Səfa MURADOV - BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ يَدْعُو بِهَا، وَأُرِيدُ أَنْ أَخْتَبِئَ دَعْوَتِي شَفَاعَةً لِأُمَّتِي فِي الآخِرَةِ

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hər peyğəmbərin dua etdiyi təqdirdə (mütləq) qəbul olunacaq bir duası vardır. Mən bu duamı axirətdə ümmətimə şəfaət etmək üçün saxlayıram”. (Buxari, Dəəvat, 1; Müslim, İman, 86)

                  Hədisi-şərif hər bir peyğəmbərin mütləq qəbul olunan bir duasının olduğuna diqqət çəkir. Hər nə qədər hədisin zahiri mənasından peyğəmbərlərin yalnız qəbul olunan bir duasının olduğu anlaşılsa da, İbn Həcərə görə, bu duanın digər dualardan fərqi onun qəbul olmasının qətiliyidir. Digər duaların qəbul olmasında isə qətilik yoxdur, ümid vardır. Başqa bir görüşə görə, peyğəmbərlərin bütün duaları qəbul olunan dualardır. Bu hədisdəki məna odur ki, bütün peyğəmbərlər öz qövmlərinin həlakı üçün bəddua etdikləri halda Hz. Peyğəmbər belə bir bəddua etməmiş və buna əvəz olaraq Allah tərəfindən ona axirətdə ümmətinə şəfaət etmə səlahiyyəti verilmişdir. (Fəthül-bari, XI, 96-97)

                  Şəfaət termin olaraq axirət günü Rəsulullahın (s.ə.s), digər peyğəmbərlərin və saleh əməl sahiblərinin möminlərin bağışlanmaları üçün Allah qatında dua və niyaz etmələri mənasını daşıyır. Allahın şəfaət etmə səlahiyyəti verdiyi kimsələr yalnız Allahın razı olduğu kəslər üçün şəfaətçi ola bilərlər. Uca Allah bu həqiqəti Quranda belə bəyan etmişdir: "...Onlar yalnız Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onun heybətindən qorxarlar". (əl-Ənbiya, 21/28)

      Hədislərdə Hz. Peyğəmbərin axirət günü şəfaət edəcəyi kimsələrin dünyada ikən böyük günah edən bəndələr olduğuna diqqət çəkilsə də (Əbu Davud, Sünnə, 21), şəfaətə nail olacaq bu günah sahiblərinin mömin olduğu vurğulanmışdır. Bu da o deməkdir ki, Allahı inkar edib ona şərik qoşan kafir və müşriklərə şəfaət olunmaz. Çünki Allah-Təala onların əbədi olaraq axirət əzabına düçar olacaqlarını bəyan etmişdir. Buradan da belə bir nəticəyə gəlmək mümkündür ki, əslində şəfaət sonsuz mərhəmət sahibi olan Allahın şirkə və küfrə girməyən bəndələrini əfv edib bağışlamasının yollarından biridir.

                  Şəfaətin haqq olduğunu bilmək müsəlmanı dini əmrləri tərk edib arxayınlığa sövq etməməlidir. Əksinə, Qiyamət günü Allahın rizasına və Rəsulullahın (s.ə.s) şəfaətinə nail olmaq üçün hər kəs əlindən gələni etməlidir. Əks təqdirdə bu ilahi nemətdən məhrum olmaq da mümkündür. Digər tərəfdən, ayə və hədislərdə keçən şəfaət mövzusunun ilahi ədalətə zidd olduğunu düşünmək də doğru deyil. Şübhəsiz ki, Allah mütləq ədalət sahibidir. Hər bir əməlin qarşılığını verəcəyini vəd etmiş və vədinə də sadiqdir.

       

       

       

      • Hits: 147 clicks

      Tecox component by www.teglo.info