Gözdən İraq Olan Könüldən Uzaq Olarmi ? / Ramiz Məmmədov

      Share

      Bir vaxtlar demək olar ki, heç gözümün qabağından getməyən, doğulub böyüdüyüm Qarabağın gözəl guşələrindən biri olan Ağdam son vaxtlar həftədə bir-iki dəfə yadıma ancaq düşür.

       Gözdən iraq olan könüldən uzaq olar: sözü həqiqətən çox mənalı ifadə imiş...

      Nə isə, yenə bir gün Ağdam yadıma düşmüşdü. Amma bu dəfə içimdən oralara getmək gəldi. Elə də etdim. Əvvəlcə işğal altında olan və səkkiz yaşına qədər qaldığım, nənəmgilin kəndi Sarıcalıya getməyə qərar verdim. Sarıcalı Ağdamın işğal altında olan sonuncu kəndidir. Kəndə girəndə gözlərimə inanmadım. Elə bil burada yerli-dibli insan yaşamayıb. Hər tərəfi viran olmuş, evləri dağıdılmış olan bu kənd xarabalığı xatırladırdı. Özümü birtəhər ələ aldım. Çünki onbeş il sonra uşaqlıq illərimi keçiriyim o gözəl kəndin məni bu şəkildə qarşılayacağını heç ağlıma belə gətirməzdim. Artıq iç dünyamın bu xaraba qalmış kənddən heç bir fərqi yox idi. Kəndin dili, ixtiyarı olsaydı bəlkə də məni nə xoş dillə qarşılayar, nə də torpağına ayaq qoymağa icazə verərdi. Bəlkə də kənd ürəyimdən keçənləri mənə deyirdi, amma yaxşı ki, mən bu deyilənləri eşitmirdim. Yoxsa, onun naləsinə hərhalda qəlbim tab gətirə biməzdi. O anda yadıma Üzeyir (ə.s)-ın qissəsi düşdü.

      Quran-i Kərimdə bu hadisə belə anladılır:

      “(Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcəba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək? - demişdi.” (Bəqərə, 259) Qissənin davamında Üzeyir (ə.s)-ın bu şübhəsini dağıtmaq üçün Allahın ona yüzillik bir yuxu verdiyindən və sonra yenidən dirilişin necə olacağını göstərməsindən bəhs olunur. İnşallah ümid edək ki, bu kənd və Qarabağın bu vəziyyətdə olan bütün rayonları və kəndləri də Allahın köməyi ilə bizim əlimizdə təkrar həyat tapacaqdır.

      Xəyalını qurduğum o günü fikirləşərək yavaş-yavaş birinci və ikinci sinii oxuduğum məktəbə tərəf getməyə başladım. Məktəbə girdikdə yanğılı ürəyimdən bir bənd şeir keçdi:

       

      Kaş ki, yeddi yaşım dönəydi geri,

      Gələydi fərəhli təhsil illəri.

      Günəşli bir günün payız səhəri

      Məktəb qapısından girə biləydim...

       

      Uşaqlıq illərimin keçdiyi bu məktəbin də digər binalardan bir fərqi yox idi. Onu da mənfur düşmən yerlə-yeksan etmişdi. Sanki məktəb mənə: oxumağın üçün məkan olduğuma peşmanam,- deyirdi. Və sanki: - o qədər üzərimdə gəzdin, sənə güvənsəm də, səndən bir hayan görmədim,- deyirdi. Artıq  məktəbin içimi göynədən məzəmmətlərini dinləyə bilmirdim. Taqətim tükənmişdi. Artıq nənəmgilin evinə getməyə gücüm qalmamışdı. Sabah bir də qayıtmaq fikri ilə geri dönməyə qərar verdim.

      O mənzərə gözümün önündən getmirdi. Yuxum ərşə çəkilmişdi. Amma sabah uzun bir səfərə çıxacağımı fikirləşərək yatmağa çalışdım. Nəhayət səhər açılmışdı. Həyəcanla gözlədiyim səfərə başlamaq olardı. Bu səfər həm vaxtım məhdud olduğundan, həm də oraları o vəziyyətdə bir də görməmək üçün Ağdama yox, Qarabağın gözü olan Şuşaya getmək qərarına gəldim. Şuşaya çatanda məni heyrətləndirən keçdiyim dolama yollar oldu. Onbeş il əvvəl gördüyüm bu yollar məndə dərin hisslər oyatdı. Elə bil o yollar doğma yolçularını gözləməkdən yorğun düşərək, qıvrılıb yatmışdı. Sanki o yollar da məndən və mənim timsalımda azərbaycanlıyam, -deyən hərkəsdən küsmüşdü. Uzun müddət o yollarda gəzərək həsrət dağıtdım. Bu dolama yol məni gətirib Şuşa qalasına çıxardı. Qalada xeyli gəzişdim. Bir az sonra avtovağzala çatdım. Hər yanda evləri yanmış və dağılmış gördüm. Daha sonra Cıdır düzünə qalxdım. Bir anlığa gözlərimin önündən orada keçirilən “Novruz” şənlikləri və bu şənliklərdə məşhur Qarabağ atları üstündə keçirilən yarışlar keçdi. Cıdır düzündən Topxana meşəsinin görüntüsü bu yerlərin gözəlliyini birə-min artırırdı. Axşam düşürdü. Geri dönmək vaxtı gəlmişdi. Beləliklə mənim də virtual səyahətim beləcə başa çatdı. İnşallah yaxın gələcəkdə bu virtual həyatı siz oxuculara həqiqi həyat olaraq yazmağı ümid edirəm.

       

      • Hits: 718 clicks

      Tecox component by www.teglo.info