155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Hər Dərd Bir İmtahandir / Vüsalə Elşadqızı

      Share

      Axtarsaq çox az insan tapılar ki, dərdindən gileylənməmiş olsun. Dərdini dilində və qəlbində gəzdirənlər bu ağır yüklərini çiyinlərindən atmaq istəsələr də, ruhlarına, bədənlərinə 

      və bütövlükdə həyatlarına hakim kəsilən bu ələmdən yaxa qurtara bilməmiş və çox zaman da onun gətirdiyi ağırlıq və göz yaşlarına asanlıqla qəlblərində yer ayırmışlar. Nədir dərd? Nədir gəlişini hiss etdiyimiz andan etibarən qarşısında aciz qalıb təslim olduğumuz, göz yaşı axıtdığımız, boynumuzu bükən, başımızı ağardıb üzümüzü qırışdıran bu qüvvə?!

      Qəlblərini Allah kəlamına  bağlayıb, ömürlərini Allahın onlar üçün seçib bəyəndiyi tərzdə quranlar, yüklərinin bir imtahan olduğunu dərk etdiklərinə görə başlarına gələn hər bir sıxıntını səbrlə qarşılayırlar. Qəlbləri  dünyaya bağlı olanlar isə mövcudluqlarının sonunu ölümləri ilə məhdudlaşdırdıqlarına və beləliklə də  yaşadıqları sıxıntını bir imtahan olaraq dəyərləndirə bilmədiklərinə görə qarşılaşdıqları hər bir sıxıntını özlərinə dərd olaraq yükləyirlər. Nəticə etibarilə imtahanın nə cür təzahür etməsindən asılı olmayaraq «səbrin sonu sevincdir» müjdəsini qəlblərinə yerləşdirənlər ruhən sağlam olduqlarından istənilən sarsıdıcı hal qarşısında səbr və səbat göstərir, axirətə bağlılıqları olmayanlar isə ən kiçik sarsıntı qarşısında ruhən sınırlar.

      Kimik biz?! Ən kiçik məsələni belə böyüdüb dərdləşdirən, yoxsa ən böyük dərdi  asanlıqla yoluna verən? Nədir boynumuzu bükən?! Nədir həyata küskünlükdən ta intiharadək bizi sürükləyən? Nədir rahatlığımızı alıb, həyatımızı puç edən? Acizliyimiz, yoxsa iradəsizliyimiz?

      Yaxınlarımızın vəfatımı? Əgər bu xəbər bizi hədsiz sarsıdır, həyata da küsdürürsə, demək varlığımızın qayəsini dərk etmədən boş-boşuna  yaşamışıq bu vaxta qədər. Gec və ya tez bu dünyadan getmək hər bir insanın alın yazısıdır. Nəyə üsyan edirik biz, əzəli hökməmi?! Əgər dərd körpəsini son mənzilə yola salan ananın dərdidirsə, hər bir övlad valideynə Allahın bir əmanəti deyilmi? Əgər haqq sahibi öz əmanətini geri istəyirsə, kimə üsyan edirik biz?! Halbuki bu mövzuda əsl dərd əmanətə xəyanətimizdir, onu niyyətimiz və əllərimizlə öldürməyimizdir. Bəli öldürməyimiz! Bu gün kitablardan bir vaxt körpə qızların diri-diri torpağa basdırılaraq öldürüldüyünü oxuyur və dəhşətə gəlirik: «Aman Allah, belə də qəddarlıq olarmı? Bu hökmə necə susmaq olar?!» deyə bir dəhşət tüğyan edir bədənimizdə. Əslində bu günün özündə də dəyişən bir şey yoxdur, üsul fərqindən başqa. Bir vaxt torpaqda məhv edilənlər bu gün bətnlərdə məhv edilir… Bu hökmə necə susuruq?! Niyə dəhşət yenə bədənimizi bürümür?! Niyə Rəbbimizin “Diri-diri torpağa gömülən körpə qızdan: "Axı o hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman...” (Təkvir, 8, 9) xəbərdarlığı bizi ayıltmır?!

      Kiminin dərdi övlad «seçimində» kimininki isə övladsızlıqda! Kimi diri ikən məhv edir, kimi də məhv ediləni arzulayır, sonsuz olduğuna ağlayırıq. Bir insan olaraq hadisələrin zahirinə baxıb qiymətləndirdiyimiz və hər hadisənin mahiyyətində gizli qalan hikməti dərk edə bilmədiyimiz üçün, bəzən bizə xeyirli görünən  bir şeydə bizim üçün bir zərər və ya zərərli görünən bir şeydə də bizim üçün bir xeyir olduğunu (bax: Bəqərə 216) çox az düşünür və ya heç düşünmürük belə.

      Allahu təala hər birimizə çəkə biləcəyimiz yükü yükləmişsə, nədir dərdimiz, yoxsulluqmu? Bu dünyaya mədəmizin tələbatını ödəməyəmi gəldik? Əgər ac günlərimizdə Haqqı duymuş və qeyri-ixtiyari olaraq əllərimizi ona açmışıqsa, demək illərlə ac qalan qəlbimizi doyurmuşuq. Elə isə dərd çəkməyə nə gərək?

      Nədir dərdimiz, evsizliyimiz, yoxsa dəbdəbəli həyat yaşaya bilməməyimiz? Əgər bu dünyaya mənzərəli bir yerə gəzintiyə gələn və müəyyən bir vaxtdan sonra qayıtmalı olan bir qrup insanın səyahəti kimi yanaşsaydıq dərdimiz olardımı? Sahib olduqlarımıza, sanki, həmişə bizim olacaq düşüncəsilə elə bərk bağlanırıq ki, ani bir fəlakətlə hər şeyin bir anda məhv ola biləcəyini düşünmürük belə! Allah qorusun! Bir anda məhv ola biləcək dünyalıqlar üçündürmü dərdimiz?

      Varlığının qayəsini anlayan hər bir insan yaşadığını hiss etdiyi müddətcə hansı şəkildə olmasından asılı olmayaraq qayğılarının bir imtahan olduğunu anlayır və başına gələnləri ən gözəl bir səbrlə  qarşılayaraq, tam bir təvəküllə Allahına yönəlir. Məhz bu halda, ən ağır qayğılar, dərdlər belə yük olmaqdan çıxıb, hikmətli imtahana çevrilir və hər şey qəbul edildiyi kimi yaşanır.

      Əgər dərd deyə qəbul etdiklərimizə bir daha nəzər salıb, bir daha özümüzə, vücudumuza, sahib olduqlarımıza baxsaydıq, əslində nə qədər nankor olduğumuzu anlayar, düşüncələrimizin əfvi və şükrümüzün ədası üçün səcdəyə  qapanardıq. Əgər “O ki, hansınızın daha gözəl davranacağını sınamaq üçün ölümü və həyatı yaratmışdır” (Mülk, 2) ayəsini layiqincə dərk etsəydik, dərdimiz dünyalıq yox, əbədiyyətlə bağlı aqibətimizi düşünmək olardı. Yalnız o zaman bu fani dünya üçün nə ağlamağın, nə də dərd çəkib başqalarını da yük altında qoymağın yersiz olduğunu anlayardıq.

       

      • Hits: 703 clicks

      Tecox component by www.teglo.info