. Onları tap və şəfa dərmanını onlardan alaraq dərdinə dəva eylə. O dərmandan istifadə etdiyin an sənə rahatlıq gələcək. Qəlbin sıxıntılardan qurtulacaq və əbədi sağlığa qovuşacaqsan; Rəbbinin rəhmət dəryasına baş vuraraq Onun varlığından başqasına könül verməzsən. Əgər (təmizlənməmiş nəfsaniyyətin təhriki ilə) qəlbində çirkin mənalar cövlan edərsə, o qəlbin gözü heç Haqqa baxa bilərmi?”


       

       

       

      • Hits: 99 clicks

      Tecox component by www.teglo.info