REDAKTORDAN

      Share

      Əziz Oxucu!

      Dini bayramlarımızdan olan Qurban bayramı ərəfəsində xoş gördük hər birinizi. Allahın rəhmət və bərəkətinin yağmur kimi üstümüzə yağdığı bayram günləri Onun rizasını qazanmaq üçün kəsilən qurbanlarla, dünyanın dörd bir yanından Kəbə evini ziyarət üçün axışan insan seli ilə yadda qalan anlara şahidlik edir.

       Biz də bu sayımızı “Qurban”a həsr etdik. Qurban və həccin əhəmiyyətini siz dəyərli oxucularla paylaşdıq.

      Bu sayımızda “Sənin üçün” başlıqlı yazıda edilən bütün ibadət və xeyir əməllərin bizi Allaha yaxınlaşdırdığından və sırf bu niyyətlə həyata keçirilən əməllərin ilahi rizaya səbəb olduğundan söz açıldı. “Təslimiyyət şüuru” qurbandakı itaət və sədaqət anlayışından bəhs edir. Qurbanın fərd və cəmiyyət üçün “bir rəhmət” olduğunu eyniadlı məqalədən oxuyacaqsınız. “Qurban ibadətinin faydaları” bu müqəddəs bayramın İslam cəmiyyəti üçün nə qədər əhəmiyyətli olduğundan xəbər verir. “Səmavi dinlərdə qurban” haqda oxuduqca qurbanın tarixinin bəşəriyyət qədər qədimə gedib çıxdığına şahid olacaqsınız. “Həccin əhəmiyyəti” və “Həccin ictimai faydaları” bizə bu mötəbər ibadətin nə qədər fəzilətli və faydalı olduğunu xatırladır. İslamın şərtlərindən olan həccin bu gün bizə ən çox ehtiyac hiss etdiyimiz birlik və bərabərlik şüurunu aşılamasından söz açılır.

      Bu aykı nömrəmizdə Möhtərəm könül insanı Osman Nuri Topbaşla “Müsəlman şəxsiyyətinin üstün vəsfləri”nə dair müsahibə yayımladıq. Həzrət Peyğəmbər və əshabının, eləcə də sonrakı əsrlərdə yaşamış Allah dostlarının ibrətamiz həyat hekayələrindən verilən nümunələr könül dünyanıza yeni üfüqlər açacaq. Həmçinin son dövrün məşhur Allah dostlarından Mahmud Sami Ramazanoğlu və Musa Topbaşla bağlı xoş xatirələr onları sizə daha da sevdirəcək. Sözü çox uzatmadan sizi “İrfan”la baş-başa qoyuruq. Ümidvarıq ki, tətili bizimlə daha faydalı keçirəcəksiniz.

      “İrfan” kollektivi olaraq hər birinizi qarşıdan gələn Qurban Bayramı münasibəti ilə təbrik edirik!

       

       

       

       

      • Hits: 133 clicks

      Tecox component by www.teglo.info