155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Kamran MƏMMƏDOV - CƏNNƏT

      Share

      Cənnət sözü ərəb dilində ağaclı bağça, yaşıllıqları bol olan bostan, sıx budaqları və yarpaqları ilə yerə kölgə salan xurmalıq və bağ mənalarına gəlir. 

      Bura peyğəmbərlərin dəvətinə tabe olan, qulluq vəzifələrini yerinə yetirən pak və müttəqi bəndələr üçün hazırlanmış bir hüzur və səadət yurdudur. Qısaca, axirətdəki nemətlər yurdunun ümumi adı cənnətdir. Quranda cənnət mənasında müxtəlif adlardan istifadə edilmişdir. Cənnətin təbəqələri olması ehtimalı da olan bu adlar belədir: Cənnətül-məva (şəhidlərin və möminlərin yeri olan cənnət), cənnəti-adn (əbədilik cənnəti), darul-xulud (əbədilik yurdu), firdevs (hər şeyi əhatə edən cənnət bağçası), darus-səlam (sağlamlıq yurdu), darul-muqamə (əbədi qalınacaq yer), cənnatün-nəim (nemətlərlə dolu cənnətlər), məqamul-əmin (etibarlı mövqe).

      Qurani-Kərim və hədisi-şəriflərdə Cənnət müxtəlif şəkillərdə təsvir edilmişdir.

      “Cənnət təqva sahiblərinə yaxınlaşdırılmışdır. Sizə vəd olunan gördüyünüz bu Cənnətdir ki, o, Allaha itaət edən, onun hüdud və əhkamına riayət edən, çox mərhəmətli Allaha bütün səmimiyyəti ilə qiyabən ehtiram göstərən, haqqın itaətinə yönəlmiş bir ürəklə gələnlərə aiddir”. (Qaf, 31-33)

      “Tövbə edənlər, yaxşı əməl və hərəkətdə olanlar elə deyil. Çünki bunlar heç bir şeylə haqsızlığa uğradılmayaraq Cənnətə, çox mərhəmətli Allahın qullarına qiyabən vəd buyurduğu ədn cənnətlərinə girəcəklər. Onun vədi şübhəsiz yerini tapacaq. Orada salamdan başqa bir söz eşitməyəcəklər. Səhər-axşam ruziləri də ayaqlarına gələcəkdir. O, elə Cənnətdir ki, biz ona bəndələrimizdən həqiqətən müttəqi olanları varis edəcəyik”. (Məryəm, 60-63)

      Cənnət bu dünyada edilən yaxşılıqların axirətdə Allah tərəfindən verilən qarşılığıdır.

      Quranda Cənnətin xüsusiyyətlərindən bəziləri belə açıqlanır:

      1- Altından çaylar axan, bir-birinin üstündə tikilmiş yüksək köşklər, gözəl məskənlər.

      2- Axan mənbələr, ağaclar, görünüşü və qoxusu gözəl, istəyənlərin yanına qədər sallandığına görə qoparılması asan, müxtəlif, bol meyvələr.

      3- Ürəyin istədiyi hər cür yemək, müxtəlif ləzzətli içkilər və cürbəcür tükənməz nemətləri olan məkan. “Canların istəyəcəyi və gözlərin xoşlanacağı nə varsa, hamısı oradadır. Siz də orada davamlı olaraq qalacaqsınız. Bu, əməllərinizə görə varis qılındığınız Cənnətdir. Sizin üçün orada çoxlu meyvələr vardır, onlardan yeyəcəksiniz”. (əl-Zuxruf, 71-73)

      4- Cənnətdə həyat sonsuzdur, kin yoxdur, boş söz və günah söz eşidilməz.

      “Biz o cənnətliklərin ürəklərindəki kinləri çıxarıb onları pak edərik. Hamı qardaşlar olaraq taxtlar üzərində üzbəüz oturar. Orada onlara heç bir əziyyət toxunmaz və onlar oradan çıxarılmayacaqlar”. (əl-Hicr, 47-48).

      5- Cənnət nemətləri insan xəyalının çata bilməyəcəyi gözəllikdədir. Əslində, Cənnəti dünya ölçüləri ilə təsvir etmək mümkün deyil. Bununla birlikdə Cənnətdəki bənzərsiz nemət və səltənəti anlaya bilməyimiz üçün Allah-Təala onu bizə bu şəkildə təsvir etmişdir:

      “Buna görə Allah onları o günün pisliyindən qoruyar. (Üzlərinə) parlaqlıq, (könüllərinə) sevinc verər. Səbir etdiklərinə görə onlara Cənnəti və oradakı ipəkləri lütf edər. Orada taxtlarda oturmuş olarlar. Nə yandırıcı isti görərlər, nə də dondurucu soyuq. Ağaclarının kölgələri üzərlərinə sallanar; asanca qoparıla bilən meyvələr onlara təqdim edilər. (Cənnətdəki xidmətçilər) yanlarında gümüş qablar və büllur qədəhlərlə gəzərlər. (Bunlarla hər kəsin) ölçüsündə təyin və təqdir edərlər. Onlara orada bir kasadan içirilər ki, qarışığında zəncəfil vardır. (Bu içəcək) orada bir mənbədəndir ki, adına səlsəbil deyilir. Cənnətdəkilərin ətrafında(xidmət etmək üçün) elə ölümsüz gənclər gəzər ki, onları gördüyündə ətrafa  dağılmış incilər hesab edərsən. Hansı  yana baxırsan bax, (yığınla) nemət və ulu bir səltənət görərsən. (Cənnət əhlinin) üzərlərində incə yaşıl ipəkli, parlaq atlasdan paltarlar vardır. Gümüş bilərziklər taxarlar. Rəbləri onlara tərtəmiz içkilər içirər. Onlara: “Bu sizin etdiklərinizin əvəzidir, işləriniz şükrə dəyər” deyilər”. (əl-İnsan, 11-22)

      Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Allah buyurur ki: “Saleh qullarım üçün mən Cənnətdə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insan könlünün təsəvvür etmədiyi bir çox nemətlər hazırladım”. (Buxari, Bədul-xalq 8,  Tevhid 35; Müslim, Cənnət 2-5; Tirmizi, Təfsirul-Quran 33, 57; İbni Macə, Zöhd 39).  

      Rəsulullah (s.ə.s) Cənnətin gümüş və qızıl kərpicdən olduğunu, daşlarının inci və yaqut olduğunu, oraya girənlərin bolluq və rifah içində, kədərsiz  yaşayacağını, orada əbədi qalacaqlarını, ölməyəcəklərini və gəncliklərinin yox olmayacağını ifadə etmişdir. (Buxari, Bədul-xalq, 8, Ənbiya 1; Müslim, Cənnət 17)

      Ənəs ibn Malikdən  (r.a.) rəvayət olunan bir hədisdə də Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “İndicə Cənnət ilə Cəhənnəm bu divarın üzündə mənə ərz olundu”. (Təcridi-Sarih Tərcümə və Şərhi, II, 483). “Cənnət mənə o qədər yaxınlaşdırıldı ki,əgər salxımlarından bir dənəsini alsaydım, dünya var olduğu müddətdə ondan yeyərdiniz”. (Buxari, Qusuf 14; Müslim, Qusuf 24(907); Malik, Muvatta Salatul-Qusuf). Bu hədislərdən də aydın olduğu kimi, Cənnət yaradılmış olub hal-hazırda da mövcuddur.

       

       

      • Hits: 183 clicks

      Tecox component by www.teglo.info