155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Redaktordan - ƏZİZ OXUCU!

      Share

      Bu il şanlı tariximizin ən parlaq səhifələrindən biri olan, varlığımızın, müstəqilliyimizin ən ali əsası olan, Şərqin ilk demokratik respublikası - cümhuriyyətimizin qurulmasından 100 il ötür. 

      İl boyunca cümhuriyyətin elan olunmasından başlayaraq bir çox qurumların da təsis edilməsinin “100 illik”ləri qeyd olundu. Bənzər tədbirlər il sonuna qədər də qeyd olunmağa davam edəcək. Çünki 1918-ci il milli müstəqillik tariximizdə bir çox “ilk”lərin başlanğıcı olmuşdur.

      Bu sayımızda həmin ilklərdən, bəlkə də, cümhuriyyətin elan olunmasından sonra ən mühüm olanını –  paytaxtımız Bakı şəhərinin azad olunmasını ələ alacağıq. Eyni zamanda bu nailiyyətdə böyük pay sahibi olan qardaş köməyindən – Qafqaz İslam Ordusu və onun dahi komandanı Nuru Paşadan bəhs edəcəyik. “Azadlıq çırpınışı” başlıqlı yazıda bu yolda çəkilən əziyyətlər və böyük zəfərin dəyərindən söz açılacaq. “Sarsılmaz qardaşlıq” başlıqlı yazımızda o çətin dövrdə “qardaş köməyi”nin necə həsrətlə gözləndiyindən və xalqın sevincinə səbəb olduğundan bəhs edilir. “Yol ver türkün bayrağına!..” deyərək bu qələbədə böyük pay sahibi olan dahi şairlərimizi, ədiblərimizi də xatırlamağı özümüzə borc bildik. Yazılarımızda “Bakıdakı son Osmanlı” olaraq tanınan, Qafqaz İslam Ordusunun ən kiçik nəfəri olan mərhum Novruz dədəni də unutmadıq. Bundan əlavə, bu ilin gənclərimizin yaddaşında əbədiyyən həkk olunması üçün tərtib edilən “100 illik əmanət” layihəsinin həm Türkiyə, həm də Azərbaycan tərəfindəki fəaliyyətlərini də geniş bir şəkildə oxucularımıza çatdırmağa çalışdıq.

      Sentyabr ayı eyni zamanda bizim üçün təlim-tədrisin başlanğıcı olaraq da böyük dəyər ifadə edir. Buna görə də elm sahəsinin əhəmiyyəti, oxumağın dəyəri, milli-mənəvi köklərimizdə alimlərə verilən qiymət də yazılarımızda öz əksini tapdı. Möhtərəm könül insanı Osman Nuri Topbaşın İslamın oxumağa verdiyi dəyəri anladan, kainatı oxumaq və ibrət nəzəri ilə seyr edərək mənəvi təhsildə nümunə götürməyin çox dəyərli bir xəzinə olduğunu ifadə edən yazısı da bu səpkidə düşüncələrinizdə yeni üfüqlər açacaqdır.

      Ümidvarıq ki, qardaşlıq tariximizlə bağlı hazırladığımız bu sayı gələcək nəsillərin öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə bağlı, sarsılmaz qardaşlıq əlaqələrinə sahib güclü bir nəsil olaraq formalaşmasına xidmət göstərəcəkdir.

       

       

      • Hits: 172 clicks

      Tecox component by www.teglo.info