Ələddin SULTANOV - BİR AYƏ

      Share

      بسم الله الرحمن الرحيم

      وَلَنَبْلُوَنَّكُمْ بِشَىْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْاَمْوَالِ وَالْاَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ
      “Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can (övlad) və məhsul itkisi ilə imtahan edərik. Səbir edənlərə müjdə ver! (əl-Bəqərə, 2/155)


       

      Səbir etmək Uca Allahın bəndələrinə ehsan etdiyi ən gözəl nemətlərdən biridir. Əgər insana səbir etmək kimi bir xüsusiyyət verilməsəydi, bu dünyada başına gələn müsibətlər qarşısında çarəsizlik girdabına düşüb yaşamaq ümidini itirə bilərdi. Bu ayədə xüsusilə müsəlmanların Mədinə dövrünün ilk illərindəki sıxıntılarına işarə edilməklə birlikdə hökmü ümumidir.

      Ayeyi-kərimədə də ifadə edildiyi kimi, insan oğlu dünya həyatında müxtəlif çətinliklərlə üzləşə bilər – aclıq çəkə, hər hansı bir yaxınını itirə, yaxud təbii fəlakətlərlə qarşılaşa bilər. Ancaq həqiqi mömin belə hallarda Allahın bəxş etdiyi səbir neməti sayəsində ağlını işlədərək bu çətinliklərin həlli yolunu axtarar. Bununla bağlı olaraq Peyğəmbərimiz (s.ə.s) də belə buyurmuşdur: “Savabın çoxluğu bəlanın böyüklüyünə görədir. Allah-Təala bir topluluğu sevdiyi zaman onları müxtəlif müsibətlərlə imtahan edər. Kim bu müsibətləri səbirlə qarşılasa, Allah ondan razı olar...” (İbn Macə, Fitən, 23) Yəni başımıza gələn müsibətlər Allahın bizi sevmədiyini göstərməz. Uca Allahın dünyada qurduğu nizamda xeyir ilə şər, nemət ilə əziyyət bir yerdədir. Nemətlərə görə şükür etmək möminin borcu olduğu kimi, müsibətlərə görə səbir etmək də onun vəzifəsidir.

      Həzrət Peyğəmbər (s.ə.s): “Səbir, müsibətlə ilk qarşılaşdığın anda ediləndir”, - buyuraraq müsibətlə üzləşdiyi zaman müsəlmanın şüursuzca hərəkət edib daha pis nəticələrə yol açmamasını istəmişdir. Bir müsəlman üçün ölüm hadisəsi də əslində müsibət deyil, Allahın təqdiri və əbədi aləmə keçid qapısıdır. Həqiqi mömin ölüm hadisəsini belə mətanətlə qarşılayar və peyğəmbərimizin müjdəsinə nail olar. Bu mənada Həzrət Peyğəmbərdən belə bir hədis nəql edilmişdir: “Bir bəndənin uşağı vəfat edərsə, Allah mələklərə belə buyurar: “Bəndəmin uşağını aldınız!” Mələklər: “Bəli”, - deyərlər. Allah: “Qəlbinin meyvəsini aldınız!” - buyurar. Onlar yenə: “Bəli”, - deyə cavab verərlər. Allah soruşar: “Bəndəm nə dedi?” Mələklər: “Sənə həmd etdi və hər kəs Allaha dönər dedi”, - deyə cavab verərlər. Bu zaman Allah-Təala belə əmr edər: “Onda bəndəm üçün cənnətdə bir imarət tikin və onu Beytül-həmd (şükür evi) adlandırın!” (Tirmizi, Cənaiz, 36)

      Allah-Təala səbir edən möminlərə axirətdə veriləcək mükafat barədə isə belə buyurur: “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (cənnət) nə gözəldir!” (ər-Rad, 13/24)  Uca Allah hər birimizi layiqincə səbir edən və səbir mükafatına nail olan bəndələrindən eləsin!

       

       

       

      • Hits: 129 clicks

      Tecox component by www.teglo.info