155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Saleh ŞIRINOV - AILƏDƏ ROL MODEL OLMAQ

      Share

      Ailə qohumluq əlaqəsi ilə bir-birinə bağlanan fərdlərin meydana gətirdiyi birliyə deyilməkdədir. Ailənin ən əhəmiyyətli iki ünsürü qadın və kişidir. İslamın nəzərdə tutduğu müqəddəs bir bağ olan evlilik ər-arvad arasındakı həyat müştərəkliyinin adıdır.

      İslam ənənəsinə görə, kişi və qadın bir-birinin yoldaşıdır. Qadın və kişinin halı bir cüt ayaqqabının sağ və sol təkinin vəziyyəti kimidir. Hər nə qədər biri digərinin bənzəri kimi görünsə də, əsla bir-birinin yerini tutmayan və biri olmadığında digəri yarım və funksiyasız qalan bir bütünün iki parçasıdır onlar. Bu səbəbdən qadın və kişi təkliyin aradan qaldırılması, birliyin təmin edilməsi, dünya həyatının xoşbəxt bir şəkildə keçirilməsi və daha bir çox hikmətlər gərəyi bir-birini tamamlayan iki ana ünsür olaraq yaradılmışdır.

      İnsan fitrəti etibarilə bir ailə qurmağa və o ailə içində yaşamağa möhtacdır. Lakin ailə yuvasının hüzur və səadəti üçün də ailə fərdlərinin üzərlərinə düşən haqq və vəzifələri bilmələri və bunlara riayət etmələri zəruridir.

      Ata - xanımını və uşaqlarını ən gözəl şəkildə tərbiyə edib ehtiyaclarını halalından təmin edərək onları iki dünya səadətinə hazırlamalıdır. Övladlarına mal-mülk mirasından çox, möhkəm bir xarakter və şəxsiyyət mirası buraxmalıdır.

      Ana - ərinə qarşı vəzifələrində həssas davranmalı, evinə və uşaqlarına sahib çıxmalıdır. "Yuvanı quran dişi quşdur" zərbi-məsəli ilə qənaətkar davranaraq israfdan çəkinməli və hər xüsusda böyük bir dirayətlə hərəkət etməlidir. Yuvasının müəllimi olmalı, ilahi bir əmanət olan balalarına İslamın nəzakət və zərifliyini təlqin etməlidir.

      Ata-ana uşaqlarına qarşı ədalətli davranmalı, şəxsən nümunə olaraq gözəl bir tərbiyə verməlidir. Qüsursuz övlad yetişdirməyin qüsursuz bir ata-ana olmağa bağlı olduğunu unutmamalıdır.

      “Ailədə rol model olmaq necə mümkündür?” Hər xüsusda olduğu kimi, bu xüsusda da Hz. Peyğəmbərimizin (s.ə.s) qurduğu rifah və səadət yuvası ailəsini nümunə göstərə bilərik.

      Ömrün hər mərhələsində və hər məsələsində ən gözəl nümunə və rəhbər olan Peyğəmbərimiz (s.ə.s) ailə səadəti və ailə hüzuru baxımından da bütün insanlığa nümunə bir ailə qurmuş və hərtərəfli mükəmməl, feyzli və bərəkətli bir həyat sərgiləmişdir. Yəni O (s.ə.s), məsud bir ailə yuvası üçün həm ən mükəmməl ər, həm də ən mükəmməl ata nümunəsidir. Xanımı Hz. Xədicə (r.anhə) anamız da ən mükəmməl həyat yoldaşı və ana nümunəsidir. Peyğəmbərimizin xanımları olan digər analarımız da həmçinin belədir. Qısacası, Onun qurduğu ailə yuvasında Ondan ən kiçik bir mənfilik meydana gəlməmişdir. Bu, xəyala gəlməyəcək bir müvəffəqiyyətdir.

      Bəşər olmaları səbəbi ilə xanımları ilə aralarında bəzi xırda məsələlər, əlbəttə ki, yaşanmışdır. Ancaq Onun (s.ə.s) uca əxlaqı və ideal şəxsiyyəti sayəsində hamısı da xeyir və bərəkətlə nəticələnmiş, belə vəziyyətlərdə də bütün ümmətinə necə davranılacağı barəsində nümunə olmuşdur.

      Buradan öyrəndiyimiz budur ki, öz ailə fərdlərinin əbədi səadəti qazanmaları üçün səy göstərmək ən mühüm məsuliyyətdir. Bu xüsusda Allah-Təala belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı (ailənizi) yanacağı insanlar və daşlar olan cəhənnəm atəşindən qoruyun!..” (ət-Təhrim, 6)

      Peyğəmbərimizin (s.ə.s): “Qadınların haqlarını yerinə yetirmək barəsində Allahdan qorxun. Çünki siz onları Allahın əmanəti olaraq aldınız” xəbərdarlığını və: “Ən xeyirliniz, ailəniz üçün xeyirli olandır” müjdəsini eşidən hər bir ailə başçısı bu hədisləri özü üçün şüar bilməli, ailə içindəki davranışları ilə övladlarına da “rol model” olmalıdır.

      Ailədə model ola bilmək üçün diqqət olunacaq İslami ölçüləri belə sıralamaq mümkündür:

      Əlaqələrin təməlinə Allahın razılığını qoymaq.

      Həyat yoldaşını və uşaqları əmanət bilmək.

      Dürüst və səmimi olmaq, gördükləri işi bir-birindən gizlətməmək.

      Güvənmək və etibarlı olmaq.

      Haqlara və məsuliyyətlərə riayət etmək.

      Mülayim davranmaq, kobud və sərt olmamaq.

      Ev işlərində bir-birinə yardım etmək.

      Hədiyyələşmək və bir-birinə təbəssümlə baxmaq.

      Dünya və axirət işləri barəsində bir-biri ilə məsləhətləşmək.

                  Qənaətkar olmaq, israfdan, qazandığını sağa-sola xərcləməkdən çəkinmək.

      Hirslə (qəzəblə) hərəkət etməmək.

      Yalnız qüsurlara baxmamaq, bir-birinin gözəl xüsusiyyətlərinə də diqqət yetirmək.

      Anlaşmazlıqların həllini Quran və sünnədə axtarmaq.

      Ailə içi məsələləri, məcburiyyət xaricində, üçüncü tərəflərlə paylaşmamaq.

                  “Mən, Sən, O” yerinə “Biz” duyğusuyla hərəkət etmək.

                  Vəfalı Olmaq, bir-birinin səylərinə, fədakarlıqlarına qiymət vermək.

      Həyat yoldaşının ailəsinə və bütün qohumlara yaxşı davranmaq.

      Əgər tərəflər bu kimi xüsuslara diqqət edərsə, bu davranışları uşaqları tərəfindən də nümunə götürülər və əxlaqi dəyərlər kimi gələcək nəsillərə ötürülmüş olar.

       

      • Hits: 182 clicks

      Tecox component by www.teglo.info