Ülvi MƏMMƏDOV - MARAQLI HEKAYƏLƏR

      Share

      ALLAH QƏBUL ETMƏDİ

      Bir nəfər Həsən Bəsri həzrətlərindən ona nə isə verməsini istədi. Həsən Bəsri həzrətləri dərhal ayağa qalxdı və əynindəki köynəyi çıxarıb ona verdi.

      “Gedib evdən gətirsəydiniz olmazdımı?” – dedilər. Bu cavabı verdi:

      “Bir dəfə möhtac bir adam məscidə gəlib qarnının ac olduğunu demişdi. O anda qəflətə dalıb ehtiyacı olan qidanı vaxtında çatdıra bilmədik. Sübh namazına gələndə zavallının öldüyünü gördük. Kəfənləyib dəfn etdik. Ertəsi gün mənəvi təzahürlə onu bükdüyümüz kəfəni mehrabda gördük. Üstündə belə yazılmışdı: “Kəfəninizi götürün, Allah qəbul etmədi!”.

      Artıq nə zaman bir möhtac görsəm, ona yardım etməkdə yubanmayacağıma dair and içdim”.

       

       

      NƏ ƏKƏRSƏN ONU BİÇƏRSƏN

      Ankara Hacəttəpə xəstəxanasının beyin cərrahiyəsi şöbəsində yeddi il xidmət edən T. Əmiralıoğlu təyinatını Trabzona dəyişdirmişdi. Xəstəxanadan ayrılarkən beyin əməliyyatlarında istifadə olunan çox qiymətli bir cihazı oğurlamış və satmışdı.

      Bir müddət sonra başlarına gələn hadisə Əmiralıoğlu ailəsini çox sarsıtdı. Çünki iki yaşındakı Fərda evlərinin balkonunda oynayarkən müvazinətini itirmiş və başı üstə yıxılmışdı. Koma halında xəstəxanaya çatdırılan kiçik uşağın beynində təcili əməliyyat aparılmalı idi. Bunun üçün Əmiralıoğlu qızını əvvəl işlədiyi Hacəttəpə xəstəxanasına apardı. Amma beynindəki qan laxtasının təmizlənməsi və əməliyyat üçün lazım olan cihaz xəstəxanadan oğurlanmışdı. Etdiyi oğurluğu xatırlayan Əmiralıoğlu çox pis oldu və vicdan əzabı içində “cihazı mən oğurlamışdım, indi onu tapıb gətirəcəyəm. Təki qızım yaşasın”, –deyərək cihazı satdığı yerə qaçdı, onu geri alıb xəstəxanaya qayıtdı. Amma iş-işdən keçmişdi. Cihaz gələnə qədər uşaqcığaz iflic oldu və həyatı boyu şikəst qaldı. Oğurladığı cihaza görə qızının həyatını məhv edən ata əsəb böhranı keçirdi. Məhkəməyə verilən Əmiralıoğlu tutularaq həbsxanaya göndərildi.

       

       

      ÖLDÜYÜN ZAMAN SƏNİ HİMAYƏSİNƏ ALACAQ BİR İŞİN OLSUN

      Aləmlərin Sultanı Həzrət Peyğəmbər (s.ə.s) xəstə olanları və dərdliləri ziyarət edib ehtiyacları ilə məşğul olmağa xüsusi bir diqqət yetirmiş, əshabını da bu istiqamətdə tərbiyə etmişdir. Salman (r.a) belə nəql edir:

      Allah Rəsulu (s.ə.s) ənsardan bir nəfər xəstəni ziyarət etdi. Əlini xəstənin alnına qoydu və soruşdu:

      -Özünü necə hiss edirsən?

      Xəstə cavab vermədi.

      -Ya Rəsulallah! O sizin gəlişinizi hiss etmədi, - dedilər.

      Rəsulullah (s.ə.s) buyurdu:

      - Elə isə onunla məni tək qoyun.

      Adamlar bayıra çıxdı. Allah Rəsulu (s.ə.s) əlini xəstənin alnından götürdü. Xəstə əlini təkrar qoy deyə işarə etdi. Sonra Rəsulullah (s.ə.s) təkrar soruşdu:

      -Ey filankəs, özünü necə hiss edirsən?

      -Yaxşı hiss edirəm. Yanıma biri qara, o biri ağ olan iki kişi gəldi.

      -Hansı sənə daha yaxındır?

      -Qara olan mənə daha yaxındır.

      -Elə isə yaxşılıq az, pislik çoxdur.

      -Ya Rəsulallah! Dua edin, istifadə edim.

      Rəsulullah (s.ə.s) belə dua etdi: “Allahım! Çoxunu bağışla, azını tamamla”. Sonra Nəbiyyi-Əkrəm (s.ə.s) təkrar soruşdu:

      -Nə görürsən?

      -Atam, anam sənə fəda olsun, xeyir görürəm. Yaxşılıqlar çoxalır, pisliklər isə azalır. Qara da məndən uzaqlaşır.

      Allah Rəsulu (s.ə.s) soruşdu:

      -Hansı əməlin sənə daha çox sahib çıxır?

      Xəstə belə cavab verdi:

      -Mən su daşıyırdım. (Heysəmi, II, 322, 324)

       

       

      DƏNİZİ ORA QOYAN KİMDİ?

      Londonda tanınmış bir zooloqun “Dünyamızın başlanğıcı” adlı konfransında iştirak edirdim. Alim böyük okean dalğalarının yer qabığına çarpmasıyla ilk canlıların meydana gəldiyini desə də, bunu tam mənasıyla izah edə bilmədi.

      Konfrans qurtardıqdan sonra tamaşaçılar arasından kiçik bir uşaq alimə sual verdi:

      - Dalğaların sahilə çarpmasını çox yaxşı anlatdınız. Bəs o dənizi ora qoyan kimdi?

      Saf bir şəkildə verilmiş olan bu sual dinləyiciləri düşünməyə vadar edərkən, alimin də bütün izahatlarını heçə endirirdi.

      (Dr. A.J.Cronin)

       

       

       

      • Hits: 111 clicks

      Tecox component by www.teglo.info